Xalq qəzeti. - 2018.- 3 iyun. - 124. - S. 5.

 

Azərbaycan Xalq Cümhuriyyətinin formalaşması prosesinə ictimai-siyasi baxış

 

Habil Həmidov,

AMEA Fəlsəfə İnstitutu müasir siyasətin fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə doktoru

 

XX əsrin ən mühüm hadisələrindən olan Çar Rusiyası imperiyasının süqutundan sonra milli müstəqilliyini qazanmış Azərbaycan Xalq Cümhuriyyəti demokratik hüquqi dövlət yaratmaq yolunda tarixən qısa müddət ərzində misilsiz nailiyyətlər əldə etmişdir. Müstəqil Azərbaycan dövlətinə çar rejimindən ağır miras qalmış totalitarizmin buxovlarından qurtulub sivil cəmiyyət, liberal iqtisadi sistem və dünya ölkələri ilə bütün hüquq normalarına uyğun beynəlxalq münasibətlər yaratmaq üçün dövlət rəhbərliyindən siyasi iradə və məqsədyönlü fəaliyyət xətti tələb olunurdu.

Azadlıq mücahidlərimiz, millət fədailərimiz yaratdıqları Azərbaycanın Xalq Cümhuriyyətinin ilk günündən demokratik dəyərlərə əsaslanan müasir cəmiyyət qurmaq niyyətini elan etmişdilər. Çox təəssüflər olsun ki, müstəqilliyin əldə olunduğu ilk aylarda bir sıra obyektiv və subyektiv səbəblər üzündən həmin niyyəti reallaşdırmaq mümkün olmamışdır. Ölkə daxilində ictimai sabitliyin olmaması, xarici hərbi təcavüz cəhdləri, irticaçı qüvvələrin dövlət çevrilişi cəhdləri ümumi inkişafı ləngitdiyi kimi, cəmiyyətin həyatının bütün sahələrində köklü islahatlar aparıb xalqın rifahının yüksəldilməsi istiqamətində əsaslı addımlar atmağa və dövlətin xarici əlaqələr sisteminin qurulmasına da mane olurdu. Bütün bunlara baxmayaraq, müstəqil dövlətçiliyini yenicə dirçəltməyə başlayan Azərbaycan Xalq Cümhuriyyəti bir çox dünya dövlətləri ilə iqtisadi-siyasi, mədəni və digər sahələrdə ikitərəfli faydalılığa əsaslanan əməkdaşlığı gündən-günə inkişaf etdirmək istiqamətini qəbul etdi. Nəticədə dünyanın bir çox ölkələrı ilə yaxından əlaqələr quran Azərbaycan Cümhuriyyəti çoxsaylı saziş və müqavilələr vasitəsilə onların həyata keçirilməsində xüsusi əzmkarlıq göstərməklə, beynəlxalq aləmdə suveren bir dövlət kimi özünün nüfuzunu artırmağa çalışdı.

Beləliklə, müstəqil dövlətçiliyini yenicə dirçəltməyə başlayan Azərbaycan Xalq Cümhuriyyəti bir çox dünya dövlətləri ilə iqtisadi-siyasi, mədəni və digər sahələrdə ikitərəfli faydalılığa əsaslanan əməkdaşlığı gündən-günə inkişaf etdirmək istiqamətini qəbul etsə də, beynəlxalq birlik tərəfindən onun müstəqil dövlət kimi tanınması istiqamətində işlər apararkən ağılasığmaz hallarla rastlaşmışdır.

Əvvəla, qeyd etməliyik ki, əvvəllər, yəni AXC yaranana qədər müəyyən zaman kəsiyində ictimai-siyasi proseslərdə çoxsaylı təsirlərə məruz qalan azadlıq mücahidlərimiz xeyli təcrübə qazanmışdılar. Məsələn, haqlı olaraq ümummilli lider Heydər Əliyev Azərbaycanda ilk demokratik respublikanın qurulmasında Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin və onların silahdaşlarının böyük xidmətlərini yüksək qiymətləndirərək demişdir: "Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaqdır. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır". Ulu öndər Heydər Əliyevin təqdir etdiyi o şəxsiyyətlər idi ki, onlar uzun zaman təzyiq və məhrumiyyətlərə düçar olmuşlar. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının irsini araşdırarkən həqiqətən bəlli olur ki, onların çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu olmuşdur və bunların fenomen şəxsiyyətlərdən olması istər-istəməz möhtəşəm bir irsi özündə ehtiva edir ki, bu da keçmişimizdən başlayaraq indimizin və gələcəyimizin strategiyasının əsasını qoymuşdur.

Bu məsələ ilə bağlı daha bir neçə fakta diqqət yetirməyi vacib hesab edirəm. Məsələn, bəllidir ki, çarizm ana dilində məktəblər açılmasına mane olur, məktəblərdə ana dilinin tədrisini qadağan edir, məktəblərdə tədrisi yeni metodla aparmaq sahəsində hər cür cəhdlərə mane olaraq, bunu mövcud rejimə qarşı çıxmaq kimi qiymətləndirirdi. Müsəlmanlara təkcə Zaqafqaziyada deyil, həm də bütün Rusiya imperiyasında orta məktəblərdə dərs deməyə icazə verilmirdi. Əhməd bəy Ağayevin orta məktəb müəllimi vəzifəsinə təsdiq edilməsinə on bir il imtina olunması buna nümunədir. Demək, həmin dövrdə istər orta, istərsə də ali savadlı adamların sərbəst peşə seçməsi imkanı məhdud idi. Yəni, bəzi ali tədris müəssisələrinin qapıları azərbaycanlıların üzünə bağlı idi. Onların texniki təhsil almasına hər cür maneçilik törədilirdi. Təhsil alan gənclərin dövlət təqaüdü almaq hüququ yox idi. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra onlar həmin tədris müəssisəsində yuxarı vəzifələrə keçmək imkanından məhrum idilər. Belələrindən biri də AXC-nin qurucularından və ideoloqlarından biri Məmməd Əmin Rəsulzadənin ən yaxın silahdaşlarından olan Əlimərdan bəy Topçubaşov idi. Topçubaşov Peterburq Universitetinin hüquq fakültəsini əla qiymətlərlə bitirdikdən sonra ona təklif olunmuş kafedranın professoru vəzifəsini bu səbəbdən tuta bilməmişdi. O, Bakıya qayıtmış və öz həyatını daim təqiblərə məruz qalmaq qorxusu ilə müşayiət olunan bir sahəyə, ictimai-siyasi fəaliyyətə həsr etmişdi. Qeyri-adi bacarığı, dərin peşə biliyi çox tezliklə Azərbaycan cəmiyyətinin bütün təbəqələrində ona layiqli hörmət və nüfuz qazandırdı. Moskva Universitetinin hüquq fakültəsinin məzunları, Yelizavetpol şəhərindən olan Fətəli xan Xoyski və Xəlil bəy Xasməmmədov yalnız ona görə təqib olunurdular ki, bəzi siyasi motivləri özündə ehtiva edən qəzet və jurnallarda çıxış edirdilər ("Həyat qəzeti", 13 və 27 dekabr 1905-ci il. "" qəzeti, 1 aprel 1905-ci il). Sadəcə olaraq, bir neçə iqtibas gətirməklə AXC-nin yaradıcılarının nə qədər əzmkarlıq, qətiyyət göstərmələri, müstəqil, demokratik Azərbaycanın qurulması naminə hətta canlarından belə keçməyə hazır olduqları bəlli olur.

Təbii olaraq həmin proseslər AXC-nin mövcudluğunun ilk vaxtlarında da aşkar şəkildə görünür. Məsələn, Paris Sülh Konfransı açılana qədər Ə.M.Topçubaşov hazırladığı Azərbaycanın siyasi həyatı, tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında materiallar olan memorandumu ABŞ-ın İstanbuldakı nümayəndəsinə təqdim edərkən belə bir vəziyyətlə rastlaşır.

Çoxsaylı məqamlardan birinin reallığının şahidi olmaq üçün Amerika hərbi dairələrinə və şəxsən prezident V.Vilsona yaxın olan Braun İstanbulda Ə.M.Topçubaşovu və onun katibi Rəhim bəy Vəkilovu qəbul etdiyi vaxta diqqət yetirmək kifayətdir. Ə. M. Topçubaşov özünü Azərbaycan dövlətinin nümayəndəsi kimi təqdim edərkən Braun deyir: Ax, Azərbaycan! Deməli, siz ermənilərdənsiniz? Braunun bu cavabı ABŞ-dakı çoxillik erməni təbliğatının Qafqaz barədə yaydığı saxta məlumatın əyani təzahürü idi. Danışıqlar zamanı Ə.Topçubaşov Azərbaycan Cümhuriyyəti, onun sərhədləri, milləti, aborigenliyi, siyasi həyatı haqqında rəsmi açıqlama verdikdən sonra cənab Braunda həmin məsələyə onda həqiqətən inam yaratdığına əmin olduqdan sonra deyilənlərin real əksini tapdığı memorandumu mister Brauna təqdim edərək deyir ki, biz ümidvarıq ki, müstəqilliyimiz ABŞ tərəfindən tanınacaqdır. Çünki sizin ölkənizin prezidenti bütün kiçik xalqları xilas edən prinsipləri elan etmişdir.

Daha sonra Ə.M.Topçubaşov 1919-cu ilin yanvarın 6-da ABŞ diplomatik nümayəndəsi Nassi ilə görüşdü. Danışıqlar zamanı Azərbaycan nümayəndəsi bildirdi ki, biz ABŞ-ın Azərbaycan Respublikasını tanıyacağına, prezident V.Vilsonun bizi müdafiə edəcəyinə böyük ümid bəsləyirik. Həmçinin o bildirdi ki, ABŞ Bakı neft kompaniyalarının işində və Azərbaycan ticarətində yaxından iştirak edə bilər. Nassi danışıqlardan razı qaldığını bildirdi və Azərbaycan Respublikasının memorandumunu Vaşinqtona göndərəcəyinə söz verdi.

Gətirilən iqtibaslar onu deməyə əsas verir ki, AXC-nin yaradıcıları, millət fədailəri istər ictimai-siyasi, istərsə də dövlət quruculuğu məsələlərində uzun və şərəfli bir yol keçmişlər.

Hesab edirəm ki, AXC-nin varisi olan müasir Azərbaycanımızın sələfləri barədə ən mühüm bilgilərə malik olması zərurətdir. Bu zərurəti müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı ulu öndər Heydər Əliyevin ölkəmizin suverenliyinin bərpasından sonrakı dövrdəki fəaliyyətində daha aydın görünür. Eyni zamanda, aqil babalarımızın təbirincə desək keçmişini bilməyən xalqın gələcəyi uğurlu ola biməz deyimi Heydər Əliyevin həmişə diqqət mərkəzində saxlanılmışdır.

Müqayisə üçün Azərbaycan Xalq Cümhuriyyətinin dünya dövlətləri tərəfindən müstəqil ölkə kimi tanınmasına çalışan rəsmilərinin xarici əlaqələrin qurulmasını zəruri edən siyasət prioritetlərinə fikir vermək də yerinə düşər. Məsələn, "Azərbaycanın Müstəqillik Aktı"nın hüquqi cəhətdən tanınmasına göstərilən cəhdlərdən biri haqqında 1918-ci ilin dekabrında "Azərbaycan" qəzeti yazırdı ki, "...hazırda Avropa və Amerika qədər Azərbaycanın maraqlarını müdafiə edə biləcək elə bir qüvvə yoxdur"("Azərbaycan" qəzeti, 21 dekabr 1918-ci il). Bu məqsədlə də həmin dövrdə vaxt itirmədən çoxpartiyalılıq əsasında Parisə gedəcək nümayəndə heyətinin tərkibi müəyyənləşdirildi. Onların əsas məqsədi Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu bütün ölkələrə çatdırmaq idi.

Millətin fədailərinin yaratdığı AXC-nin dövlət quruculuğu prosesində nə qədər ədalətli olduqları, bəşəri prinsiplərə sadiq qaldıqları, ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqlara qarşı böyük qayğı ilə yanaşdıqları, onların vətəndaşlıq hüquqlarının qorunmasına xüsusi həssaslıq göstərmələri aydın görünür. Nümunə üçün deyək ki, həmin faktlar Azərbaycan hökuməti tərkibinin rəsmi şəkildə təsdiqləndiyi və fəaliyyət müddətinin müəyyənləşdirildiyi üçüncü kabinə haqqında qərarda da tərkibə fikir verdikdə nəzərə çarpır. Yəni, "Üçüncü kabinə: 26.12.1918-14.03.1919. Nazirlər Şurasının sədri və xarici işlər naziri - F.Xoyski (bitərəf), daxili işlər naziri - X.Xasməmmədov, maliyyə naziri - İ.Protasov (Slavyan-Rus Cəmiyyəti), yollar naziri - X.Məlikaslanov (bitərəf), ədliyyə naziri - T.Makinski, maarif və dini etiqad naziri - N.Yusifbəyli (Müsavat), poçt-teleqraf və əmək naziri - Ə.Səfikürdski (sosialist), hərbi nazir - S.Mehmandarov (bitərəf), sosial-təminat naziri - F.X.Xoyski (bitərəf), xalq səhiyyə naziri - Y.Gindes (Slavyan- Rus Cəmiyyəti), ticarət və sənaye naziri - M.Əsədullayev (bitərəf), ərzaq naziri - K.Lizqar (Slavyan-Rus Cəmiyyəti), əkinçilik naziri - X.Sultanov (Müsavat)" və s. Təqdim olunan siyahıya diqqət yetirdikdə Azərbaycan Xalq Cümhuriyyətinin nə qədər humanist prinsiplər əsasında qurulduğu aydın görünür. Yəni, milli tərkib və partiya mənsubiyyətindəki demokratik yanaşma fikrimizin təsdiqinə heç bir şübhə yaratmır.

Qeyd etmək lazımdır ki, AXC-nin millət fədailərinin ən böyük xidmətlərindən biri də o dövrdə ordu və daxili işlər orqanlarının formalaşması, onların ölkədəki ictimai-siyasi sabitliyin qoruması və dövlət əleyhinə planlaşdırılan təxribatların, terrorçuluğun qarşısını almağa yönələn dönməz mübarizəsi ilə bağlıdır. Həqiqətən də qısa müddət ərzində ordunun, xüsusi xidmət və təhlükəsizlik, daxili işlər orqanlarının həmin dövr üçün məqbul inkişaf səviyyəsinə cavab verən formada yaradılması yorulmaz xidmət tələb edən problem idi. Önəmli bu idi ki, 23 ay ərzində mövcud olan hökumət dövlətin qorunub saxlanmasında, xarici təcavüzlərin, təxribatların və s. müdaxilələrin qarşısının alınmasında mühüm strateji əhəmiyyət kəsb edən bu qurumları yaratdı.

Dövlət quruculuğunun ən zəruri strategiyasını təşkil edən məsələlərdən biri kimi ordunun yaradılmasının və formalaşdırılmasının təxirəsalınmazlığı həmin dövrün real vəziyyətinin təsvirində daha aydın görünürdü. Bu barədə bəzi mətbuat orqanlarında yazılırdı ki, Bakı şəhərinin əllərindən çıxması ilə barışa bilməyən erməni-daşnak elementləri evləri yandırır, qarşılarına çıxan azərbaycanlıları öldürür, talanlar törədirdilər. Bu isə həm azərbaycanlı əhalidə, həm də şəhərə girmiş azərbaycanlı döyüşçülərdə əks-reaksiya yaradırdı. Kütləvi anarxiyaya çevrilə biləcək bu hərəkətlərin qarşısının alınması üçün Qafqaz İslam Ordusunun komandanlığı tərəfindən mühüm tədbirlər həyata keçirilirdi. Soyğunçuluqda, talanlarda, digər cinayət əməllərində təqsirləndirilən 100-dən çox adam güllələndi və dar ağacından asıldı. Görülən sərt tədbirlər nəticəsində tezliklə şəhərdə sakitlik bərpa olundu.

Lakin, görülən bu sərt tədbirlərə baxmayaraq, daşnaklar fəaliyyət planına uyğun cəhdlərini reallaşdırmağa çalışırdılar. Faktiki olaraq Erməni Milli Şurasının fəallarından təşkil edilən oyuncaq qurumun bütün fəaliyyəti azərbaycanlıların fiziki məhvinə, onların ata-baba məskənlərindən sıxışdırılıb çıxarılmasına istiqamətlənmişdi. Erməni millətçiləri azərbaycanlıları məcbur etmək istəyirdilər ki, Qarabağı Azərbaycandan ayrı qurum kimi tanısınlar. Bu məqsədə nail olmaq üçün onlar silahlı dəstələr yaradıb azərbaycanlıları təcrid etməyə çalışırdılar. Əskərana, Ağdama və Qaryaginə gedən yollar kəsilməklə azərbaycanlıların Aran Qarabağla əlaqələrinin qarşısına sipər çəkilmişdi. Erməni millətçiləri planlaşdırmışdılar ki, payızın və qışın gəlməsi və yaşayışın çətinləşməsi, ehtiyacların artması ilə bağlı azərbaycanlılara təzyiqi gücləndirsinlər, onlar Qarabağ erməni qurumunu tanımaq məcburiyyətində qalsınlar.

Bu məsələlər, imkan daxilində xüsusi vərəqələrlə, yəni erməni separatçılarının Qarabağdakı separatçı hərəkətləri dəqiq şəkildə ictimaiyyətin diqqətinə çatdırılırdı. Bu məqalələrdə vurğulanırdı ki, çətin şəraitdə yaşayan Azərbaycan hökumətinin kömək və yardımından uzaq düşən Qarabağ azərbaycanlıları erməni millətçilərinin təcavüzlərinə, təzyiqlərinə mərdliklə sinə gərir və hətta bu təzyiqlərin qarşısını almaq, özlərinin dinc yaşayışlarını qorumaq üçün qətiyyətli tədbirlərə də əl atırdılar. Həmin məqsədlə bu işin təşkili üçün Şuşada azərbaycanlılardan ibarət könüllü müdafiə dəstəsi də yaradılmışdı.

Araşdırmalar zamanı bəlli olur ki, müxtəlif mənbələrdə Bakı şəhərinin azad olunması ilə bağlı maraqlı məlumatlar öz əksini tapmışdır. Yəni, şəhərin erməni terrorundan azad edilməsində həyata keçirilən bəzi tədbirlərin müsbət nəticə verdiyi burada belə əsaslandırılır ki, "Azərbaycan hökumətinin Bakıya köçməsi və dövlət işlərinin nizamlanmasına başlandığı bir vaxtda ordunun təkmilləşdirilməsi və möhkəmləndirilməsi üçün də daha müsaid bir zəmin yarandı. 1918-ci il oktyabrın 6-da müəyyən dəyişikliklərdən sonra hökumətin tərkibində hərbi işlər üzrə baş müvəkkillik öz fəaliyyətini yenə də davam etdirirdi.

Burada diqqət mərkəzində olan başlıca məsələlərdən biri də çağırış və səfərbərliklə bağlı məsələ idi. Bu iş Qafqaz İslam Ordusunun Əxzi-Əsgər Rəyasətinin nəzarəti altında aparılırdı. Bəzi hallarda xalqın milli xüsusiyyətlərini, dövrün və şəraitin tələblərini, ümum-vətəndaşlıq borclarını nəzərə almadan aparılan bu iş müəyyən nöqsan və çatışmazlıqlarla müşayiət edilsə də, qoşun hissələrinin komplektləşdirilməsindən hiss olunacaq addımlar da atılmışdı. Bakının azad edilməsi, türk-Azərbaycan qoşunlarının müzəffər yürüşləri gənclərin müəyyən qismində vətənpərvərlik hisslərini xeyli coşdurmuşdu və onlar könüllü surətdə xidmətə yazılırdılar. Qafqaz İslam Ordusunun Əxzi-Əsgər Rəyasəti bununla bağlı hətta qəzetə məlumat vermiş və xidmətə yollanmaq üçün kənd və şəhərlərdə müvafiq orqanlara müraciət edənlərin artmasından məmnun olduğunu bildirmişdi.

Həmin dövrün strateji tələbi kimi qoşun hissələrində xüsusi peşələrə olan ehtiyacı ödəmək üçün 19 yaşdan 24 yaşadək olan bütün çəkməçilər, nəccarlar, dülgərlər, dəmirçilər, xarratlar, nalbəndlər, bərbərlər, dənizçilər və s. məcburi surətdə xidmətə cəlb olunurdular. Bu və ya digər peşələrə sahib olan 25-30 yaş arasındakı vətəndaşlar isə könüllü surətdə xidmətə yazıla bilərdilər.

AXC-nin dünyəvi dövlətin təməl prinsipləri üzərində qurulmasının təsdiqini verən daha bir dövlət sənədində yazılırdı ki, Azərbaycanda hərbi çağırışın hüquqi əsaslarının müəyyənləşdirilməsi üçün 1918-ci il oktyabrın 11-də "Azərbaycan hökumətinin əsgəri mükəlləfiyyətinin müvəqqəti qanunu" qüvvəyə mindi. Bu qanun Azərbaycan hökumətinin hərbi qanunvericilik sahəsində qəbul etdiyi ilk böyük sənədlərdən biri idi və şübhəsiz ki, həmin dövrdə əhali arasında bu işin nizamlanmasında müəyyən əhəmiyyət kəsb edirdi.

Həmin dövrün araşdırmaları göstərdi ki, dövlət quruculuğunun əsas təməl prinsiplərindən sayılan hərbi təhsil almaq üçün məktəblərin fəaliyyəti, yaradılması zəruri hesab edilirdi. Odur ki, həmin fəaliyyət planının nəticəsi kimi 1918-ci ilin oktyabrında Gəncədəki Milli Hərbiyyə Məktəbinin ilk buraxılışı oldu. Bu hadisə Azərbaycan Ordusunun milli zabit kadrlarla təmin edilməsində tarixi əhəmiyyətə malik idi. Azərbaycanın ilk milli hərbi məktəbinin ilk buraxılışı təntənəli şəkildə qeyd edildi. Bu münasibətlə oktyabr ayının 26-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın atası Hacı Əhməd paşa, Xüsusi Azərbaycan Korpusunun komandiri general-leytenant Ə.Şıxlinski, Qafqaz İslam Ordusunun qərargah rəisi Nazim bəy, təhsil naziri N.Yusifbəyli və başqaları Gəncəyə gəldilər. Bu məktəbdə nəzərdə tutulan tədris müddəti 4 aydan artıq çəkmişdi. Məktəbi müvəffəqiyyətlə bitirənlər buraxılış imtahanları verəcəyi təqdirdə hərbi qoşunlara göndərilməli və 6 aydan sonra onlar zabit rütbəsinə yiyələnməli idilər.

Sadalanan qurumların yaranmasını zəruri edən amillərin bir neçəsinin adını qeyd etdik. Həmin dövrdə Azərbaycanın istiqlaliyyətinə, onun ərazi bütövlüyünə, ictimai-siyasi sabitliyinə istiqamətlənmiş xarici təhlükələrin qarşısını güclü ordu, xüsusi xidmət və təhlükəsizlik, daxili işlər orqanları olmadan almaq olmazdı.

Göründüyü kimi, bu istiqamətdə islahatlar davam etdirilmiş və mənbələrin verdiyi məlumata görə, Azərbaycan polisinin təşkilində növbəti addım atılmışdı. 26 dekabr 1918- ci ildə Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri vəzifəsini tanınmış ictimai- siyasi xadim Xəlil bəy Xasməmmədov təyin olunmuşdu. Burada daha bir önəmli cəhəti qeyd etmək lazımdır ki, polis orqanları hərbi və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdilər.

Həmin dövrə aid mənbələrin araşdırmalarından bəlli olur ki, Bakı şəhərinin bir il əvvəl azad edilməsi ilə bağlı belə yazılırdı: "Əgər mayın 28-ni biz müstəqilliyimizin rəsmi elan edilməsi günü sayırıqsa, sentyabrın 15-də Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olmasının müstəqilliyin həqiqətən əldə edilməsi, dövlətçiliyin başlıca əsaslarının və özülünün qoyulması günü hesab edə bilərik".

Bu gün "bolşevik-daşnak qüvvələri tərəfindən təkcə Azərbaycanın və digər Zaqafqaziya respublikalarının müstəqilliyi əleyhinə deyil, həm də Zaqafqaziyanın türk xalqlarının fiziki mövcudluğuna qarşı yönəldilmiş xətərnak təhlükənin ləğv edildiyi gündür" kimi də dəyərləndirilirdi.

Daha sonra AXC-nin mövcudluğu dövründə dövlətin təməl prinsiplərindən olan ordu quruculuğu məsələləri ilə bağlı 1919-cu il sentyabrın 15-də həm Gəncədə, həm də Bakıda təntənəli parad keçirildi. Bu parad Bakı şəhərinin bolşevik-daşnak qüvvələrindən azad edilməsinin 1 illiyinə həsr edlmişdi. Bakıdakı parad belə təsvir olunurdu: "Qoşunların qarşısında bir neçə generalın və ordunun yüksək çinlilərinin müşayiətilə at belində igid hərbçi, ordumuzun təşkilatçısı, tam artilleriya generalı Səməd bəy Mehmandarov gedirdi. Onlar şəhərin Şamaxı küçəsinə daxil olanda çoxsaylı publikanın gurultulu alqışları qopdu... Qoşunlar keçən küçələr adamla dolu idi. Hətta evlərin damları da "Yaşasın Azərbaycan!", "Yaşasın bizim əsgərlər!" şüarları səsləndirən qadın və uşaqlarla tutulmuşdu".

Prezident İlham Əliyevin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi AXC-nin varisi olan müasir Azərbaycanımızın, müstəqil dövlətçiliyimizin formalaşmasında əvəzsiz rol oynadığına dəlalət edir. Biz də hesab edirik ki, millət fədailərimizin 1918-ci ildə yaratdığı müsəlman Şərqində ilk demokratik Azərbaycan Xalq Cümhuriyyəti respublikamızda dövlətçiliyimizin formalaşması prosesində əvəzsiz rol oynaması şəksizdir və bu məsələnin elmi tədqiqat mövzusu olaraq fundamental şəkildə araşdırılmasına böyük ehtiyac vardır.