525-ci qəzet. - 2018.- 16 may. - 87. - S. 7.

 

Nəsillərin söhbəti, yaxud varislik motivləri

 

Etibar İmamverdi oğlu Əbilov

 

Hörmətli Nəriman müəllim!

... Atamın evinin divarlarından, müxtəlif ölçülü çərçivələrdə bir neçə şəkil asılıb. O çərçivələrdəki şəkillərdən biri, atamın universitet vinetkasıdır. Mən o vinetkaya hər dəfə baxanda heyrət etmişəm, İlahi, atama kimlər dərs deyib: Məmməd Arif, Cəfər Xəndan, Əli Sultanlı, Mir Cəlal, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Əzəl Dəmirçizadə, Feyzulla Qasımzadə... Təsəvvür edirsinizmi?

Ədəbiyyat - dil tariximizi yaradanlar. Atam öz müəllimləri haqqında danışmağı çox sevərdi. Biz uşaqların o vaxt iki cür nağılları var idi: bir bütün uşaqların bildiyi, kitablarda olan nağıllar, bir də atamın öz müəllimləri haqqında danışdığı, gerçək olsa da, bizə nağıl təsiri bağışlayan əhvalatlar.

"Xəlvətdə yanan şam" əsəriniz, atamın da müəllimi olmuş həmin müəllimlərdən birinə - Mir Cəlala həsr olunub...

"Xəlvətdə yanan şam" əsərinizi (Nəriman Həsənzadə, "Xəlvətdə yanan şam" dramatik poema. "Azərbaycan" jurnalı, 4, 2018 - red) diqqətlə və dəfələrlə oxudum. Əvvəla onu deyim ki, Sizin bu əsəri yazacağınız gözlənilən idi. Siz Mir Cəlal haqqında ilk mətbu yazınızı (hər halda mən oxuduğumu deyirəm) 53 il bundan əvvəl yazmısınız. Həmin yazı Mir Cəlal müəllimin "Gülbəsləyən qız" kitabı haqqında məqalədir ki, 1965-ci ilin 20 noyabrında "Ədəbiyyat və incəsənət" qəzetində çap olunub. O vaxtdan keçən bu illər ərzində Mir Cəlal müəllim haqqında çoxlu sayda məqalələr yazmısınız, müəlliminizə silsilə şeirlər ("Bilmədim", "Ayırır", "Mir Cəlal hey...", "Mir Cəlal misal çəkərdi" və s.) həsr etmisiniz. Yazdığınız şeirlərdən, məqalələrdən, çoxsaylı müsahibələrinizdən, haqqınızda olan televiziya verilişlərindən mən (təkcə mənmi?) belə qənaətə gəlirəm ki, Siz özünüzü həmişə Mir Cəlal müəllimə borclu bilirsiniz və bu borcu qaytarmaq Sizin üçün (Mir Cəlal müəllim haqqında Sizdən çox yazan, çox danışan olmasa da) deyəsən mümkünsüzdür.

"Xəlvətdə yanan şam" əsərindəki hadisələr XX əsrin II yarısında cərəyan etsə də (Qiyamın hərbi xidmət illərindən başlamış - Mir Cəlal oğlu Arifin evini ona bağışlamasına qədər olan dövr), burada tarixin ayrı-ayrı dövrləri haqqında (Makedoniyalı İsgəndərin həyatından bəzi məqamlar. 37-ci il repressiyası. 1991-ci ildə sərhəd dirəklərinin sökülməsi və s.) söhbət açılır və sadaladığım həmin hadisələr, əsərin daha maraqlı, daha dolğun və bitkin alınmasında xüsusi əhəmiyyət kəsb edir.

Bu əsərdə 5 iştirakçı var - onların 4-ü öz adı ilə adlandırılıb. Təkcə Qiyamdan başqa. Qiyam təbii ki, Sizsiniz. Bu həm də rəmzi bir addır. Mir Cəlal müəllim Qiyamı oğlu Ariflə tanış edəndə, Arif çox dəqiq olaraq onun adının ikimənalı olduğunu deyir. Sonra zarafatla Qiyamdan "Qiyama, üsyana yoxdu meyliniz?" - soruşanda, Qiyam da yarızarafat (amma əslində gerçək) olaraq "Yəqin içimizdə üsyançıyıq biz" - deyir.

Bu əsər həm də Sizin öz taleyiniz haqqındadır. Sizin ağır, məşəqqətlə keçən uşaqlıq, yeniyetməlik, nisbətən də gənclik illəriniz Azərbaycanda çoxlarına məlumdur, lap körpə yaşlarınızdan atanızı itirməyiniz, ananızın çörək bişirib sataraq Sizi min bir əziyyətlə böyütməsi, yenə ehtiyac içərisində keçən Gəncə tələbəlik illəriniz ("Düz dörd il geyindim köhnə pencəyi, qolu gödək oldu, boynu yamaqlı", "Şeirim qəzetdə çap oldu, ancaq, bir qəzet almağa pulum olmadı", "Arabir xəlvəti baxıb sevindim, təzə yamağına köhnə çəkməmin"), sonra sovet dövrü kiminsə əvəzinə əsgər getməyiniz, əsgərlikdə olarkən ananızın vəfat xəbərini almanız. Sizi dəfnə buraxmamaları, sarsılmağınız, komandirin - sonra da Sizi evə, dövrəyə almış silahlı əsgərlərin üzərinə silah çəkməyiniz, hərbi məhkəməyə verilməyinizin əndişəsini yaşamağınız... Moskvada ikinci ali təhsilinizi alıb Bakıya qayıtmağınız və Bakıda iş tapa bilməməyiniz... Qarşılaşdığınız haqsızlıqlar haqqında Sizin adınızdan "Xəlvətdə yanan şam" əsərində Qiyam danışır. Qiyamın qarşılaşdığı haqsızlıqlar onun daxilində bir qiyam hissi yaradıb:

 

Əvvəl dərs oxudum Gəncədə dörd il,

Sonra Moskvada - ikinci təhsil.

Qayıdıb gəldim ki, bir iş verəllər,

Orda görmədilər, burda görəllər.

 

Amma nəinki görmürlər, hələ üstəlik:

 

Seçib ortababı başa çəkirlər,

Bu cür küt bıçağı daşa çəkirlər.

Böyük adamları kiçiklər danır,

Kiçik həyasızdı, böyük qısqanır.

Sözü düz deyəndə, hürkub əsən var,

Məmmədin yanında, Məmmədhəsən var.

 

Qiyam da həyatdan, Cavid Əfəndi kimi ədalət istəyir:

 

Ədalət istədi şair həyatdan.

Çağırdı: "Ədalət, sən ey ədalət!"

Ədalət-xülyaymış, əfəndim, əvət!

 

Qarşılaşdığı bu ədalətsizliklər üzündən Qiyam Vətəndən də, millətdən də rəncidədir:

 

Nə vətən arxamdır, nə millət arxam.

 

Qiyamın bu daxili gərginliyini Mir Cəlal müəllim də eşidir. O, gənc şair Qiyamın narahat düşüncələrini başa düşür:

 

Böyük Nəsimidən üzübəriyə,

Şairlər həssasdı düzə-əyriyə,

Bəzən dözə bilmir... çünki pak olur,

Bir söz qəzasında o, həlak olur.

Cavidlər, müşfiqlər getdi güdaza

Vay o millətə ki, belə uduza!

Ən böyük cinayət şairə qəsddi,

Millətin içində o müqəddəsdi.

 

Mir Cəlal, Qiyamın timsalında gələcəyin Vurğununu, Müşfiqini görür. O, Qiyamı zamanın keçməkeşlərindən qorumağı sanki özünə borc bilir. Cəmiyyətdəki haqsızlıqlar haqqında fikirlərində Qiyam təbii ki, haqlıdır. Amma "nə vətən arxamdı, nə millət arxam" - deyən Qiyamın bu fikri ilə Mir Cəlal heç cür barışa bilməz və bunu Qiyamın özünə də deyir:

 

Bunlar işsizliyin fəsadlarıdı,

Dünya - tarazlığın təzadlarıdı.

Müqəddəs sayılıb həmişə vətən.

Üzün dönəndə də, sevməyi öyrən.

 

Sevməyi öyrən!.. Vətənini, millətini, xalqını, tarixini... dərin bir məhəbbətlə sev! Müəlliminin ona bu tövsiyəsi - sonralar Qiyamın həyat amalına çevrildi və "Xəlvətdə yanan şam" əsəri də, həmin amalın işığında yaranmış çox dəyərli və qiymətli bir əsərdir.

Qədim Dünyanın, Qərbin bir çox filosofları, yazıçıları Şərqə, Asiyaya, türklərə, müqəddəs dinimizə, həsrəti Peyğəmbərimizə qərəzli münasibət bəsləyiblər və bu zərərli meyl çox təəssüf ki, bu günə qədər də davam edir. Bu zərərli tendensiya bir şərq insanı olaraq, bir müsəlman, bir türk, bir fikir adamı olaraq Sizi də narahat edir. "Xəlvətdə yanan şam" pyesində, Qiyamın şəxsində Siz bu məsələlərə toxunursunuz. Özü də kəskinliklə. Məsələn, Qiyam Mir Cəlal müəllimlə söhbətində Makedoniyalı İsgəndərin müəllimi Aristotelin bir fikri ilə heç cür barışa bilmir:

 

Ərəstun sarayda söz sahibiydi,

Təkcə müəllim yox, ata kimiydi.

Bir gün İsgəndərə məsləhət verib,

Guya bu haqqı da təbiət verib:

Deyib ki, yunanlar, avropalılar,

Özün hegemon ol, arxandı onlar.

Şərqə, Asiyaya daim nifrət et,

O vəhşi xalqları ot kimi biç, get.

 

Əlbəttə, Qiyamın istedadına, güclü məntiqinə inanan və bunun püxtələşməyini istəyən Mir Cəlal, Qiyamın haqlı olduğunu bilir, amma sanki qəsdən (təbii ki, Mir Cəlalın dedikləri də tam həqiqətdir) gənc şairi mübahisəyə çəkir:

 

Amma... Aristotel nüfuzdu, nüfuz...

Bizim əsr-əsr oxuduğumuz,

Misal çəkdiyimiz, öyrəndiyimiz

Dahi şəxsiyyətdi, alimdi... şəksiz...

 

Bunu Qiyam da bilir. Amma Qiyam yenə də haqlıdır ki:

 

Şərqdə şagirdinə müəllim deməz,

Filan xalq vəhşidi, get onu as, kəs...

 

Qiyam böyük, uca saydığı insanlarda onların böyüklüyünü, ucalığını da görmək istəyir. Oxuduqlarının, tanıdıqlarının hamısını danmır. "İrvinq Vaşinqton başqadır tamam, xeyir carçısıdır Əleyhissalam!" deyir.

 

Tələbəsində gördüyü bu sevinci, o, işıq, nur kimi qəbul edir və onun yox, Azərbaycanın sabahını da təsəvvür edir:

 

... bir gün gələcək,

millət öz oğlunu yetişdirəcək.

Yığacaq bir yerə bütün dünyanı,

İslamı, ordan da xristianı.

Buddaşı xalqları, yəhudiləri,

bütün bu dinləri, bütün dilləri.

Bakıda qurultay çağıracaqdı.

Deyəcək yaşayın, yollar açıqdı.

Deyəcək söyməyin bir-birinizi,

onda tanıyacaq Avropa bizi.

... İnsan öz içindən işıqlananda,

özünüdərki də başlayır onda.

 

Qiyam o vaxta qədər artıq iki ali məktəb bitirmişdi. İndi də aspirantdır. Amma ən böyük məktəbi o, Mir Cəlal ilə söhbətlərində keçir. Mir Cəlal onunla söhbətlərində Qiyamın fikirlərini sanki cilalayır, bəzən onun düşüncələrinə istiqamət verir. Qiyamın müstəqil, cəsarətli fikirlərini yüksək qiymətləndirir, onu öz haqlı qənaətlərində israrlı olmağa səsləyir:

 

De, Qiyam, qoy desin fikrini hər kəs,

Deməsə, beyin də inkişaf etməz.

 

Mir Cəlala görə, əgər fikrində haqlısansa, Aristotel, Evripid kimi dahilərin sənə görə düz olmayan fikirlərinə etiraz da edə bilərsən. Necə ki, Qiyam öz fikirlərində haqlıdır. Axı, əslən yunan olan Aristotel də, Evripid də bilməmiş deyillər ki:

 

Misirdən öyrənib qədim yunanlar,

Pifaqor, Demokrat, Fales... dühalar...

 

Deməli, qədim yunanlar dünya elminə, mədəniyyətinə verdikləri töhfələrə görə hardasa qədim Misir elminə, mədəniyyətinə borcludurlar. Belə isə kim daha haqlıdır. Asiyalını vəhşi adlandıran Aristotelmi, şərqlini "Ələbaxan" kimi görən Evripidmi, yoxsa:

 

Qərb Şərqi, Şərq Qərbi öyrənsə əgər,

Qərb bir az şərqləşər, Şərq də qərbləşər - deyən Qiyam?

 

Ümumiyyətlə, Aristotelin, Evripidin, eləcə də Volterin, Kantın qərəzli təfriqəçi fikirləri haqqında ağrılı düşüncələrini Qiyam öz müəllimi ilə bölüşməyə özündə daxili bir ehtiyac hiss edir. Mir Cəlal müəllim isə öz müdrik mühakimələri ilə Qiyamın narahat düşüncələrinə sanki bir təskinlik gətirir.

Yuxarıda qeyd elədiyim kimi, "Xəlvətdə yanan şam" əsəri Mir Cəlal müəllimin 110 illiyinə həsr olunub və bu əsərdə Mir Cəlal müəllimin həyatının, düşüncələrinin, Təbriz (Əndəbil kəndi) həsrətinin, Püstə xanımla tanışlığı, ailə qurması, H.Cavid, Ə.Cavad, M.Müşfiq, S.Vurğun, akademik Bertelslə dostluğunun, 37-ci ildə yaşadığı məşəqqətli hadisələrin, 1945-46-cı illərdə Cənubi Azərbaycandakı fəaliyyətinin, yazıçılığının, müəllimliyinin, tələbələri ilə münasibətinin... ən mühüm məqamları ilə tanış oluruq. Mir Cəlal müəllim Azərbaycan tarixinin ən mürəkkəb, ən faciəli dövründə yaşayıb, fəaliyyət göstərib. Moskvada Stalinin, Bakıda Bağırovun hakimiyyətdə olduğu illər: Müşfiq demiş - Millətin, dinin əldən getdiyi zamanlar... Dünyanın ən iztirablı vaxtları. Amansız qanunlar dövrü:

 

Qanun da bəzənir qız tək, gəlin tək,

Sonra tətbiq elə istədiyin tək.

 

Bu əsərdə Mir Cəlalın dostluğundan da söhbət açılır. Müşfiq faciəsinin ağrısı (həm də Cavidin, Əhməd Cavadın və digər repressiya qurbanlarının) Mir Cəlal müəllimi bütün ömrü boyu ağrıdır. Onun Müşfiq haqqında dedikləri nə qədər yanıqlıdır:

 

Onun naləsinə torpaq oyandı,

Dediyi sözlərin oduna yandı.

Şirin gülüşünü, tanış səsini,

Şerin hecasını, qafiyəsini,

Dolu sinəsini nişan aldılar,

Haqqın töhfəsini nişan aldılar.

 

Doğrudan da, Müşfiq haqqın - Allahın töhfəsi idi. Allahın töhfəsinə qıyanları isə Allah heç zaman bağışlamır.

37-ci il hadisələri Mir Cəlal müəllimin taleyindən də yan keçməyib. Çünki Mir Cəlal artıq o vaxt tanınmış yazıçı idi. Hüseyn Cavidlə, Əhməd Cavadla, Müşfiqlə dostluq edirdi. Hətta bu üç böyük insan həbs olunan gün bir yerdə - qadınları ilə birlikdə, Cavidin ad günündə olmuşdular. Cavid, Əhməd Cavad, Müşfiq həbs olunandan sonra, Mir Cəlalın səksəkəli, gərgin, narahat günlərini Püstə xanım belə xatırlayır:

 

Aşağıdan, küçədən,

Qəfil gəlsəydi bir səs, -

Mir Cəlal deyəsiydi:

"Yol çantamı ver, tələs.

Onlar məni gözləməz".

Mən də bir az təngnəfəs...

Mir Cəlal gözləyirdi

Ayı, günü, saatı,

Evdə - müddətsiziydi

Onun sürgün həyatı...

 

Mir Cəlal müəllim milli ruhlu insan olub. Onun məşhur "Manifestindəki" "itə ataram, yada satmaram" fikri, yazıldığı vaxtdan insanlar arasında bir zərbül-məsələ çevrilib. Həmin əsər Qiyamın da bir vətənpərvər kimi yetişməsində böyük rol oynayıb:

 

Mir Cəlal müəllim, ordakı eyham!

O, "itə ataram, yada satmaram!"

O sözlər od salır dilə-ağıza,

Necə bükübsünüz odu kağıza...

 

Mir Cəlal müəlim xalqın işıqlı gələcəyinə inanır və onu da bilir ki, işıqlı gələcək gəncliyin, bilavasitə onun dərs dediyi, ünsiyyətdə olduğu gənclərin səyi ilə həyata keçəcək. O, Qiyamın şəxsində həmin gəncliyi görür. Ona görə də, məsləhətləri, söhbətləri ilə Qiyamı gələcəyə hazırlayır:

 

Qiyamda, Qiyamı oyadıram mən -

Çünki

Gənclər oyananda - oyanır vətən.

 

Məhz buna görə də Qiyamı, Qiyam kimi gəncləri daim qoruyur, müdafiə edir, problemlərini həll etməyə çalışır, onları işə düzəldir, müdafiə etmələrinə şərait yaradır. Bir sözlə, onlara ata əvəzi olmağa çalışır.

Pyesinizdə də göstərdiyiniz kimi, Mir Cəlal Cənubi Azərbaycanın Əndəbil kəndində anadan olub. XX əsrin əvvəllərində atasına qoşulub başqa soydaşları kimi Şimali Azərbaycana pənah gətirib. Amma geri qayıtmaq şərtilə.

 

Mənim niyyətimdən atam halıydı,

Qayıdıb o taya aparmalıydı.

 

Amma atalar demiş, "sən saydığını say, gör fələk nə deyir".

 

O gedib-gəlincə bağlandı yollar,

Burda rus bağladı, orda da farslar.

Gəlişin-gedişin yolu kəsildi,

Millət ayrı düşüb neçə nəsildi.

Mir Cəlal bütöv ömrü boyu Vətən həsrəti ilə (XX əsr Azərbaycan ədəbiyyatında buna Təbriz həsrəti deyiblər) yaşadı. Onun Cənubla bağlı söylədiklərini həyəcansız oxumaq olmur:

 

Təbrizin yanında yurd yeri qalır,

Birini deyirəm, o biri qalır.

O tayda böyük bir Azərbaycan var,

Nə rusda bir insaf, nə farsda qan var.

 

Gəncə bir anamdı, Təbriz bir anam,

Gəncədə təhsilim, Təbrizdə laylam,

Bir ləhcə ordadı, bir ləhcə burda,

Mən də... nə qalıbdı, ölüncə burda!

 

O, daxilində hiss edir ki, doğulduğu torpaqları bir də görməyəcək... Amma bu müdrik insan, ona da əmindi ki, gələcək nəsillər, onun bu nisgilli arzusunu həyata keçirəcəklər.

 

Bilirəm, gələcək bir "məhşər" günü,

Ayrılan xalqların birləşən günü.

 

"Xəlvətdə yanan şam" əsəri gerçək faktlarla zəngin olan hadisələr əsasında qələmə alınıb. Məsələn, Püstə xanım Mir Cəlal müəllim haqqında deyir ki, o, işığı çox sevirdi. Evdə bir işıq yanmayanda darıxardı. Bəzən nərdivanı divara söykəyib, sönən lampaları təzəsilə dəyişərdi. Sonra gəlib süfrəyə əyləşərdi. Pyesin VI şəklində bu səhnəni çox obrazlı bir şəkildə qələmə almısınız:

 

Püstə xanım

Hamısı yanmasa rahat oturmur,

İşıqdan gözü də, könlü də doymur.

Köhnə adətidi... məndən də qabaq.

Qiyam

Nə gözəl adətdi - işıq paylamaq!

 

Doğrudan da, Mir Cəlal insanların qəlbində bir işıq yandırıb. İndi Azərbaycanımızın elə bir bölgəsi - kəndi yoxdur ki, o kəndin, o bölgənin hansısa evində o işığın nuru olmasın. Mir Cəlal müəllimin yüzlərlə tələbəsi olub. Mir Cəlal müəllimin o tələbələrinin qəlblərində yandırdığı işığın, həmin tələbələrin özlərindən sonra da, onların övladlarının, nəvələrinin qəlblərinə keçməsinə də mən inanıram. Özü də qəti bir əminliklə inanıram.

Bu qiymətli əsərinizdə böyük rus alimi, dünyanın ən ünlü şərqşünaslarından biri hesab olunan Bertels də xatırlanır. Bertels haqqında yazılanları mən böyük həyəcanla oxudum. Bizim ədəbiyyat tariximiz müəyyən mənada - həm də Nizaminin milli mənsubiyyəti haqqında mübahisələr tarixidir. Əlbəttə, Nizami böyük Azərbaycan şairidir. Amma Nizaminin fars dilində yazdığını əllərində əsas tutanlar, hər vasitə ilə onun fars şairi olduğunu isbat etməyə çalışıblar. Xüsusilə, keçən əsrin 40-50-ci illərində vəziyyət daha kəskin bir şəkil almışdı.

Mir Cəlal, "Xəlvətdə yanan şam" əsərində Nizaminin milli mənsubiyyəti haqqında öz qənaətlərini də dilə gətirir:

Tədqiq eləmişəm mən də az, ya çox,

Türk kimi düşünür, o, fars kimi yox.

Dili fars olsa da, məzmunu türkdü,

O fars çörəyinin xas unu türkdü.

Farsın çəmənində bitən o gülün,

Ətri də türkündü, özü də türkün.

 

Mir Cəlal müəllimin böyük oğlu Arif, Nizaminin ən böyük tədqiqatçısı Bertelsin vaxtı ilə onlarda qonaq olmasını fəxrlə xatırlayır. Arif Moskvada ali təhsil alır. Riyaziyyatçı-fizik olsa da, ədəbiyyatı da çox sevir. Böyük gələcəyi olan bu istedadlı gənc hələ tələbə olarkən, öz elmi cavabları ilə, bütün zamanların ən böyük riyaziyyatçısı Keldışın (akademik Keldış uzun illər SSRİ Elmlər Akademiyasının prezidenti olub) rəğbətini qazanıb və Keldış, rəğbətinin əlaməti olaraq, öz qələmini ona bağışlayıb. Arifin elmi opponenti olan alman əsilli alim Kant, ona "əla" qimət yazır. Tarix təkrarlanır - amma bu dəfə başqa şəkildə: XVIII əsrdə alman filosofu Kant, türkləri inkar edirdi: XX əsrdə digər bir alman alimi (onun da soyadı Kantdır) Arifin şəxsində Azərbaycanı (həm də türkləri) təsdiq edir.

Göründüyü kimi, "Xəlvətdə yanan şam" əsərində Mir Cəlal müəllimin ailəsi də iştirak edir. Ümumiyyətlə, xeyirxahlıq bu ailənin həyat tərzidir. Bu ailənin xeyirxahlığı - bu amal uğrunda yaşamaları və xeyirxahlıqdan zövq almaları, Mir Cəlalın oğlu Arifə veriləcək təzə evi Qiyama bağışlamaq istəyəndə, bütün aydınlığı ilə üzə çıxır. Bütün ailə, Mir Cəlalın bu riqqətedici istəyi ilə həmrəydir.

Bu ailə örnək ailədir. Püstə xanım, mənim fikrimcə, ümumiləşdirilmiş Azərbaycan anasının - qadının obrazıdır. Övladlarını dərin bir məhəbbətlə sevən, Mir Cəlal müəllimin tələbələrinə bir ana şəfqəti ilə yanaşan, həyat yoldaşının qayğılarına ortaq olan mərhəmətli bir ana - qadın obrazı. Mir Cəlal müəllim özü də qadına bir müqəddəs varlıq kimi baxır:

 

Kişiyə arxadı, dayaqdı qadın,

bəxti yatanda da...

oyaqdı qadın.

Bəlkə də yeganə ehtiyacıdı,

Əllərin əsəndə - əl ağacıdı.

Ayağın əsəndə - qoltuqağacı,

Özü də yanında sənə duaçı.

 

Ümumiyyətlə, bu əsərdə müqəddəs analar haqqında, elə analar qədər müqəddəs olan fikirlər var:

Hər muraz üstündə bir ana durur,

Yaxud, Qiyamın, anası haqqında dediyi sözlər:

Cənnət havasıydı isti nəfəsi,

Həzrət peyğəmbərin o qız nəvəsi.

 

"Xəlvətdə yanan şam" əsərində Mir Cəlal dünyanı idarə edən qüvvədə mərhəmət olduğunu deyir.

Beləliklə, xalqının tarixinə, milli-mənəvi dəyərlərinə sahib çıxmaq istəyən mütaliəçi, vətənpərvər bir gənc şairin varislik obrazı nəsillərin söhbəti kontekstində gözümüz önünüdə canlanır.

Yeri gəldikcə "Qimayı qiyamda oyadıram mən", "Gənclər oyananda oyanır Vətən" kimi müdrik bəyanatları ilə çıxış edən yazıçı-alim Mir Cəlal obrazını biz sevirik, ona inanırıq.

Əsərdə Mir Cəlalın ailəsində artıq püxtələşən, təhsilini Moskvada başa vuran istedadlı, şux təbiətli bir gəncin anası ilə söhbətində:

 

Qədim zamanlarda bir alim olub,

Anası bilmirəm, amma kim olub.

Deyib ki, bir dayaq nöqtəsi verin,

Altını üstünə çevirim yerin, -

 

deyə, hər söhbətilə oxucunu düşündürən Arif obrazının yeni və təzə olduğunu görürük.

Arif obrazı ağlı-zəkası ilə seçilən qabaqcıl gəncliyi təmsil etdiyi üçün yadda qalır, onun gələcəyi oxucuda böyük ümidlər doğurur.

Əsərin sonunda Mir Cəlal müəllim heykəlləşir. Bu heykəli işıq seli ağuşuna alır. Qarşıda bir ağ yol var - bu nurlu yol Mir Cəlal yoludur. İşıq seli isə Mir Cəlalın işıqlı əməlləridir ki, nəsil-nəsil insanların qəlbində yaşayıb, yaşayır, yaşayacaq.