Ədalət. - 2018.- 24 may. - 92. - S. 7.

 

Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan öncəki tarixinə baxış

 

Əbülfət Mədətoğlu

 

(əvvəli ötən sayımızda)

AXC Parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu. Parlamentin ilk iclasında Əlimərdan bəy Topçubaşov sədri, Həsən bəy Ağayev sədrin birinci müavini seçildilər. Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti on bir fraksiyadan ibarət idi: 1. Müsavat və Bitərəflər fraksiyası. 2. İttihad fraksiyası. 3. Əhrar fraksiyası. 4. Sosialistlər fraksiyası. 5. Bitərəflər. 6. Müstəqillər. 7. Sol müstəqil. 8. Slavyan - Rus İttifaqı fraksiyası. 9. Milli azlıqlar fraksiyası. 10. Erməni fraksiyası. 11. Daşnaksütyun fraksiyası. Parlamentin fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Müəyyən səbəblərdən iclaslardan 15-i baş tutmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan təxminən 230-u qəbul edilmişdir.

Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi.

Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət kabinəsində Xəlil bəy Xasməmmədov - daxili işlər naziri; İ.Protasov - maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli - maarif və dini etiqad naziri; Aslan bəy Səfikürdski - poçt-teleqraf və əmək naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Rüstəm xan Xoyski - himayədarlıq naziri; Yevsey Gindes - xalq səhiyyəsi naziri; Mirzə Əsədullayev - ticarət və sənaye naziri; Məmmədhəsən Hacınski - dövlət nəzarəti naziri; Konstantin Lizqar - ərzaq naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı naziri; Teymur bəy Makinski - ədliyyə naziri vəzifələrini tutdular.

Dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi. Nəsib bəy Yusifbəyli təşkil etdiyi Hökumətdə Nazirlər Şurasının sədri və daxili işlər naziri vəzifələrini tutdu.

Digər vəzifələr aşağıdakı kimi bölündü: Əlağa Həsənov - maliyyə naziri; Ağa Əminov - ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Camo bəy Hacınski - poçt və teleqraf naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Viktor Klenevski - himayədarlıq naziri; Abram Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarif və dini etiqad naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət əmlakı naziri; Nəriman bəy Nərimanbəyli - dövlət nəzarəti naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.

1920-ci il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il martın axırına qədərbaşçılıq etdi. Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarif və dini etiqad naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri (eyni zamanda, müvəqqəti olaraq ticarət, sənaye və ərzaq naziri); Camo bəy Hacınski - poçt və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov - dövlət nəzarəti naziri vəzifələrini tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski - ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov - maarif və dini etiqad naziri vəzifələrini tutmuşlar.

Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət Hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Azərbaycanda neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı - Culfa dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdi.

1918-ci ildə Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi (o cümlədən, mübahisəsiz ərazi 97,3 min kv. km; mübahisəli ərazi 16,6 min kv. km). AXC yaşadığı qısa dövr ərzində ərazisini və sərhədlərini qorumaq sahəsində mühüm işlər gördü.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifilə müttəfiqlərin Ali Şurası Azərbaycanın müstəqilliyini de-fakto tanınması 1919-cu ilin payızından etibarən dəyişən siyasi vəziyyətlə yanaşı, Azərbaycan diplomatiyasının mühüm uğuru, onun Paris Sülh Konfransındakı say etibari ilə kiçik olan heyətinin böyük qələbəsi idi.

1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı G.Çiçerin Denikinin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə Azərbaycan hökumətinə nota göndərdi.

Notanı göndərnəkdə əsas məqsəd Azərbaycanı Rusiyanın daxili münaqişələrinə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək idi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən AXC hökuməti bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi.

F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. 1920-ci il yanvar ayının 23-də ikinci, fevral ayının 20-də isə Azərbaycana üçüncü nota göndərən sovet Rusiyası Azərbaycana təzyiqini daha da artırdı. 1920-ci il aprelin 26-dan 27-nə keçən gecə, sovet qoşun birləşmələri, başda "III İnternasional" olmaqla zirehli qatarlar qrupu Samur çayı üzərindəki sərhəd körpüsünü keçərək Azərbaycan torpağına hərbi təcavüzə etdi. Məhz bu hərbi təcavüz nəticəsində AXC hakimiyyəti süqut etmişdir.

1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 26 ildir Azərbaycan Respublikası öz müstəqillik yolunda inamla irəliləməkdədir.