Həftə içi. - 2018.- 26-29 may. - 95. - S. 6.

 

Cümhuriyyət dövründə aqrar islahat təşəbbüsləri

 

Sabir Baxşalıyev

 

Bir əsr əvvəl 1918-ci ildə Vətən dediyimiz torpaqlarda Şərqin ilk demokratik günəşi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) doğdu. Onun əsrlərboyu qaranlıqlara bürünmüş İslam Dünyasına 23 ay ərzində saldığı işıq milyonların qəlbində hürriyyət və azadlıq alovunu şölələndirdi. Lakin təəssüflər ki, dünya imperializmi müstəqil Azərbaycanın əbədi mövcudluq arzusuna son qoydu. Bu gün sizlərə AXC-dən, daha doğrusu, onun vətəndaşlarının sosial rifahı üçün həyata keçirməyə çalışdığı iqtisadi inkişaf platformasında aqrar islahatlardan danışacağıq.

AXC öz iqtisadi platformasında mülkiyyət plüralizmini nəzərdə tuturdu. Burada dövlət mülkiyyəti, xüsusi, şəxsi, səhmdar, bələdiyyə mülkiyyəti formalarının və digər mülkiyyət formalarının inkişafı üçün bərabər imkanlar yaradılırdı. O zaman geniş yayılmış bolşevizm mövqeyindən fərqli olaraq AXC və onun liderləri fabrik, zavod, torpaq və digər əsas istehsal vasitələri üzərində xüsusi mülkiyyəti rədd etmirdilər. Əksinə, belə hesab edirdilər ki, bu cür mülkiyyəti tamamilə aradan qaldırmaq indiki vəziyyətdə insanların şəxsi təşəbbüs qüvvətini zorakı olaraq aradan götürür.

Eyni zamanda, AXC-də xüsusi mülkiyyətin miqyası müəyyənləşdirilir, bu işdə ifrata varmağın zərərli olduğu göstərilirdi.

AXC dövründə əsas diqqət yönəldilən sahələrdən biri məhz aqrar sektor idi. AXC dövründə vəziyyətin gərginləşməsi üçün aqrar məsələ katalizator rolunu oynamışdır. Əlbəttə ki, əsasən aqrar-kəndli ölkəsi olan Azərbaycanda iqtisadi həyatın başlıca önəmli məsələsi yenə də torpaq məsələsi idi. Lakin hökumət bu məsələni yenə də nəzərdən keçirməyə tələsmirdi. Parlamentin iclasında çıxışında baş nazir F.Xoyski torpaq məsələsinin həllini Müəssislər Məclisinin çağırılmasınadək təxirə salmağı təklif edirdi. Lakin kəndlilərin son dərəcə ağır vəziyyəti hökuməti məcbur edirdi ki, bu məsələni parlamentin müzakirəsinə çıxartsın. 1919-cü il fevralın 4-də Azərbaycan parlamenti özünün 12-ci iclasında ilk dəfə olaraq aqrar məsələni nəzərdən keçirdi və menşevik-hümmətçi Səmədağa Ağamalıoğlunun sədrlik edəcəyi aqrar komissiyasını yaratdı. Qeyd etmək lazımdır ki, aqrar məsələnin qəti həllində hələ xeyli əvvəl mülkədar torpaq sahibliyinin toxunulmazlığı elan olunur və hökumət bu torpaqları kənar qəsblərdən tam müdafiə etməyə söz verirdi.

Hazırlanmaqda olan qanun layihəsinin uğursuzluğu Parlament komissiyasının 1919 il 23 aprel tarixli iclasında özünü göstərdi. Gündəliyə mülkədar və sahibkar torpaqlarının, həmçinin digər torpaqların müsadirəsi və ya ləğvi məsələsi qoyulmuşdu. Müzakirə zamanı komissiya üzvləri arasında elə ilk andan ciddi fikir ayrılığı yarandı. "İttihad" fraksiyası adından çıxış edən Bəhram bəy Vəzirov mülkədar və sahibkar torpaqlarının pulla satın alınmasına tərəfdar olduğunu bildirdi. "Bitərəflər fraksiyasının bir qrupu" da ittihadçıları müdafiə etdi. Onların nümayəndəsi torpaq sahiblərinə dəyən zərəri ödəmək üçün xüsusi fond yaradılmasını təklif etdi. "Müsavat"çıların sağ cinahı bitərəflərin torpağı satın almaq haqqındakı ideyalarını müdafiə edərək bildirdi ki, müsadirə variantı torpaq sahiblərinin ciddi etirazına səbəb olar və aqrar bölmənin dağılmasını stimullaşdıra bilər. Müsavatın sol cinahının nümayəndəsi Mustafa Mahmudov onunla razılaşmadı və partiya yoldaşını partiyanın proqramı ilə kifayət qədər tanış olmamaqda günahlandırdı.

Sosialist bloku və hümmətçi menşeviklər eyni mövqedən çıxış edirdilər. 1919-cu il avqustun sonu - sentyabrın əvvəllərində, nəhayət, komissiya layihə üzərində işini tamamladı. Layihənin əsas tezisləri aşağıdakılardan ibarət idi:

Cümhuriyyət ərazisindəki bütün torpaqlar dövlətin mülkiyyətidir;

Torpaq əvəzsiz olaraq dövlətin ixtiyarına keçir;

Torpaq sahiblərinin mülklərinin müəyyən hissəsi aşağıdakı normalar üzrə onların

öz istifadəsində qalır: 1 -ci dərəcə torpaqlar -7 desyatin (bağlar və becərilən sahələr); 2-ci dərəcə torpaqlar - 15 desyatindən 20 desyatinədək (əkin yerləri); 3-cü dərəcə torpaqlar - 40 desyatindən 50 desyatinədək (otlaqlar).

Qalan bütün torpaqlar dövlət torpaq fonduna daxil edilir.

Torpaq haqqında həmin qanun layihəsinin son variantı Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində təsdiq olunmalı idi. Torpaq haqqında məsələ, ilk dəfə, Parlamentin 1919-cu il avqustun 21-də keçirilən 67-ci iclasının gündəliyinə daxil edildi. Səməd ağa Ağamalıoğlu məruzəçi təyin olundu. Lakin müzakirə təxirə salındı. Qanun layihəsinin müzakirəsi növbəti dəfə 1919-cu il oktyabrın 2-də 81-ci iclasın gündəliyinə daxil edildi. Lakin əkinçilik nazirinin müavini X.Sultanovun təklifi ilə ona baxılması bu dəfə də dayandırıldı.

Əkinçilik nazirliyi torpaq komissiyasının layihəsi ilə yanaşı, özünün alternativ qanun layihəsinin də müzakirəyə təqdim olunmasını məqsədə uyğun saydı. Əkinçilik Nazirliyinin nümayəndəsi Parlamentdən xahiş etdi ki, bu məsələyə baxılması nazirliyin qanun layihəsi təqdim olunanadək təxirə salınsın. Beləliklə, aqrar məsələnin həlli gündəlikdən çıxarıldı.[3]

Parlamentin 1919-cu il noyabrın 9-da keçirilən 95-ci iclasında sosialistlər bloku fraksiyası əkinçilik nazirliyinin işindəki nöqsanlar barədə Parlamentə sorğu verdi. Bu məsələnin müzakirəsi zamanı çıxış edən Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, İbrahim Əbilov və b. Cümhuriyyət Hökumətini torpaq məsələsinin həllini gecikdirməkdə günahlandırdılar. Səməd ağa Ağamalıoğlu bildirdi ki, yer və torpaq məsələsi Hökumətin möhkəm politikası olmasını tələb edən böyük və mühüm məsələdir.

Əkinçilik Nazirliyi qanun layihəsini hazırlamaq üçün ölkənin torpaq fondunu ciddi təftiş etdi.Bunu nazirliyin hazırladığı qanun layihəsinə əlavə edilmiş izahat məktubu və çoxlu statistik məlumatlar da sübut edir.

Qanun layihəsi hazırlananadək nazirlik vaxtilə Azərbaycana köçürülmüş xristian əhalisinin, o cümlədən ermənilərin tərk etdikləri torpaqları, həmçinin sahibləri tərəfindən atılmış malikanələri müvəqqəti olaraq dövlətin sərəncamına verirdi. Həmin torpaqlar Əkinçilik, Daxili İşlər və Maliyyə Nazirlikləri nümayəndələrindən ibarət qəza komissiyaları tərəfindən kənd icmalarına və ayrı-ayrı kəndlilərə, bunlar olmadıqda isə həmin ərazidə yaşamayan kənar şəxslərə icarəyə verilirdi. Məsələn, Əkinçilik Nazirliyinin sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatin suvarılan torpaqlar 1919-cu ildə səpin aparmaq üçün bir il müddətinə kənd icmalarına icarəyə verilmiş, icarə haqqı isə natura ilə alınmışdı. Lakin bu təcrübə ümidləri doğrultmadı: nə xəzinə gözlənilən gəliri ala bildi, nə də kəndlilər icarəyə ciddi maraq göstərdilər.

1919-cu il iyunun 6-da Əkinçilik Nazirliyinin nəzdində aqrar islahatlar şöbəsi yaradıldı. Şöbəyə tapşırıldı ki, bir ay müddətinə aqrar islahatlar layihəsini Nazirlər Şurasına təqdim etsin. 1919-cu ilin avqustunda nazir müavini X.Sultanovun rəhbərliyi ilə "Azərbaycan Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar meşələrinin dövlətin mülkiyyətinə çevrilməsi haqqında" qanun layihələrinin hazırlanması başa çatdırıldı.

Qanun layihələrində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqlarının əhalinin hansı kateqoriyasından, nə qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi ilə bağlı idi. Burada xüsusi sahibkar torpaqlarının verəcəyi gəlir hesabına əvəz ödənilməklə, özgəninkiləşdirilməsi nəzərdə tutulurdu. Nazirlik belə hesab edirdi ki, xüsusi sahibkar torpaqlarını əvəzi ödənilmədən müsadirə etmək xüsusi mülkiyyəti ləğv etməyə bərabərdir. Buna görə də qanun layihəsində torpağın əkinçi əhaliyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi məqbul sayılır. Eyni zamanda, torpaq sahibinin özünə saxladığı sahənin ölçüsü malikanənin dəyəri və xarakterindən asılı olaraq müəyyən edilirdi və kənd yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olmamalı, həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi.

Lakin Əkinçilik Nazirliyinin hazırladığı bu qanun layihələri də Parlament komissiyasının hazırladığı layihə kimi uğursuz oldu. Belə ki, Azərbaycanda baş vermiş Hökumət böhranı nəticəsində onlar heç müzakirəyə də çıxarılmadı.

1920-ci il martın əvvəllərində Əkinçilik Nazirliyi "Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin torpaqla təmin olunması haqqında qanun"un yeni layihəsi üzərində işi başa çatdırdı və baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. Yeni qanun layihəsi Gürcüstan sosial-demokrat hökumətinin Azərbaycan sosial-demokratları tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlanmışdı. Bu layihə kənd yerlərində olan xüsusi sahibkarların-hüquqi şəxslərin bütün torpaqlarının, o cümlədən monastır, vəqf, məscid və kilsə torpaqlarının, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə daxil olmayan sahələrinin sahiblərindən alınıb əvəzi ödənilmədən dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Mülkiyyəti əlindən alınan sahibkarların ixtiyarında saxlanan torpaq sahəsinin ölçüsü həmin yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənd yerlərində becərilən bitki təsərrüfatları üçün 7-10 desyatin, taxılçılıq təsərrüfatı üçün 15-20 desyatin, maldarlıq təsərrüfatları üçün 40-50 desyatin, şəhərdə isə müvafiq olaraq 1,5-3 desyatin, 3-5 desyatin, 10-12 desyatin müəyyən edilirdi. Sahibkarların mülk və bağları da bura daxil idi.

Parlament komissiyası torpağın sahibkarlardan əvəzsiz olaraq alınmasında israr edirdi. Buna görə də nazirliyin hazırladığı layihənin Parlamentə təqdim olunması ləngidilirdi. Ölkədə vəziyyət gərginləşməkdə davam edirdi. Hökumət isə hələ də aqrar qanun layihəsinin müzakirəsinə başlamamışdı. Bunun əsas səbəbi təkcə partiyalar arasındakı ixtilafla, yaxud ölkənin ağır iqtisadi vəziyyəti ilə bağlı deyildi. Aqrar məsələnin özü mahiyyətcə çox mürəkkəb, həlli çətin olan problem idi. Bu məsələdə hakim "Müsavat" partiyasının özünün də aydın proqramı yox idi. Hələ "Müsavat" partiyasının 2-ci qurultayında (1919-cu il, dekabr) partiyanın rəhbərliyi həmin məsələ ilə bağlı kəskin tənqid edildiyi vaxt Məhəmməd Əmin Rəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik, eləcə də onu həddən ziyadə uzatmaq eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər. Partiya qurultayı aqrar məsələyə təkrar baxaraq, onun aqrar siyasət komissiyasında hazırlanmış layihəsinin Parlamentdə müzakirəyə çıxarılması haqqında qətnamə qəbul etsə də, bu qərar xeyli vaxt icra olunmadı. "Müsavat" fraksiyası yalnız 1920 il fevralın 16-da partiyanın aqrar məsələ barədə qurultayda bəyənilmiş qanun layihəsini Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi.

"Müsavat" fraksiyasının təqdim etdiyi qanun layihəsi də xüsusi sahibkar torpaqlarının əvəzsiz olaraq alınıb dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu. Lakin bu layihədə kənd yerlərində sahibkarların mülkiyyətində, bağ və həyətlər də daxil olmaqla, 25-75 desyatin torpaq saxlanılması, şəhər yerlərində isə bu sahənin becərilən bitkilərin xüsusiyyətindən və eləcə də əhalinin torpağa olan ehtiyacından asılı olaraq, 5 desyatindən 7,5 desyatinədək məhdudlaşdırılması nəzərdə tutulurdu.

Parlament sonuncu qanun layihəsinə baxıb, müzakirəyə təqdim etmək üçün aqrar komissiyaya 10 gün möhlət verdi. Lakin aqrar komissiya Hökumət böhranları ilə əlaqədar olaraq, öz fəaliyyətini, demək olar ki, dayandırmışdı. Buna görə də həmin komissiyanın sədri Səməd ağa Ağamalıoğlu təklif etdi ki, komissiyanın işini bərpa etmək üçün onun tərkibi sosialistlərdən ibarət yeni üzvlər cəlb olunmaqla dəyişdirilib möhkəmləndirilsin. Lakin Parlament onun təklifini qəbul etmədi. Aqrar komissiya "Müsavat" fraksiyasının hazırladığı qanun layihəsini müzakirə etdiyi birinci iş günündə "müsavat"çı Rüstəmbəyov komissiyanın sədr müavini seçildi. Bu addım komissiyada müsavatçıların mövqeyini gücləndirdi. Səməd ağa Ağamalıoğlu siyasi qüvvələrin komissiyadakı tarazlığını pozmağa və nazirliyin layihəsini təkrar müzakirəyə qaytarmağa cəhd göstərdi. Lakin təklifi uğur qazanmadı və "Müsavat"ın layihəsi əsas kimi saxlanıldı. Bununla belə, aqrar komissiya Parlamentin ona verdiyi tapşırıqları yerinə yetirə bilmədi. Aqrar qanun layihələrindən heç biri qanun statusu almadı. Aqrar islahatın keçirilməsi mümkün olmadı. Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib məsələlərdən biri həll olunmadı.