İki sahil.-2018.-19 yanvar.-¹11.-S.10.

 

Tariximizin 20 Yanvar səhifəsi

 

Ramiz Qasımov,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

20 Yanvar hadisələri xalqımızın qan yaddaşını təşkil edir. Hüzn dolu, ürəkləri göynədən bir faciə olsa da, bu tarixi qəhrəmanlıq dolu gündə xalqımız istiqlaliyyət yolunda əzm və iradə nümayiş etdirdi. Kütləvi olaraq xalq hərəkatında iştirak edən hər bir azərbaycanlının qəlbində yalnız milli azadlıq naminə mübarizə hissi hakim idi. Buna görə də sovet imperiyası kimi qəddar bir siyasi mexanizmə qarşı mücadilə açan Azərbaycan xalqı bu tarixi gündə azadlıqsevər və mücadiləçi olduğunu qətiyyətlə nümayiş etdirdi. Tankların qabağında canını sipər edən xalq istiqlaliyyət yolunda özünü şəhid edərək Vətən torpağını öz qanı ilə suvardı. Buna görə də milli azadlıq uğrunda qətiyyət və dönməzlik nümayiş etdirən xalqımızın tarixində 20 Yanvar qəhrəmanlıq və şücaətlə dolu şanlı bir tarix səhifəsini təşkil edir. 20 Yanvar günü, həmçinin xalqımızın azadlıq üçün apardığı mücadilə yolunda misilsiz qəhrəmanlıq örnəyidir.

1988-ci ildən başlanan xalq hərəkatı ermənilərin Azərbaycan torpaqlarına qarşı ərazi iddialarına yönəlməklə bərabər milli azadlıq və müstəqillik məqsədi də kəsb edirdi. Erməni xəyanətkarlarının ərazi iddiaları vətən naminə canını qurban etməyə hazır çoxmilyonluq xalq kütləsi tərəfindən qəti etirazla qarşılandı, imperiya qüvvələrinin Azərbaycana qarşı xəyanətkar və ermənipərəst mövqeyi nifrət və qəzəblə qarşılanaraq xalqın milli birliyi ilə mübarizə halı almasına səbəb oldu. Beləliklə, torpaqlarımızın bütövlüyü və milli istiqlaliyyət məqsədi kəsb edən xalq hərəkatı geniş vüsət aldı. Xalqın iradəsini qırmaq niyyətilə qanlı terror aktına əl atan Sovet imperiyası qoşunlarının Bakı şəhərinə yeritməklə planlı şəkildə xalqı məhv etmək məqsədi güdürdü.

Xəyanətkar mövqe tutan Azərbaycanın o zamankı rəhbərləri də sovet imperiya qüvvələrinin dəyirmanına su tökərək bu qanlı hadisələrin baş verməsinə imkan vermiş, hətta Azərbaycan xalqının bu qanlı hadisələrdən xəbərsiz qalmasına cəhd göstərmişdilər. 20 Yanvar faciəsinə ilk münasibət bildirən və siyasi-hüquqi qiymət verən xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyev olmuşdur. 1990-cı il yanvarın 21-də xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xaincəsinə törədilmiş 20 Yanvar faciəsi ilə əlaqədar çıxış etmiş, bu barədə məlumatı bütün dünyaya bildirmiş, cinayətkarları və xüsusilə, SSRİ rəhbərliyini ağır ittiham etmişdi. Şübhəsiz, Ulu Öndərin bu çıxışı olmasa və yayınlanmasaydı, heç bir dünya ölkəsində, ayrı-ayrı adamlarda, hətta blokadaya salınaraq Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvanda bu barədə məlumat olmayacaqdı.

20 Yanvar faciəsinə rəsmi münasibət də məhz ulu öndər Heydər Əliyev tərəfindən doğma vətəni Naxçıvanda olarkən bildirilmişdir. Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən Ali Məclisin 21 noyabr 1990-cı il tarixli sessiyasında şəxsən təşəbbüskarlıq göstərərək bu qanlı hadisəyə qarşı rəsmi münasibət bildirmiş, ilk siyasi-hüquqi qiymət verilmişdir.

Hətta Azərbaycanda dövlət müstəqilliyi əldə olunduqdan sonra da başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsinə maraq göstərməmiş, bu istiqamətdə məqsədyönlü iş aparmamışdılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdandan sonra 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilmişdir. Həmçinin Ümummilli Liderimiz Şəhidlər xiyabanını ziyarət edərkən burada memorial kompleksin ucaldılması ilə bağlı tapşırıq vermiş, 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzalanan Fərmanla Azərbaycan Respublikasının Milli Məclisinə hadisəyə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdu. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsinin xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirilməsi, təqsirkarların məsuliyyət dərəcəsinin müəyyənləşdirilməsi də məhz Ümummilli Liderimizin təşəbbüsü ilə mümkün olmuşdur. Cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmış və 20 Yanvar Umumxalq Hüzn Günü olaraq elan edilmişdir. XXI əsrin lideri kimi şöhrətlənən ulu öndərimiz Heydər Əliyev 20 Yanvar faciəsinə qiymət verərkən demişdir: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.

Qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsinə gedən yol Azərbaycanın göz bəbəyi olan Naxçıvanın ərazisinə silahlı hücum və basqınlardan başlamışdır. Azərbaycanın qədim və əzəli torpağı olan Naxçıvana silahlı hücum edən ermənilərə qarşı Naxçıvan əhalisi qəhrəmanlıq və mübarizliklə cavab vermişdir. Sədərəyə hücumla başlanan bu basqınları naxçıvanlılar qəhrəmanlıqla dəf etmiş və Vətənin bir qarış torpağını da düşmənə verməmək uğrunda canı və qanı ilə döyüşmüşdür. 1990-cı ildən şiddətlənən erməni hücumları zamanı Naxçıvan özünün mübarizə əzmini, Vətənə bağlılıq, qeyrət və qəhrəmanlıq şücaətini ortaya qoydu. Döyüşə atılan hər oğulun ürəyində vətənpərvərlik duyğuları, alnında qəhrəmanlıq yazısı görünürdü. Torpaq uğrunda şəhid olan hər bir igidimizin qəlbində, dilində “Vətən sağ olsun” nidası eşidilirdi. Onlarla naxçıvanlı şəhid oldu, xəsarət aldı, fiziki şikəstlik qazandı. Lakin Vətənin bir qarışı da düşmən tapdağına verilmədi. Naxçıvan torpağı qəhrəmanlıq və qeyrət dolu insanların mübarizə əzmi, ulu öndər Heydər Əliyevin uzaqgörən zəkası, siyasi qətiyyəti, diplomatik məharəti nəticəsində müdafiə olundu, qorundu və inkişaf etdirildi. Ulu öndər Heydər Əliyevin məharətli diplomatik addımları ilə Naxçıvan Muxtar Respublikası düşmən işğalından qorunmaqla bərabər blokadanın çətinliklərindən xilas edildi, əhalinin həyat şəraiti və yaşayışı təmin edildi.

Bu gün davam və inkişaf etdirilən Heydər Əliyev siyasəti Naxçıvan Muxtar Respublikasında yüksək inkişaf, sürətli dirçəliş və vüsətli abadlıq-quruculuq, yeniləşmə ilə müşayiət olunur. Şəhidlərimizin qanı bahasına qorunan torpaqlarımızda əhalinin rahat və əmin-amanlıq içərisində yaşayışı təmin olunub, hər cür şərait və imkanlar yaradılıb. Dünən vətənpərvər sakinlərin qoruduğu sərhədləri bu gün inkişaf etmiş Azərbaycan ordusunun əsgərləri qoruyur, inkişaf və tərəqqi yolu keçən ölkə düşmənə ən layiqli cavabı ifadə edir.

20 Yanvar faciə dolu hadisə olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzminin nümayişidir. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı və dövlət müstəqilliyinə yol açdılar. Bu gün Azərbaycan bayrağı torpaqlarımızın hər bölgəsində qürur və fəxarətlə dalğalanır. Azərbaycan xalqı şəhidlərinin simasında bütün dünyaya azadlıq üçün ölümə hazır olan millət idealını təcəssüm etdirdi. Bu gün azad torpağımızın hər guşəsində milli fəxarət və qürur nümayiş etdirən Şəhidlər xiyabanı var. Onların canlarını sevərək fəda etdiyi Azərbaycan xalqı isə adlarını uca tutur, əbədiləşdirir, həmişə hörmət və sayğı ilə xatırlayır. Dövlətimiz tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları ilə bu kateqoriyadan olan insanlara göstərilən dövlət qayğısı daha da artırılmışdır. Həmçinin Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində şəhidlərin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

20 Yanvar faciəsindən 28 il ötür. Əbədi, dönməz və sarsılmaz müstəqilliyimizin işığında yaşayan xalqımız hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edir, xatirəsini əziz tutur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır"’.