Azərbaycan. - 2018.- 5 iyun. - ¹ 125. - S. 1,4.

 

İqtisadi və siyasi müstəqillik güclü Azərbaycanın zəminidir

 

Rəşad Baxşəliyev

 

 “Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb. İqtisadiyyatımız üç dəfədən çox artıb. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik”.

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Prezident İlham Əliyevin söylədiyi bu fikirlər dahi liderin yolu ilə irəliləyən Azərbaycanın son 15 ildə qazandığı tarixi nailiyyətləri bir daha aydınlaşdırdı.

 

Azərbaycandakı sabitliyin təminatçısı xalqdır

 

15 il öncə, 2003-cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa verdiyi sözü bir daha xatırlayan cənab İlham Əliyev bu müddət ərzində yerinə yetirilməyən bir vədin də qalmadığını söylədi: “Söz vermişdim ki, əgər xalq etimad göstərərsə, Heydər Əliyev siyasəti Azərbaycanda davam etdiriləcək. Fəxr edirəm ki, sözümə əməl etdim və son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır”.

Prezident həmçinin son zamanlar dünyada baş verən qlobal proseslərin, yeni münaqişələrin, vətəndaş müharibələrinin başvermə səbəblərinə də toxunaraq qeyd etdi ki, bunun səbəbi hakimiyyətin düzgün siyasət aparmaması, insanları narahat edən problemləri həll etməməsidir. İqtisadi inkişafı təmin edə bilməyən istənilən dövlət böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit, uğurla inkişaf edən ölkələrdən biridir.

 

Valyuta ehtiyatlarımız xarici borcdan 5 dəfə böyükdür

 

Bu gün həqiqətən Azərbaycan tam müstəqil siyasət yürüdən ölkə kimi inkişaf edir. Ölkədə təmin olunan sabitlik 15 il ərzində iqtisadiyyata 231 milyard dollar investisiyanın yatırılmasını şərtləndirib. Son 15 ildə ölkəmizdə 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi, 443 körpü-tunel, 3100-dən çox məktəb inşa edilib. Bununla yanaşı, 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin olunub, 30 elektrik stansiyası, 4 su anbarı və 7 hava limanı tikilib.

Qazlaşdırmanın 93 faizə, fasiləsiz içməli su ilə təminatın 26 faizdən 67 faizə çatması, ucqar kəndlərdə belə elektrik enerjisinin olması deyilənləri bir daha təsdiqləyir ki, ölkədə heç bir sosial layihə təxirə salınmayıb.

Azərbaycanın çox böyük iqtisadi resurslarının olduğunu söyləyən dövlət başçısı vurğuladı ki, ölkənin valyuta ehtiyatları xarici borcdan 5 dəfə böyükdür. Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir. Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilib.

 

Son 3 ayda iqtisadiyyata 3,5 milyard dollar sərmayə qoyulub

 

İlk 3 ayda əldə edilən uğurlar isə onu deməyə imkan verir ki, Azərbaycan sürətli inkişaf ilində artıq bir çox uğurlara imza atıb.

Belə ki, 3 ayda ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulub, iqtisadiyyat 2,3 faiz, qeyri-neft sektoru 3 faiz, sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10 faiz, kənd təsərrüfatı 4,2 faiz artıb.

Ölkənin valyuta ehtiyatları 2,2 milyard dollar artaraq 44,2 milyarda yüksəlib və xarici ticarət dövriyyəmiz 31 faiz artıb, ümumi ixrac 24 faiz, qeyri-neft ixracı isə 37 faiz yüksəlib.

3 ayda 34 min yeni iş yeri yaradılıb ki, onlardan 31 mini daimi iş yeridir, əhalinin gəlirləri təxminən 10 faiz artıb. İnflyasiya cəmi 4 faiz olub və sahibkarlara 28 investisiya təşviqi sənədi verilib.

Bu müddətdə Mingəçevir Sənaye Parkında 2 böyük iplik fabriki, Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu fəaliyyətə başlayıb. Mingəçevir şəhərində “ASAN Həyat” kompleksi istifadəyə verilib və Qəbələ şəhərinə dəmir yolunun çəkilişlərinə başlanılıb.

Əlbəttə ki, bütün bunlar dövlət başçısının şəxsi nəzarəti ilə həyata keçirilən layihələrin tərkib hissəsidir və ilin sonunadək daha böyük uğurlar qazanılacaq.

Son 15 ildə Prezident İlham Əliyevin yürütdüyü tam müstəqil siyasət həm də Azərbaycanı dünya birliyində etibarlı tərəfdaşa, böyük nüfuza malik olan ölkəyə çevirib. Azərbaycanın həm də bir çox ölkələrlə bərabərhüquqlu, konstruktiv münasibətləri mövcuddur.

Dövlət başçısı istənilən məsələ ilə bağlı hər zaman qətiyyətli mövqeyini ortaya qoyaraq həm də Azərbaycan həqiqətlərini dünyaya çatdırır: “Biz prinsipial mövqeyimizdən heç vaxt bir addım geri atmırıq. Tərəfdaşlarımızla qarşılıqlı maraqlar üzərində qurduğumuz münasibətlər, düzgün xarici siyasət bizə imkan verir ki, həm beynəlxalq arenada öz gücümüzü, təsir imkanlarımızı artıraq, eyni zamanda, daxili problemləri, xüsusilə iqtisadi inkişafla bağlı olan problemləri həll edək”.

 

Müstəqillik ən böyük sərvətimizdir

 

Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulduğunu, 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparıldığını vurğulayan cənab İlham Əliyev onu da diqqətə çatdırdı ki, milli dəyərlərimiz hər zaman dövlət üçün əsasdır. Bu gün gənc nəslin milli ruhda tərbiyə olunması və milli ləyaqət hislərinin güclənməsi isə böyük uğur hesab oluna bilər. Çünki belə olan halda müstəqillik ən böyük sərvət kimi cəmiyyət tərəfindən qəbul edilir və dəstəklənir.

Bütün bunlarla yanaşı, Azərbaycan həm də dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində nümunəvi ölkəyə çevrilib. Ölkəmizdə bütün xalqların, dinlərin nümayəndələri Azərbaycan səması altında bir ailə kimi, sülh, mehribanlıq, dostluq şəraitində yaşayırlar. Bu da qazanılan böyük sərvət və aparılan siyasətin uğurudur.

 

Enerji idxal edən ölkə bu gün əsas neft-qaz ixracatçısına çevrilib

 

Cənubi Qafqazın lider ölkəsi statusuna sahiblənən Azərbaycan regionda bir çox transmilli layihələrin təşəbbüskarı və birbaşa iştirakçısıdır. Azərbaycan reallaşdırdığı layihələrlə Avropanın enerji təhlükəsizliyini təmin edir.

Bir vaxtlar elektrik enerjisi idxal edən ölkə bu gün dünyanın əsas enerji ixracatçısıdır. Azərbaycanın Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrildiyini söyləyən dövlət başçısı vurğuladı ki, bu gün “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri ölkəmizin böyük sərmayələri ilə həyata keçirilir: “Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir”.

 

2018-ci il ən uğurlu inkişaf ili kimi tarixə yazılacaq

 

Son 15 il ərzində Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti ilə kifayət qədər böyük uğurlar, nailiyyətlər qazanan və bu gün də bütün istiqamətlər üzrə inkişaf edən Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır.

Dərin və universal böhrandan çıxaraq cəmi 26 il ərzində kosmik dövlətlər sırasına daxil olan, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır.

2018-ci ilin sürətli inkişaf ili olacağını söyləyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Son 4 ayın yekunları onu deməyə əsas verir ki, 100 yaşını qeyd edən müstəqil Azərbaycan üçün 2018-ci il ən uğurlu inkişaf ili kimi tarixə yazılacaq.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan bundan sonra da daim irəli gedəcək: “Biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, biz bundan sonra da həmişə inkişaf və tərəqqi yolu ilə gedəcəyik”.