Ədalət. - 2018.- 17 may. - 87. - S. 7.

 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ

 

Könül Kərimova,

Azərbaycan Pedaqoji Universiteti Şəki Filialinın baş müəllimi

 

(əvvəli ötən saylarımızda)

Notada tarixi, etnoqrafik, coğrafi və iqtisadi faktlarla Bakının Azərbaycanın ayrılmaz hissəsi olduğu göstərilirdi. Notada qeyd edilirdi ki, "Azərbaycan əhalisi Bakını geriyə qaytarmaq arzusundan heç bir zaman əl çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, o, indi xalq üçün ölüm-dirim məsələsinə çevrilmişdir". Sənəddə vurğulanırdı ki, Rusiya və digər dövlətlər üçün Bakı yalnız iqtisadi baxımdan faydalı görünür.

1918-ci il sentyabrın 6-da Sultan VI Mehmetin İstanbulda Azərbaycan nümayəndələri, oktyabr ayında isə Azərbaycanın İstanbuldakı fövqəladə səlahiyyətli nümayəndəsi Ə. M. Topçubaşovla görüşü zamanı tərəflər Osmanlı və Azərbaycan türkləri arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirdilər. Sultan VI Mehmet Ə. M. Topçubaşova xitabən qeyd etdi: "Əmin ola bilərsiniz ki, Osmanlı türkləri heç vaxt sizdən köməyini əsirgəməyəcəkdir". Sentyabrın 15-də Bakışəhərinin Azərbaycan-türk qoşunları tərəfindən azad edilməsi Azərbaycan-Türkiyə danışıqlarının səmərəli nəticəsi oldu. Bu hadisə Azərbaycan hökumətinin daxili siyasətinə mühüm təsir göstərdiyi kimi, xarici siyasət sahəsində də fəallaşmaya təkan verdi. Sentyabrın 15-dən sonra Almaniyanın hərbi və ticarət nümayəndəsi baron Fon der Qolds, eləcə də Avstriya-Macarıstanın diplomatik nümayəndə heyəti Bakıya gəldi. Məhz milli hökumətin fəallığı və Tələt Paşanın dəstəyi nəticəsində Almaniya hökuməti 27 avqust müqaviləsinin hüquqi qüvvəsini itirdiyini bildirdi, Azərbaycan Respublikasını müstəqil dövlət kimi tanıyacağına və tezliklə Bakıda konsulluq açacağına söz verdi.

Türkiyə ilə qarşılıqlı münasibətlərdə Bakının azad edilməsində, Azərbaycan ordusunun yaradılmasında çox böyük dəstəyi olmuş tək Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuşdur.

1918-ci ilin payızında Almaniya-Türkiyə blokunun dünya müharibəsində məğlub olması və oktyabrın 30-da Türkiyənin Mudros barışığının ağır şərtlərini qəbul etməsi Azərbaycan Respublikası üçün arzuedilməz hadisə oldu. Mudros müqaviləsinin 11-ci maddəsində Türkiyə ordusunun tezliklə Azərbaycanı və Zaqafqaziyanı tərk etməsi nəzərdə tutulurdu. Azərbaycandakı türk ordusunun dəstələrinə bir həftədən gec olmayaraq Bakını, bir aydan sonra isə bütün Azərbaycanı tərk etmələri haqqında ultimatum verildi.

1918-ci ilin noyabrın 17-də general Tomsonun başçılığı ilə ingilis qoşunu Bakıya daxil oldu. Belə çətin şəraitdə hökumət qərbmeylli siyasət yeritməyə keçdi. General Tomson əvvəlcə Cümhuriyyəti tanımayacağını bildirmişdi. Amma Parlamentin və III Hökumətin demokratik prinsiplər əsasında təşkilini gördükdən sonra mövqeyini dəyişdi. Nəticədə ingilis komandanlığı Cümhuriyyət hökumətini Azərbaycanda yeganə səlahiyyətli hökumət kimi qəbul etdi. 1919-cu ilin yayında ingilis qoşunları Azərbaycanı tərk etdikdə Xəzər hərbi donanmasının bir neçə gəmisini də Milli Hökumətə verdi. Bu da Azərbaycan diplomatiyasının uğuru idi.

Cümhuriyyət Gürcüstan Respublikası ilə normal qonşuluq münasibətləri yaradılmasına çalışır, eləcə də əhalisi azərbaycanlılardan ibarət olan Borçalı qəzası ilə bağlı ərazi mübahisəsini tənzimləməyə səy göstərirdi. Çar generalı Denikin onun ordusunun Qafqaza doğru irəliləməsi Gürcüstanla hərbi-siyasi əməkdaşlığı həyatı əhəmiyyətli məsələyə çevirdi. 1919-cu il iyunun 16-da Azərbaycanla Gürcüstan arasında hərbi müdafiə sazişi bağlandı. Tərəflər hərbi müdaxilə baş verdikdə bir-birinə hər cür hərbi yardım göstərməli idi. Denikinlə gizli əlaqədə olan Ermənistanı bu ittifaqa cəlb etmək mümkün olmadı. Sazişin yerinə yetirilməsi üçün Hərbi Şura yaradıldı. Müqavilədən sonra Gürcüstan Azərbaycana hərbi texnika və silah-sursat, Azərbaycan isə Gürcüstana neft və neft məhsulları göndərdi.

Ermənistan həmin dövrdə də öz işğalçılıq mövqeyindən əl çəkmirdi. Belə ki, Batumda Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan danışıqlarda Azərbaycanın Aleksandropol quberniyası hüdudlarında erməni kantonunun yaradılması barədə razılıq əldə edildi. Amma İrəvan bu şərtlə güzəştə gedilirdi ki, onlar Yelizavetpol quberniyasının bir hissəsinə, yəni Qarabağa olan iddialarından əl çəksinlər.

Milli hökumət Şimali Qafqazda yaranmış Dağlı Respublikası ilə yaxın əlaqələr qururdu. Bu gənc dövlətlə bir neçə müqavilə imzalandı. Dağlı Respubikasına maliyyə yardımı edildi, yanacaq və tibb sahəsində dəstək olundu.

AXC mövcud olduğu dövrdə Sovet Rusiyası ilə normal münasibətlər yaratmaq mümkün olmadı. Çünki Sovet Rusiyası Azərbaycanın müstəqilliyini tanımaqdan qəti şəkildə imtina etdi, keçmiş Rusiya İmperiyasını bərpa etməyə çalışırdı. Rusiya 1920-ci ilin yanvar ayında Cümhuriyyətə 2 nota göndərdi. Azərbaycandan Denikinə qarşı Sovet Rusiyası ilə birgə mübarizə aparmaq tələb olunurdu. Rusiyanın əsas məqsədi isə Azərbaycanı Denikinlə toqquşdurub məhv etmək idi. AXC-nin rəhbərliyi bu tələbi rədd edərək, Sovet Rusiyası ilə normal münasibətlər qurmağa, iqtisadi əməkdaşlıq etməyə hazır olduğunu bildirdi. Rusiya isə Azərbaycana qarşı təcavüzkar siyasətini gücləndirdi.

Qonşu İranla münasibətlər ilk vaxtlarda gərgin olsa da, sonrakı dövrdə onunla normal münasibətlər quruldu. 1920-ci ilin martın 21-də AXC ilə İran arasında dostluq müqaviləsi imzalandı. İran AXC-nin müstəqilliyini de-yuri tanıdı. Tehranda Azərbaycan səfirliyi, Təbrizdə baş konsulluq fəaliyyətə başladı. Eyni zamanda, Rəşt, Məşhəd, Xoy və Əhərdə Azərbaycan konsulluqları yaradıldı.

F.X.Xoyskinin sədrliyi ilə yaradılmış yeni hökumətin qarşısında Azərbaycanın beynəlxalq vəziyyətinə həlledici və əsaslı təsir göstərə biləcək Paris sülh konfransına hazırlıq və bu mötəbər tədbirdə iştirak edəcək nümayəndə heyətini təşkil etmək kimi mühüm vəzifə dayanırdı. Cümhuriyyət hökuməti 1919-cu ildə işə başlayan Paris Sülh Konfransına nümayəndə heyəti göndərdi. Heyətə Topçubaşov başçılıq edirdi. Əsas məqsəd böyük dövlətlər, ABŞ, İngiltərə, Fransa və İtaliyanın Azərbaycanı müstəqilliyinin tanınmasına nail olmaq idi.

Azərbaycan nümayəndə heyəti Fransaya gəldiyi ilk gündən etibarən Azərbaycanın siyasi, iqtisadi və hərbi vəziyyəti ilə bağlı məsələləri Avropa dövlətlərinin bu ölkədəki diplomatik nümayəndələrinin diqqətinə çatdırmaq üçün fəaliyyətə başladı. Mayın 23-də Azərbaycan nümayəndələri ilə ingilis nümayəndə heyətinin üzvü Luiz Mallet arasında görüş keçirildi.

(ardı gələn sayımızda)