Hürriyyət. - 2018.- 30 may. - 53. - S. 14.

 

Müstəqilliyin əldə olunması uğrunda mücadilə

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Azərbaycan Xalq Cümhuriyyəti - xalqımızın Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. AXC-nin paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi və əhalisi 2.8 milyondan çox idi.

AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdır. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

 

Müstəqil Azərbaycan dövlətinin yaranması

 

Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cumhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyası partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi.

1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində - Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökümətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu.

1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü.

1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı.

İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi.

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu.

Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi".

 

İslam Ordusunun Bakı Soveti qoşunları üzərində qələbəsi

 

27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi.

Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən golmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi. Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.

Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.

Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü. Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı Uilyam Montqomery Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.

 

Silahlı qüvvələri Baş Qərargahının təşkili

 

1919-ci il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda əlaqədar hökumət üzvlərindən daxili işlər naziri Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T.Səfərəliyev çıxış etdilər. Hətta müxalifətin tələbi ilə hökumət başçısı F.Xoyskinin özü do parlament qarşısında çıxış etdi. Buna baxmayaraq Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab ctdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. "Müsavat" fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən M.Ə.Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir.

Fevralın 25-də hökumətin başçısı F.Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. M.Ə.Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F.Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən "Müsavat" fraksiyasının üzvü Nəsib bəy Yusifbəyliyə tapşırıldı.

1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi. O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi. İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi. 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu. Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu.

 

Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu

 

Avqustda Azərbaycan Parlamenti tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu. 19 avqustda İngiltərə-İran müqaviləsinə görə İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar. Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.

(Ardı var)

 

Hazırladı: Məmməd MİRZƏLİYEV