Olaylar. - 2018.- 5 iyun. - 100. - S. 10.

 

Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti

 

Nurlan

 

Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gündən dövlət rəmzlərinin yaradılmasına xüsusi önəm verirdi. Ən mühüm dövlət atributlarından biri kimi Dövlət bayrağının qəbul edilməsi daha tez həyata keçirildi. Əli bəy Hüseynzadənin məşhur "türkləşmək, islamlaşmaq və müasirləşmək" şüarı bu işdə əsas götürülmüşdü. Cümhuriyyət Hökuməti 1918-ci il noyabrın 9-da "yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizgüşəli ulduzdan ibarət" bayrağın milli bayraq kimi təsdiq olunması haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1919-cu il martın 23-də dövlət gerbinin və rəsmi sənədlərdə üzərində dövlətin adı və gerbi təsvir edilən dövlət möhürünün layihələrini hazırlamaq məqsədilə müsabiqə elan olunması barədə qərar qəbul etmişdi. Çox güman ki, müsabiqəyə göndərilən layihələrin heç biri bəyənilmədiyindən qəbul edilməmişdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti hərbi ordenlər, milli himn, dövlət gerbi və möhürü üçün layihələrin hazırlanması üçün yeni müsabiqə elan olunması barədə qərar çıxardı. Dövlət gerbinin, orden və medalların hazırlanmasında ilk peşəkar heykəltəraş Zeynal Əlizadə iştirak edirdi. Onun layihəsinə əsasən buraxılmış döş və xatirə medallarında Parlament binası, bayraqlar, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngləri həkk olunmuşdu.

AXC dövründə milli rəssamlıq sənətinin inkişafına xüsusi əhəmiyyət verilirdi. 1919-cu ildə nəşr olunan "Zənbur" jurnalında Azərbaycan satirik qrafıkasının banisi Əzim Əzimzadənin zamanın ictimai-siyasi problemləri ilə səsləşən karikaturaları dərc olunurdu. Karikaturalardan birində silahlı Denikini, Kolçakı və Androniki ciblərində gəzdirən ingilis qəsbkarları təsvir olunmuşdu. Onun rəsmlərində cəhalət, nadanlıq, qaniçən erməni-daşnak quldurlarının vəhşi və iyrənc əməlləri ifşa edilirdi. Bu mövzu rəssam Bəhruz Kəngərlinin də yaradıcılığında əhəmiyyətli yer tuturdu. Onun erməni-müsəlman münaqişəsini əks etdirən məşhur "Qaçqınlar" silsiləsi realist Azərbaycan rəssamlıq sənətinin nailiyyəti idi. Əzim Əzimzadə "Otello", "Aşıq Qərib", "Dəmirçi Gavə" tamaşalarının bədii tərtibatı üçün dekor və geyim eskizləri hazırlamışdı. Bəhruz Kəngərli Naxçıvan teatrında "Hacı Qara", "Ölülər", "Dağılan tifaq", "Pəricadu" və s. tamaşalara tərtibat vermişdi. Milli mədəniyyətin tərəqqisi və inkişafı yolunda ilk ciddi addımlar atılmışdı. Əli bəy Hüseynzadənin "Şeyxülamın portreti" və "Bibiheybət məscidi" tablolarını xüsusilə qeyd etmək lazımdır. Bu dövrdə rəssamlar plakat sahəsində də diqqtəlayiq əsərlər yaratmışlar.

Memarlıq və heykəltəraşlıq sənəti sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Bakı Politexnik Məktəbinin nəzdində heykəltəraşlıq sinfinin açılması nəzərdə tutulmuşdu. 1918-ci ildə Bakının erməni-daşnak quldurları tərəfindən yandırılmış möhtəşəm binaları - Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbi, İsmailiyyə Sarayı Azərbaycan Xalq Cümhuriyyəti dövründə şəhərin baş memarı vəzifəsində çalışan görkəmli memar Zivər bəy Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu. Erməni millətçilərinin basqını nəticəsində xarabalığa çevrilmiş Şamaxı şəhərini bərpa etmək üçün Zivər bəyin təşəbbüsü ilə "Yeni Şirvan cəmiyyəti təsis olunmuşdu. O, mühəndis Ömər bəy Avuyevlə birlikdə "İslam incəsənətini sevənlər və qoruyanlar cəmiyyəti"ni də yaratmışdı. Zivər bəy Əhmədbəyov, memar Nəbioğlu Qacar, mühəndis MəmmədHəsən Hacınski və Hacı bəy Axundov Şirvanşahlar Sarayı kompleksin tədqiqi sahəsində fəaliyyət göstərmişlər. Sənətşünaslardan Məhəmməd Ağaoğlu, Hüseyn bəy Mirzəcamalov, memar Nəbioğlu Qacar islam mədəniyyəti, muzeyşünaslıq qədim maddi mədəniyyət nümunələrini qorumaq sahəsində fəal çalışmışlar.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olmuşdur. Truppa tanınmış sənətkarlardan Hacağa Abbasov, Mirzağa Əliyev, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məhəmmədzadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır Cabbarzadə, Əbülhəsən Anaplı, Əhməd Anatollu, Mirmahmud Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım, Mina xanım və başqalarını bir yerə toplayaraq, həftədə üç gün növbə ilə dram, komediya, opera və operetta tamaşaları göstərir, repertuarını zənginləşdirmək qayğısına qalırdı.

Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrının binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, mühüm dövlət tədbirləri də keçirilirdi. Dövlət Teatrının pərdələri ilk dəfə 1918 il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı. Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyətin inkişafına göstərdiyi qayğı nəticəsində milli teatrın inkişafında müəyyən nəzərəçarpan uğurlar qazanıldı. "Dəmirçi Gavə", "Nadir şah", "Ölülər", " Yağışdan çıxdıq, yağmura düşdük", "Bəxtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", "Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbəxt milyonçu", "Vətən, yaxud Silistrə", "Ev tərbiyəsinin bir şəkli", "Evliykən subay", "Arşın mal alan" əsərləri milli teatrın repertuarında ən yaxşı tamaşalar idi. Xeyriyyə tamaşalarının təşkili teatrın fəaliyyətində, bir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi. Bu işdə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası xüsusi fəallıq göstərirdi. Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyov tərəfindən təşkil edilmiş xeyriyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından toplanmış vəsait Dağıstanın "Qızıl Aypara Cəmiyyəti"nə göndərilmişdi.

Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş dram əsərləri mühüm yer tuturdu. Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı. Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaş masına ciddi diqqət yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii keyfiyyətlərinə lazımi diqqət yetirilməsi üçün xüsusi ədəbi komissiya yaradılmışdı.Cümhuriyyət dövründə Azərbaycanın digər mədəniyyət mərkəzlərində də teatr sənəti inkişaf etməkdə idi. Naxçıvan teatrı bunların içərisində xüsusilə fərqlənirdi. Naxçıvan teatrının təşəkkülündə dövrün ictimai-siyasi və fəlsəfi fikrinin inkişafı şəraitində yetişən maarifpərvər ziyalılardan Cəlil Məmmədquluzadə, Böyük xan Naxçıvani, Əliqulu Qəmküsar, Rza Təhmasib, Rza İsfəndiyarlı, Mir Həsən Mirişli və digərlərinin mühüm xidməti olmuşdur. "Ölülər", "Evliykən subay", "Arşın mal alan", "Dağılan tifaq", "Hacı Qara", "Bəxtsiz cavan" və digər əsərlər tamaşaya qoyuldu. Aktyorlar Mirzə Ələkbər Sabirin və onun ədəbi məktəbinin davamçıları olan şairlərin satiraları əsasında səhnəciklər hazırlanmasına da xüsusi diqqət yetirirdilər.