525-ci qəzet. - 2018.- 23 may. - 92. - S. 6.

 

Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov

 

Azərbaycan Xalq Cümhuriyyəti 100

 

Lətif Şüküroğlu,

Tarix üzrə fəlsəfə doktoru

 

1917-ci ildə Rusiyada fevral-burjua inqilabı baş verdikdən sonra martın 9-da Dövlət Dumasının beş nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya komitəsi yaradıldı.

Komitədə sənaye və ticarət işlərinə rəhbərlik azərbaycanlı deputat Məmməd Yusif Cəfərova tapşırıldı. 1912-ci ildə Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən 4-cü dövlət Dumasına deputat seçilmiş M.Y.Cəfərovun kimliyi də 1990-cı ildə Azərbaycan Xalq Cümhuriyyəti və onun qurucuları barəsində ilk tədqiqat işləri işıq üzü gördükdən sonra xalqa məlum oldu.

Mərhum tədqiqatçı Mövsüm Əliyevin yazdıqlarından: "M.Y.Cəfərov görkəmli pedaqoq, jurnalist Əli İskəndər Cəfərzadənin kiçik qardaşıdır. Orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"nin və "Azərbaycan həmyerlilər təşkilatı"nın əsas rəhbərlərindən biri olmuşdur.

1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y.Cəfərov "Nigahın şəriət üzrə pozulması haqqında rəy" mövzusunda hüquq elmləri namizədlik dissertasiyası müdafiə etmişdir. M.Y.Cəfərov Dövlət Dumasının deputatı olarkən kadet partiyasına qoşulmuşdur. O, çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu".

1918-ci ilin 28 mayında Azərbaycanın öz milli istiqlalını bütün dünyaya elan etməsi M.Y.Cəfərovun da həyatında tamamilə yeni bir səhifə açır. Bütün həyatını doğma xalqının tərəqqisinə həsr edən millət fədaisi bitərəf Fətəli Xan Xoyskinin təşkil etdiyi ilk Azərbaycan hökumətində sənaye və ticarət naziri olur. Həmin ilin iyun ayının 17-də hökumət istefaya getdiyi üçün o, tutduğu vəzifəni tərk etmiş və bundan sonra Azərbaycanın Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir. M.Y.Cəfərov ikinci dəfə nazir vəzifəsini Nəsib bəy Yusifbəylinin təşkil etdiyi dördüncü hökumət kabinəsində tutmuşdur. Həmin kabinədə o, xarici işlər naziri təyin olunmuşdur. Azərbaycan parlamentinin üzvü bitərəf M.Y.Cəfərov 1919-cu ilin oktyabrında "Türk ədəmi-mərkəziyyət" partiyasına ("Müsavat") daxil olmuşdur.

"Azərbaycan" qəzeti 23 mart 1919-cu il tarixli sayında Parlament və hökumət üzvlərinin Gəncədə hərbi paradda iştirakı barədə yazırdı: "Novruz bayramının səhəri günü xüsusi qatarla Azərbaycan Parlamenti və hökumət üzvlərinin hərbi paradda iştirak etmək üçün Gəncəyə gəlmişlər... Saat 9-da qatar Gəncəyə çatdı. Qatarı qarşılamağa hərbi nazir general Səməd bəy Mehmandarov, nazir müavini general Əliağa Şıxlinski, Gəncə qubernatorunun müavini Hüsyenqulu Xan Xoyski, Azərbaycanın Gürcüstandakı nümayəndəsi Məmməd Yusif Cəfərov, Gəncə şəhərinin başçısı Ələsgər bəy Xasməmmədov, ictimaiyyət nümayəndələri və ağsaqqallar çıxmışdılar".

M.Y.Cəfərov Gürcüstan hökuməti yanında diplomatik nümayəndə olarkən Nazirlər Şurasının 9 noyabr 1918-ci il tarixli qərarı ilə Zaqafqaziya konfransında M.A.Vəkilovla bərabər nümayəndə kimi iştirak edib.

Azərbaycanın xarici işlər naziri olduğu dövrdə M.Y.Cəfərov dövlət xadimi kimi nə qədər böyük siyasi və elmi potensiala malik olduğunu, ən mürəkkəb tarixi şəraitlərdə belə yeganə düzgün siyasi və diplomatik qərarlar çıxarmaq bacarığını nümayiş etdirmişdir. Azərbaycanın demokratik dövlət kimi beynəlxalq aləmdə tanınmasında M.Y.Cəfərovun danılmaz xidmətləri vardır. Bunu həmin qurumun məhz onun rəhbərliyi altında, xüsusilə, 1919-cu ilin may-dekabr aylarındakı son dərəcə səmərəli fəaliyyəti də təsdiq edir. Aşağıdakı tarixi faktlar dediklərimizə əyani misal sayıla bilər.

Naxçıvan bölgəsində və onun ətrafında yaranmış siyasi-hərbi vəziyyəti ətraflı öyrənərək dərindən təhlil edən Azərbaycan Xarici İşlər Nazirliyi 1919-cu il iyun ayının 17-də hökumət başçısına oradakı erməni "idərəçiliyi"nə son qoymaq üçün mövcud əlverişli şəraiti və məqamı mütləq nəzərə almaqla fürsəti əldən verməməyi tövsiyə edirdi. Mövcud əlverişli şərait dedikdə: 1. İngilislərin getməsi xəbərinin yayılması ilə əlaqədar olaraq Ermənistan hökumətini tanımamaq zəminində bölgədə həyacanların və çıxışların genişlənməsi (ermənilərin Ordubada buraxılmamaları, onların və daşnak komissarının Şahtaxtıdan qovulması, Naxçıvan şəhərində qeyri sabitlik və s.); 2. Türkiyə qoşunlarının toplaşması ilə bağlı Ermənistanın öz qərb sərhədlərini möhkəmləndirmək məcburiyyətində qalması; 3. Azərbaycan ordusu zabitləri tərəfindən yerli əhalinin müəyyən qədər təşkil edilməsi və döyüş hazırlığı vəziyyətinə gətirilməsi; 4. Denikin ordusunun yaratdığı təhlükənin əlverişli tərzdə aradan qaldırıla bilməsi ehtimalı nəzərdə tutulurdu.

Bütün bu amillər və şərtlər həm Naxçıvan bölgəsinin azərbaycanlı əhalisinin ermənilərə qarşı hərakatının müdəfiə olunmasına yardım edər, həm də Ermənistanın "idarəçiliyi"nin ləğvi və qoşunların oradan çıxarılması işinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərdi. Yaranmış əlverişli şəraitdə Naxçıvana Azərbaycanın təsiri və oradakı nüfuzunun bərpası, sonra isə bölgədə möhkəmlənməklə bütün mahala həm maddi, həm də döyüş sursatı ilə real yardım göstərmək mümkün idi. Bu məqsədlə də bölgənin azərbaycanlı əhalisinin erməni qoşunlarını dəf etməkdən ötrü təşkilatlanması üçün ilkin addımlardan biri kimi Baş nazirdən Naxçıvana zabit kadrları göndərilməsi və ixtiyarındakı vəsaitdən 100 min manat pul buraxılmasına sərancam verməsi xahiş olunurdu.

Keçmiş İrəvan quberniyasından və Zəngəzur mahalından qovularaq Naxçıvan bölgəsinə pənah gətirənlərin, habelə erməni basqınları zamanı Cənubi Azərbaycana, Bakı, Tiflis, Gəncə şəhərlərinə dağılan naxçıvanlıların, Ermənistandakı azərbaycanlı qaçqınların və ümumiyyətlə orada yaşayan müsəlman əhalisinin vəziyyəti ilə bağlı çoxlu problemlər var idi. Buna görə də Azərbaycan hökuməti ermənilər tərəfindən müsəlmanlara vurulan insan və əmlak itkisinin həcmini aydınlaşdırmaq məqsədilə ingilisləri, italyanları və digərlərini cəlb etməklə beynəlxalq komissiya təşkil etməyi qərar almışdı. Lakin həmin komissiyanın yaradılması ilə bağlı məsələlərin həlli xeyli vaxt tələb etdiyindən başqa vasitə və yollarla bu səciyyəli məlumatların əldə olunmasına başlanıldı. XİN bu məqsədlə 1919-cu il iyun ayının 10-da İrəvandakı diplomatik nümayəndəliyə əlaltdan və yubatmadan keçmiş İrəvan quberniyasının dağıdılmış kəndlərinin nümayəndələrinin köməyi ilə ermənilərin törətdikləri qırğın və talanlar zamanı azərbaycanlıların məruz qaldıqları insan və əmlak itkiləri barədə ətraflı statistik məlumatlar toplamağı, şahidlərin və ya zərərçəkənlərin söhbətləri əsasında ermənilərin müsəlman kəndlərinə etdikləri hücumlar haqqında xüsusi materiallar hazırlamağı tapşırdı.

Azərbaycanda yerləşən hərbi missiyalara, diplomatik nümayəndəliklərə ardı-arası kəsilmədən teleqramlar, izahedici məktublar, digər diplomatik xarakterli sənədlər göndərilirdi. Xarici işlər naziri 4 iyul 1919-cu ildə Britaniya qüvvələri komandanlığına ünvanladığı növbəti teleqramlardan birində yazırdı: "Naxçıvandan alınan məlumata görə, erməni hökuməti öz qoşunlarının bir hissəsini Zəngəzura göndərir. İndiyədək 700 nəfər və böyük miqdarda güllə göndərilmişdir. Buna görə də ayrı-ayrı silahlı toqquşmalar baş vermişdir. Həmin toqquşmalarda həm erməni əhalisi, həm də erməni nizami ordu hissələri iştirak etmişdir. Azərbaycan hökuməti öz siyasətində daim bir mövqeyə sadiq qalmışdır - qonşu xalqlarla qonşuluq münasibətlərini möhkəmləndirmək üçün bütün münaqişəli məsələləri imkan daxilində dostluq və sülh yolu ilə həll etmək. Bu günədək Azərbaycan hökuməti qonşu dövlətlərlə bütün mübahisələrin həllində sülhsevər siyasət yeritməyə nail olmuşdur. O, ümid edir ki, indiki hadisədə də Britaniya komandanlığının erməni hökumət Şurasının işlərinə xeyirxah müdaxiləsi ilə Azərbaycan Respublikası ilə Ermənistan arasında kəskin münaqişədən qaçmaq mümkün olacaqdır. Əgər erməni hökuməti Azərbaycana qarşı fəal silahlı çıxışdan imtina etməsə, bu münaqişənin reallaşması qaçılmazdır. Xarici işlər naziri Cəfərov. Dəftərxananın direktoru C.Qayıbov".

Azərbaycan hökumətinin Ermənistan Respublikasına 16 iyul 1919-cu il və 22 sentyabr 1919-cu il notaları da məhz M.Y.Cəfərov tərəfindən hazırlanmış və imzalanmışdır: "Azərbaycan hökumətində olan rəsmi və şəxsi məlumatlara görə, artilleriya imkanına malik erməni qoşunları Böyük-Vedi, Çinyankənd, Gələvaş, Qaşlu və s. qonşu müsəlman kəndlərini mühasirəyə almış və atəşə tutmuşlar".

Bu notada da Cümhuriyyətin sülhsevər, respublikalar arasında mehriban dostluq münasibətləri qurulmasına yönəldilmiş siyasətinin əksinə olaraq erməni tərəfinin təcavüzkar, etnik təmizləməyə aparan siyasət yeritməsi, azərbaycanlı əhalini bütün vasitələrlə məhv etməyə, öz yurd-yuvasmdan didərgin salmağa yönəldilmiş siyasəti pislənir və erməni qoşunlarının qanunsuz hərəkətlərinin qarşısının alınması üçün qəti tədbirlər görülməsi tələb olunurdu.

Bu dövrdə ermənilər tərəfindən törədilən münaqişələrlə bağlı elə bir hal tapmaq olmaz ki, onunla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi hansı formadasa etiraz bildirməsin. Azərbaycan tərəfi notaları və kəskin bəyanatları ilə xarici dövlətlərin diqqətini bu məsələyə yönəldir, erməni təcavüzünün nəticələrini beynəlxalq ictimamiyyətin müzakirə obyektinə çevirməyə cəhd göstərirdi. Ermənistanın xarici işlər nazirinə göndərilmiş notalardan birində deyilirdi: "1918-ci ilin yanvarından türklərin İrəvan quberniyasına gəlməsinə qədər ermənilər həmin quberniyada üç yüzdən çox müsəlman kəndini dağıtmış, əhalinin əksər hissəsini qırmışlar. Türklərin getməsi və Qafqaza müttəfiq qoşunlarının girməsi ilə Azərbaycan əhalisi ümid edirdi ki, erməni hökuməti sülhün və əmin-amanlığın bərqərar edilməsi məqsədilə artıq müsəlman qırğınlarına yol verməyəcək. Ancaq türklərin İrəvan quberniyasından getməsindən sonra, 1918-ci ilin dekabrında Sasunlu alayı quberniyanın Qaraxaç və Vediçay kənd cəmiyyətlərinin müsəlmanlarını tərksilah etmiş və Qədili, Şahablı, Qaraxaç, Doxnaz, Qarabəylər, Ağası Bəkli və s. kəndlərini dağıtmış, həmin cəmiyyətin az qala bütün müsəlmanlarını qırmışlar. Milli Dərəsi rayonunun bir sıra kəndləri də eyni vəziyyətə salınmışdır. Erməni qoşunları eyni vaxtda Basarkeçər rayonunun, Yenibəyazid qəzasının kəndlərini mühasirəyə almış və kəndlərin əhalisini qırmışlar... Erməni hökuməti qısa müddətdə, 17-31 avqust arasında Eçmiədzin, Sürməli, İrəvan və Yenibəyazid qəzalarında 50-yə yaxın kəndi dağıdıb, əhalisini qırmışlar..."

Ermənilərin İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan mahallarında təcavüzkar hərəkətlər törətməklə, yerli azərbaycanlı əhalini məhv etməyə çalışdıqlarını yaxşı başa düşən M.Cəfərovun göstərişi ilə 1919-cu il oktyabr ayının 1-də radioda belə bir teleqram səsləndirilmişdi: "Hamıya, hamıya, hamıya. 1918-ci ilin əvvəllərindən başlayaraq ermənilər öz hərbi hissələrinin və hökumət nümayəndələrinin iştirakı ilə sistemli şəkildə İrəvan hökuməti rayonlarında dinc müsəlman əhalisinin əzilməsini təşkil etmişlər".

Gənc respublika üçün qonşu dövlətlərlə sülh şəraitində yaşamağın müstəqilliyin möhkəmləndirilməsi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini yaxşı başa düşən ADR rəhbərləri, o cümlədən, xarici işlər naziri M.Y.Cəfərov ermənilərlə münaqişəli məsələlərin həllinə danışıqlar yolu ilə nail olmağa səy göstərir, hər iki dövlətin müstəqilliyi əleyhinə olan qüvvələrə imkan vermək istəmirdi. Ancaq öz təcavüzkar xarakterlərindən, qara niyyətlərindən heç vəclə əl çəkmək istəməyən ermənilər Qafqazda möhkəm sülhün yaranmasına o vaxt da ciddi təhlükələr doğururdular.

14 dekabr 1919-cu ildə Bakıda xarici işlər nazirliyinin binasında Azərbaycan-Ermənistan Konfransını giriş sözü ilə açan Azərbaycan xarici işlər naziri M.Y.Cəfərov qeyd etdi ki: "Zaqafqaziya Federasiyası parçalanıb ayrı-ayrı müstəqil respublikalar - Azərbaycan, Gürcüstan, Ermənistan respublikaları əmələ gələndə çox təəssüf ki, bir çox həll edilməmiş mübahisəli məsələlər qaldı. Belə məsələlərə əsas etibarı ilə respublikalar arasındakı qarşılıqlı münasibətlərin aydınlaşdırılması, ərazi məsələlərinin tam həll edilməsi daxil idi. Həmin mübahisəli məsələlərin həlli yollarının tapılmasında AR rəhbərlərinin göstərdikləri bütün səylər, nümayiş etdirilən müdriklik qarşı tərəfdən lazımi səviyyədə qiymətləndirilmədiyi üçün Qafqazda ümumi sülhü bərpa etmək ümidləri reallaşmadı".

Zaqafqaziya respublikaları Tiflis konfransında o vaxtadək həll edilməmiş məsələləri çözməli və Zaqafqaziya respublikaları arasında mehriban qonşuluq münasibətlərini bərqərar etmək üçün ümumi bir konsepsiya hazırlamalı idilər. Təəssüf ki, siyasi vəziyyətin kəskinləşməsi konfransa öz işini başa çatdırmağa imkan vermədi və məsələlərin çoxu, xüsusi ilə də, əsas ərazi məsələləri, Azərbaycanla Ermənistan arasındakı sərhəd münaqişələri həll edilməmiş qaldı. Nəticəsiz konfransdan bir neçə həftə keçməmiş erməni hərbi hissələri ilə 23 noyabr 1919-cu ildə amerikalıların vasitəsilə saziş imzalandı. Sazişə Azərbaycan və Ermənistan hökumətlərinin başçıları N. Yusifbəyli və Xatisyan, habelə təminatçı sifətilə ABŞ nümayəndəsi, müttəfiqlərin Ali komissarının müavini C.Rey və Gürcüstan Xarici İşlər naziri E.Gekeçkori qol çəkdilər. Beş maddədən ibarət olan Sazişdə aşağıdakılar razılaşdırılmışdı:

1. Ermənistan və Azərbaycan hökumətləri hazırda baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürlər.

2. Ermənistan və Azərbaycan hökumətləri Zəngəzura gələn yolların düzəldilməsi və açılması, onlarla dinc hərəkət üçün təsirli tədbirlər görülməsini razılaşdırırlar.

3. Ermənistan və Azərbaycan hökumətləri sərhədlər haqqında məsələlər də daxil olmaqla bütün mübahisəli məsələləri dinc sazişlər yolu ilə həll etməyi öhdələrinə götürürlər.

Ancaq necə deyərlər bağlanmış sazişin mürəkkəbi qurumamış ermənilər onun şərtlərini kobud surətdə pozaraq yenidən Zəngəzura hücum etdilər və 1920-ci ilin əvvəlində 26 azərbaycanlı kəndini dağıdıb əhaliyə divan tutdular.

 

(Ardı var)