Ədalət. - 2018.- 7 iyun. - 101. - S. 7.

 

Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanında Nuxa qəzasını təmsil etmiş

ŞƏXSLƏR

 

Baxışov Vüsal Bünyamin oğlu,

Azərbaycan Respublikası Milli Məclisinin Aparatında deputat köməkçisi,

tarix üzrə fəlsəfə doktoru

ofis_dpseki@mail.ru

 

1918-ci il may ayının 28-də təsis edilmiş Azərbaycan Xalq Cümhuriyyəti parlamentli respublika idi. O zaman ölkənin düşdüyü mürəkkəb daxili və xarici vəziyyəti diqqətə alan Milli Şura 1918-ci il 17 iyul tarixli qərarı ilə bütün hakimiyyəti Fətəli xan Xöyskinin rəhbərlik etdiyi hökümətə dövr etdiyini bəyan etdi. Eyni zamanda Milli Şura həmin qərarı ilə hökümət qarşısında hakimiyyəti qısa zaman ərzində çağırlması nəzərdə tutulan Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməmək vəzifəsini qoyurdu. Azərbaycan Cümhuriyyəti Milli Şurasının elə həmin tarixdə verdiyi Müvəqqəti hökumətin hüquq və öhdəlikləri haqqındakı qərarında Müvəqqəti hökumətin dövlət müstəqilliyini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar sahədə və bu qəbildən olan digər əhəmiyyətli məsələləri əhatə edən inqilabi məzmun kəsb edən qərarları istisna etməklə digər bütün məsələlər üzrə isə qərar vermək səlahiyyətinin olduğu təsbit olunur, hökumət üzərinə 6 ayı əhatə edən zaman ərzində Müəsisslər Məclisini çağırmaq öhdəliyi qoyulurdu [11.s.76-77; 7 s.11-12] . Lakin istiqlaliyyət elan edildikdən sonra baş verən fövqəladə hadisələr, xüsusən də ölkə ərazisinin düşmənlərdən təmizlənilməsi, torpaq bütünlüyünün bərpası istiqamətində son dərəcə vacib və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti Müəsisslər Məclisinə seçkilərin nəzərdə tutulan müddətdə həyata keçirilməsini mümkünsüz edirdi. Müəsisslər Məclisinə seçkilərin vaxtında keçirilməsinə mane olan amillərdən biri də seçki qanununun olmaması və bu səbəbdən də seçkilərin hansı prinsip və formatlar əsasında keçirmək məsələlərinə aydınlıq gətirilməməsi ilə əlaqədar idi. Bununla belə, Cümhuriyyətin fəaliyyətinin təşkili və onun dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq üçün paramentin fəaliyyətə başlaması günün tələbindən doğan zərurət idi. Azərbaycan Cümhuriyyəti hökuməti bu zərurəti nəzərə alaraq, Müəsisslər Məclisinə seçkilərəqədərki dönəm üçün qanunvericilik fəaliyyətini həyata keçirmək məqsədilə 1918-ci ilin noyabr ayının 20-də Azərbaycan Məclisi-Məbusanının Təsisi haqqında qanun qəbul edir [1 s.14-15; 11 s. 81-83;7 s. 13]. Azərbaycanın ilk parlamentinin tarixi ilə bağlı nəşr edimiş bir sıra əsərlərdə sözügedən qanunun noyabr ayının 19-da qəbul edildiyi göstərilir [3 s. 36; 8 s.10]. Lakin problemə aid nəşr edilmiş tarixi qaynaqlarda Azərbaycan Məclisi-Məbusanının Təsisi haqqındakı qanunun qəbul edildiyi tarix kimi 1918-ci ilin noyabr ayının 20-i qeyd olunur [1 s.14-15; 11 s.81-83; 7 s. 13]. Sözügedən qanun 1918-ci lin dekabr ayının 7-dən 1920-ci il aprel ayının 27-dək olan müddət ərzində Azərbaycan Cümhuriyyətində qanunverici hakimiyyəti həyata keçirən orqanın formalaşmasının əsaslarını özündə əks etdirirdi. Həmin qanunda Azərbaycan parlamentinin (Məclisi-Məbusanının) 120 üzvdən (əzadan) ibarət tərkibdə təsis ediləcəyi və onun Azərbaycan Müəsisslər Məclisi çağrılanadək fəaliyyət göstərəcəyi qeyd edilirdi. Məclisi-Məbusanın say tərkibinin məyyən edilməsi zamanı əvvəllər Cənubi Qafqazın müsəlman əhalisi tərəfindən dörd müxtəlif siyasi firqə tərəfindən Rusiya Müəsisslər Məclisinə seçilmiş 14 nəfər saxlanılmaqla genişləndirilmiş siyahı üzrə sayı 44 nəfərədək artırılmış və Cənubi Qafqaz Seymində təmsil olunaraq Azərbaycan Milli Şurasını təşkil etmiş üzvlərindən, eləcə də Azərbaycanın əyalətlərində əvvəldən fəaliyyət göstərən müsəlman komitələri tərəfindən, azlıq təşkil edən millətlərin öz aralarından və nəhayət, Bakı Həmkarlar Şurası ilə ticarət, sənaye sovetləri ittifaqından seçilmiş təmsilçilərdən ibarət heyətdə formalaşdırılması nəzərdə tutulmuşdu [1 s.14-15; 5 s.36-38; 11 s. 82; 7 s. 13-14]. Həmin qanuna əsasən, əvvəlcədən müəyyənləşdirilmiş 44 nəfərdən əlavə daha 76 nəfər parlament üzvünün müəyyənləşdirilməsi lazım idi ki, bu zaman ölkənin demoqrafik vəziyyəti, əhalinin milli və dini mənsubiyyəti məsələləri əsas götürülərək, hər 24.000 nəfər əhali üçün təmsilçi olaraq bir məbusun (parlament üzvünun) seçilməsi nəzərdə tutulurdu. Həmin dövrdə Qafqaz təqviminə ( - 1845-ci ildən 1916-cı ilədək olan dövr ərzində Rusiya İmperiyasında çap edilən Qafqaz haqqında illik məlumat-sorğu nəşri ) əsasən, Azərbaycan Xalq Cümhuruyyətinin ərazisində 2.750.000 nəfər əhali yaşayırdı və elə həmin qaynaqda yer alan statistik məlumatlara əsasən, onlardan 1.900.000 nəfəri müsəlmanlardan, 500.000 nəfəri ermənilərdən, 230.000 nəfəri ruslardan ibarət idi. Bu statistik göstəricilərə və Azərbaycan Məclisi-Məbusanının Təsisi haqqındakı qanunun tələblərinə əsasən, hər məbusun 24.000 nəfər əhalini təmsil etməli olduğu nəzərə alınaraq, ölkənin müsəlman əhalisinin 80, ermənilərin 21, rusların 10, almanların 1, yəhudilərin 1 məbusu Məclisi-Məbusana göndərmək hüquqlarının olduğu təsbit edilirdi. Qanunda ölkə ərazisində yaşayan, azlıqda olan digər xırda millətlərin isə sayca miqyas təşkil edəcək dərəcədə olmadıqları qeyd olunmuşdur. Bununla belə, gürcü və polyakların digər azlıq təşkil edən millətlərə nisbətən sayca üstunluk təşkil etmələri nəzərə alınaraq, istisna kimi onların (gürcü və polyakların) hər birinin məclisə bir nümayəndə göndərmələri mümkün hesab edilirdi [1 s.14; 3 s.35-36 ;5 s. 36-38; 11 s.82; 7 s.13-14]. Bu qaydaya müvafiq olaraq, azlıq təşkil edən xalqlar onları təmsil edəcək bütün nümayəndələri, müsəlman əhalisi isə onları təmsil edəcək 36 nəfəri seçərək Məclisi-Məbusana göndərməli idilər. Çünki artıq yuxarıda da qeyd etdiyimiz kimi, sözügedən qanunla müsəlman əhalini təmsil etməli olan 80 nəfər nümayəndədən 44 nəfəri, hansılar ki, əvvəllər Cənubi Qafqaz Seymində təmsil olunmuşdular, onlar Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına birbaşa mandat əldə etmiş hesab olunurdular. Milli Şuranın əsaslı üzvlərini təşkil edən və Məclisi-Məbusana birbaşa mandat əldə etmiş həmin 44 üzvdən birinin istefa verməsi, vəfat etməsi və yaxud da başqa səbəbdən dolayı məclisi tərk etməsi halında onun yerinə siyahısına daxil olduğu firqə tərəfindən başqa birisi təyin edilməli idi. Sözügedən qanuna əsasən, müsəlman əhalini təmsil etməli olan nümayəndələrin gizli səsvermə yolu ilə seçilmələrinə qərar verilirdi. Bu zaman Bakı şəhərindən seçiləcək 5 nəfər Bakı bələdiyyəsinin müsəlman üzvü, digər şəhərlərdən seçiləcək nümayəndələr, müsəlman milli komitələri, uyezdləri (mahalları) təmsil edəcək şəxslər isə uyezd (mahal) milli komitələri tərəfindən seçiləcəkdilər. Bələdiyyə təşkilatı və milli komitələri olmayan qəzaları təmsil etməli olan nümayəndələrin hər icmadan bir nümayəndə göndərilmək yolu ilə formalaşırılacaq icma nümayəndələrinin heyətləri sırasından təyin edilmələri mümkün hesab edilirdi. Qanunda fövqəladə hal vəziyyəti tətbiq edilən yerləri təmsil etməli olan nümayəndələrin Milli Şura tərəfindən təyin edilməsi nəzərdə tutulurdu. Seçki prosesinin təşkili və keçirilməsinə nəzarət şəhərlərdə bələdiyyə sədrlərinə, uyezdlərdə (mahallarda) mirovoylara və ya onların müavinlərinə, azlıq təşkil edən millətlərin isə milli şura sədrlərinə həvalə edilir və onlardan nümayəndə sifətilə təqdim etdikləri şəxslərə şəxsi imzaları ilə təsdiq edilmiş təqdimat və etimadnamələr vermələri istənilirdi [1 s.15; 11 s.82; 7 s.13-14]. Qanunda Məclisi-Məbusanda ölkənin müsəlman əhalisini təmsil edəcək 80 nümayəndədən 36 nəfərinin ölkənin paytaxtı Bakı şəhərindən, İrəvan və Tiflis vilayətlərinin Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə aid hissələrindən və o cümlədən ölkənin ərazi-inzibati sturukturuna daxil olan digər ərazi-inzibati vahidlərindən seçilməsi nəzərdə tutulurdu [1 s.15; 11 s.82; 7 s.13-14]. Bu bölgüyə müvafiq olaraq, Nuxa (Şəki) qəzasından 2 nəfər (biri şəhərdən, digəri isə mahaldan olmaqla) nümayəndənin seçilərək, Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına göndərilməsi nəzərdə tutulurdu[1 s.15; 11 s.14; 7 s.13-14]. Yeri gəlmişkən qeyd etmək məqsədəuyğun olardı ki, Nuxa qəzası inzibati-ərazi vahidi kimi 1840-cı ildə təsis edilmişdir və mərkəzi Nuxa şəhəri idi. Bu qəza inzibati-ərazi vahidi kimi 1929-cu ilədək mövcud olmuşdur. Qəza rəsmi sənədlərdə bəzi dönəmlərdə Nuxa, bəzi dövrlərdə isə Şəki qəzası adlandırılmışdır. Məsələn, qəza 1840-1846-cı illərdə Şəki qəzası, 1846-1918-ci illərdə isə Nuxa qəzası adlanmışdır. 1918-1929-cu illərə aid tarixi qaynaqlarda qəzanın həm Nuxa qəzası və həm də Şəki qəzası şəklində adının keçdiyini görürük. Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlərdə həmin qəzanın adının hər iki formada, daha çox isə Şəki qəzası formasında əks olunduğunu müşahidə edirik ki, bu səbəbdən də təqdim olunan məqalədə hər iki istilahdan istifadə edilmişdir [1;2;7] .

Nəhayət, bütün bu hazırlıqlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin təsisindən təxminən 6 ay sonra 1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Cümhuriyyəti Məclisi- Məbusanının (parlamentinin) ilk yığıncağı keçirildi. Fəaliyyətdə olduğu 7 dekabr 1918-ci il tarixindən 27 aprel 1920-ci il tarixədək olan 16 ay 20 günlük müddət ərzində Məclisi-Məbusanın ümumilikdə 145 iclası çağırılmışdır. Həmin iclaslardan dördü təntənəli, ikisi tarixi, ikisi fövqəladə, 122-si isə işgüzar iclaslar olmuşdur. Qalan 15 iclas yetərsay olmadığından baş tutmamışdır. Məclisi-Məbusanın fəaliyyəti dövründə sosial-iqtisadi problemlərin həllinə yönəlik və dövlət quruculuğunun bütün sahələrini əhatə edən ümumilikdə 127 qanun qəbul edilmişdir [7 s.15-186] .

Yuxarıda haqqında söhbət açdığımız Azərbaycan Cumhuriyyəti Məclisi-Məbusanının Təsisi haqqındakı 1918-ci il 20 noyabr tarixli qanunun tələblərinə uyğun olaraq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına Şəki şəhər idarəsi tərəfindən namizədliyi irəli sürülmüş Abdulla bəy Əfəndizadənin və qəza tərəfindən namizədliyi irəli sürülmüş Qərib Kərimoğlu Kərimovun etibarnamələri Məclisi-Məbusanın 1918-ci ilin dekabr ayının 15-də keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir

 

(Ardı var)