Ədalət. - 2018.- 23 may. - 91. - S. 7.

 

TÜRK DÜNYASININ AZADLIĞI AZƏRBAYCAN ŞAİRLƏRİNİN YARADICILIĞINDA

 

Müsəlman Şərqində ilk demokratik və parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin-100 illiyi münasibətilə

 

Göyərçin Abidqızı,

Filologiya üzrə fəlsəfə doktoru

 

(əvvəli ötən sayımızda)

Bilməm vətənin gülşəni-rənasıa nolmuş,

Üçnufeyi-manafiq kimi bünyanı pozulmuş,

Cahillərin əfkarı kimi tar vətəndir.

 

deyərək: "Əgər vətən azadlıq, istiqlaliyyət kimi müqəddəs nemətlərdən məhrum isə, onda bəs onun nəyi vardır sualı ilə "Nəyimiz var?" şeirində:

 

Nə istedadi-ülviyyət, nə də ürfanımız vardır.

Fikirsiz, xeyirsiz yüz min sürü nadanımız vardır.

Deyi inkarı qabil, pək bəidir adamiyyətdən.

Çox azdır bizdə insan, çox da çox heyranımız vardır.

 

və yaxud

 

....Bütün əfradımız lax urmada insafü vicdandan,

Fəqət heyhat, nə insafi nə vicdanımız vardır.

 

"Yazıq millət", "Səfalət bizdə, zillət bizdə, hər dürlü bəla bizdə!" - deyən şair vətəninin ağır dərdlərindən danışır.

Hadi ömrünün ağır keçən uşaqlıq illərini, mükəmməl və masir təhsil ala bilmədiyini xatırlayaraq, eyni zamanda deyirdi: "Əgər mən ailə qura bilsəydim, öz övladıma hələ beşikdə ikən vətən məhəbbəti və azadlıq fikri aşılayardım".

Abdulla Şaiqin lirikasında vətənin ehtiyac və dərdlərindən, zülm və istibdadın dözülməzliyindən, "çörək dərdi" çəkən analardan, "sərvətə satılan" qızlardan, yoxsul kəndli məişətindən, "zillət və fəlakətlərdən" danışdığı zaman oxucu onun sözlərini xalqını, millətini düşünən bir istiqlal şairinin sözləri kimi qəbul edir. Bu, şairin "Parçalar" şeirlərində də özünü göstərir:

 

Səbəbi-iğbir arımı sorma

Olmamaq olur bun dəhr kamımca.

Budur, ey vah, baisi-ələmim:

Vətəni görmədim məramımca!

 

Bütün yaradıcılığı boyu A.Saiq vətənini azad, xalqını xoşbəxt görmək arzusundadır. Şairin azadlığa, istiqlala həsr etdiyi "Yad et!", "Parçalar", "İrəli!", "Simurq quşu" kimi şeirləri diqqəti cəlb edir.

 

O dumanlı, fırtınalı keçmişlərdən uzaqlaş!

Odlu, mətin addımlarla yürü, yürü, durma, marş!

İrəli, inan ki, bir cənnət qədər cahan var,

Sabah günəş orda doğar, səadət orda parlar!

 

Əhməd Cavadın Xalq Cümhuriyyəti və bir qədər ondan əvvəlki dövr həyatı və yaradıcılığı təkcə Azərbaycan istiqlalı uğrunda deyil, həm də Türkiyənin ağır geosiyasi vəziyyətə düşdüyü o illərdə qardaş ellərin istiqlalı uğrunda mübarizə salnaməsi kimi səslənir.

O sevdiyim mərmər sinəli yarın,

Diyorlar qoynunda yabançı əl var.

Baxıb üfüqlərə, uzaq yollara,

Ağlıyormuş mavi gözlü axşamlar.

 

Azərbaycanda istiqlal bir xəyal kimi tez gəlib keçdi.

XX əsrdə "23 ayın", "azadlığın", "istiqlalın" həsrətini çəkən Azərbaycan xalqı yeni Cavidlər, Cavadlar, Müşfiqlər, Hadilər, Üzeyirlər dünyaya gətirdi. Azərbaycan xalqı bitib tükənməyən sərvətinin sonsuzlugunu düşmənə bir daha sübut etdi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi bir cox şairlərimiz xalqı əsrimizin sonlarında azadlıga səsləyən və bu azadlığı sonsuza qədər əldə etməyə nail olan sənətkarlarımız doguldu.

Milli istiqlalımızın poetik nəğməkarı, azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında tarixi xidmətləri olan ziyalılardan biri də xalq sairi Xəlil Rza Ulutürkdur. Şair XX əsrin 50-ci illərində yaradıcılığa başlayıb, 60-70-ci illərdə bir sənətkar kimi püxtələşən İkinci Respublika dövrünün yasaq çərçivələrini parçalayıb əsərləri və ictimai fəaliyyətilə rejimə meydan oxuyan, 80-90-cı illərdə Azərbaycanın azadlığı və istiqlalı uğrunda mübarizəni öz yaradıcılıq və vətəndaş amalına çevirən görkəmli xalq şairimizdir. "Böyük məsuliyyətlə və özünə qarşı amansız tələb-karlıqla hüdudlanan fasiləsiz idrakı axtarışlar və tapıntılar Xəlil Rza Ulutürkün lirik qəhrəmanının başlıca əlamətlərindən biri, bəlkə də birincisidir".

Vətənin azadlığı, isdiqlalı üçün səsini ucaldan şair:

 

...Alın paltarında nadan görəndə

Bir az addımını ləngidir Vətən,

Mərdlərin əliylə ağ ciyərlərin

Üzünə çırpılan sillədir Vətən...

"Böyük sairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: "Xəlil Rzanın böyüklüyü ondadır ki, o doğma törpağının azadlığı, xalqının səadəti yolunda öz canından belə keçməyə hazır olan, son dərəcədə cəsarətli, qeyrətli şair-vətəndaş idi. Onun zəngin və mərdanə poeziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdı".

Xəlil Rza Ulutürk yaradıcılığında türkçülük, turançılıq, türk birliyi gücünü hər zaman "Azadlıq meydanı", "Qalx ayağa, Azərbaycan", "Sən alçaqsan", "Boz qurda öygü", "Azərbaycan türkcəsi", "Türk" və s. şeirlərində tərənnüm etmişdir.

Xəlil Rza Ulutürkün, milli azadlıq və demokratiya uğrunda hərəkatin inkişafında tarixi xidmətləri böyükdür. Bu ziyalılardan biri də dahi şairimiz Bəxtiyar Vahabzadədir.

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının fəallarından biri idi.

Şair, dramaturq, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Xalq şairi, filologiya elimləri doktoru, professor, Azərbaycan MEA-nin həqiqi üzvü, Əməkdar İncəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı Lauratı, millət vəkili, ən önəmlisi də millətinin azadlıgı uğrunda qələmini süngüyə çevirmiş Bəxtiyar Vahabzadə.

Yaşar Qarayevin dediyi kimi: "Bəxtiyar Vahabzadə üçün ayrıca bir "tarixilik" anlayışı yoxdu; ayrıca bir ənənəvi, milli xarakter; ayrıca bir müasir "intellektual qəhrəman" yoxdur. Onun üçün yalnız eyni, vahid, yekparə varlıq müqəddəs, ədəbi Azərbaycan vardır". (8.196)

Şairin 1958-ci ildə yazdıgı "Gülüstan" poemasına görə "millətçi" damğası vurularaq 1962-ci ildə Azərbaycan Dövlət Universitetindən xaric edilir. Poemada iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş şair, rus və fars imperiyasının pəncəsi altında vətən uğrunda ədalətli mübarizəyə qoşulmuşdu. Şair Sovet rejimində milli varlığı tapdanan, hər cür zülmə məruz qalan millətinin dərdini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poema və pyeslərində öz xalqının dərdlərini dilə gətirmişdi. Sovet rejimi dövründə yazılan bu səpgili şeirlərini şair yalnız Sovet İttifaqı dağılandan sonra, "Sandıqdan səslər" başlığı altında nəşr etdirir. 20 yanvar faciəsinə indiyədək cox əsərlər, məqalələr, şeirlər yazılıb. Lakin bu faciəyə yüksək səviyyədə həqiqi siyasi qiymətini öz qələmilə Bəxtiyar Vahabzadə verib.

Şairin "Şəhidlər" kitabında gedən "Nə istəyir bu millət?", "Təzadlar içində", "Eşq olsun sizə", "Matəm mərasimi", "Xəcalət", "İlham-Fərizə", "İki gün sonra", "Şəhidlər", "Son" kimi xalqın ağrı-acılarını göstərən şeirlər şairin bu hadisəni əks etdirən dəyərli əsərləridir.

"Şəhidlər" şeirində:

 

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üç rəngli bayragı öz qanlarıyla

Vətən göylərinə çəkdi şəhidlər.

Bəxtiyar Vahabzadə bir vətəndaş kimi öz duyğularını, millətinin bu acı anlarını şeirlərində əks etdirir, xalqı ilə bərabər "Qara yanvarı" yaşayır.

Xalqın dərdinə şərik olan şair hər zaman millətin azadlığı, istiqlalı uğrunda qələmi ilə mübarizə aparmış, şeirlərində türk xalqının qanı bahasına olsa belə, heç vaxt məğlub olmayacağını, hər bir misrasında səsləndirir.

Azərbaycan xalqı XX əsrin əvvəllərində 23 ayda qoruyub əldə saxlaya bilmədiyi azadlığına, 1993-cü ildə Ulu öndərimiz Heydər Əliyevin güclü siyasəti və vətən oğullarının, şəhidlərimizin tokdüyü qanı bahasına yenidən qovuşdu. Bayrağına, gerbinə, müstəqilliyinə sarılan millət bir daha sübut etdi ki, Azərbaycan dövləti gec də olsa itirdiklərinə sahib çıxır.

XXI əsrdə Azərbaycan xalqı bir daha sübut etdi ki, onun "azadlığı", "istiqlaliyyəti" və ən güclü dövlətlər sırasında dayanacaq "qüdrəti" vardır.