Səs.-2018.-20 yanvar.-¹12.-S.8-9.

 

1990-cı ilin yanvar hadisələri: ermənilərin Naxçıvanı işğal etmək planı necə pozuldu?

 

Rauf Kəngərli,

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

 

20 Yanvar faciəsi ərəfəsində hiyləgər düşmən Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. Belə ki, 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdi. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Ermənilərin yanvarın 19-da ciddi cəhdlə bütün istiqamətlərdə muxtar respublikaya hücum etməsi isə onu göstərirdi ki, xain qonşularımız Bakıya qoşun yeridiləcəyindən və bununla da Naxçıvanın köməksiz qalacağından xəbərdar olublar. Bu isə SSRİ rəhbərliyinin çirkin planının tərkib hissəsi idi.

 

Naxçıvanlılar qədim diyarın müdafiəsi uğrunda yumruq kimi birləşdilər

 

Həmin ərəfədə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olundu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olanların sayı saatbasaat artırdı. Məhərrəm Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər gözləmədikləri müqavimətə rast gəldilər və Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvanlılar bir yumruq kimi birləşərək qədim diyarın müdafiəsində iştirak etdilər. Bu vəziyyət sovet rəhbərliyini də çaş-baş saldı.

Həmin günlərdə silah-sursat az olsa da, naxçıvanlılar bir addım belə geri çəkilmək barədə düşünmürdülər. Qəhrəman sədərəklilərin kişisi də, qadını da, uşağı da, qocası da torpaq uğrunda ölməyə hazır idi. Hər kəsin ümumi fikri bu idi ki, sona qədər döyüşəcək, ölsək də, bir qarış torpağı düşmənə verməyəcəyik. Belə də oldu.

Qeyd etdiyimiz kimi, yanvarın 18-dən 19-na keçən gecə baş verən döyüşlərdə ən böyük problem silah çatışmazlığı idi. Əhali müdafiə olunmaq üçün silaha böyük ehtiyac duyurdu. Əldə olan silah isə əsasən ov tüfəngləri idi. Sədərəklilər əllərinə balta alaraq düşmənə müqavimət göstərməyə hazırlaşırdılar. İlk köməyə Ordubad və Şərur rayonlarından 40 könüllü gəldi. Çox qısa zamanda muxtar respublikanın bütün bölgələrindən onlarla könüllü Sədərəyin müdafiəsinə qoşuldu. Naxçıvanlılar bir yumruq kimi birləşdilər. Həmin dövrün şahidlərinin sözlərinə görə, Qızıldaşda ermənilər 14 yerdə top qoymuşdular. Sədərək oradan güclü top atəşinə tutulurdu. Naxçıvanlılar isə 2 ədəd “TOZ-8”, 2 ədəd pulemyot, 4 ədəd ov silahı ilə ermənilərin qarşısını alırdı.

 

Düşmən gülləsinə ilk tuş gələn sədərəkli iki azyaşlı – Malik və Elvin qardaşları oldu

 

Şiddətli döyüşlərin getdiyi bir vaxtda rayon ərazisindəki Əyyub mağarası, Cin təndiri, Yetimlər, Həsənqulu bağı, Qaraağac, Qurdbaba, Nadirin düzü kimi ərazilər naxçıvanlıların səngərinə çevrilmişdi. Düşmən gülləsinə ilk tuş gələn sədərəkli iki qardaş – Malik və Elvin oldu. Onlar hələ məktəbə də getmirdilər. Naxçıvanlıların güc aldıqları yeganə qüvvə ulu öndər Heydər Əliyev idi. Doğma yurda qayıdan Ulu Öndərin döyüşlərin davam etdiyi illərdə dəfələrlə Sədərəyə gəlməsi, bölgə sakinlərinin yanında olması təkcə Sədərəyi deyil, bütün Naxçıvanı erməni işğalından qorudu. Naxçıvanlılar dahi şəxsiyyətin ətrafında sıx birləşdilər, düşmənə müqavimət göstərdilər.

1990-cı ilin yanvar döyüşlərində Sədərəyin düşmənə ciddi müqavimət göstərməsinin əsas səbəbi əhalidə vətənpərvərlik hisslərinin, Vətənə bağlılığın yüksək olması idi. Bu hisslər könüllülərə güc, qüvvət verirdi. Ümummilli lider Heydər Əliyev Naxçıvana gələndən sonra əhali artıq tam əmin idi ki, düşmən qalib gələ bilməyəcək. Çünki həmin vaxtdan sonra Naxçıvanda ordu quruculuğuna başlanıldı. Bu, naxçıvanlılara cəsarət verdi, səngərlərdə daha inamla dayandılar, düşmənə həddini bildirdilər. Bir sözlə, Sədərək məğlubedilməzlik simvoluna çevrildi.

 

Naxçıvan MSSR Ali Sovetinin SSRİ-nin tərkibindən çıxmaq haqqında qərarı dünyanın diqqətini bu qədim diyara yönəltdi

 

Yanvar hadisələri zamanı Naxçıvanda sovet ordusunun erməni hərbi birləşmələrinə dəstək verməsinə, SSRİ rəhbərliyinin təcavüzkar hərəkətlərə göz yummasına qarşı ciddi etiraz dalğası yarandı. 1990-cı il yanvarın 19-da təkcə sovet rəhbərliyini deyil, bütün dünyanı təəccübləndirən növbəti hadisə baş verdi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) SSRİ-nin tərkibindən çıxdığını bildirərək, özünü müstəqil respublika elan etdi. Naxçıvan MSSR Ali Sovetinin qərarında qeyd olunurdu ki, bu qərar muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığı və beynəlxalq hüquqi qüvvəsi olan Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğu üçün qəbul edilib. Qərarda Azərbaycanın ovaxtkı kommunist rəhbərliyinin Naxçıvana qarşı erməni təcavüzünə biganə qalması da buna səbəb kimi göstərilirdi.

Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının Konstitusiya statusuna münasibət bildirərkən demişdi: “1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Naxçıvanın Sovetlər İttifaqının tərkibindən çıxması haqqında qərarı, mən hesab edirəm ki, tarixi bir əhəmiyyət kəsb edibdir. Doğrudur, Azərbaycanın Ali Soveti yanvarın 29-da bu qərarı ləğv edibdir. Amma bu, tarixdə qalan bir hadisədir. Naxçıvan Muxtar Respublikasının insanları və Ali Sovetdə təmsil olunan adamlar öz iradələrini ifadə ediblər. Nəyə görə? - Azərbaycana qarşı edilən ədalətsizliyə görə.

Naxçıvana Ermənistan tərəfindən hücumlar edilmişdi. O vaxt Kərki kəndi əldən getmişdi, başqa kəndlərə hücumlar edilmişdi. Hələ Ermənistanda, həm də Naxçıvanda olan sovet qoşunları da naxçıvanlıları müdafiə etməmişdilər – baxmayaraq ki, orada həddindən çox sovet qoşunları var idi. Ona görə də naxçıvanlıların başqa əlacı olmamışdı, qərar qəbul etmişdilər”.

Naxçıvan MSSR Ali Sovetinin qəbul etdiyi qərar o gecə və sonrakı günlərdə dünyanın nəzərlərini Moskvanın xalqımıza qarşı törətdiyi hərbi-siyasi cinayətlərə, ermənilərin Naxçıvana təcavüzünə yönəltdi. Ən əsası isə dağılmaz deyilən qüdrətli Sovet İttifaqının çöküşü də məhz yanvarın 19-da Naxçıvandan elan edilmiş oldu.

Qanlı Yanvar qırğınından sonrakı dövr - 1990-cı ilin fevral-may ayları da blokada vəziyyətində olan Naxçıvanda çox gərgin keçdi. Biçənək, Şada, Gərməçataq, Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qaldı. 1990-1993-cü illərdə ermənilərin 14 hücumu zamanı Sədərək 109 şəhid verdi...

 

Düşmənə göz dağı olub Naxçıvan

 

Vaxtilə şiddətli döyüşlərin getdiyi bir məkanda bu gün gözoxşayan bir qəsəbə - möhtəşəm Heydərabad qəsəbəsi ucaldılıb. Bir vaxtlar işğalçı Ermənistanın zəbt etmək istədiyi Azərbaycanın strateji məntəqəsi muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə sürətlə inkişaf etdirilərək düşmənə gözdağına çevrilib.

Bu gün sədərəklilər evlərində rahat, təhlükəsiz bir şəraitdə yaşayır, muxtar respublikamızın inkişafına öz töhfələrini verirlər. Çünki ötən əsrin 90-cı illərində Naxçıvanın müdafiəsində öz sözünü demiş bu yurd yeri bu gün də igid, qəhrəman əsgərlərimiz tərəfindən göz bəbəyi kimi qorunur. Burada xidmətin günün tələbləri səviyyəsində təşkili üçün hər cür şərait yaradılıb, maddi-texniki baza tələb olunan səviyyədə möhkəmləndirilib, həyata keçirilən kompleks tədbirlər hərbçilərin döyüş qabiliyyətinin və mənəvi-psixoloji səviyyəsinin yüksəlməsinə səbəb olub. Doğma Naxçıvanımızın keşiyində dayanan Əlahiddə Ümumqoşun Ordu bu gün istənilən hərbi vəzifəni yerinə yetirmək qüdrətindədir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.

Bu gün Sədərəkdə ötən əsrin 90-cı illərində baş verən hadisələrin yenidən təkrarlanması mümkün deyil. Çünki bu gün Naxçıvan əvvəlki kimi təklənmiş, unudulmuş Naxçıvan deyil. Bu gün Naxçıvan sürətlə inkişaf etmiş, vətənpərvərlik yanğısı ilə yenidən ucaldılmış, düşmənə göz dağına çevrilmiş qüdrətli Naxçıvandır. Bu gün erməni işğalçılarının başı üstündə asılan “Damokl qılıncı” adlandırılan Naxçıvan ordusu Ali Baş Komandanın bütün əmrlərini hər an layiqincə yerinə yetirməyə qadirdir.