İki sahil.-2018.-20 yanvar.-¹ 12.-S.13.

 

SSRİ-nin süqutu 20 Yanvar faciəsi ilə başladı

 

Elçin Zaman

 

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan

səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri daxil edilmişdi

 

Sovet ordusunun böyük heyətinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-cı ildə o vaxtki Çexoslovakiyaya, 1968-ci ildə Macarıstana və 1979-cu ildə Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Heç şübhəsiz ki, 1990-cu il yanvarın 20-də Bakıda baş verən hadisələri Ermənistanın Azərbaycana hərbi təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın təcavüzünə də məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı ilin 20 yanvarında qanlı faciəyə gətirib çıxardı.

 

“Alfa” qrupu hansı cinayətləri törətmişdi?

 

1990-cı ilin yanvar ayında M. Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu tamamilə saxta bir tezis idi. Çünki sovet rəhbərliyinin “faktları” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya xüsusi təlim keçmiş qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri, eləcə də 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da M. Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Belə ki, artıq yanvarın 20-də 131 insan öldürülmüşdü. Onlardan 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış, 4-şəxs itkin düşmüş, 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdi. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda - Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.

 

Qanlı Şənbə gecəsi mənim yaddaşımda...

 

Qeyd edək ki, həmin günlərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tələbə və müəllimləri azadlıq hərəkatının əsas aparıcı qüvvəsi hesab edilirdilər. Həmin vaxt mən jurnalistika fakültəsinin tələbəsi idim. Konkret desəm, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə bizə bildirdilər ki, şəhərdə föqəladə vəziyyət elan edilib, insanları daha gur toplaşdıqları yerlərdən evlərinə göndərmək lazımdır. Biz bir qrup tələbə ilə Salyan kazarmasının qarşısına getdik. Saat 23:45 idi. Salyan kazarmasından çıxan zirehli hərbi texnikalar dörd tərəfə atəş açaraq məşhur “Olimp” mağazasına doğru irəliləyirdi. İlk vurulan təcili tibbi yardım maşını oldu. Sonra atəşlərini evlərə və binalara doğru yönəltdilər. Biz küçənin ortasında qalmağın təhlükəli olduğunu görüb yaxınlıqdakı həyət evlərinə, dar küçələrə qaçdıq. Artıq şəhərdə qətliam başlamışdı. “Elmlər Akademiyası” metrosu stansiyası və çörək zavodu tərəfdən yeni BTR-lər gəlirdi. Təxminən gecə saat 3-də radioda Azərbaycan dilində, amma erməni ləhcəsində emosional bir səslə insanları küçələrə çağırırdılar. Məqsəd məlum idi: küçədə daha çox insan qırmaq. Səhərə kimi şəhərdə atəş davam etdi. Biz qaldığımız evdən çıxıb universitetin yataqxanasına getmək istəyərkən küçədə tankların və PDM-lərin gəzdiyini gördük. Ara küçələrlə yataqxanaya gedəndə ADU-nun qarşısında xeyli əsgər və hərbi texnikanın dayandığını gördük.

 

Şayiə qruplarının məqsədi nə idi?

 

Yanvarın 20- dən sonrakı günlərdə isə Bakıda xüsusi şayiə qrupları peyda oldular. Şayiələr yayılırdı ki, guya Bakının bir neçə yerində hələ də sovet qoşunları ilə döyüşən xalq cəbhəsinin üzvləri var və onlar təslim olmurlar. Ona görə də onlara kömək lazımdır. Eyni zamanda, şayiə buraxdılar ki, guya Salyan kazarmasındakı azərbaycanlı zabitlər və gizirlər Sovet qoşunları ilə döyüşürlər.

20 yanvar günündən başlayaraq tanklar və PDM-lər gündə bir neçə dəfə tələbə yataqxanasının qarşısından keçərək, hətta ara-sıra havaya atəş açaraq tələbələri qorxuda saxlayırdılar. Bütün bunlar bizə qarşı psixoloji hücum idi. Sanki onlar insanları qıcıqlandırmaq istəyirdilər ki, öldürməyə, qətl etməyə qurbanları daha çox olsun.

Eşidəndə ki, Bakı xəstəxanalarında yüzlərlə yaralı və ölü var, insanlar oraya axışırdı. Hamı ölənini və yaralısını axtarırdı. Xəstəxanaya baş çəkəndə insanların necə vəhşicəsinə qətl edildiyini aydın şəkildə gördük. 

Amma o da həqiqət idi ki, yanvarın 22-dən başlayaraq Bakının əsas küçələrində bu qırğına etiraz olaraq dirəniş başlamışdı. Hətta parlamentin və Mərkəzi Komitənin binasına doğru yüzlərlə insanın yürüşü təşkil edilmişdi. Düzdür, artıq Bakıda qətliam törədən vəhşi zabitləri gənc əsgərlər əvəzləyirdi. Onlar da bu qətliamdan narazı görünürdülər. Hətta onlar biləndə ki, Bakıda qətlə yetirilənlərin sayın 100- dən artıqdır heyrətlənirdilər. Artıq Bakıda insanlar sovet tanklarının lülələrinə qırmızı qərənfillər də taxırdılar. Bununla da göstərirdilər ki, biz terrorçu, ekstremist deyilik, sülhpərvər xalqıq. O günlərdə xalqımız öz şəhidlərini də böyük izdihamla dəfn etdi. Tankların və PDM-lərin əhatəsində 1 milyondan çox insan şəhidləri son mənzillərinə böyük qələbəliklə yola saldı. Bu izdihamı görən Qorbaçov hökuməti bir daha anladı ki, Azərbaycan xalqının azadlıq mübarizəsini sındırmaq mümkün olmayacaqdır.