Respublika.-2018.-20 yanvar.-14.-S.2.

 

20 Yanvar - tarixin sınaq məqamı

 

Şövqi Bünyatov,

20 Yanvar Fondunun sədri.

 

ŞƏHİDLƏR

(Poemadan bir parça)

 

Qatil gülləsinə qurban gedərkən

Gözünü sabaha dikdi şəhidlər;

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.

 

Zalim öyünməsin zülümləriylə,

Min bir böhtanıyla, min bir şəriylə;

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.

 

O şənbə gecəsi, o qətl günü,

Mümkünə döndərdik

çox namümkünü;

Xalqın qəlbindəki qorxu mülkünü

O gecə dağıdıb sökdü şəhidlər.

 

Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də;

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.

 

...İnsan insan olur öz hünəriylə,

Millət millət olur xeyri, şəriylə;

Torpağın bağrına cəsədləriylə

Azadlıq tumunu əkdi şəhidlər.

 

Bəxtiyar Vahabzadə.

 

Azərbaycan qədim dövlətdir və öz varlığını dönə-dönə sübut edib. Elə millət var ki, hansı isə güclü bir dövlətin himayəsinə sığınıb, ağacın gövdəsində göbələk kimi mövcudluğunu davam etdirir. Ancaq Azərbaycan məhz tarixdə qədim köklü-budaqlı bir ağac kimi, kimə isə sığınmadığı üçün tez-tez sınağa çəkilməli olub. Bəzən o, dadlı, şirin tikə kimi nəhəng dövlətlərin çəkişmə meydanına çevrilib, bəzən bərəkətli torpaqlarına, zəngin sərvətlərinə görə yadellilərin işğalına məruz qalıb.

Azərbaycan tarixinin şərəfli və qürur duyulacaq səhifələri çoxdur. 20 Yanvar da onlardan biridir. Məhz həmin gün Azərbaycanın müstəqilliyinin bərpasının ilk addımını atdı. Cavabında isə İmperiya ordusu tərəfindən qan gölündə boğuldu. Ulu öndər Heydər Əliyev 1998-ci ildə Şəhidlər Xiyabanında etdiyi çıxış zamanı həmin günə belə qiymət vermişdi: O, ayrı-ayrı insanlara edilən qəsd, təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi və bizim xalqımıza qarşı soyqırım idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün, sizlər üçün, ailə üzvləri üçün böyük itkidir, faciədir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların şəhid olması zamanı tökülən qan bütün xalqımızın qanıdır. O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır. Həqiqətən də, dinc sakinlərin qətlə yetirilməsi, yüzlərlə insanın müxtəlif dərəcəli xəsarət alması, ömürlük şikəst olması, illər sonra aldığı yaradan dünyasını dəyişməsi 20 Yanvar hadisəsini qanlı İmperiyanı bəlkə də qanlı hərbi cinayəti sırasına daxil etdi. Bir həqiqət də vardır ki, hadisənin vurğulanmalı olan başqa və daha əhəmiyyətli məqamı nisbətən arxa planda idi. Həmin ərəfədə, xüsusilə həmin gecədə lider yox idi, xalq çaşqınlıq içində idi. Qəribədir ki, illər sonra hələ də şərhçilər, şahidlər həmin məqamın çaşqınlığına bir açıqlama verməkdə çətinlik çəkirlər. Düzdür, ayrı-ayrı dəstələrin inandığı, arxası ilə gedə biləcəyi şəxslər var idi, ancaq söhbət məhz bütün milləti öz arxası ilə apara biləcək bir şəxsiyyətdən gedir ki, millət də məhz onun yoxluğunun əziyyətini çəkirdi, öz hərəkətlərində, ideyalarında pərakəndəlik yaşayırdı. Təəssüf və böyük ürək ağrısı ilə qeyd etmək lazımdır ki, belə bir Lider faciə baş verəndən sonra önə çıxmalı oldu. İllərdir millətindən ayrı salınan, özü də ciddi təzyiqlərə məruz qalan Heydər Əliyev öz şəxsi problemlərini bir kənara qoyaraq məhz millətinin yanında durmaq üçün ayağa qalxdı. Əlbəttə, o vaxta qədər artıq Heydər Əliyev 1969-1982-ci illərdə təqribən 13 il ərzində Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi, daha sonra isə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olmuşdu və bütün bu illər ərzində Azərbaycanın çiçəklənməsində, Sovetlər Birliyində 15 respublika arasında şərəfli bir yer tutmasında istisna rol oynamışdı. Heydər Əliyevin məhz 20 Yanvarda öz millətinin yanında olması, onun axan qanına sahib çıxması, günahkara səsini qaldırıb, onun cəzalanmasını tələb etməsi Ümummilli Liderin əvəzolunmaz siyasi portretini çəkdi!

Azərbaycanın tarixi çox qədim və keşməkeşlidir, bu tarixdə çox əhəmiyyətli bir fakt daim ön planda tutulmalı və vurğulanmalıdır. Millət məhz bir Liderdən başqasına əmanət olaraq ötürülməlidir. Keçidlərdə boşluqlar yarananda millət böyük zərər çəkir, hətta məhvlə üz-üzə qala bilir. Qədimdən başlayan bu ənənə Şah İsmayıldan, Cavad Xandan və daha neçə Liderdən keçərək Məhəmməd Əmin Rəsulzadənin simasında Şərqdə ilk Demokratik Respublikanın qurulmasına səbəb olmuşdu. Azərbaycanın çox qısa sürən bu intibah dövründən sonra gələn Sovet İmperiyasının məqsədi milləti Lidersiz qoymaq idi. Stalin rejiminin əksər ziyalıları repressiyaya məruz qoyması xalqı daha çox çaşqınlığa, ümidsizliyə salmışdı. Təsadüfi deyil ki, həmin vaxtlar məhz millətin öndə duran şəxsiyyətləri, mütəfəkkirləri xalq düşməni elan edilirdi. Həqiqət isə bu idi ki, o şəxslər əslində millətin Lideri, düşünən başı olduqlarına görə, İmperiyanın düşməni idilər. 20 Yanvar məhz bu düşmənçiliyin növbəti təzahürü oldu.

Bəli, bir millətin maddi və mənəvi sərvətini yağmalamaq, onun şəxsiyyətinə dil uzatmaq hətta tarixin səhifələrindən silinmək üçün əvvəlcə onun Liderini uzaqlaşdırmaq lazımdır. İmperiya da məhz bu cür hərəkət etdi. Artıq tarixə çevrilmiş həmin günlərə baxanda, bu fakt açıq-aşkar görünür. Heydər Əliyevin siyasi arenadan getməsi ilə Azərbaycanın milli heysiyyatı və ərazisi eyni anda təcavüzə məruz qaldı. Nəhayət, proseslər öz pik həddinə çatdı və 1990-cı il yanvarın 19-u gecəsi Qızıl ordu Azərbaycan paytaxtına yeridildi, fövqəladə vəziyyət elan edilərək günahsız dinc sakinlər gülləbaran edildi, görünməmiş bir qırğın törədildi.

Bu, sadə bir əməliyyat deyildi. Əhalinin xəbəri olmadan ölkədə fövqəladə vəziyyət elan olunmuşdu. İnsanları ümumiyyətlə məlumatsız qoymaq, qorxuya salmaq məqsədi ilə axşam saatlarında ölkənin yeganə televiziyasının enerji bloku partladılmışdı. Dəhşətli bir haldır ki, həmin gecə ölkənin paytaxtında baş verənləri Azadlıq Radiosundan və helikopterlərdən atılmış vərəqələrdən xəbər tuta bilmişdilər. Əməliyyatın xüsusi hazırlanmasının daha bir göstəricisi isə şəhərə beş istiqamətdən ordunun yeridilməsi olmuşdu. Şəhərə daxil olan nizamlı qoşun əhalini hər cür üsulla qətlə yetirmişdilər: tanklar yollardakı avtomobilləri və hətta təcili yardım maşınlarını əzərək barrikadalardan keçmiş, yaralılara yardım göstərən həkimləri atəşə tutmuş, qaçan adamları güllə yağışına tutmuş, yaralıları süngüləyib güllələmişdilər, hətta dinc sakinlərlə dolu avtobus da gülləbaran edilmişdir. Tarixi məlumatlara əsaslanaraq tədqiqatçılar qeyd edirlər ki, SSRİ tarixində ilk dəfə idi ki, Sovet Silahlı Qüvvələri Sovet şəhərinə - Bakıya hərbi müdaxilə etdilər. Bu, həm Azərbaycan, həm də Sovet İttifaqı üçün böyük faciə oldu. Ordu hissələri cəmi bir neçə saat ərzində şəhəri tam nəzarətə aldı və Moskvanın hakimiyyəti bərpa edildi. Lakin Moskva məhz elə 1990-cı il yanvarın 20-də Azərbaycanı itirdi. Lakin bir faktı vurğulamaq lazımdır. Belə ki, Bakıda ayağa qalxan əhali Sovet rəhbərliyindən ədalətli qərar gözləyirdilər. Əslində, rəhbərlik anlayırdı ki, Azərbaycana qarşı qurduğu xain plana xalq sərt reaksiya verəcək və bu etirazlar daha da böyüyəcək. Bu səbəbdən, ədalətli qərar kimi bəri başdan xalqı qan gölündə boğub qorxutmaq oldu. Məlumatlara əsasən, Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə isə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri var idi. Sonradan araşdırmalar aparan Moskvadakı Şit (Qalxan) adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəlmişdi ki, Sovet ordusu sovet şəhərinin sakinlərinə qarşı əsl müharibə aparıb və buna görə əməliyyata rəhbərlik edənlər məhkəməyə verilməlidir.

Biz bu hadisəyə təsadüfən pik nöqtə demədik. Bundan sonra proseslər enən xətt üzrə getməli idi - gözü qorxudulmuş bir xalqın susdurulması çətin olmayacaqdı. Lideri olmayan, sakini sorğu-sualsız qətlə yetirilən bir millətdən nə gözləmək olardı ki?! Ancaq gözlənilən kimi olmadı. Məhz belə bir ağır məqamda Heydər Əliyev ayağa qalxdı! Qırğın gününün sabahı Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlməklə o, sadəcə bir söz demiş oldu: Azərbaycan tək deyil! Mən varam! Məhz bu gəlişi ilə Heydər Əliyev ümummilli liderin necə olduğunu əyani şəkildə göstərdi. Nümayəndəlikdəki çıxışının əvvəlində o deyir: Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. ... Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Cəmi 2-3 cümlədə Heydər Əliyev millətindən ayrı düşmüş bir Lideri təsvir edir və öz xəstəliyinə baxmayaraq millətinin təhlükəli vəziyyətinə laqeyd qala bilmədiyini vurğulayır. Onun belə bir girişlə öz bəyanatını başlaması həm də əhəmiyyətli bir məqamı ön plana çəkirdi: Lider və millət bir-birindən ayrı düşəndə hər ikisi zəifləyir.

Bəyanatdan belə məlum olur ki, iki il ərzində Heydər Əliyev hadisələri çox diqqətlə və ürəkağrısı ilə izləyirmiş. Bəli, millət bilərəkdən bu qırğına doğru sürüklənmişdi, onun sabitliyini pozmaq, ərazilərini mənimsəmək, varlığını silmək üçün millətin öz içində sanki bir özünüməhv proqramı işə salınmışdı. 20 Yanvarın faciəsi yalnız qırğının törənməsində, insanların öldürülməsində deyildi. Daha dəhşətli olan respublikanın başında duran şəxsin xalqı birləşdirmək gücü və idarəetmə qabiliyyəti, intellekti yox idi. Xalqdan çox uzaq, səriştəsiz, təsadüfi bir şəxs idi. Axı Lider məhz öz milləti ilə bütöv, vəhdət halında olan şəxsdir, onunla öz arasında dərin uçurum yaradan yox. Heydər Əliyev bunu öz bəyanatında çox gözəl vurğulayır. Məhz millətini tanıyan Lider onun problemini, narahatlığını düzgün dərk edib dəyərləndirə bilir və onun həllində öz millətinin heysiyyatını, təhlükəsizliyini, gələcəyini nəzərə alır. Heydər Əliyev uzun illər Azərbaycana rəhbərlik etmişdi, xalqın arasında olmuşdu, onun ruhunu tanıyırdı və onu dinləməyi bacarırdı. Məhz buna görədir ki, millət də onu dinləyirdi. O bilirdi, əmin idi ki, Lider xalqını anlamalı, onun tələbini, etirazını, baş verə biləcək təhlükənin səbəblərini əvvəlcədən dərk etməlidir ki, vəziyyət gərginləşməsin. 20 Yanvar hadisəsi - bu qanlı gecə hər iki qüvvəni düşmənə qarşı, ucalmaq və məhv olmamaq üçün birləşməyə çağırdı, daha doğrusu, belə bir zərurətin yetişdiyini göstərdi.

Qeyd etmək lazımdır ki, həmin vaxtlar öz bəyanatı ilə Heydər Əliyev vətəndən uzaqda olsa da, onun ayrılmaz hissəsi olduğunu bəyan etmiş oldu. Bəli, o günlər bütün millət, bütün Azərbaycan matəm içində idi, ancaq sınmamışdı. Çünki ən məsuliyyətli məqamda qolundan tutan güclü bir əl olmuşdu. Bundan sonrası isə artıq zamanın hökmünə bağlı idi. Düzdür, Azərbaycanın özündə hələ də Liderlik baxımdan ciddi problemlər yaşanmaqda idi, müharibə gedirdi və bu gün özünü milli qəhrəman elan etmiş bir kəs sabah silahı öz millətinə qarşı çevirə bilirdi. Bütün bunlar millətin güvənini, inamını yenidən sarsıtmağa başlamışdı. Azərbaycan xalqı ciddi təhlükədə idi və Heydər Əliyev bunu gözəl dərk edirdi. Bu səbəbdən o, çox keçmədən 1990-cı ilin iyulunda Azərbaycana qayıtdı. Bu Azərbaycan millətinə arxa durmaq üçün qayıtmaq idi və buna görə də Heydər Əliyev Azərbaycanın siyasi həyatına daxil oldu. Təbii ki, Azərbaycanı bu hala gətirən qüvvələr ona mane olur, həyatı üçün təhlükələr yaradırdılar. Azərbaycanın xoş gününü, nizamlı, sakit həyatını, rifahını görmək istəməyənlər təbii ki, bu qayıdışı istəmirdilər, çünki onların planına nəinki maneə, hətta onu mümkünsüz edən bir addım idi. Bu səbəbdən Heydər Əliyevin Azərbaycana qayıdışını vəziyyətdən hakimiyyətə gəlmək üçün sui-istifadə adlandıranlar da tapıldı. Ancaq ulu öndərin də öz məqsədi var idi - milləti bu dar amandan xilas edib ayağa qaldırmaq. Təbii ki, belə ali missiyasında o, xalqa güvənirdi və bu güvəninə görə də irəli gedə bilirdi.

Xalqın və onun Liderinin tarixi sınaq məqamı möhtəşəm bir abidə ilə əbədiləşdirildi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə inşası başlanan və 9 oktyabr 1998-ci il açılışı olan Əbədi Məşəl abidə-kompleksi əslində Lider-millət vəhdətinin bir göstəricisi oldu. Bununla Heydər Əliyev 1990-cı il yanvarın 21-də qorxmadan Moskvada Azərbaycan nümayəndəliyinə gələrək dünyaya bəyan etdiyi etiraz səsinə, millətin öz müstəqilliyi üçün axıtdığı qanına abidə qoydu. İndi Şəhidlər Xiyabanına ziyarətə gələnlər öncə qəhrəman Azərbaycan oğulları qarşısından keçib bu ölməzliyin abidəsinin möhtəşəmliyi ilə üz-üzə durmalı olurlar. İllər sonra, faciənin on bir illiyində millətin ulu öndəri məsələnin məhz bu əbədilik tərəfini vurğulayır: Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 yanvar hadisələrindən on bir il keçir. 1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi XX əsrdə Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə həyata keçirilən qərəzli siyasətin növbəti bir mərhələsi idi. ...Xalqımız 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, ən ağır sınaqlara sinə gəlmək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Onu da əlavə etmək lazımdır ki, hər il 20 Yanvar hadisəsinin anımından əvvəl ulu öndər bu tarixi dönə-dönə vətəndaşlara xatırlatmağı özünə borc bilirdi, çünki bu yalnız bir faciə deyildi, bir millətin sınaq səhifəsi idi. Bu hadisə həm millətin ruhunu, əzmini ortaya qoydu, həm də bir çox şəxslərin əsl simasını açıb göstərdi. 20 Yanvar bir hadisə kimi olub bitmədi, tarixin bir səhifəsi kimi çevrilmədi, əksinə, bir zərrəbin olub işıqlı və qaranlıq insanları, cəsuru və qorxağı, fədaini və xaini bir-birindən fərqləndirdi, kimin kim olduğunu tanıtdı.

Bəli, 20 Yanvar Liderin olmamasına görə millətin yaşadığı bir faciədir. Bir qanlı faciənin qəhrəmanlıq səhifəsinə çevrilməsi üçün həm millətdən, həm də onun Liderindən böyük əzm, hünər tələb olunur. Əsl qəhrəmanlıq isə müəyyən qanlı səhifələrdən keçsə də, millətin öz mahiyyətinə qayıtmasıdır. Qədim tarix yenə bütün əzəməti ilə davam etməkdədir. Ulu Öndər 20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi müstəsna əhəmiyyətini nəzərə alaraq bildirib: Qalan xalqımızın qəhrəmanlığı, mərdliyi, igidliyidir, iradəsidir, yenilməzliyidir. Xalqımız heç vaxt sınmayacaqdır. Əmin olun ki, respublikanın prezidenti kimi, bu gün bir daha bəyan edirəm, xalqımızın milli azadlığını qoruyub saxlamaq, dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək mənim müqəddəs vəzifəmdir. Hesab edirəm ki, hər bir namuslu vətəndaşın müqəddəs vəzifəsidir. Gəlin bu müqəddəs vəzifələrimizi şərəflə yerinə yetirək. Şəhidlərə Allahdan bir daha rəhmət diləyirəm.

Nəhayət, vurğulanmalı olan sonuncu məsələ məsuliyyət duyğusudur. Faciədən illər keçsə də, artıq Sovetlər Birliyi dağılsa da, Ulu Öndər əllərini cavabdehin yaxasından çəkmək istəmir, onun günahını dünyaya car çəkirdi. Bununla o bu tarixi unudulmağa qoymurdu. 1999-cu il. Millətin lideri xəstədir, Gülhanə Tibb Akademiyasında müalicədədir, ancaq yenə də millətinin taleyini düşünür. Rusiyanın NTV kanalına müsahibələrindən birində 20 Yanvarla bağlı deyir: Haqq-ədalətin bərpa olunması naminə və Rusiya ilə Azərbaycan arasında, Rusiya xalqı ilə Azərbaycan xalqı arasında mehriban, dostluq münasibətlərinin inkişaf etməsi naminə demokratik Rusiya buna qiymət verməlidir. Ulu Öndər millətin taleyinə görə məsul olduğunu heç vaxt unutmadı - nə xəstə olanda, nə xarici səfərlərdə, nə çətin məqamda, nə xoş günündə. O, bu məsuliyyətin böyüklüyünü, ağırlığını, tarixi əhəmiyyətini dərk etdiyinə görə, sevdiyi, arxasında durduğu və dəstəyini hər zaman hiss etdiyi doğma millətinin taleyini də bir o qədər sevdiyi və güvəndiyi bir xələfinə əmanət etməli idi. Etdi də.

Ümummilli lider Heydər Əliyevin ən layiqli siyasi varisi ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hər il 20 Yanvar - Ümumxalq Hüzn Günü böyük ehtiramla həm Azərbaycanda, həm də dünya ölkələrində yad edilir.