Kaspi.-2018.-20-22 yanvar.-¹12.-S.7.

 

20 Yanvar faciəsi və mətbuat

 

Ehsanımız yalnız söz olsa da, millətimizi ovundurmağa çalışırdıq

 

Aynurə Paşayeva,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi

 

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman­lıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 1980-ci illərin sonunda Sovet İttifaqında ictimai-siyasi həyatın demokratikləşməsi nəticəsində, Azərbaycanda başlanan siyasi oyanış, rəhbər­liyi  ciddi narahat edirdi.

 

Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva, səbəbi də, bəhanəni də özü hazırladı. Respublikada hakimiyyətsizliyin hökmü, özba­şı­nalıq, ermənilərin azərbaycanlılara qarşı Dağlıq Qarabağda təcavüzkarlığı, milli müstəqillik yolunu tutmuş xalqın etirazları Moskvaya planını həyata keçirmək üçün şərait yaratdı. 1990-cı il yanvarın əvvəllərində mərkəzin göstərişi ilə müxtəlif qoşun hissələri Bakıya gətirildi. Bakıda və respublikanın rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərə­findən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yan­dı­rıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir.

Tarixin bu dəhşətli faciəsi Azərbaycan publisistlərində siyasi hadi­sə­lərə qarşı operativ maraq və münasibət oyatdı.

Ancaq gərgin siyasi iğtişaşların tüğyan etdiyi 1990-cı illərdə bəzən ictimai rəyə istiqamət verən mətbuat da öz sözünü deməkdə çətinlik çəkirdi.

Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televi­ziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitə­lərinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edil­miş­­di. Həmin dövrdə Azərbaycan KP MK-nın orqanı olan "Kommunist” qəzeti­ 18 yanvar 1990-cı ildə nəşr olunduqdan sonra, bir də 27 yanvar 1990-cı il tarixdə çıxdı. Başqa sözlə, doqquz gün qəzet çap edilmə­miş, bu müddətdə 20 Yanvar faciəsi barədə xalqa rəsmi məlumat verilmə­mişdi.

Milli faciənin miqyası ilə bağlı ilk xəbər verən "Kommunist” qəzeti­nin əlavəsi olan "Səhər” qəzeti idi. Yanvarın 22-də "Səhər” qəzeti  2 milyon tirajla çap olunaraq əhaliyə pulsuz paylanıldı.  Matəm nöm­rə­sindən sonrakı sayında qəzetdə ölənlərin siyahısı verildi, rus və ingilis dillərində çap olunaraq dünya mətbuatına çatdırıldı. Baş redaktorun müavini Məzahir Süley­manzadə yazırdı: "Ehsanımız yalnız söz olsa da, millətimizi ovundurmağa çalışırdıq Oğul itirmiş analar, ər itirmiş gəlinlər ağı, bayatı deməyi "Səhər”dən öyrəndilər”.

Həmin dövrdə dünya ictimaiyyəti də hadisə haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın "The Times”, "The "Guardian” qəze­tləri, BBC ka­nalı, ABŞ-ın "Los Angeles Times”, "The New York Times”, "Washinqton Post”, "Kristian Sayens Monitor”, "Baltimor San” və digər media orqanları Qara Yanvar, xalqın azadlıq ideyalarını boğanlar haqqında məlumat vermişdilər.

"Azərbaycan" qəzetində 1990-1994-cü illər 20 Yanvar faciəsinə aid qəbul olun­muş qərarların və sənədlərin xronikası və müəyyən şərhlər verilmişdir. Həmin qərar­la­rın, sənədlərin mətni ilə tanış olduqda insan dəhşətə gəlir. Ötən dörd il ərzində bu fa­ciəvi hala biganə münasibət, ardıcıl olmayan siyasət, faciənin ört-basdır edilməsi aşkarlanır. Çünki həmin dövrdə ancaq senzura icazəsindən keçən xəbərlərin çapına icazə verirdilər.

Bu dövrdə azad söz xalqın tribunası idi. Tez bir zamanda xalqı ayağa qaldıra biləcək operativ janra ehtiyac yaranmışdı. Ədəbiyyatda iki janr önə keçdi: bədii pub­li­sistika və poeziya. Xalqın etirazları leqal nəşrlərlə yanaşı, qeyri leqal nəşr olu­nan qəzetlərin çap olunmasına yol açdı. Həmin dövrdə sərt senzura nəzarəti, mətbu orqanlarına "yuxarıdan” edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik "sovet xofu”nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi.

Mətbuat üzərində olan senzura 1998-ci ilə qədər davam etməkdə idi. Yalnız ümummilli lider Heydər Əliyevin 1998-ci il  avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu.

1990-cı illər mətbuatında informasiyanın tirajlanması ilə bağlı mövcud  çatışmazlıqlar da bir tərəfdən başa düşüləndir. Çünki 70 il ərzində avtoritar modelin təsiri ilə fəaliyyət göstərən Azərbaycan mətbuatı, cəmiyyəti məlumatlandırmaq fun­ksi­yasından daha çox, hakimiyyətin vacib bildiyi informasi­yanı təbliğ etmiş­dir. An­caq 1988-ci ildə xalqın milli oyanışı sayəsində "Kommunist” partiyasının təntə­nəsi, Partiya plen­um­larının müxtəlif kompaniyaları, Sovet dövrünün şablon, plakat mövzu­ları, sxematizm, trafaretlərdən uzaq müstəqillik dövrü Azərbaycan publisisti­kası meydana gəldi.

Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı olan "Azərbaycan” ədəbi-bədii jur­na­­lı­nda Bəxtiyar Vahab­zadənin "Şənbə gecəsinə gedən yol” (1990, ¹ 9-10) pub­lisistik oçerkində müəllif, 20 Yanvar faciəsinin yüzlərlə dəhşətli epizodları fonun­da Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi genosid aktını ifşa etmiş­dir.

B. Vahabzadə əsərdə 1918-ci ildə Azərbaycanda tö­rədilən qırğınların sahibi, vaxtilə adına heykəllər ucaltdığımız S. Şaumyan, onun havadarı S.Lalayanı lənət­ləyir, ermənilərin Dağlıq Qarabağ iddiaları, tarixi saxtalaşdır­maq cəhdləri, xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qarbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çə­kinmirdi: "Bizə çoxdan məlumdur ki, başımıza açı­lan bu oyunlar təkcə balaca xalqın, erməni lobbisinin işi deyil. Bu işlərin başında ermə­ni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığı­na müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən  M.S. Qarbaçov özü durur” (Vahabzadə Bəxtiyar. "Şənbə gecəsinə gedən yol”/ "Azərbaycan” jurnalı,  Bakı, 1990, ¹9, s. 17).

Milli şüurun güclənməsində böyük rolu olan, həqiqətpərəstliyə sadiq, 20 Yanvar faciəsinin ağrılarını, kədərini dərindən duyan publisist B. Vahab­zadə, gərgin siyasi burulğanların içərisində "Şənbə gecəsinə gedən yol” oçerkində xalqın əzmkarlığı, mətanəti qarşısında bir daha səcdə edir: "Mən bir daha inandım ki, bu xalqı qırmaq olar, əzmək olar, amma sındırmaq olmaz.

Ey mənim dözümlü xalqım, görə bilmədiyimiz, qiymətləndirə bilmədiyimiz ürəyi­nə, bu ürəkdə yatan namusuna, qeyrətinə qurban olum! Sən nə qədər böyüksən­miş!” (Vahabzadə Bəxtiyar. "Şənbə gecəsinə gedən yol”/ "Azərbaycan” jurnalı,   Bakı, 1990, ¹10, s. 20).

Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 20 Yanvar hadisəsi milli tari­ximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Qanlı Yanvar faciəsi ulu öndər Heydər Əliyevin "20 yanvar faci­əsinin dördüncü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fər­ma­nı ilə öz siyasi qiymətini aldı. Məhz 20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqla­rı­mıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi.

Qanını, canını vətən uğrunda fəda edən, sözündə yox, əməlində vətənpərvərliyini sübuta yetirən şəhidlərimizin ruhu şad olsun!