Səs. - 2018.- 15 may. - 92. - S. 10.

 

Azərbaycan Xalq Cümhuriyyəti - Dövlətçilik ənənələrinin davamı kimi

 

İradə Hüseynova,

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri,

tarix elmləri doktoru, professor,YAP Siyasi Şurasının üzvü,

Azərbaycan Respublikasının Əməkdar müəllimi,

Elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə

Beynəlxalq Sokrat mükafatı laureatı

 

(əvvəli ötən sayda)

1813-cü ildən sonra ilk dəfə olaraq Azərbaycanın müstəqil idarə olunmasına başlanıldı. Azərbaycanın bir hissəsində - Şimali Azərbaycanda respublika quruluşu yaradıldı. Cümhuriyyət rəhbərləri tərəfindən dərhal müstəqil Azərbaycanın dövlət quruculuğu prosesinə qədəm qoyuldu.

Əsrin sonlarında olduğu kimi, əsrin əvvəlində də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə idi və Osmanlı İmperiyası özünün üzləşdiyi ciddi problemlərə baxmayaraq, lazım olduğu halda Azərbaycana hərbi yardım etməyi öz üzərinə götürmüşdü. Artıq iyunun əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xahişi ilə Nuru paşanın başçılıq etdiyi İslam ordusu Gəncəyə daxil oldu. Türk ordusunun Cənubi Qafqazda irəliləməsindən narazı qalan Gürcüstan hökuməti Azərbaycan Milli Şurasından Gürcüstanı tərk etməyi tələb etdi. Lakin Bakı bolşeviklərin hakimiyyəti altında olduğundan yeni Azərbaycan hökuməti Gəncəyə köçmək məcburiyyətində qaldı. Burada yarım il ərzində Müəssislər Məclisi təsis etmək qərara alındı. Hökumətin ən prioritet vəzifəsi Bakını erməni bolşevik zorakılığından qurtarmaq və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək idi.

Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə - əlahiddə korpusun yaradılması barədə qərar qəbul edildi. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. Həmişə hərb sənətində böyük uğurlara imza atan general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu, milli orduya səfərbərlik keçirildi. İyunun 27-də Azərbaycan-türk dili dövlət dili elan olundu. Dövlət quruculuğu daha da genişləndirildi.

1918-ci ilin mart ayından etibarən ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışdılar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə xüsusi qəddarlıqlarla həyata keçirilmişdi. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ölkə rəhbərliyi 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiyanın vəzifəsi Birinci Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə qarşı törədilən soyqırım vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməkdən ibarət idi. Hökumətin bu qərarı ilə, əslində, müstəqil Azərbaycanın milli təhlükəsizlik sisteminin yaradılmasının əsası qoyuldu. Fövqəladə Təhqiqat Komissiyasının yaradılması ilə əlaqədar hökumətə məruzə edən xarici işlər naziri M. Hacınski bildirirdi: Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda, həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi.Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası xarakteri daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman və təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır.

Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın (Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 1).

Qeyd etmək lazımdır ki, komissiya qısa bir vaxtda çoxlu mətn və 100-dən çox fotoşəkildən ibarət təhqiqat materialları hazırladı və dünya ictimayyətinə çatdırmaq üçün konkret işlər gördü. Fövqəladə Təhqiqat Komissiyasının 35 cildlik sənədlərinin əksər hissəsi Bakıda törədilən qırğınlarla, yeddi cildi isə Şamaxıdakı soyqırımla bağlı idi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, Qubadakı soyqırımı, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərmişdir. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyətı tərəfindən ümummilli matəm günü kimı qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində bolşeviklərin hakimiyyəti qəsb etməsi nəticəsində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş və nəticədə, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir.

1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonra Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad etdi. Şəhər S.Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən Sentrokaspi diktaturasından tamamilə təmizləndi.

1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Qafqazda ilk erməni dövləti 1918-ci ildə Qərbi Azərbaycan torpaqlarında, İrəvan xanlığı ərazisində yaradılan Ararat Respublikası olmuşdur. Tarixi Azərbaycan ərazilərində Ermənistan dövləti yaradan və hədiyyə verilmiş İrəvan şəhərini öz dövlətlərinə paytaxt edən ermənilər sovet imperiyasının süqutu ərəfəsində və bundan dərhal sonra yeni-yeni ərazilərimizi işğal etməyə başladılar. 26 may 1918-ci ildə Zaqafqaziya Seyminin erməni sektoru rəsmi olaraq Azərbaycan nümayəndələrinə İrəvan şəhərinin yeni yaradılan Ermənistana verilməsi xahişi ilə müraciət etmişdilər. Erməni tərəfinin dövlət müstəqilliyi haqqında aktı elan etmək üçünhətta paytaxtları belə yox idi. Ermənilərin terrorçu qüvvələrinin və quldur birləşmələrinin silahı yerə qoyacaqları, yerli əhaliyə qarşı törədilən qırğınları dayandıracaqları və iki xalqın yaxınlaşmasına dəstək verəcəkləri barədə bildirdikləri vədləri Azərbaycan hökuməti qəbul etdi. Bundan 2 gün sonra Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu gün İrəvan şəhəri Ermənistana verildi ( . . : a, 2005, 468 . , s. 441-442). Beləliklə, erməni tarixçiləri tarixi saxtalaşdırmağa cəhd etsələr də, bu faktdır indiki Ermənistan dövləti tarixi Azərbaycan torpağında formalaşıb. İrəvan şəhərini Azərbaycan Xalq Cünhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə edib. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə qonaq gəlmişlər [Hüseynova İradə. Akademik Ramiz Mehdiyevin Gorus-2010: absurd teatr mövsümü adlı fundamental elmi-tədqiqat əsəri ermənilərin əsassız iddialarına tutarlı cavabdır. İki sahil, 228, 8 dekabr 2010-cu il].

Azərbaycan Xalq Cümhuriyyəti bütün istiqamətlərdə məhsuldar fəaliyyət göstərir, ictimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işlərini getdikcə daha da genişləndirirdi. Noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin qırmızı rəngli dövlət bayrağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. 1804-1918-ci illərdə adı Yelizavetpola çevrilmiş Gəncənin qədim adı özünə qaytarıldı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük əhəmiyyət verərək demişdir: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin Qızlar məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycanın ilk parlamentinin birinci iclasının açılışı oldu. Parlamentin ilk iclasında M.Ə.Rəsulzadə giriş nitqində dedi: Möhtərəm Millət vəkilləri! Azərbaycan Milli Cumhuriyyətinin ilk parlamentosunu açmaq səadətinin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Qanunverici orqanın son iclası 1920-ci il aprelin 27-də keçirilmişdi. Bu dövrdə Parlamentin cəmi 145 iclası olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğunun formalaşdırılması istiqamətindəki mühüm addımları ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur. Azərbaycanda demokratik qanunvericilik təcrübəsi 1918-ci ildən yaranmışdır. 1918-ci il mayın 28-də yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyətinin konstitusiyası olmamışdır, lakin onun fəaliyyətində konstitusiya xarakteri daşıyan hüquqi aktlar, qərarlar qəbul edilmiş və Cümhuriyyət bu sənədlərin əsasında fəaliyyət göstərmişdir. Artıq 1919-cu ilin axırlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Bütün partiya fraksiya və qrupları öz fəaliyyət proqramları haqqında bəyanatlar verirdilər. Bu bəyanatlarda ümumi bir məqsəd var idi gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli və siyasi hüquqlarını qoruyub saxlamaq Azərbaycan xalqının və hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə dostluq əlaqələrini yaratmaq və möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, geniş sosial islahatlar həyata keçirmək, ölkəni müdafiə edə biləcək güclü ordu yaratmaq. Fəaliyyət müddətində Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdı ki, onlardan da 230-a yaxını təsdiq edilmişdi (Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (1918-1920-ci illər)/http://www.meclis.gov.az/?/az/content/68).

Qeyd etdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti bütün iclaslarında İstiqlal bəyannaməsinin müəyyən etdiyi prinsiplərə sadiq qalaraq və konkret tarixi şəraiti nəzərə alaraq ölkənin ərazi bütövlüyünü təmin etmək və müstəqilliyini qoruyub saxlamaq, insan haqları və azadlıqlarının dolğun təmin olunduğu ən müasir hüquqi-demokratik dövlət yaratmaq məqsədi daşıyan çox mühüm qanunlar və qərarlar qəbul etmişdi. Bütün bu qanunlar və qərarlar, nəticə etibarilə, hakimiyyətin üç qolunun - qanunvericilik, icra və məhkəmə orqanlarının formalaşdırılmasına yönəlmişdi.Ölkənin qanunvericilik orqanı ana dilimizi Azərbaycanın dövlət dili elan etmiş, dövlət rəmzlərini respublikanın himnini, bayrağını təsdiq etmiş, dövlət gerbinin yaradılması işinə başlamışdı. Dövlət quruculuğu ilə bağlı Parlament Azərbaycan vətəndaşlığı haqqında, Milli Bankın yaradılması haqqında, Müəssislər Məclisinə seçkilər haqqında. Bakı Dövlət Universiteti haqqında, İngiltərə, Fransa, İtaliya, İsveçrə, Polşa və ABŞ-da diplomatik nümayəndəliklərin təsis edilməsi, ölkədə 7 müəllim seminariyasının, 1 qadın seminariyasının, qəza mərkəzlərində orta məktəblərin açılması, uşaq bağçaları sisteminin yaradılması, yüz nəfər azərbaycanlı gəncin təhsil almaq üçün dövlət hesabına xaricə göndərilməsi barədə və s. qanunlar və qərarlar qəbul etmişdi. Parlamentdə qəbul olunan qanun və qərarlar Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin fəaliyyətinin başlıca istiqamətlərini müəyyən etmişdir.Azərbaycan Parlamenti ölkədə müvəqqəti ali qanunvericilik orqanı hesab edlidiyindən bir sıra köklü məsələlər Müəssisələr Məclisində həll edilməli idi. Azərbaycan Demokratik Respublikasının konstitusiyası da burada təsdiq edilməli idi. Müəssisələr Məclisinə seçkilərin əsaslarını hazırlamaq üçün parlamentdə böyük bir komissiya yaradılmışdı. Bu komissiyaya bütün fraksiyaların nümayəndələri cəlb edildiyindən o, ən çoxsaylı komissiya idi. Uzun müzakirələrdən sonra 1919-cu il iyulun 2-də Azərbaycan Respublikasının Müəssislər Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssislər Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün respublika vətəndaşları iştirak edə bilərdilər.

Seçkilər aprelin 20-nə təyin edildi. Lakin ölkənin xarici siyasi vəziyyətinin kəskin surətdə dəyişməsi Azərbaycan Müəssislər Məclisinə seçkilərin keçirilməsinə mane oldu. Parlament aprelin 27-dəki sonuncu iclasında fakt qarşısında qalaraq Azərbaycan K(b)P, Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı bürosu və Mərkəzi fəhlə konfransı adından verilmiş ultimatuma cavab olaraq, hakimiyyətin bolşeviklərə verilməsi haqqında qərar qəbul etdi (Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920). B.: Gənclik Gənclik mərkəzi, 1990, 96 səh.,/ s.19).

Respublikanın birinci ildönümü münasibəti ilə M.Ə.Rəsulzadə yazırdı: Türk mənşəli bütün başqa dövlətlər meydana gələrkən xüsusən dini əsasa söykənmişdirsə, Azərbaycan Respublikası türk milli-demokratik dövlətçiliyi zəminində milli-mədəni təyini müqəddəratın müasir özülünə əsaslanmışdır. Bu nöqteyi-nəzərdən respublikamız birinci türk dövlətidir. (Azərbaycan qəzeti, 28 may, 1919-cu il, 110). Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, xalqımızın milli oyanışını əbədi etməyə çalışan cümhuriyyət hökuməti və parlamenti elmin, təhsilin, xalq maarifinin və səhiyyənin inkişafını diqqət mərkəzində saxlayırdı. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq bağçaları, qısamüddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerlərində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. 1920-ci il martın 3-də Ağ şəhər elektrik stansiyasında 10.000 kVt-luq turbogenerator işə salındı. Azərbaycan qadınlarına 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə kişilərlə bərabər seçmək və seçilmək hüququ verilmiş, 1918-20-ci illərdə Azərbaycanda qadınlara ana dilində təhsil almağa imkan verən orta ümumtəhsil, orta ixtisas, ali təhsil müəssisələri şəbəkəsi yaradılmış, Azərbaycan qadını dövlət idarəçiliyinə aktiv cəlb edilmişdi. Müqayisə üçün demək lazımdır ki, XX əsrdə qadınlara ilk dəfə seçkilərdə iştirak etmək hüququnun verilməsi tarixinin təhlili göstərir ki, Azərbaycan dövləti bu sahədə dünyada öncüllərdən biridir. Belə ki, XX əsrdə qadınlara seçmək və seçilmək hüququ verən 73 dövlət arasında Azərbaycan 8-ci yerdə durur. İftixar etməli haldır ki, bu baxımdan Azərbaycanda dünyanın inkişaf etmiş ABŞ, Almaniya, Fransa kimi dövlətlərindən, eləcə də Şərq ölkələrinin hamısından əvvəl qadınlara seçmək-seçilmək hüququ verilib [Hüseynova İradə. Tarix.Zaman.Düşüncələr. I cild. Bakı: Elm və təhsil, 2016, 512 s., s. 324]. Məsələn, qadınlar ABŞ-da 1920-ci ildə, Fransada 1944-cü ildə, İsveçrədə isə yalnız 1971-ci ildə səsvermə hüququ qazanmışlar. Azərbaycan isə Şərqdə qadınlara seçmək və seçilmək hüququnun verildiyi ilk ölkədir.

Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi. Azərbaycan hökuməti ilk günlərdən başlayaraq, milli kadrların hazırlanmasına, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Nazirliyin təhsil sahəsində həyata keçirdiyi ilk və ən mühüm tədbirlərdən biri məktəblərin milliləşdirilməsi oldu.

Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi (Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifçilik / https://www.azadliq.info/12354.html).

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti gənc millətin müqəddəratı üçün ali məktəbin əhəmiyyətini yaxşı başa düşürdü. Maarif Azərbaycan cəmiyyətinin sosial həyatına ayrılmaz ünsür kimi daxil olmuşdu. Ali məktəb yaradılması onun iqtisadi və mədəni inkişafı mənafeyinə uyğun idi. Bu baxımdan, parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Parlament tərəfindən təsdiq edilən qanun Bakıda dörd fakültədən: şərq şöbəli tarix-filologiya fakültəsindən, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət dövlət universitetinin təsis edilməsini nəzərdə tuturdu. İlk milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq, vətən qarşısında çox mühüm tarixi xidmətlərindən biri idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və parlamenti vaxt itirmədən bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan parlamenti hökumətin təklifinə əsasən, 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi. Bu işə nə qədər böyük əhəmiyyət verildiyi ondan görünür ki, parlament xaricə göndəriləcək gəncləri müəyyən etmək üçün M.Ə.Rəsulzadənin başçılığı ilə beş nəfərdən (Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov, Qara bəy Qarabəyov, Abdulla bəy Əfəndiyev) ibarət xüsusi müsabiqə komissiyası yaratmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin qərarı ilə, 1919-1920-ci tədris ilində xaricə təhsil almağa göndəriləcək tələbələrə vəsait ödənilməsi üçün dövlət büdcəsindən Xalq Maarifi Komissarlığına 7 milyon manat ayrılmışdı. Avropanın ali məktəblərinə göndəriləcək hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya universitetlərinə yola salınacaq azərbaycanlılara isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci ayrılması nəzərdə tutulmuşdu. Xalq Maarifi Nazirliyi tərəfindən xarici ölkələrə göndəriləcək tələbələrdən 49 nəfərinə Almaniyanın, 27 azərbaycanlıya Fransanın, 4 nəfərə İtaliyanın, 1 tələbəyə İngiltərənin, 6 nəfərə isə Türkiyənin müxtəlif universitet və institutlarında oxuyacaqları ilə bağlı rəsmi sənəd verilmişdi. Yerdə qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi ki, həmin dövrdə orada gedən vətəndaş müharibəsi səbəbindən Azərbaycanın şimal qonşusuna tələbə göndərmək mümkün olmadı.

Xaricə göndərilən tələbələr 1920-ci il yanvarın 14-də təntənəli şəkildə yola salındılar. Təxminən 1 ay sonra fevralın 11-də Parisə çatan gənclər orada Paris Sülh Konfransında (1919-1920-ci illər) iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək səviyyədə qarşılandılar. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında böyük bir nitq söylədi. Sonra isə azərbaycanlı gənclər təhsil almaq üçün Avropanın müvafiq ölkələrinə yola salındılar.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti bu hadisədən cəmi bir neçə ay sonra bolşeviklər tərəfindən devrildi. Nəticədə, milli hökumətin diqqətlə seçərək, böyük ümidlərlə xarici ölkələrə göndərdiyi tələbələr çox çətin vəziyyətə düşdülər. Onlara pul göndərilmədiyindən soydaşlarımız Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanova müraciət etmək məcburiyyətində qaldılar. Tələbələrə maddi yardım göstərilməsi məsələsi müzakirələrdən sonra müsbət həll olundu. Lakin 1922-ci ilin sonlarında Nəriman Nərimanovun Moskvaya işləməyə göndərilməsindən sonra xaricdə oxuyan tələbələrə münasibət yenə də dəyişdi. Belə ki, maddi sıxıntılar ucbatından bəzi tələbələr ən ağır sahələrdə işləməyə məcbur oldular. Bəziləri həbsxanalara düşdülər. Çıxış yolu tapmayıb intihar edənlər də oldu. Amma böyük əziyyətlər bahasına təhsilini başa çatdırıb, yüksək ixtisaslı mütəxəssis kimi sovet Azərbaycanına qayıdanların çoxu isə sonralar repressiya illərində qırmızı terrorun qurbanı oldular.

Azərbaycan Xalq Cümhuriyyəti demokratik dövlət olaraq, insan hüquq və azadlıqlarının qorunmasına da böyük diqqət yetirirdi. Vicdan azadlığı məsələsi həmçinin Cümhuriyyətin dövlətçilik fəaliyyətinin əsasını təşkil edirdi. Bakıda Qafqaz müsəlmanlarının vahid ruhani idarəsinin yaradılması qərara alınmışdı. 1918-ci il dekabrın 11-də çar hökuməti orqanlarının təyin etdiyi Qafqaz Şeyxülislamı M.Ə.Pişnamazzadə vəzifəsindən istefa verdi və Azərbaycan Xalq Cümhuriyyəti sosial təminat və dini etiqad naziri Musa Rəfibəyovun sərəncamı ilə 48 yaşlı axund Ağa Əlizadə Qafqaz müsəlmanlarının birgə ruhani idarəsinin sədri, Şeyxülislam təyin edildi.

Azərbaycan Xalq Cümhuriyyəti çox çətin ictimai-siyasi vəziyyətdə ilk addımlarını atmaqla yanaşı, ona yardımla bağlı edilən müraciəti də cavabsız qoymamışdı. Belə ki, Cənubi-Qərbi Qafqaz Hökuməti 25 yanvar 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinə müraciət edərək ondan hərbi və maddi yardım istəmişdi. Cənubi-Qərbi Qafqaz hökumətini rəsmən tanıyan Azərbaycan hökuməti özünün ağır durumda olmasına baxmayaraq, hərbi təlim keçmək üçün Gürcüstan yolu ilə zabitlər və silah almaq üçün xeyli qızıl pul göndərmişdi. Baş nazir Fətəli xan Xoyski Cənubi-Qərbi Qafqaz Hökumətinə qarşı düşmənçiliyi Azərbaycan hökumətinə qarşı düşmənçilik hesab etdiyini bildirmişdi. Azərbaycan hökuməti 1919-cu ilin fevralında Cənubi Qafqaz respublikalarının iştirakı ilə Tiflisdə keçirilən sülh konfransına Cənubi-Qərbi Qafqaz hökumətinin nümayəndələrinin də qatılmasını təklif etmişdi. Lakin Ermənistan və Gürcüstan nümayəndələri etiraz etdikləri üçün Cənubi-Qərbi Qafqaz Hökuməti nümayəndələrinin həmin konfransda iştirakı baş tutmamışdı (Gökdemir Ahmet Ender. Cenüb-i Garbi Kafkas Hükümeti, s. 87). 1919-cu il martın 25-də Cənubi-Qərbi Qafqaz Hökuməti müstəqilliyini elan etdi və özünü Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti adlandırdı.Lakin aprelin 12-də Qarsda ingilis komandanlığı Cənubi-Qərbi Qafqaz Cümhuriyyətinin parlament və hökumət üzvlərini həbs etdirir və bununla bu Cümhuriyyət süquta uğrayır. Azərbaycan Xalq Xümhuriyyəti hökuməti ingilislərin Cənubi-Qərbi Qafqaz Cümhuriyyətini süquta yetirməsini kəskin şəkildə pisləmişdi.

1918-ci ilin noyabrında Naxçıvanda Araz-Türk Respublikası müvəqqəti müstəqilliyini elan etdi. Bu respublika bir tərəfdən erməni iddialarını dəf etməyə, digər tərəfdən isə respublikanın bütün əhalisinin həm din, həm də dil cəhətdən can atdığı Azərbaycanla birləşməni hazırlamağa cəhd edirdi. Araz-Türk Respublikasının əhalisi 1 milyn nəfər, ərazisi 8,7 min kv.km olmaqla (Naxçıvan Muxtar Respublikası. Bakı: Elm, 2001, 220 s., s. 33) tərkibinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Sərdarabad,Uluxanlı, Vedibasar, Kəmərli, Mehri və s. bölgələr daxil idi. Respublikanın paytaxtı Naxçıvan şəhəri, hökumətin sədri isə Əmir bəy Nərimanbəyov olmuşdur (Azərbaycan Respublikasının Dövlət Arxivi, f. 894, siy. 10, iş 178, v. 7). Araz-Türk Respublikasının silahlı qüvvələrinin köməyi ilə və yerli əhalinin fəal müqaviməti nəticəsində Ermənistanın daşnak hökumətinin Naxçıvanı ilhaq etmək siyasətinin qarşısı alındı. Araz-Türk Respublikasının yaradılması ilə türklərin Naxçıvan diyarı ilə əlaqələri tamam kəsilmirdi. Türk ordusunun polkovniki Xəlil bəy Araz-Türk Respublikasında səlahiyyətli nümayəndəliyin başçısı təyin olunmuşdu. Bundan başqa, türklərin Naxçıvanda 5 zabit və 300 əsgəri qalırdı. Araz-Türk Respublikası qısa müddət fəaliyyət göstərməsinə (1918 noyabr 1919 mart) baxmayaraq bölgənin azərbaycanlı əhalisinin qüvvələrinin düşmənlərə qarşı mübarizə üçün birləşdirilməsini, bölgənin ermənilərə keçməsinə imkan verməməklə onun toxunulmazlığını və bununla da AXC-in ərazi bütövlüyünü təmin etdi (Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində Naxçıvan/ http://ameanb.nakhchivan.az/wp-content/uploads/2017/11/AXC_meqale.pdf).

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisində tam dövlət hakimiyyətinə malik olub müstəqil xarici və daxili siyasət yeridirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu ölkələr Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürürdü. Bu zaman Azərbaycanın ərazisi 113.9 min kv. km idi. Onun 97.3 min kv.km-i mübahisəsiz, 16.6 min kv km-i mübahisəli zonaları əhatə edirdi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilk günlərdən başlayaraq, bütün ölkələrlə dostluq və əməkdaşlığı özünün xarici siyasətinin başlıca məqsədi elan etmişdi. Hökumət hələ qalib ölkələr tərəfındən rəsmən tanınana qədər müstəqil dövlət kimi öz suveren hüquqlarını həyata keçirməyə başlamışdı. Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul, Tehran, Tiflis, İrəvan, Kuban və Donda diplomatik nümayəndəlikləri, Batum və Ukraynada baş konsulluqları, Krım və Petrovsk-Portda konsul agentləri, Bakıda isə Gürcüstan və Ermənistan Cümhuriyyətlərinin diplomatik nümayəndəlikləri, İranın baş konsulu, Belçika, Hollandiya, Yunanıstan, İsveç və İsveçrənin konsulları, İngiltərə, ABŞ və Ukraynanın vitse-konsulları, Litva, Polşa və Finlandiyanın konsul agentləri fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti və onun Xarici İşlər Nazirliyi bütün mövcudluğu dövründə Birinci dünya müharibəsinin qalib ölkələri olan İngiltərə, ABŞ və Fransadan öz suverenliyinin tanınmasını təkidlə tələb edirdi. 1919-cu ilin yanvarında Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyəti bu yöndə yorulmadan çalışırdı. Nümayəndə heyətinin nə qədər gərgin fəaliyyət göstərdiyini Ə.Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti sədrinə ünvanladığı məktublar aydın sübut edir. Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətinin varlığını yalnız Denikin orduları Sovet Rusiyası tərəfindən məğlub edildikdən, keçmiş Rusiyanı bərpa etmək ümidləri boşa çıxdıqdan sonra de-fakto tanıdılar (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, 2 cilddə. Bakı: Lider, 2004-2005).

Həmin dövrün mürəkkəb bynəllq siysi şəriti, müstəqil dövlətimizə qarşı rici təzyiqlərin rtmsı nəticəsində zərbycn lq Cümhuriyyəti süqut tsə də, lqın təfəkküründə zdlıq, dmkrtiy və müstəqil dövlətçilik idylrı dərin kök sldı.AXC-nin süqutunu tezləşdirən mühüm səbəblərdən biri də o zaman ölkədə daxili sabitliyin, xüsusən də, milli birliyin olmaması, siyasi partiya və fraksiyaların bir-birinə qarşı barışmaz mübarizəsi, dövlətçiliyin möhkəmləndirilməsi üçün zəruri olan tədbirlərin addım-addım həyata keçirilməsi əvəzinə, hər 5-6 aydan bir yeni hökumət təşkil edilməsi idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə xlqın birlik, bütövlük və müstəqillik rzulrın müvəqqəti sn qyuldu. Yüz minlərlə sydşımız rprssiy və təqiblərə məruz qldı, bir qismi isə siysi müһcirət dib bütün dünyy səpələndi. Müһribələrdə və rprssiy illərində minlərlə övldını itirən Vətənimizin lmi-mədəni inkişfın, ictimi-siysi irəliləyişlərinə vuruln zərbələr lqımızın güclü, dövlətimizin qüdrətli lmsın ciddi mnçiliklər törətmişdir. Lakin XX yüzilliyin sonunda Azərbaycan ikinci dəfə müstəqillik qazandı. 1991-ci il 18 oktyabr tarixli Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı bəyan etdi ki, Azәrbaycan Respublikası 1918-ci il mayın 28-dәn 1920-ci il aprelin 28-dәk mövcud olmuş Azәrbaycan Respublikasının varisidir. Aktda göstərilir ki, 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək Azərbaycan xalqının dövlət quruluşunun çoxəsrlik ənənələrini dirçəltdi. Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları - parlamenti, hökuməti, ordusu, maliyyə sistemi yaradılmışdı və fəaliyyət göstərirdi. Azərbaycan Respublikası bir çox xarici dövlətlər tərəfindən tanınmış və onlarla diplomatik münasibətlər yaratmışdı. Lakin 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritdi, suveren Azərbaycan Respublikasının ərazisini işğal etdi, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirdi və Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyə son qoydu. Aktın 1-ci maddəsində göstərilir ki, 1920-ci il aprelin 27-28-də RSFSR-in XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin [Azәrbaycan Respublikasının Dövlәt Müstәqilliyi Haqqında Konstitusiya Aktı. https://az.wikipedia.org/wiki/Azərbaycan_Respublikasının_Dövlət_

Müstəqilliyi_haqqında_Konstitusiya_Aktı).

Hesab edirik ki, Heydər Əliyev tərəfindən vaxtilə xalq düşməni adı ilə unudulmuş şəxslərin adlarının tarixə qaytarılması, bərpa edilməsi elmdə böyük tarixi xidmətdir. Azərbaycan Xalq Cümhuriyyəti uzun illər tarixin unudulmuş səhifəsi idi. Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra Xalq Cümhuriyyəti tarixinin həqiqətlərinin üzə çıxarılmasında, onun Azərbaycan tarixində yerinin və əhəmiyyətinin göstərilməsində Heydər Əliyevin nəinki siyasi xadim kimi, eyni zamanda böyük tarixçi kimi yüksək xidməti vardır. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi haqqında Prezidentin 1998-ci il 30 yanvar tarixli sərəncamı böyük tarixi hadisə oldu. Sərəncamd dyilir: Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlərdir. 1918-ci ildə zərbycnd yrnmış rspublik quruluşu yşmış, müstəqillik һissləri lqımızı һç vt tərk tməmişdir. Prezident sərəncamının yerinə yetirilməsinin nəticəsi olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sənədlər və materiallar külliyyatı 7 cilddə hazırlanıb 1998-ci ildə nəşr edildi. Cümhuriyyət tarixinə dair elmi-tədqiqat işləri aparılmağa başlandı. Ulu öndər Heydər Əliyevin göstərişi ilə AMEA-nın Tarix İnstitutu tərəfindən 7 cildlik Azərbaycan tarixinin akademik nəşri işıq üzü gördü (Hüseynova İradə. Heydər Əliyev Müstəqil Azərbaycanda milli-mənəvi dirçəliş. Dirçəliş-XXI əsr jurnalı, 74-75, 2004, səh. 177-199).

Ümummilli liderimizin müdrik siyasətini uğurla davam etdirən cənab İlham Əliyev xalqımızın şanlı tarixinə də lazım olduğu dəyəri verməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Sərəncamında göstərilir ki, Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. Azərbaycan qəzeti, Bakı, 2017, 17 may).

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı cənab İlham Əliyev yekun nitqində bildirmişdir: Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, habelə öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq [Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Xalq qəzeti, 2018, 11 yanvar]. Dövlətimizin başçısı cənab İlham Əliyev 2018-ci ili ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan etmişdir. Bu bəyanat da sübut edir ki, ölkəmizdə dövlət səviyyəsində dövlətçilik ənənələrinə, dövlətçilik tarixinə böyük önəm verilir, 1918-1920-ci illərin cümhuriyyəti tariximizin şanlı səhifələrindən biri hesab edilir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunması onun milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Əsrin əvvəllərində, 1918-1920-ci illərdə qurulmuş və cəmi 23 ay fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, əsrin sonlarında, 1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoyan Azərbaycan Respublikası artıq öz tarixinin üçüncü onilliyinə qədəm qoyub. Ölkəmizdə milli dövlətçilik günbəgün inkişaf edir və möhkəmlənir. Biz belə bir dövlətin vətəndaşları olduğumuzdan qürur duyuruq.