Şərq.-2018.-20 yanvar.-¹12.-S.8.

 

Qanlı gecənin sualları...

 

“Proseslərdə əli olan adamların böyük qismi bu gün də aramızdadır, sərbəst gəzirlər”

 

Onların arasında siyasətçilər də var, millət vəkilləri də. Hamı onları yaxşı tanıyır

 

İsmayıl

 

Bu gün 20 Yanvar faciəsinin ildönümüdür. Düz 28 il əvvəl sovet qoşunları Bakıda bəşəriyyətin ən qanlı cinayətini törətdilər. Aralarında qadın və uşaqların, yaşlı adamların olduğu yüzlərlə silahsız insan sovet tankının tırtılları altında əzildi, avtomat güllələrinə tuş gəldi. Qanlı yanvar gecəsində günahsız insanlar şəhid edilsə də, xalqın azadlıq eşqini və milli iradəsini əzmək mümkün olmadı. Azərbaycan əhalisi yanvar gecəsi tankın qabağına əliyalın necə çıxmışdısa, faciənin səhərisi günü daha güclü iradə ilə yenidən küçələrə axışdı. Qadağalara məhəl qoymayan xalqın igid oğulları və qızları şəhidlərimizin nəşini küçələrdə buraxmadılar, hamısını bir-bir dəfn etdilər. Hər il 20 Yanvar hadisəsinin ildönümü ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Əksəriyyətimiz Şəhidlər Xiyabanını ziyarət edərək, azadlıq uğrunda canını qurban verən qəhrəman insanların ruhunu yad edirik. Nəzərə alaq ki, 20 Yanvar hadisəsindən 28 il keçib. Təbii olaraq, bir çoxumuz, xüsusən, həmin tarixdən sonra dünyaya gələn nəsil qanlı gecədə yaşanan olayların şahidi olmayıb.

Dəhşətli qətliam barədə daha sonradan hadisə şahidlərinin və orada gördüklərini qələmə alan şəxslərin qeydləri vasitəsilə xəbər tutublar. 20 Yanvar faciəsi baş verərkən həyatını ortaya qoyaraq, video və foto görüntüləri, o cümlədən yaşanan qanlı olayları obyektiv şəkildə həm yerli, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışan zümrədən ən birincisi mətbuat nümayəndələri idi.

Məhz bir qrup jurnalistin qəhrəmanlığı sayəsində Bakıda baş verənlər haqqında dolğun məlumatlar əldə etmək, onları gələcək nəsillərə ötürmək mümkün olub.

 

2 milyon tirajla nəşr olunan "Səhər” qəzeti

 

Qəhrəman jurnalistlərin adları çəkiləndə ilk olaraq "Səhər” qəzetini ərsəyə gətirən Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış yazıçı-publisist Məzahir Süleymanzadə yada düşür. Ustad jurnalist qanlı-qadalı günlərdə fəaliyyət göstərməklə kifayətlənməyib, daha sonra da bu istiqamətdə işini, araşdırmasını davam etdirib. Məhz bunun davamı olaraq, qanlı yanvar faciəsinin 20-ci ildönümü ərəfəsində "20 Yanvar: Güllələnmiş qəzet - "Səhər” kitabını qələmə alıb. Kitaba jurnalistin baş redaktoru olduğu, 1990-cı il 20 Yanvar qırğınından dərhal sonra informasiya blokadasını yararaq 2 milyon tirajla nəşr olunmuş "Səhər” qəzeti haqqında xatirələri, müsahibələri, müəllifin 20 ildən sonra qanlı hadisələrə münasibətini əks etdirən materiallar daxil edilib. Nəşr "Səhər” qəzetinin bəyanatı ilə açılır. Bəyanatda oxuyuruq: "Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. "Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbər tutacaq, öz etiraz səsini ucaldacaq”. Bu bəyanat 1990-cı il yanvarın 20-də Məzahir Süleymanzadənin iş otağındakı hökumət telefonu vasitəsilə SSRİ-nin bütün müttəfiq respublikalarına çatdırılıb, Tbilisidən nüfuzlu beynəlxalq informasiya agentliklərinə göndərilib.

 

"Fotoqrafların çəkdikləri şəkillərə baxdıqda dəhşətə gəldik. Onları dərc etmək lazım idi”

 

Qanlı gecədən sonra yaşananlarla bağlı "Şərq”ə xatirələrini bölüşən qocaman jurnalist Məzahir Süleymanzadə deyib ki, qırğını başda Qorbaçov olmaqla Kommunist Partiyası törətdiyindən "Kommunist” qəzetinin nəşrindən söhbət gedə bilməzdi. Ona görə də qərara gəldik ki, "Səhər” qəzetini buraxaq: "O dövrdə "Səhər” 4 səhifədən ibarət idi, 400 min tirajla nəşr olunurdu və əsasən iqtisadi xəbərlərə yer ayırırdı. Təbii ki, bu hadisələrin hamısı haqqında məlumat 4 səhifəyə sığmazdı. Əvvəlcə material toplamağa başladıq. Fotoqrafların çəkdikləri şəkillərə baxdıqda dəhşətə gəldik. Onları dərc etmək lazım idi. Amma necə? "Kommunist” qəzetinin kağız ehtiyatından yararlanmaqla 2 milyon tirajla nəşr olunmaq haqda qərara gəldik. Amma ortaya başqa problem çıxırdı. Hər an çap prosesini dayandıra bilərdilər. SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi) baş verənlərlə bağlı qısa informasiya yaymışdı. Orada göstərilirdi ki, guya "ekstremistlərin üsyanını yatırmaq üçün onlardan bir neçəsi öldürülüb”. Amma əslində belə deyildi. Dinc əhaliyə açılan atəşləri, uşaqların, qadınların və yaşlıların meyitləri əks olunmuş fotoları dərc etməklə bu yalanı üzə çıxarmaq və əhalini informasiya blokadasından azad etmək lazım idi. 11 jurnalistimizi şəhərin müxtəlif yerlərinə göndərdik ki, materiallar hazırlasınlar. Bir neçə ziyalımız şəhidlərin Dağüstü parkda dəfn olunmasını təklif etdilər. Dəfndə minlərlə insanın iştirak edəcəyini bilirdik. Məqsədimiz onların hamısını qəzetlə təmin etmək idi. Bununla həm baş verənlər barədə əhaliyə dolğun məlumat çatdırmalı, həm də informasiya blokadasını qismən də olsa yarmalı idik”.

 

"Qəzet buraxmaq qəhrəmanlıq hesab olunurdusa,

onu oxucuya çatdırmaq ikiqat qəhrəmanlıq idi”

 

M.Süleymanzadənin sözlərinə görə, 2 milyon tirajla çap olunan "Səhər” 10-15 yük maşınına güclə yerləşdi. İndi həmin qəzetləri camaat arasında paylamaq lazım idi: "Təsəvvür edin ki, nəşriyyatdan Şəhidlər Xiyabanına getmək üçün nə qədər əziyyət çəkdik. Hər tində əlisilahlı əsgərlər dayanmışdı. Hamısında da maşınları yoxlayırdılar. Qəzetləri görəndə fikirləşdilər ki, təxribatçı vərəqələrdi. Bir haşiyə çıxım. Hadisələrin 10 illiyi ilə əlaqədar Respublika Sarayında təşkil olunan tədbirdə Prezident Heydər Əliyev mənə tribuna verdi. Çıxışım zamanı dedim ki, qəzet buraxmaq qəhrəmanlıq hesab olunurdusa, onu oxucuya çatdırmaq ikiqat qəhrəmanlıq idi. Həqiqətən də belə idi. Zülmlə qəzetləri Şəhidlər Xiyabanına çatdıra bildik və gün ərzində orada olanlara pulsuz payladıq. Bundan sonra işçilərimizdən həbs edilənlər də oldu, təzyiqə məruz qalanlar da. Hətta qəzetimizi güllələdilər də. Bu haqda çox danışılıb. Qısaca onu deyim ki, redaksiyanın yaxınlığında parça dükanı var idi. Qəzeti həmin dükanın vitrininə yapışdırmışdılar. Əldə edə bilməyənlər vitrinin qarşısına toplaşıb qəzeti oxuyurdular. Artıq xeyli adamın ora toplaşdığını görən əsgərlər onları dağıtmaq üçün güllə atdılar. Həmin güllələrdən bir neçəsi "Səhər”ə dəymişdi...” Bir məqamı da qeyd edim ki, qəzet qırğından 5 gün sonra, yanvarın 25-də işıq üzü gördü. Bunu daha əvvəl də edə bilərdik. Ayın 25-ni ona görə gözlədik ki, həmin gün şəhidlər torpağa tapşırılırdı və camaat da dəfndə iştirak etmək üçün bir yerə yığışdı. Həmin gün "Səhər” qəlbi yaralı insanların yaralarına bir növ məlhəm oldu”.

 

"20 Yanvar hadisəsinin 50 illiyini də qeyd edəndə bəzi suallara cavab axtaracağıq”

 

Ustad jurnalist 20 yanvar hadisəsinin siyasi məqamlarına da toxunub. Bildirib ki, hadisənin qaranlıq məqamları çoxdur: "28 ildir ən azı jurnalistika səviyyəsində, jurnalistlərin köməyi ilə axtarışlar davam edir. Biz hələ də həqiqət axtarışındayıq. Günahkar kim idi, əmri kim vermişdi? Səbəb və məqsəd nə idi? Bilirsiz ki, bununla bağlı müxtəlif mülahizələr var. Amma yenə də cavabsız suallar qalmaqdadır. Hesab edirəm ki, biz 20 Yanvar hadisəsinin 50 illiyini də qeyd edəndə bəzi suallara cavab axtaracağıq. Bir sıra hadisələrə birmənalı qiymət vermək olmur. Biz bir şey bilirik və deyirik, başqaları isə tamamən başqa şey deyir. Azərbaycanın keçmiş rəhbərliyində təmsil olunan adamlar hələ də həyatdadır. Onların böyük əksəriyyəti qanlı gecənin səbəblərinin açılmasında maraqlı deyillər. Hələ o vaxt ictimaiyyətin təzyiqi ilə, jurnalistlərin də böyük dəstəyi ilə İstintaq Komissiyası yaradılmışdı. Komissiya xeyli material toplamışdı. Toplanan materialların hamısı Moskvaya aparıldı ki, guya orada faktlar araşdırılacaq və hadisəyə hüquqi qiymət veriləcək. Çox təəssüf ki, həmin materiallar mənimsənildi və Moskva dairələri tərəfindən yox edildi. Yəqin ki, əlimizdə müəyyən materiallar qalıb. Kitablarda və müsahibələrdə həmin faktları, dövrün bəzi sənədlərini açıqlamışıq. 28 il ərzində bu materiallar media orqanlarında dərc olunub. Demək olar ki, hər il açıqlanan və dərc olunan sənədlərə yeniləri əlavə edilib”.

 

"Həmin adamlar özlərini ictimaiyyətə "qəhrəman” kimi təqdim edirlər”

 

Görkəmli jurnalist prosesin gedişatında yeknəsəklik olduğunu bildirib: "Hər il yanvar ayının 20-də Şəhidlər Xiyabanında qırmızı qərənfillərdən xalça toxuyuruq, şəhidlərin xatirəsini yad edirik, müxtəlif tədbirlər keçiririk. Vəssalam, yenidən növbəti ilin yanvarına qədər gözləyirik. İşimiz bundan ibarətdir. Görünür, bu məsələyə münasibəti bir qədər dəyişmək lazımdır. Nə qədər ki, əsl həqiqət üzə çıxmayıb, şəhidlərimizin də ruhu şad olmayacaq. Qanlı yanvar hadisəsində və ondan sonrakı proseslərdə əli olan adamların böyük qismi bu gün də aramızdadır, sərbəst gəzirlər. Ən qəribəsi isə budur ki, həmin adamlar özlərini ictimaiyyətə "qəhrəman” kimi təqdim edirlər. Onların arasında siyasətçilər də var, millət vəkilləri də. Hamı onları yaxşı tanıyır. İllər keçdikcə, sular daha da durulacaq, hər şey aydın görünəcək. Biz əlimizdən gələni edirik ki, yanvar hadisəsi mümkün qədər geniş işıqlandırılsın. Çünki bu hadisə Azərbaycan tarixinin misli görülməmiş bir faciəsidir. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar hadisəsinə siyasi qiymət verdi və müxtəlif qərarlar qəbul etdi. Qarşıdan hadisənin 30 illiyi gəlir. Yəqin ki, 30 illik bir qədər başqa formada qeyd olunacaq. Bəlkə də hadisələrə yenidən baxılacaq, yenidən qiymət veriləcək.

20 Yanvar həm də bizim qəhrəmanlıq tariximizdir. Həmin dövrdə silahsız adamlar qəhrəmanlıq etdilər, soydaşlarımız Vətənə məhəbbət nümunəsi göstərdilər. Amma çox təəssüf ki, qanlı olaydan öz şəxsi məqsədləri və karyeraları üçün istifadə edən adamlar da oldu. Həmin şəxslərin hazırda aramızda olması bizi ağrıdır. Həmin adamları ifşa etmək və öz yerlərini göstərmək lazımdır. Allah şəhidlərimizə rəhmət eləsin! Biz həmişə onları hörmətlə, minnətlə yad edəcəyik və xatirələrini əziz tutacağıq”.