Ədalət.-2018.-19 yanvar.- 11.-S.7.; 20 yanvar.- 12.-S.4.

 

Qan yaddaşımız

 

Əbülfət Mədətoğlu

 

Bəlli olduğu kimi, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

 

Sovet imperiyası günahsız insanların qanını axıtsa da,

milli qürurumuzu qıra bilmədi

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların şanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.

Xalqın başına gətirilən bu cinayət Sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə İttifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların güllə-boran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdur. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğurunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla Sovet imperiyasının rəhbərliyi Bakıda "erməni kartından" məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremislər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdir. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki Sovet rəhbərliyinin "dəlliləri" hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən dırnağa tək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burda daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

M. Qorbaçov SSRİ Konstitusiyasının 119, Azərbaycan SSR Konstitutsiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdı. SSRİ BDK-nın "Alfa" qrupu yanvarın 19-u saat 19:27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-dən saat 00:00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Halbuki M. Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

 

Xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu

 

Xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyətiylə dərk etdi.

O müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünü və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər təcavüzə kəskin etirazını bildirdi. Faciəni törədənləri, şəxsən Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıda çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...

XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və ən insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı maddələri pozulmuşdu.

Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi. 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. "20 Yanvar hadisələrinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu.

Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da "1990-cu il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" qərar qəbul edildi. Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.

İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir.

Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən əmək pensiyaları haqqında qanuna əsasən 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir.

 

Hadisəyə dünyanın reaksiyası

 

Yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdır.

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqınin rəsmi nümayəndəsi Qeor isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz.

Avstraliyada nəşr olunan "The Canberra Times" qəzetində "1990-cı ilin 20 yanvarı: Azərbaycanda qırmızı terrorun qara üzü" adlı məqalə dərc olunmuşdur.

Məqalədə 1980-ci illərin ikinci yarısında erməni millətçilərinin keçmiş Sovet İttifaqında yaranan gərgin vəziyyətdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək istiqamətində məkrli planın həyata keçirilməsi məqsədilə keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun dəstəyini aldıqları bildirilir. Qeyd edilir ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində ötən əsrin 80-ci illərinin sonlarında 250 min azərbaycanlı öz ata-baba yurdlarından zorla qovulmuş, 200-dən artıq insan amansızlıqla qətlə yetirilmişdir. Buna etiraz olaraq, azərbaycanlıların böyük əksəriyyəti Bakı və digər şəhərlərdə meydanlara çıxaraq, kommunist rejiminə etimadsızlıq göstərmiş və Azərbaycana müstəqillik verilməsi şüarları ilə çıxış etmişdir.

Məqalədə, həmçinin qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun böyük kontingenti Bakıya daxil olmuş və silahsız insanlara atəş açmışdır: "Bu aksiya SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəalarına ziddir. Əməliyyatdan əvvəl Azərbaycan televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan məhrum olunmuş, ordunun atəş açmasından və insanların qətlə yetirilməsindən yeddi saat sonra fövqəladə vəziyyət elan edilmişdir. Bu əməliyyatın əsl məqsədi müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək olmuşdur".

Məqalə Azərbaycan xalqının Vətənin ərazi bütövlüyü və azadlığı uğrunda canlarından keçənləri heç zaman unutmayacağı və onların xatirəsinin daim əziz tutulacağı barədə fikirlə tamamlanır.

Britaniya mediası Qanlı Yanvardan bəhs edən məqalə dərc edib. "The London Post" və bir neçə portallarda 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr dərc edilib. Məqalələrdə xalqımızın qan yaddaşı olan 20 Yanvar hadisələri ətraflı təhlil olunub. Qeyd olunub ki, kütləvi qırğın sovet ordusu tərəfindən ağır hərbi texnika və silahlarla, xüsusi qəddarlıqla törədilmiş və mülki vətəndaşlar qətlə yetirilmişdir.

ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və geniş ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənən "The Hill", Perunun nüfuzlu kütləvi informasiya vasitələrindən biri olan "El Peruano", eləcə də Kolumbiyanın ən tanınmış mətbu orqanları olan "El Espectador" qəzetlərində Azərbaycanın müstəqilliyinə yol açmış "Qara Yanvar"dan bəhs edən məqalələr dərc edilmişdir. Həmçinin Kanada, Latın Amerikası ölkələri, Avstraliya, Yeni Zelandiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya Federasiyası, Qırğızıstan, Qazaxıstan, Rumıniya, Bolqarıstan və digər ölkələrin qəzet və portallarında 20 Yanvar faciəsindən bəhs edən məqalələr dərc olunmuşdur.

Göründüyü kimi, dünyanın əksər ölkələri Sovet ordusunun insanlığa xas olmayan bu qəddarlığını kəskin tənqid etmiş və Azərbaycanın haqq işini dəstəklədiklərini bildirmişlər.

 

Xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir

 

Bu il xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Təkcə 20 Yanvar günü deyil, bu faciə Azərbaycan xalqının yaddaşına Qan Yaddaşımız kimi həkk olunub böyükdən kiçiyə kimi hər bir Azərbaycan vətəndaşı bu faciəni hər gün yad edir, vətən uğrunda canından, qanından keçən şəhidlərimizi unutmur və unutmayacaq. 20 Yanvar faciəsi ölkənin bütün qurumlarında, Daxili işlər oqranlarında, ordumuzda, özəl təşkilatlarda, bir sözlə, hər yerdə dərin ehtiramla yad edilir.

Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər Xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir ünvanına çevrilib. Şəhidlərimiz və Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Bu həm də, onu göstərir ki, bizim Müstəqilliyimiz Əbədidir, Dönməzdir. Bu yolda Azərbaycan xalqı hər zaman iradəsini ortaya qoyub Dövlətçiliyimizi qorumağa hazırdır.

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə