Ekspress.-2018.-20-22 yanvar.-¹ 12.-S.8-9.

 

Yıxılmadıq, ayaqda durduq...

 

20 Yanvara 28 ildən sonra baxış

 

Əslində biz O GÜN küllərimizdən, faciəmizdən, şəhidliyimizdən pərvaz edərək millət olduq və içimizdəki, milli yaddaşımızdakı istiqlal, müstəqillik qığılcımı də məhz HƏMİN GÜN partlayışla alovlandı: müstəqilliyə gedən yolumuz qanla suvarıldı, şəhidləri milləti qazi etdi...

O GÜN matəmə düşdük, qəhr olduq, amma yıxılmadıq, ayaqda durduq və xalqın iradəsi nifrətini qəzəbə çevirməyə yetdi. Və hüzn günümüzü qürur günümüzə, tariximizin şanlı səhifəsinə çevirməyi bacardıq...

AZƏRTAC “20 Yanvar: müasir tariximizin şəhid qanı ilə yazılmış hünər səhifəsi” adlı anım yazısında hüzn və qürur günümüzün önəmli məqamlarını yad edir...

Hər bir tarixi hadisənin qiymətini zaman verir. 20 Yanvarın mənasını, tariximizdəki yerini və rolunu illər keçdikcə daha aydın dərk edirik. Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

Həmin qanlı yanvar günündən 28 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıq. İndi isə kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır. Onda - qaranlıq səmada güllələrin parıldadığı, küçələrdə tankların şütüdüyü qış gecəsində azadlıq günəşinin doğmasından, həyatımızda başlayan dönüşdən hələ xəbərsiz idik. Bilmirdik ki, üstümüzə tankla hücuma keçən bu imperiyanın sonu çatıb və cəmi iki il sonra Azərbaycan yenidən müstəqil dövlət olacaq. İndi şəhidləri azadlıq müjdəsi gətirən qaranquşlara bənzədirik.

Ötən 28 ildə həyatımız büsbütün, müqayisəyə gəlməz dərəcədə dəyişib, 90-cı ilin Bakısından, 28 il əvvəlki Azərbaycandan, demək olar, əsər-əlamət qalmayıb. İmzalar içində imzamız, bayraqlar sırasında bayrağımız, sözlər yanında sözümüz var. İllərin və zamanın axarında dəyişməz qalan isə xalqın şəhidlərə hörmət və ehtiramıdır.

Biz ötüb keçən zamanın fonunda dünyanın soyuq üzünü, ədalətsizliyini, xalqımızın faciəsinə özgə dərdi kimi baxdığını da gördük. 90-cı ilin yanvarında Bakıya hücum əmri verən, yüzlərlə günahsız insanın ölümünə bais olan Mixail Qorbaçova Nobel sülh mükafatı verdilər. Təzada baxın: nahaq axıdılan qan və sülh mükafatı...

 

Kədərdən baş qaldıran ümid və inam

 

Həmin yanvar günləri zülmət gecəyə bənzəyirdi. Havadan qan və ölüm qoxusu gəlirdi. Analar fəryad qoparır, qız-gəlinlər ağı deyir, kişilər göz yaşlarını güclə saxlayırdılar. Ədalət, haqq divanı qurulsa, bir xalqın başına gətirilən müsibətə bu gün minlərlə, on minlərlə insan şahidlik edər.

İmperiya qoşunlarının Bakıda törətdiyi hərbi cinayətin digər təkzibolunmaz dəlil-sübutu fotoşəkillərdir. Qanlı epizodların, şəhidlərin dəfnində yaşanan nəhəng izdihamın, insan portretlərinin əks olunduğu bu fotolar xalqın faciəsini və hünərini zamandan-zamana daşıyır. Onlara diqqət yetirsək, ümumxalq kədərinin içərisindən baş qaldıran ümid və inamı da görə bilərik. Xüsusən faciənin ertəsi gün o vaxt Moskvada yaşayan Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gələrək bu kədərə şərik çıxması, sovet rəhbərliyinin Bakıda törətdiyi hərbi cinayəti pisləməsi xalqımıza güc verdi, ona böyük dayaq oldu.

AZƏRTAC-ın fotoarxivində 20 Yanvar faciəsinin miqyasını, Azərbaycan xalqının müsibətini və yenilməzliyini əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Bu gün həmin fotoları bir daha təqdim edirik: baxaq, xatırlayaq, yaddaşımızı təzələyək...

20 Yanvar faciəsinə bir günün, yaxud bir ayın ərzində baş verən hadisə kimi baxmaq olmaz. Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, paytaxtın baş meydanında xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrilirdi.

Can üstə olan imperiya çıxış yolu kimi Bakıda fövqəladə vəziyyət rejimi elan etdi, bundan bir nəticə hasil olmadığını gördükdə Azərbaycan paytaxtına qoşun yeritmək qərarına gəldi. Həmin günlər küçə və meydanlarda çəkilmiş fotolar 20 Yanvar ərəfəsində yaranmış ictimai-siyasi vəziyyəti, xalqın əhval-ruhiyyəsini anlamağa yardımçı ola bilər.

 

Misli-bərabəri olmayan qəddarlıq

 

1990-cı il, 20 yanvar, saat 00:00. Bir neçə gün əvvəl Bakı ətrafında yerləşdirilmiş ordu birləşmələri beş istiqamətdən şəhərə soxuldu. Küçələrdə şütüyən tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, əsgərlər heç kəsə aman vermirdilər.

Yanvarın 20-də səhər hava işıqlaşar-işıqlaşmaz küçələrə axışan Bakı sakinləri indiki “20 Yanvar” dairəsində (onda həmin ərazi XI qızıl ordu meydanı adlanırdı) və ona yaxın küçələrdə dəhşətli mənzərələrlə qarşılaşdılar: tankların əzib keçdiyi cəsədlər, avtobuslar, yük və minik avtomobilləri, qar üzərindəki qan izləri... Xəstəxanalar yaralılarla dolu idi. Şəhərin mərkəzi küçə və meydanları tanklar və silahlı əsgərlər tərəfindən mühasirəyə alınmışdı.

Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı bir neçə gündə Bakıda və Azərbaycanın digər bölgələrində 147 nəfər qəddarcasına öldürüldü, 744 nəfər yaralandı, 800-dən çox insan qanunsuz həbs olundu. Öldürülənlər və yaralananlar arasında qadınlar və qocalar, hətta uşaqlar da vardı. Onlardan bəziləri ömürlük şikəst oldu.

Bu hadisələrdən bir müddət sonra - 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında çıxış edən Ulu Öndər faciə barədə danışarkən deyirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovetlər İttifaqında, ölkənin daxilində - heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır... Bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər”.

Bəzi məlumatlara görə, hadisə ərəfəsində Bakıya və Bakı ətrafına Sovet ordusunun və daxili qoşunların Azərbaycan xalqına nifrət ruhunda köklənmiş 65 min nəfərlik kontingenti yerləşdirilmişdi.

Qəddarlığın da misli-bərabəri yox idi. “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatdan: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y. Meyeroviçə 21, D. Xanməmmədova 10-dan çox, R. Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.

Hərbçilər fotomüxbirləri hadisə yerinə yaxın buraxmırdılar. Bununla belə, bəziləri həyatlarını təhlükəyə ataraq kütləvi qırğının ayrı-ayrı epizodlarını fotoobyektivə köçürə bildilər. İmperiya ordusunun hərbi müdaxiləsinin, cəza əməliyyatının ağır nəticələrini əks etdirən bu ağ-qara fotoşəkillər qanlı cinayəti törədənlərə qarşı bir ittiham aktı olaraq qalır.

 

20 Yanvar: faciə və qəhrəmanlığın üst-üstə düşdüyü nadir məqam

 

Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Lakin çox nadir hallarda bu iki məqam üst-üstə düşür. 20 Yanvar Azərbaycan tarixinin məhz belə səhifəsidir. Şəhidlər son mənzilə görünməmiş izdihamla yola salındı. Xalq faciə qurbanlarını son mənzilə çiyinlər üstündə apardı. Şəhidlərin dəfni nə qədər ağır səhnə olsa da, bir o qədər də qürurverici məqamdır. Bu iki məqamı həmin vaxt çəkilmiş fotolarda aydın görmək olur.

Fotoşəkillər bizi bir daha 1990-cı ilin 22 yanvarına qaytarır: Bakının ən yüksək nöqtələrindən birində - o vaxt “Dağüstü park” adlanan yerdə şəhidlər üçün məzarlar qazılıb. Cənazələr indiki “Azadlıq” meydanına düzülüb. Şəhidlərlə vidalaşmaq üçün buraya milyonlarla insan toplaşıb.

İnsan seli məzarlığa yaxınlaşır. Bu vida anlarında doğmalarını, əzizlərini itirmiş insanların ağrı-acıları, keçirdikləri hissləri ifadə etmək üçün söz tapmaq çətindir. Köməyə yenə fotolar gəlir...

 

Şəhid qanı: bayrağımızdakı qırmızı rəng

 

Onlar Vətən naminə şəhid oldular, bununla da milyonlara fədakarlıq dərsi keçdilər. 1990-cı ilin yanvar hadisələri zamanı həlak olmuş qəhrəman Vətən övladlarının xatirəsi hər bir həmvətənimiz üçün əzizdir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin fədakarlığını, Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək deyib: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.

Ulu öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atmış, qərarlar qəbul etmişdi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamına əsasən 2007-ci ildə Şəhidlər xiyabanı vahid kompleks kimi yenidən qurulub.

Şəhidlər xiyabanı Azərbaycan xalqının 28 il əvvəl düçar olduğu böyük faciə ilə yanaşı, yenilməz iradəsindən xəbər verir. Özündə ümummilli kədər və iztirabın nişanələrini yaşatmaqla bərabər, mübarizlik rəmzinə çevrilib.

Bu müqəddəs məkanı uşaqdan tutmuş böyüyədək hamı ziyarət edir. Günün istənilən vaxtı burada müxtəlif yaşda insanlar görmək olar. Onlar şəhid məzarları önündə ayaq saxlayır, qranit lövhəyə həkk edilmiş adları oxuyur, şəkillərə baxırlar. Bu məzarlarda uyuyan şəhidlər Azərbaycanın müxtəlif guşələrində doğulublar. Ölüm tarixi, əbədiyyətə qovuşduqları məkan isə eynidir: 20 yanvar 1990-cı il, Şəhidlər xiyabanı.

28 ildir ki, hər 20 Yanvar günü Şəhidlər xiyabanında böyük izdiham yaşanır. Şəhid məzarları önündən yüz minlərlə insan ötüb-keçir. Ötüb keçən illər xalqın şəhidlərinə olan ehtiramını nəinki azaltmır, əksinə, 28 il əvvəl baş verənlərin mənası, bu xiyabanda əbədiyyətə qovuşanların gördüyü işlərin mahiyyəti zaman keçdikcə daha da aydınlaşır. Xalqımız azadlıq arzusuna qovuşub, hər birimiz müstəqil dövlətin vətəndaşı olmağımızla fəxr edirik. Onda - 1990-cı ilin yanvarında müstəqillik bir xəyal, bir arzu idi. Şəhidlərimizin axan qanı, xalqın verdiyi qurbanlar hədər getmədi, xəyal və arzular həqiqət oldu.

Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti ulu öndər Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.