Bakı Xəbər.-2018.-20-22 yanvar.-12.-S.11.

 

Ermənistanın azərbaycanlılara qarşı soyqırımları və deportasiyalar tarixi

 

İradə Sarıyeva

 

Cənubi Qafqaza yad olan ermənilər bizim ərazilərə köçürüldükdən sonra özləri ilə böyük problemlər, bəlalar gətirdilər. Azərbaycan torpaqlarında məskunlaşdıqdan sonra aborigen camaata, yəni Azərbaycan türklərinə qarşı, sözün əsl mənasında, məkrli siyasət yürütməyə başladılar. Əsassız torpaq iddialarını ortaya qoyan ermənilər, daşnak xislətinə sahib olanlar azərbaycanlılara qarşı tarixdə misli olmayan cinayətlər həyata keçirməyə başladılar. Əvvəlcə özlərinə yer etdilər, qədim alban-xristian kilsələrinə ayaq açdılar, sonra isə xalqımızın izlərini silməyə cəhdlər göstərməyə başladılar.

Erməni daşnaklarının həyata keçirdiyi məkrli planlar nəticəsində XX əsrdə Azərbaycan xalqı çox böyük bəlalara düçar oldu. Torpaqlarını itirdi, yüzlərlə övladı ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Saysız azərbaycanlı isə öz ata-baba yurdundan didərgin salındı.   

Tarixçilər bildirirlər ki, Türkmənçay müqaviləsindən sonra Çar Rusiyasının İrandakı səfiri Qribayedovun planına əsasən, ermənilər Azərbaycan torpaqlarına köçürüldülər. Həmin dövrdə 40 min erməni ailəsi İrandan Qərbi və Şimali Azərbaycan ərazilərində məskunlaşdırıldı. Tarixçilər vurğulayırlar ki, azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi prosesinə hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan, ümumiyyətlə, müsəlmanların deportasiyasını üç mərhələyə ayıran tarixçilərin verdiyi bilgiyə görə, birinci mərhələ 1905-1920, ikinci mərhələ 1948-1953, üçüncü mərhələ isə 1988-1992-ci illəri əhatə edir.

Tarixçi alimlər qeyd edirlər ki, bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetiriblər, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. 1988-ci ildə sonuncu deportasiya zamanı isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən, doğma yurd-yuvalarını tərk ediblər. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlıq dağıdılıb. Ermənilər tarixən bizə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Tarixçi-alim Həyat Məhərrəmovanın bildirdiyinə görə, azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948-1953-cü illərdə Stalinin  göstərişi ilə həyata keçirilib. O bildirir ki, əgər Krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi: Əgər digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnız Ermənistandan köçürüldülər ki, məqsəd Ermənistanın "təmizlənməsi" idi. Ermənistanın bütün toponiminin də təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə 2 mindən çox ad dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə Sovet dövrü bəs etmədi. Ermənistanın məsul işçilərindən biri olan Manuk Vardanyan vaxtilə demişdi ki, ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi 2007-ci ildə sona çata bilər.

Tarixçi vurğulayır ki, ermənilər bu illərdə bir sıra tarixi cinayətlərə əl atıblar. Onun dediyinə görə, bura Azərbaycan, erməni və kürd əhalisinin sayının dəyişdirilməsi cinayəti də daxildir. Alimin sözlərinə görə, XX əsrdə öz tarixi dədə-baba torpaqlarında azərbaycanlılar sosial sahədə sıxışdırılıb və diskriminasiya olunublar.

1918-1920-ci illərdə on minlərlə azərbaycanlı Zəngəzurdan, öz doğma el-obalarından qovuldular. O vurğuladı ki, 1940-cı illərdə erməni gəlmələri üçün yer əldə etmək üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olundular. 1988-1989-cu illərdə son etnik təmizləmə vaxtı isə yerdə qalanlar qovuldular. Böyük Ermənistan yaradılmasına yönəlilmiş azərbaycanlı əhalinin məcburi köçürülməsi yüz ildən artıq bir dövrü əhatə edir. 

Digər tarixçilərin və tədqiqatçıların fikrinə görə, azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi. Onlar qeyd edirlər ki, burada məqsəd Qərbi Azərbaycanın erməniləşdirilməsi idi.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, tarixçi-alim Zaur Əliyev qeyd edir ki, ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüblər. O deyir ki, azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyiblər. Tarixçinin qeyd etdiyinə görə, Çar Rusiyası tərəfindən İrəvana köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər.

Tarixçi Təzəgül Yusifova isə qeyd edir ki, o vaxt Qərbi Azərbaycanın - indiki Ermənistanın 34 rayonunun adı dəyişdirilib. Bundan sonra özlərinə şərait yaradan ermənilər azərbaycanlıları köçürməyə, təzyiqlər göstərməyə başlayıblar. Azərbaycan tərəfindən hər il ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım, vəhşiliklər barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, dünya ictimaiyyətinə müraciətlər göndərilsə də, nəticə hələ ki, yoxdur.

Tarixçi alim Nazim Mustafa da ermənilərin azərbaycanlılara qarşı soyqırımları və deportasiyaları haqqında danışarkən qeyd etdi ki, ermənilər xalqımıza böyük zülmlər ediblər: Son iki yüz ildə xalqımız dəfələrlə kütləvi qırğınlara və soyqırımlara məruz qalıb. XIX əsrin əvvəllərindən başlayaraq kütləvi və məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə soydaşlarımızın yaşadıqları minlərlə yaşayış məntəqəsini viran etmiş, bir milyondan artıq soydaşımızı soyqırıma məruz qoymuşlar.

İlkin mənbə və tarixi ədəbiyyatların təhlili göstərir ki, Azərbaycan xalqına qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirməklə Böyük Ermənistan yaratmaqdan ibarət olub. Ermənilərin bu niyyətlərinin qismən də olsa reallaşmasında Rusiyanın və bəzi Qərb dövlətlərinin müstəsna rolu olub. 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın erməni əsasən İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılmışdı. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşlər. Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində təşkil edilən erməni vilayətində mövcud olan 1111 yaşayış məntəqəsindən cəmisi 62 kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşayırdılar. Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həyata keçirilən qırğınlar, deportasiya və soyqırımlar nəticəsində onların yaşadıqları iki minə yaxın yaşayış məskəni boşaldılıb. Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin onların yerində məskunlaşdırılma kampaniyası XIX əsrin sonunda Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha geniş vüsət alıb. 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olub. Həmin dövrdə Daşnaksütyun partiyası öz proqramında dəyişiklik edərək, fəaliyyətinin ağırlıq mərkəzini Cənubi Qafqaza keçirmiş, müstəqil erməni dövləti qurmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdi. Rusiyanın rəsmi dairələrinin ermənipərəst mövqeyindən istifadə edən Daşnaksütyun partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdi. 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra isə İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ istiqamətində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə) və Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı kəndini viran qoymuşlar. 1914-cü ildə Rusiya-Türkiyə müharibəsinin başlanmasından istifadə edərək Daşnaksütyun partiyası rus ordusunun tərkibində 4 böyük silahlı birləşmə təşkil etmişdi. Cəllad Andranikin başçılıq etdiyi erməni dəstələri Cənubi Azərbaycanın Xoy, Urmiya və Səlmas əyalətlərində 150 minə yaxın, sonra isə Şərqi Anadolunun Qars, Ərzurum və Ərdahan bölgələrində 200 mindən artıq Azərbaycan türklərini, uşaq, qoca, qadın arasında fərq qoymadan, qətlə yetirmiş, həmin əraziləri Çar Rusiyasının ermənilərə vəd etdiyi Ermənistan dövlətini qurmaq üçün türklərdən təmizləmişlər. Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri hesab edən ermənilər əsasən Türkiyədən qaçıb gələn erməniləri silahlandıraraq sovet hakimiyyətini qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirmişlər. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bolşevik qiyafəsinə bürünən ermənilər Rusiyanın hərbi yardımı ilə Bakıda soyqırım törədərək 15 min müsəlmanı qətlə yetirmişlər. Məqsəd Bakını ələ keçirməkdən, onun neft sərvətinə sahib çıxmaqdan ibarət idi. Həmin ilin mart-aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Xaçmazda, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törətmiş, 50 mindən artıq soydaşımızı ən vəhşi üsullarla qətlə yetirmişlər. Qırğınlar İrəvan quberniyası ərazisində, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Qars vilayətində daha amansız şəkildə törədilmişdi. Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə (Yelizavetpol) quberniyasında 272 (o cümlədən Zəngəzurda 115, Qarabağda 157), İrəvan quberniyasında 211, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı.

Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra fövqəladə istintaq komissiyası yaradılmış və ermənilərin xalqımızın başına gətirdikləri müsibətlər şahid ifadələri əsasında sənədləşdirilib.

Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin tarixinin qısa icmalını təqdim etdik. Daşnak siyasəti yürüdən Ermənistanın azərbaycanlıların başına gətirdiyi oyunlar, işğal etdikləri torpaqlarımız, soyqırım tariximiz haqqında daha ətraflı yazacağıq.