Ekspress.-2018.-20-22 yanvar.-12.-S.10.

 

Azərbaycan-İƏT əməkdaşlığı xüsusi önəm kəsb edir

 

Murad Məmmədli

 

Tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə islam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan İslam Konfransı Təşkilatı (İKT) ilə də sıx əlaqələr qurub. Ölkəmizin 1991-ci ilin dekabrında İKT-yə üzv olması beynəlxalq aləmdə respublikamızın qarşısında yeni üfüqlər açdı.

Belə ki, Azərbaycan İKT və ona üzv dövlətlərin ardıcıl dəstəyinə nail oldu. İlkin vaxtlarında İKT Baş katibliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı respublikamızın mövqeyini dəstəkləyən bəyanatlar verdiyi halda, daha sonrakı mərhələdə İKT konfransları Ermənistan-Azərbaycan münaqişəsi haqqında kəsərli qətnamələr qəbul edib. Bu qətnamələrdə Ermənistan-Azərbaycan münaqişəsi birmənalı şəkildə Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü kimi qiymətləndirilir.

Belə qətnamələrdən növbətisi bugünlərdə İranın paytaxtı Tehranda keçirilən İƏT-in Parlament İttifaqı Konfransının 13-cü sessiyasında verilib. Sessiyada Ermənistanın Azərbaycana qarşı təcavüzünə, Xocalı soyqırımına dair qətnamələr qəbul edilib.

Toplantıda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri Gövhər Baxşəliyeva və Mirkazım Kazımov Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat veriblər.

Sessiyanın sonunda qəbul edilən yekun kommunikeyə Azərbaycan nümayəndə heyətinin təklifi ilə üç bənd salınıb. Həmin bəndlərdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və hərbi təcavüzü pislənilir. Ermənistandan işğalçılıq siyasətinə son qoyması, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni yerinə yetirməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur.

Üzv ölkələrin parlamentariləri 1992-ci ildə ermənilərin törətdikləri Xocalı faciəsini də qətiyyətlə pisləyiblər. Bildirilib ki, bu soyqırımı bütün üzv dövlətlər tərəfindən tanınır. Azərbaycanın öz ərazi bütövlüyü və torpaqlarının müdafiəsi uğrunda apardığı siyasət dəstəklənir. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ev-eşiyindən didərgin düşən azərbaycanlıların doğma yurd-yuvasına qaytarılması tələb edilir.

Miqrasiya və qaçqın problemi, terrorizm, islamofobiya, ksenofobiya ilə mübarizə və digər aktual məsələlərin müzakirə olunduğu toplantıda qurumun mədəni və hüquqi məsələlər, sivilizasiyalar və dinlər arasında dialoq üzrə daimi və ixtisaslaşmış komitələrinin təqdim etdiyi və sessiyada təsdiqlənən daha bir qətnamədə də ölkəmizlə bağlı bəndlər yer alıb. Sənəddə Azərbaycanın sivilizasiyalararası dialoqa verdiyi töhfə xüsusi vurğulanır. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna, eləcə də, bu sahədə digər çoxsaylı tədbirlərə ev sahibliyi edən ölkəmiz dünyaya nümunə kimi göstərilir.

Qətnamədə əksini tapan digər bir mühüm məsələ isə müsəlman ölkələrində mədəni, tarixi və müqəddəs İslam abidələrinin mühafizəsi ilə bağlıdır. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindəki abidələrin, məscidlərin dağıdılması faktları pislənir və təcavüzkar dövlət buna görə məsuliyyət daşımağa çağırılır. Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunmasına dair 1954-cü il Haaqa Konvensiyasının tələblərinin pozulduğu vurğulanır.

Sözügedən sənəddə bütün üzv dövlətlər bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb edirlər.

Xarici İşlər Nazirliyinin məlumatına görə, 1991-ci ildə İƏT (o vaxt İslam Konfransı Təşkilatı) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olub. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparıb. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər-hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşıb.

1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində "Ermənistan-Azərbaycan münaqişəsinə dair" müvafiq maddə salınıb. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprelində Kəraçidə keçirilmiş XXI konfransında "Ermənistan və Azərbaycan arasında münaqişə" adlı qətnamə qəbul edilib.

1994-cü ilin mayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlanıb.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri Azərbaycan-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. H. Əliyevin İKT Baş katibi ilə 1994-cü ilin noyabrında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada "Ermənistan və Azərbaycan arasında münaqişə haqqında" siyasi qətnamə qəbul edilmiş, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına "Ermənistan və Azərbaycan arasında münaqişə" mövzusunun mütəmadi salınmasına nail olunub.

Həm İKT Baş Katibliyi, həm də üzv dövlətlərlə aparılmış məqsədyönlü iş nəticəsində, az müddət ərzində İKT çərçivəsində daha iki qətnamə: "Azərbaycan Respublikasına iqtisadi yardım" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr İKT gündəliyinə daxil edilərək növbəti Zirvə və XİN konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildi. Gərgin əməyin nəticəsi kimi, siyasi qətnamənin adının dəyişdirilərək daha da gücləndirilməsi və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında" başlığı ilə ilk dəfə 1996-cı ilin dekabrında Cakartada keçirilmiş İKT

Xarici İşlər Nazirlərinin XXIV Konfransında və 1997-ci ilin dekabrında Tehranda keçirilmiş İKT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə qəbul edilməsi bu məsələyə dair Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynadı. Sözügedən qətnamə növbəti İKT XİN və Zirvə konfranslarında Azərbaycan tərəfinin bir sıra əlavələri ilə mütəmadi qaydada qəbul edildi.

Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edilməsi, bu problemə dair Baş katibin ənənəvi illik hesabatları, İKT çərçivəsində keçirilən görüşlərdə qəbul edilən yekun bəyannamələrin müvafiq bəndlərində səsləndirilən müddəalar, habelə "Dağlıq Qarabağ Respublikasında" keçirilmiş müxtəlif qeyri-qanuni seçkilərin beynəlxalq hüquq normalarına zidd və İKT üzv ölkələri tərəfindən tanınmayan amil kimi qiymətləndirilməsi erməni tərəfinin İKT dövlətlərinə narazılığının bildirilməsi ilə müşayiət olunsa da, əks rezonans doğurmuş və qeyd olunan qərar və qətnamələr əsasında həm İKT qurumları, həm də üzv dövlətlər tərəfindən Azərbaycana o zaman çox vacib olan geniş humanitar yardım fəaliyyəti həyata keçirildi.

Şübhəsiz, təşkilata üzvlüyün ilk illərində müharibə şəraitində olan Azərbaycan xarici siyasətinin başlıca məqsədi erməni təcavüzünün səbəb və məqsədləri, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı idisə, İKT ilə əməkdaşlıq prosesində təkcə bu problemin həlli ilə məhdudlaşmağa yol verilmir, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələrinin inkişafına üstünlük verilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı il iyunun 19-21-də Bakıda İKT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.

Bu gün Azərbaycanın İƏT-in müxtəlif təşkilatları ilə sıx əməkdaşlığı var. Bu baxımdan Azərbaycanın Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Həmin fəaliyyətin nəticəsi olaraq, 23 noyabr 2006-cı ildə İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri sivilizasiyalararası dialoq daxil olmaqla müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplom təqdim edib. Həmçinin, 2008-ci ilin 10-11 iyun tarixlərində, "Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İKT Baş katibi E. İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Mehriban Əliyevaya "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplom təqdim edib. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır.
Azərbaycan İƏT çərçivəsində əməkdaşlığa önəm verir və təşkilatın səmərəli fəaliyyət göstərməsində maraqlıdır. Azərbaycan İƏT-in iqtisadyönlü təşkilat kimi inkişaf etməsində və bu istiqamətdə layihələr həyata keçirilməsini dəstəkləyir.

İƏT-in Ticarət və İnkişaf Bankı (EKOBANK) 2008-ci ildə fəaliyyətə başlayıb və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il sentyabrın 28-də Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanmış, 2013-cü ilin fevralın 15-də Milli Məclis tərəfindən təsdiq olunub. Hazırda Azərbaycan bankın səhmdarlarından biridir. Bankın baş ofisi Türkiyənin İstanbul şəhərində yerləşir.

İƏT-in prioritet istiqamətlərindən biri də 1998-ci il 9 may tarixində Almatı şəhərində keçirilmiş İƏT-in 5-ci Sammitində imzalanmış Tranzit Nəqliyyatı Çərçivə Sazişinin həyata keçirilməsidir. İƏT üzvü olan 10 ölkədən 8-i artıq bu Sazişə qoşulub. Saziş 2006-cı il 19 may tarixindən qüvvəyə minib. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 4 dekabr tarixli Qanunu ilə bu Saziş təsdiq edilib.

İƏT regionun nəqliyyat və kommunikasiya sisteminin və əsas nəqliyyat dəhlizləri olan "Şimal-Cənub" və "Şərq-Qərb" dəhlizlərinin inkişaf etdirilməsi çərçivəsində Azərbaycan Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu layihəsinin iştirakçısıdır. Layihə üzrə Yüksək səviyyəli İşçi qrupunun ilk iclası 2013-cü ildə Bakıda keçirilib.

Bir sözlə, bu gün Azərbaycan-İƏT əməkdaşlığı xüsusi önəm kəsb edir.

 

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun maliyyə dəstəyi ilə çap olunur