Azərbaycan Ordusu.-2018.-17 yanvar.-¹4.-S.7.

 

20 Yanvar - qəhrəmanlıq tariximiz

 

Leytenant Günay Tağıyeva

 

Ümummilli lider Heydər Əliyev:

XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir... 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.

 

20 Yanvar şagirdlərin dili ilə...

Zaman ötür, illər əsrlərə, əsrlər minilliklərə-tarixə çevrilir. Zaman axımında bas verən tarixi hadisələrin bəziləri müəyyən dövrdən sonra yaddan çıxır. unudulıır. amma elə hadisələr də var ki. xalqın, millətin yaddaşında əbədiləşir.

20 Yanvar xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir 20 Yanvar. 28 ildir Azərbaycan xalqı bu günü, Vətənimizin azadlığı və suverenliyi uğrunda qurban getmiş mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Paytaxtın Nəsimi rayonunda yerləşən Milli Qəhrəman Abdulla Rəhimov adına 247 saylı tam orta məktəbdə gənclərimizin vətənpərvərlik tərbiyəsi ilə bağlı yazı hazırlayarkən tarix müəllimi Günay Allahverdiyeva 20 Yanvar faciəsi ilə bağlı keçirilən dəyirmi masaya bizi də dəvət etdi.

Masa ətrafında söhbətə məktəbin qabaqcıl müəllimi 40 il qul kimi yaşamaqdansa, bircə gün azad yaşamağı üstün tutan Babəkin "Azadlıq verilmir, alınır" ifadəsi ilə başlayaraq bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsidir. "Hər il həmin gün məktəbimizin şagirdləri Şəhidlər xiyabanına yürüş aksiyası keçirirlər. Yürüşün önündə gedən şagirdlər üçrəngli bayrağımızı aparırlar. Keçən ilki yürüşdə sözlərlə ifadə olunmayacaq bir hadisə ilə çox qürurlandıq: şagirdlərimiz Şəhidlər xiyabanına çatanda izdiham bir anlıq dayandı. Üçrəngli bayrağımıza yol verildi. Bu hadisə oradakı media nümayəndələri tərəfindən də işıqlandırıldı. O anı əks etdirən şəkillər televiziya kanallarından birində və AZƏRTAC-da ilin ən yaxşı fotosu seçilmişdi.

Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd oğul və qızlarımızın Vətən sevgisi gənclərimizə örnəkdir".

Fürsətdən istifadə edib tədbirə qatılan şagirdlərin fikirlərini də qələmə alıram.

Şahin Quliyev: “Ümummilli liderimiz Heydər Əliyevin "20 Yanvar faciəsi mənim üçün xalqımızın ən ağır faciəsidir. Amma eyni zamanda 20 Yanvar Azərbaycan xalqının mərdlik, qəhrəmanlıq və şəhidlik zirvəsinə qalxmasının əyani nümayişidir" kəlamı məni də duyğulandırır. Doğrudan da, 20 Yanvar şəhidləri Azərbaycanın tarixinə parlaq səhifələr yazaraq xalqın milli azadlığı naminə öz canlarını qurban veriblər”.

Aytac Qurbanlı: “20

Yanvar gecəsi Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın törədilib. Məktəbimizdə hər il yanvar şəhidlərinin anım günü və yürüş aksiyası keçirilir. Tədbirdə qanlı gecənin canlı şahidləri ağrılı-acılı xatirələrini bizimlə bölüşürlər. Biz o hadisələri bir an belə unutmuruq”.

Fərid Baxşəliyev: “Bakıda və rayonlarda 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və polis nəfərləri olub. Sonradan araşdırmalar aparan Moskvadakı "Şit" ("Qalxan") adlı müstəqil hərbi qrup belə bir nəticəyə gəlib ki, Sovet ordusu şəhərin əliyalın sakinlərinə qarşı əsl müharibə aparıb”.

Arzu Abbaslı: “20 Yanvar faciəsinin şəhidlərini daim böyük ehtiramla yad edirik. Hər dəfə Şəhidlər xiyabanını ziyarət edib, məzarları üstünə tər qərənfillər düzərkən düşünürəm ki, canları bahasına əldə edilən müstəqilliyimizi qorumaq üçün hər bir kəs öz məsuliyyətini dərindən dərk etməlidir”.

Nihat Namazov: “Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini öz həyatından uca tutan, xalqının səsinə hər kəsdən əvvəl səs verən ümummilli liderimiz Heydər Əliyev oldu. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham etdi. Ulu Öndərin həmin bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi...”

Aidə Əliyeva: “Sovet ordusunun xalqımıza qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış yüzlərlə günahsız insanın qətlə yetirildiyi və yaralandığı, lakin bu yolda tərəddüd keçirmədikləri haqqında mənim də kifayət qədər məlumatım var. Bütün şəhidlərimizi ehtiramla yad etmək borcumuzdur”.

İbrahim Hüseynov:

“Vətən öz şəhidlərini heç vaxt unutmayacaq. Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. 20 Yanvar qurbanlarının və ərazi bütövlüyümüz uğrunda döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanı. Hər zaman bu ünvanı sadəcə urək ağrısı, göz yaşları ilə deyil, həm də qürurla, fəxrlə ziyarət edirik”.

Ülkər Əsgərzadə: “1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə azğınlaşmış Sovet ordusu Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi. Xalqımız bu faciə qurbanlarını yad etməklə onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır”.

Günel Qasımova: “O müdhiş gecədə şəhid olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqın milli azadlığı, müstəqilliyi və firavan həyatı üçün yol açdılar. Bu yolu açanların sırasında yaşlı Larisa və İlqar, yaşlı Nəriman, 16 yaşlı Vera da var idi. Bu şəhidlik təsdiq edir ki, insanın iç dünyasında yetişən Vətən sevgisi hər şeydən üstündür...”

Xumar Mehdizadə:

“1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının hüzn və şərəf günüdür. O gün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu...”

İsmayıl İsmayılov:

“Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar”.

Məktəblilərin fikirlərini eşitdikcə düşünürdüm: gənclərimiz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızı heç zaman unutmayacaq, onları daim dərin ehtiramla yad edəcəklər. Bakının sadəcə məkan olaraq deyil, həm də mənən ən yüksək zirvəsində salınmış Şəhidlər xiyabanı əsrlər keçsə də xalqımızın əbədi ziyarətgahı olacaq. Burada alovlanan əbədi məşəl heç vaxt sönməyəcək. Bu məşəl öz odunu, alovunu şəhidlərimizin Vətənə, torpağa sevgisindən, azadlıq eşqindən götürür. İllər ötəcək, nəsillər dəyişəcək, lakin şəhidlərimizin xatirəsi ürəklərdə əbədi yaşayacaq, onlar heç vaxt unudulmayacaq.