525-ci qəzet.-2018.-24 may.-93.-S.4.

 

İstiqlal mücahidi: Türkiyə ordusunun generalı Səməd bəy Rəfibəyli

 

Anar Turan

 

Xalqımızın milli mübarizə tarixində böyük rol oynamış tanınmış nəsillər arasında Rəfibəylilərin xüsusi rolu vardır. Bu nəsil-şəcərənin Azərbaycan xalqına bəxş etdiyi mübariz oğul və qızlar haqqında çox danışılmış, xeyli yazılmışdır. Lakin vətənpərvərlik elə bir hissdir ki, hər dəfə söhbət Azərbaycan Xalq Cümhuriyyətindən, "Difai" hərbi-siyasi təşkilatından, ermənilərə və bolşeviklərə qarşı milli-mübarizə tarixindən düşərkən, bu proseslərdə yaxından iştirak edən insanları və nəsilləri nəzərdən keçirməyə bilmirsən. Şübhəsiz, yeni faktlar üzə çıxdıqca bir-birindən maraqlı şəxsiyyətlərlə qarşılaşmalı olursan ki, onları da gənc nəslin milli ruhda yetişməsi üçün tanıtmaq artıq bir mənəvi borca çevrilir.

Məşhur Rəfibəylilər nəslinin tanınmış simalarından biri də Türkiyə ordusunun generalı Səməd bəy Rəfibəylidir.

 

İstiqlal uğrunda döyüşlərdə

 

Səməd bəy Rəfibəyli... Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında fədakarlıq göstərən, istiqlalımız uğrunda son anadək vuruşan, düşmənə təslim olmayan, 1920-ci il 28 aprel bolşevik işğalından sonra Türkiyə dövlətinin zabiti olan və ömrünün sonunadək bu adın şərəfini qoruyan şəxsiyyət.

...Görkəmli hərbi xadim Səməd bəy Məşədi bəy oğlu Rəfibəyli 1892-ci ildə Gəncədə Balabağban qəsəbəsində doğulmuşdur. 1916-cı ildə Tiflis kadet korpusunu bitirmiş, bir müddət Qafqaz sərhəd alayında rota komandiri olmuşdur. 1918-ci ildə Şərqdə ilk demokratik cümhuriyyətin Azərbaycanda yaranması Səməd bəyin də hərbi karyerasına müsbət təsir etdi. Əvvəla, Səməd bəy Rəfibəylilər nəslindən olduğu üçün çar ordusunda onun irəliləmək imkanı məhdud idi. Çünki bir neçə il Rusiya hakim dairələrini lərzəyə salan "Difai"nin qurucularının nəslindən olmaq heç də uğur vəd eləmirdi. Lakin cümhuriyyətin qurulması gənc və milli duyğularla böyümüş Səmədin özünütəsdiqi üçün həm də bir şansa çevrildi.

Həmin vaxt Azərbaycan ərazisinin, demək olar ki, hər yerində davakar erməni separatizmi tüğyan edir və dinc əhali kütləvi surətdə qətlə yetirilirdi. Gənc Səməd bəy 1918-ci ilin yanvarında yeni yaranan müsəlman korpusunun 1-ci Bakı atıcı alayında bölük komandiri kimi bolşevik-daşnak dəstələrinə qarşı vuruşurdu. Siyasi durum çətinləşdiyinə və namərd ermənilərin xalqımıza qarşı həyata keçirdiyi qırğın siyasətinin qarşısı alınmadığına görə Qafqaz İslam Ordusu ölkəmizə yardıma gəldi. Bu vaxt artıq Səməd bəy Türk Ordusu sıralarında yüzbaşı rütbəsi ilə torpaqlarımızın daşnak-bolşevik qüvvələrindən təmizlənməsində fəal iştirak edirdi. 1918-ci il iyulun 2-də əla xidmətinə görə o, ştabs-kapitan rütbəsinə layiq görüldü.

I Dünya müharibəsinin başa çatması və Osmanlı imperiyasının məğlub olması ilə Qafqaz İslam Ordusu Azərbaycanı tərk etməyə məcbur oldu. Belə olduqda Azərbaycan hökuməti öz torpaqlarını qorumağa məcbur oldu. Səməd bəy cümhuriyyət ordusunun 1-ci piyada diviziyasında baş yavər (adyutant) vəzifəsinə təyin edildi. AXC hökumətinin hərbi naziri Səməd bəy Mehmandarov sənədlərdə Səməd bəyi bacarıqlı, milli mənafelərə sadiq zabit kimi xarakterizə etmişdi. General Əliağa Şıxlinski də onu hərbi göstərişləri yerinə yetirən, bacarıqlı komandir, parlaq uğurların sahibi kimi səciyyələndirmişdi. Hələ Gəncədə olarkən Nuru paşanın təqdimatı ilə Azərbaycan dəmir yolunun müvəqqəti komissarı təyin olunan Səməd bəy cümhuriyyətin müdafiə naziri Səməd bəy Mehmandarovun əmri ilə 1919-cu ilin fevralında 1-ci Cavanşir alayının və Lənkəran ehtiyat alayının əsas təşkilatçısı olmuşdur. Bir müddətdən sonra bu hərbi hissə böyük bir alaya çevrilərək Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun sayca 7-ci Şirvan piyada alayı adlandırılmış və Səməd bəy Rəfibəyli bu iri hərbi birləşmənin komandiri olmuşdur. Səməd bəyin rəhbərliyi ilə Şirvan, alayi Qarabağda erməni-daşnak təcavüzkarlarına qarşı döyüşlərdə yaxından iştirak etmişdi.

Mənfur Daşnaksütyun partiyasının göstərişləri ilə hərəkət edən Qarabağ erməniləri AXC-yə etimadsızlıq göstərərək, Şuşanın və ətraf bölgələrin azərbaycanlı əhalisinə hücumlar təşkil edirdilər. Bu vaxt təcili tədbirlər görüldü və Azərbaycan süvari və piyada hissələri Qarabağa yeridildi. Səməd bəyin də fəal iştirak etdiyi bu əməliyyatda ermənilər darmadağın edildi, Əskəran qalası və Şuşa yenidən azad olundu. AXC-nin süqutu ərəfəsində isə Səməd bəy süvari alayının komandiri təyin edildi.

Döyüşdən-döyüşə tədricən yüksələn Səməd bəy Rəfibəyli podpolkovnik rütbəsinə yiyələndi. Bolşeviklərə qarşı vuruşan Səməd bəy Vətən qarşısında özünün növbəti borcunu da yerinə yetirmiş oldu.

 

1920-ci il Gəncə üsyanında

 

Aprelin 28-də 100 minə yaxın rus-bolşevik ordusunun ölkəmizi işğal etməsi ilə Şərqdə ilk Xalq Cümhuriyyətimiz süqut etdi. Lakin xalqın təəssübkeş övladları hələ də təslim olmaq fikrində deyildilər. Sağ qalan milli demokratik qüvvələrin bir çoxu Gəncə şəhərinə toplaşdı. Nəticədə, bolşevik rejiminə qarşı güclü üsyan baş verdi. Bu üsyanda Səməd bəy və onun qardaşı cümhuriyyət ordusunun hərbi xadimi Əyyub bəy də iştirak edirdilər. Onlar üsyanın təşkilatçıları kimi, bolşeviklərə ciddi zərbələr endirməyə nail oldular. Bu üsyanda bolşevik qarnizonu məhv edildi, yalnız köməyə gələn əlavə qüvvələrin hesabına üsyan amansızlıqla yatırıldı və minlərlə dinc Gəncə sakini qətlə yetirildi. Mübarizəni davam etdirməyin lüzumsuz olduğunu görən Səməd bəy və qardaşı Əyyub bəy rəhbərlik etdiyi silahlı qüvvələrlə birlikdə Türkiyəyə keçdi.

QEYD: Səməd bəyin qardaşı Əyyub bəy Rəfibəyli də Azərbaycan Xalq Cümhuriyyətinin önəmli hərbi simalarından biri olmuş və polkovnik rütbəsinə qədər yüksəlmişdir. O, 1920-ci ildə Şəki qəzasının rəisi idi. Aprel işğalından sonra o da qardaşı kimi bolşevik rejiminə qarşı üsyana cəlb olunmuş və bu müqavimət hərəkatının fəal iştirakçılarından olmuşdur. Türkiyəyə keçdikdən sonra 1941-ci ildə Kəşfiyyat İdarəsinin Qars filialının rəis müavini təyin edilmişdir. Qardaş ölkədə Eyyub bəy Sayqın kimi tanınmışdır.

Aprel işğalından sonra qardaş Türkiyəyə pənah gətirən Səməd bəy Atatürkün başçılıq etdiyi istiqlal savaşma qoşuldu. Türkiyədə yaşadığı müddətdə Səməd paşa Rəfibəyli Əbdülsəməd Sayqın adı ilə məşhurlaşdı. İstiqlal mübarizəsində fədakarlıq nümayiş etdirən S. Rəfibəyli öz hərbi istedadı və komandirlik qabiliyyəti ilə seçilmiş və göstərdiyi xidmətlərə görə ona paşa (general) rütbəsi verilmişdir. Bundan əlavə o, Türkiyədə bir sıra hərbi vəzifələrdə çalışmış, 45-ci və 2-ci süvari alayların komandiri olmuşdur.

Sədaqətli xidmətinə .görə o, Türkiyənin "Hərb" və "İstiqlal" medalları ilə təltif edilmişdir. 1948-ci ildə isə Türkiyə Respublikasının Ali Hərbi Şurası Səməd bəyi hərbi xidmətlərinə görə türk ordusunun paşası (tam general) rütbəsi ilə təltif etmişdir. Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə qədər yüksələn Səməd bəy Rəfibəyli 1980-ci il yanvarın 19-da 88 yaşında İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur. Onun övladları və qohumları indi də İstanbulda yaşayırlar və onlar Azərbaycan diasporunun tanınmış simalarından hesab edilirlər. Hazırda Bakıda və Gəncədə Səməd bəyin ən yaxın əqrəbaları yaşayır və Rəfibəylilər nəslini layiqincə davam etdirirlər.

Beləliklə, həmyerlimiz, Azərbaycan xalqının milli mübarizə tarixində önəmli yer alan Rəfibəylilər nəslindən olan Səməd bəy həm burada, həm də qardaş Türkiyədə ləyaqətlə çalışmış, Mustafa Kamal Atatürkün rəğbətini qazanmış, milli məsələlərdə prinsipial mövqeyi ilə fərqlənmiş, öz xalqını və mənsub olduğu nəsli layiqincə təmsil etmişdir. Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyələndirilməsi baxımından Səməd bəy Rəfibəyli kimi hərbi xadimlərimizin keçdiyi ömür yolunu öyrənmək hər bir vətəndaşımız üçün faydalı, eyni zamanda, Vətən qarşısında bir borcdur.