Bakı Xəbər.-2018.-6-8 yanvar.-2.-S.11.

 

Tədris müəssisələrində xüsusi 20 Yanvar dərsləri mövcud praktika və yeni formatlar

 

20 Yanvar faciəsi ilə bağlı Tədbirlər Planı məktəblərdə anım mərasimlərinin yeni formatda keçirilməsini aktuallaşdırır

 

İradə Sarıyeva

 

Zabitə Şirinova: Şagird parlamenti sədrinin və üzvlərinin iştirakı ilə dəyirmi masalar təşkil edirik, şagirdlərimiz anım mərasiminə aid təqdimatlar edir, ədəbi-bədii kompozisiya keçirirlər

Zaur Əliyev: Hesab edirəm ki, bu tədbirlərə tarixçi-alimlər, o qanlı gecənin şahidi olan insanlar, ziyalılar, qələm adamları da dəvət edilməlidirlər

Kamran Əsədov: Orta ümumtəhsil məktəblərində 20 Yanvar hadisəsi ilə bağlı keçirilən tədbirlərə ənənəvi formada yanaşılması düzgün deyil

 

Xalqımızın azadlığa gedən yolunun memarı 20 Yanvar şəhidləridir. Azərbaycanı müstəqil, suveren dövlət olaraq görmək istəyən vətən övladları sovet imperiyasına qarşı öz etirazlarını bildirmək məqsədilə əliyalın şəkildə tankların, silahlı əsgərlərin qarşısına çıxmaqdan çəkinmədilər. 20 Yanvar hadisəsi xalqımızın qəhrəmanlıq tarixinə ayrıca bir səhifə kimi yazılıb.

 

Məlum olduğu kimi, hər il ənənəvi olaraq 20 Yanvar şəhidlərinin unudulmaz xatirəsi respublikamızın hər yerində anılır. Orta və ali məktəblərdə 20 Yanvar hadisəsi ilə bağlı müxtəlif məzmunlu silsilə tədbirlər keçirilir.

Bu il 20 Yanvar hadisəsinin 28-ci ildönümüdür. Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planında qeyd edilir ki, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Həmçinin, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilib.

Tədbirlər Planına əsasən, respublikanın bütün tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçiriləcək.

Məlumdur ki, orta ümumtəhsil məktəblərində 20 Yanvar şəhidlərinin xatirəsi mütəmadi olaraq müxtəlif tədbirlər çərçivəsində yada salınır. Orta ümumtəhsil məktəblərində ənənəvi olaraq keçirilən tədbirlərdən danışarkən qeyd etməliyik ki, bura əsasən ədəbi-bədii kompozisiyalar daxildir.

Bakıda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində indiyə qədər 20 Yanvar şəhidləri ilə bağlı anım mərasimləri hansı formatda keçirilib, yeni təsdiq edilən Tədbirlər Planından sonra necə keçirilməsi planlaşdırılır?

Nəsimi rayonu 5 saylı orta ümumtəhsil məktəbinin tədris işləri üzrə direktor müavini Zabitə Şirinova bizimlə söhbətində qeyd etdi ki, təmsil etdiyi məktəbdə ənənəvi olaraq, məktəbin tədbirlər planına əsasən, 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilir: Bizim məktəbin öz tədbirlər planı var və bu plana əsasən, 20 Yanvar şəhidlərinin anım mərasimini təşkil edirik. Bizdə şagird parlamenti var. Şagird parlamentində məktəbimizin fəal şagirdləri təmsil olunurlar. 20 Yanvar hadisəsi ilə bağlı tədbirləri şagirdlərimizin iştirakı ilə təşkil edirik. Şagird parlamenti sədrinin və üzvlərinin iştirakı ilə dəyirmi masalar təşkil edirik, şagirdlərimiz anım mərasiminə aid təqdimatlar edirlər, ədəbi-bədii kompozisiya keçirirlər. Bundan başqa, 20 Yanvar hadisəsi ilə bağlı inşa yazı, eləcə də rəsm müsabiqəsi keçiririk. İstedadlı şagirdlərimiz bununla 20 Yanvar hadisələrinə bədii, yaradıcı münasibətlərini göstərirlər. Sonra isə 20 Yanvar şəhidlərinin ruhunu anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edirik.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiqlənən 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planına gəlincə, Z.Şirinova qeyd etdi ki, 5 saylı məktəb Tədbirlər Planından irəli gələn bütün məsələlərin həyata keçirilməsinə hazırdır. Keçirəcəkləri tədbirə hansısa bir ziyalının, millət vəkilinin dəvət edilib-edilməyəcəyinə gəlincə, o qeyd etdi ki, hələlik bu barədə məlumatı yoxdur.

Bakı şəhərindəki 1 saylı orta məktəbdən bizə bildirdilər ki, hər il ənənəvi olaraq şəhidlərin ruhunu anmaq məqsədilə müxtəlif tədbirlər, ədəbi-bədii kompozisiyalar keçirirlər.

Ekspertlər isə hesab edirlər ki, tədbirlər planından irəli gələrək, orta ümumtəhsil məktəblərində 20 Yanvarla bağlı anım tədbirlərinin formatına müəyyən dəyişikliklər edilməlidir. Bu mənada ki, anım tədbirləri şagirdlərə faciədən daha çox qəhrəmanlıq ruhu aşılamalıdır. Bu tədbirlərin kampaniya xatirinə keçirilməsinə tərəfdar olmayan ekspertlər vurğulayırlar ki, bu daha çox tariximizin qəhrəmanlıq, şərəf simvolu kimi təqdim edilməlidir.

Ekspertlər onu da qeyd edirlər ki, digər faciələrimizdən fərqli olaraq, 20 Yanvar başqa bir anlam daşıyır. Bu tarixi günün məramı xalqımızın azadlıq istəyi ilə bağlı olduğu üçün, ona fərqli yanaşma tələb olunur. Bu tədbirlərin yeni formatda keçirilməli olduğunu vurğulayan tarixçi-ekspertlər deyirlər ki, bu tədbirlər yalnız tarix müəllimlərinin sinif otaqlarında 20 Yanvarla bağlı dərs keçməsi, yaxud ədəbi-bədii gecə keçirilməsi ilə məhdudlaşmamalıdır. Tanınmış ziyalıların, tarixçi-alimlərin, şair və yazıçıların, millət vəkillərinin anım tədbirlərinə qatılması, eləcə də onların şagirdlərə 20 Yanvar mövzusunda dərs deməsi vacibdir.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, tarixçi Zaur Əliyev bizimlə söhbətində bildirdi ki, 1990-cı ildə baş verən 20 Yanvar hadisəsinə ancaq yas, hüzn günü kimi yanaşılmamalıdır. O hesab edir ki, məktəblər bu yöndə tədbirlər keçirərkən tarixçi-alimləri də tədbirlərə dəvət etməlidirlər: Tədbirlər Planında əks olunan bütün məsələlər şəhidlərimizin xatirəsinin əziz tutulduğunu, onların hər zaman yaşadığını təlqin edir. 20 Yanvarla bağlı tədbirlər gənc nəslin vətənpərvərlik ruhuna müsbət təsir göstərir. Məktəblərdə keçirilən tədbirlər qəhrəmanlıq ruhuna köklənsə, daha yaxşı olar. Ağlamaq, kədərlənməklə yanaşı, şagirdlərdə vətənpərvərlik ruhu da yaratmaq lazımdır. Hesab edirəm ki, bu tədbirlərə tarixçi-ailmlər, o qanlı gecənin şahidi olan insanlar, ziyalılar, qələm adamları da dəvət edilməlidirlər. 20 Yanvar dərslərinin keçirilməsi Tədbirlər Planında öz əksini tapıb. Yaxşı olar ki, 20 Yanvar dərslərini məktəbin tarix müəllimləri deyil, tanınmış ziyalılar, alimlər, millət vəkilləri keçsinlər. Mənə elə gəlir ki, hansı ziyalı dəvət edilərsə, böyük məmnuniyyətlə o dərsləri keçər. Çünki hər il eyni formatda tədbirlərin keçirilməsi bir kampaniya təsiri bağışlayır. Ancaq tədbirlərin formatında dəyişikliklər olsa, onun təsir gücü daha böyük olar.

Təhsil üzrə ekspert, tarixçi Kamran Əsədov da Bakı-Xəbərə açıqlamasında Tədbirlər Planından irəli gələn məsələlərin orta ümumtəhsil məktəbləri tərəfindən həyata keçirilməli olduğunu qeyd etdi. K.Əsədov da hesab edir ki, bu tədbirlərə tanınmış simalar, millət vəkilləri, yazıçılar, şairlər, jurnalistlər, alimlər qatılmalıdırlar. Azərbaycan qədim dövlətçilik tarixinə malik olan dövlətlərdəndir. Yəni bizim 5 min ildən artıq dövlətçilik tariximiz var. Bu illər ərzində xalqımızın başına yadelli işğalçılar tərəfindən faciələr, soyqırımlar gətirilib. Əvvəlki dövrlərdə baş verən soyqırımlardan, faciələrdən fərqli olaraq, 20 Yanvar qırğınına tamam başqa aspektdən yanaşılmalıdır. Əgər biz XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən soyqırımları orta məktəbdə tədris resursu kimi keçiriksə, onlara bir soyqırım olaraq yanaşırıqsa, 20 Yanvar faciəsinə tamam fərqli yanaşmalıyıq. Orta ümumtəhsil məktəblərində 20 Yanvar hadisəsi ilə bağlı keçirilən tədbirlərə ənənəvi formada yanaşılması düzgün deyil. Azərbaycanın müstəqilliyi məhz 20 Yanvar hadisəsindən keçdiyi üçün, bu hadisəyə orta məktəblərdə daha çox hüznlə, ağlamaqla deyil, mübarizlik göstəricisi kimi yanaşılmalıdır. Çünki dünyanın ən böyük imperiyası olan Sovet İttifaqının əsgərlərinin, tankların, silahlıların qarşısına insanların əliyalın çıxması bir qəhrəmanlıq salnaməsidir. Hesab edirəm ki, istər dərsliklərimizdə, istərsə də orta məktəblərdə keçirilən tədbirlərdə 20 Yanvara qəhrəmanlıq səhifəsi kimi yanaşılmalıdır.

Eyni hal 1776-cı ildə Amerikada da baş verib. Onlar da azadlıq uğrunda ingilis qoşunlarının qarşısına çıxıb, vuruşaraq qeyri-bərabər döyüşdə böyük itkilər veriblər. Bu gün ABŞ-da həmin vuruşmada, dinc əhaliyə qarşı qırğınlar zamanı şəhid olan insanlara qoyulan abidələr insanlarda hüzn, kədər doğuran abidəyə deyil, bir qəhrəmanlıq, əzmkarlıq abidələrinə çeviriliblər. Yəni xalq o abidələrin qarşısından keçəndə biz öldürülmüşük, qırılmışıq kimi deyil, biz böyük imperiyaya qarşı vuruşmuşuq kimi yanaşır. Fikrimcə, orta məktəblərin rəhbərliyi, müəllimlər, bu tədbirlərin təşkilatçıları tədbirləri hüznlü, kədərli şeirlərlə, melodiyalarla, kompozisiyalarla deyil, daha çox mübarizə ruhunda, qəhrəmanlıq ruhunda olan bir tədbir kimi qeyd etməlidirlər. Yəni şagirdlər bilməlidirlər ki, bu xalq istənilən böyük imperiyaya qarşı təkbaşına mübarizə aparmaq gücünə malikdir və azadlıq uğrunda ölümə belə getməyə hazırdır.

K.Əsədov qeyd etdi ki, 20 Yanvar şəhidləri imperiya tankları qarşısına çıxarkən şəhid olacaqlarını bilirdilər, lakin azadlıq eşqi, respublikamızı müstəqil görmək istəyi onları bu yoldan döndərə bilmədi. Onun sözlərinə görə, 20 Yanvar hadisəsini faciə kimi deyil, müstəqilliyə gedən qəhrəmanlıq yolu, səhifəsi kimi qeyd etməliyik: Məktəblilərə mübariz olmağı, qəhrəman olmağı aşılamalıyıq. Gələcəyimiz olan şagirdləri milli vətənpərvərlik ruhunda böyütmək lazımdır. Təəssüf ki, hələ də bizim 20 Yanvar hadisəsinə yanaşmamız tam olaraq formalaşmayıb. Biz bu hadisə haqqında danışanda daha çox özümüzü məğlub formasında təqdim edirik. İstər deputatlar, istər  ziyalılar, istərsə də alimlər olsun, onlar elə düşünürlər ki, 20 Yanvarı ancaq faciə kimi hüznlə qeyd etmək lazımdır. Mən bunu doğru saymıram. Ən azından ona görə ki, bu, fərqli yanaşma tələb edən məsələdir.

K.Əsədov hesab edir ki, 20 Yanvar şəhidləri müstəqillik qaranquşları olduqları üçün, xalqımızın qəlbində əbədi olaraq yaşayacaq milli qəhrəmanlardır. Onlar hər yerdə, hər zaman millətin qəhrəmanları kimi təqdim edilməlidirlər.