Azərbaycan dəmiryolçusu.-2018.-yanvar.-¹1.-S.12.

 

UCALIQ

 

İndi ölkəmizdə və Azərbaycanın səsinin eşidildiyi hər yerdə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbirləri keçirilir. Xalqımızın tarixinə qanlı və şanlı səhifə kimi yazılan 20 Yanvar faciəsinin 28-ci ildönümü dövlət səviyyəsində ölkəmizin hər yerində qeyd olunur. Xaricdə yaşayan soydaşlarımız da nümayişlər keçirir, Yanvar faciəsi dəhşətlərini özündə əks etdirən video-süjetlər nümayiş etdirir, bəyanatlar yayırlar.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları Bakıda qırğın törətdilər. Yüzlərlə soydaşımız şəhid oldu, yaralandı. İndi o dəhşətli gecədən iyirmi səkkiz il keçir. Hər il bu ərəfədə anım tədbirləri keçirilir, şəhidlərin ruhuna dualar oxunur.

Bir anlığa o günləri qısa ekskurs edək. Xatırlayırsınızsa, yanvar ayının əvvəllərində Bakıdan hərbçi ailələri köçürüldü. Yanvarın 13-də ermənilər yaşayan mənzillərə naməlum dəstələr hücum etdilər. Elə həmin günün axşamı xəbər yayıldı ki, bu dəstələrə erməni, rus mənşəli adamlar rəhbərlik edirmişlər. Ancaq nədənsə, üstünü ört-basdır etdilər. Bu hadisəyə qədər Kremlin səlahiyyətli adamları Bakıdaydılar. Sonra məlum oldu ki, o zaman Azərbaycana bu məqsədlə 300-dən artıq general göndərilmişdi. Bakı və ətrafında 66,5 min nəfərlik ordu hissələri yerləşdirilmişdi. Yanvarın19-da televiziya və radio işçilərinin mitinqi oldu. Tələb də bu idi ki, televiziya ilə xalqa düzgün məlumat verilsin. Komitənin sədri bu tələbləri Mərkəzi Komitəyə çatdırdı. İşçilərə deyilən cavab bu oldu ki, axşam Moskvadan gələnlər və AXC nümayəndələri televiziya ilə çıxış edib, xalqa məlumat verəcəklər. Mitinqdən az sonra Teleradio Komitəsini mitinqçilər mühasirəyə aldılar. Hətta Bayıl tərəfdən hasar boyunca da adamlar düzülmüşdülər.

Məhz belə bir cinayətkar rejimin heç bir xəbərdarlıq elan etmədən təkcə iki milyon əhalisi olan bir şəhərə - paytaxtımız Bakıya deyil, respublikanın digər yaşayış məntəqələrinə də döyüş hazırlığı vəziyyətinə gətirilmiş qoşun yeritməsi, qabağına çıxan qadın, qoca və uşaqları, ağ xalatlı həkimləri belə gülləbaran etməsi, respublikanın oyuncaq “rəhbərliyini” belə kənarlaşdıraraq hərbi diktatura qurması, dinc əhaliyə vəhşicəsinə divan tutması təsadüfi deyildi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilən faciə də həmin məqsədin reallaşmasına yönəldi.

Məlumdur ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə rus qoşunları müstəqillik arzusu ilə ayağa qalxmış xalqımıza qarşı vəhşilik törətdilər. Bu dəhşətli hadisədə 131 nəfər heç bir günahı olmadan qətlə yetirilmiş, 612 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, yüzlərlə bina dağıdılmışdır.

Bakı küçələrinin qana bələnmiş ağır günlərində faciənin səbəb və mahiyyətini daha dərindən başa düşüb mənsub olduğu xalqın kədərinə qəlbən ağrıyan bir insan, dahi şəxsiyyət var idi. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə baş verən və xeyli insan qırğını ilə nəticələnən bu hərbi müdaxilədən böyük sarsıntı keçirən həmin müdrik və uzaqgörən şəxsiyyət Heydər Əliyev idi.

O, qırğın baş verən günün səhəri Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi və kütləvi informisiya vasitələri ilə Bakıda törədilən qırğına öz etiraz səsini ucaltdı. Bakıya ünvanladığı teleqramda deyilirdi: «Bakı şəhərinə Sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanunazidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram. Mən teleqramın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm».

Vətənə qayıdandan sonra Azərbaycan Respublikasının milli-tarixi ənənələrinə uyğun olaraq yeni dövlət rəmzlərinin-bayrağın, gerbin və himnin qəbuluna nail olan Naxçıvan MR Ali Sovetinin xalq deputatı Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilməsi, günahkarların cəzalandırılması barədə təkliflə Azərbaycan rəhbərliyi qarşısında məsələ qaldırmışdır.

Həmin günün tarixi əhəmiyyəti həm də onda oldu ki, sovet rejimi bu cinayəti törətməklə xalqımızla özü arasında bütün körpüləri yandırdı, artıq ən loyal azərbaycanlı belə həmin ordunun ona düşmən olduğunu anladı, daxilən sarsıldı, törədilən cinayətləri nə özünə, nə də ətrafdakılara izah edə, bu rejimə haqq qazandıra bilmədi, Azərbaycan xalqının kommunist rejimi ilə olan-qalan bağları da qırıldı. Bütün Azərbaycan cəmiyyəti, onun siyasi elitası sovet imperiyasının aşkar iflasını tam çılpaqlığı ilə dərk etdi.

20 Yanvar 1990-cı il tarixdə öz azadlığı və istiqlaliyyəti uğrunda həmin faciəli gecədə yüzlərlə ölənlər və yaralananlar arasında dəmiryolçular və onların ailə üzvləri də olmuşdur. Bunlar aşağıdakılardır: İsmayılov Rəşid İslam oğlu - daşıma xidmətində şöbə rəisinin müavini (həlak olub); İsayeva Rəhilə Ağabala qızı - Biləcəri qovşaq poliklinikasının tibb bacısı (oğlu vəfat edib); Əliyev Qabil Mustafa oğlu - Biləcəri stansiyasında (keçmiş) tənzimləyici (yaralanıb); Ağakişiyeva Qızbacı Şahbala qızı - Yol GEM- in dezinfektorçusu (həyat yoldaşı həlak olub); Nəcəfov Abdulla Baloğlan oğlu - Keşlə stansiyası ( keçmiş Bakı yükvurma-yük boşaltma distansiyasının fəhləsi) (yaralanıb); Əliyev Yusif Nadir oğlu - Biləcəri Lokomotiv deposu, maşinist (yaralanıb); Nəsirov Şiraslan Şirəli oğlu - Bakı vaqon deposunda çilingər (qardaşı həlak olub); Məhərrəmov Cəmil Məhərrəm oğlu - Bakı vaqon deposunda bələdçisi (yaralanıb); Boqdanova Valentina Karpovna - DPİP Qərb istiqaməti üzrə kadrlar şöbəsinin keçmiş inspektoru (oğlu həlak olub); Babayeva Yasəmən Əhəd qızı - Bakı vaqon deposunda bələdçi (oğlu yaralanıb); Kərimova Lətifə Sergey qızı - Biləcəri lokomotiv deposunun kompressorçusu (yoldaşı həlak olub). Rəhbərlik hər il onlara maddi və mənəvi dəstək olur.

Allah cəmi-şəhidlərə rəhmət eləsin.