Azərbaycan.- 2018.- 19 yanvar.- ¹13.-S.4.

28 il əvvəl - 19 yanvar gecəsinin müsibətləri

Rəhman Salmanlı

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xalqımıza qarşı analoqu olmayan qəddarlıq törədildi. O qanlı şənbə gecəsindən 28 il ötsə də, faciə və vətənimizin suverenliyi uğrunda şəhid olanların fədakarlığı, insanların ağrılı-acılı günləri unudulmur. 

Həmsöhbətim Ramazan Həmzəyev indi Bakıda, Binəqədi rayonunda yaşasa da, cəbhə bölgəsindən - Ağdamın Quzanlı kəndindəndir. Rayonun Mərzili, Beyləqanın Xaçın, Ağcabədinin Avşar kəndləri istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. Müharibə, top-tüfəng, ölüm-itki görmüş bir adam olsa da, o qanlı Yanvar gecəsində gördüklərini dəhşətli hadisə kimi xatırlayır: 

- Yanvarın 19-u günü gecənin bir aləmi metronun 20 Yanvar stansiyası istiqamətindən gələn top-tüfəng, vay-şivən səslərinə ayıldıq. Qonşular, xüsusilə həyat yoldaşı və ya övladı gecə növbəsində işdə olan ailələr təşvişə düşdülər. Bu narahatçılığa görə məcbur olub piyada bir neçə qonşu ilə birlikdə metronun o vaxt XI Qızıl Ordu adlanan (indi 20 Yanvar) istiqamətinə getdik. 

Nə görsək yaxşıdır?! Bakının şimal qapısı istiqamətindən gələn sovet ordusunun ağır texnikasının nə əvvəli bilinirdi, nə sonu. Saysız-hesabsız texnikanın şəhərə girişinin qarşısını almaq üçün dinc əhali yük maşınları ilə yolu bağlamışdı, sürücülər, eləcə də onlara dəstək olan xeyli insan yol boyu oturmuşdular. Necə deyərlər, ordunun şəhərə girişinin ilk həmləsinin qarşısı alınmışdı. Yaxınlarımızı axtara-axtara biz də etirazçılara qoşulduq. Heç bir saat keçmədi, magistralda dayanan bütün texnika bir anda hərəkətə gəldi. Üstündə əli avtomatlı saqqallı əsgərlər əyləşmiş tanklar atəş aça-aça yük maşınlarını əzərək, aşıraraq yol boyu oturan əliyalın əhalinin üstünə yeridi. Yolun ortasında çabalaya-çabalaya can verənlərin, qolu, qıçı qırılanların naləsi qulaq batırırdı. Sağ qalanlara qaçmağa belə, imkan vermirdilər. Qorxudan, həyəcandan yol qırağında, bina tinində yerə yıxılanlara hər addımda rast gəlmək mümkün idi. Qaçıb sağ qalanlar bir azdan ordan-burdan çıxıb magistralın ortasındakı meyitləri görəndə, yarımcan yaralılara yardım etmək istəyəndə ürəyi gedən də oldu. Dəhşətlisi o idi ki, bu zaman uzunsaçlı və saqqallı sovet əsgərləri dinc əhaliyə qarşı atəşi dayandırmırdılar. İstər qoca kişi olsun, istər yaşlı qadın və ya uşaq - hamıya atəş açırdılar. Hətta yolqırağı yaşayış binalarında işığı yanan mənzilləri də atəşə tuturdular. 

O dəhşətli mənzərəni heç vaxt unuda bilmirəm. Təsəllim odur ki, öz əllərimlə qəbirlərini qazdığım o şəhidlərin məzarlarını həmişə bayramlarda və 20 Yanvar günü ziyarət edirəm. 

Yasamal rayonunun sakini Yeganə Rəhimova təəssüratını həyəcansız danışa bilmir, gördüklərini xatırladıqca qəhər boğur, gözlərində yaş gilələnirdi:

- Uşaqlar körpə idi, həyat yoldaşım işdə idi. Gecənin bir aləmi atəş səslərinə, göyün üzünə qırmızı xətlər çəkən pulemyotların güllə yağışına yuxudan ayıldıq. Doqquzmərtəbəli, 10 bloklu binamızda 180 ailə yaşayırdı, səsə balkona çıxanda gördüm ki, bütün qonşuların mənzillərində işıq yanır. Hamı narahat idi. Sovet tankları indiki İctimai Televiziyanın yerləşdiyi binanın qabağından keçərək Yeni Yasamal enişinə doğru irəliləyirdi. Mənim kimi balkona çıxan hərbçi qonşum binaya doğru atılan güllələri görəndə qışqırdı ki, uşaqları balkona buraxmayın, keçin evə, işıqları söndürüb yerə, divar küncünə uzanın! Cərgə ilə bizim yaşadığımız və digər qonşu binaları atəşə tuta-tuta Yasamala enən tanklar irəlidə yaşayış olmadığını görüb gəldikləri kimi, işıq gələn mənzillərə, yolda onlardan bir az aralıdan ötən minik avtomobillərinə atəş aça-aça geri qayıtdı. Qonşular vahimə içində idilər. Analar təsadüfən evə gəlməyən uşağının adını ucadan səsləndirərək ağlayır, qışqırır, başına-gözünə döyüb fəryad qoparırdılar. Bir xeyli müddət camaat evdən çölə çıxmadı. Çünki binamıza atəş açırdılar. Atılan mərmilərdən birinin yaşadığımız Dadaş Bünyadzadə küçəsi, 232-ci binanın 10-cu blokunun divarından açdığı deşik indi də durur.

Səhərə yaxın bir də gördüm ki, mənzilimizin qapısı döyülür. Əvvəl qorxduq, qapını açmadıq, səsimizi çıxarmadıq. “Ay Yeganə xanım, mənəm, Lətifədir!” - deyəndə qonşunu səsindən tanıdım. Oğlu evə gəlmədiyindən bərk həyəcanlı idi. 

Qapını azyaşlı uşaqlarımın üstünə bağlayaraq qonşumuz Zöhrəni də özümüzlə götürüb Aqili axtarmağa getdik. İlk gəldiyimiz ünvan Respublika Xəstəxanası oldu. Burada adam əlindən iynə atsan yerə düşməzdi, xərəkdə və kiminsə köməyi ilə gətirilən yaralıların iniltisindən adamın əti ürpəşirdi. Övladından xəbər bilmək istəyənlər ilk əvvəl buradakı meyitxanaya baxırdılar. Biz də ora getdik. Lətifəni içəri buraxmadıq ki, birdən oğlu orada olar, halı pisləşər. İçəridə 18-20 yaş arası sıra ilə düzülmüş cavan uşaqların üstlərinə ağ mələfə çəkmişdilər, mələfəni qaldırıb bir-bir onların üzünə baxdıq. Aqil burada yox idi.

Meyitxanadan çıxanda bir nəfər yaşlı kişi hamilə xanımla birlikdə gecə işdən evə gəlib çıxmayan oğlunu axtarırdı. Məndən oradakı ölülərin təxmini yaşlarını, geyimlərini soruşdu, nə görmüşdümsə, dedim. Kişinin rəngi ağardı, hamilə gəlin içəri girmək istəyəndə, kişi onu qoymadı: “Sən bircə dəqiqə dayan”- deyib onu qapının ağzında saxladı, özü meyitxanaya girdi. Dəqiqə çəkmədi ki, çölə çıxdı, dodaqları əsirdi, sağ əlini ağzına qoyub mənə “danışma”, “dinmə” işarəsi ilə üzünü yanındakı hamilə xanıma tutdu: “Gedək, burada yoxdur, sən get evə, mən başqa xəstəxanalara baş çəkib xəbər bilərəm” - deyib xanımı oradan uzaqlaşdırmağa çalışdı. Az sonra tibb bacılarından öyrəndim ki, ölən cavan uşaqlardan biri kişinin oğlu, hamilə gəlinin isə qardaşı imiş.

Xəstəxanaya girəndə gördük ki, pilləkən, koridor qan içindədir. Palatalarda çarpayıda yer olmadığından yaralılardan döşəməyə də uzadılanı var idi. Koridorda xərəyə sığmayan (ucaboy olduğundan ayaqları xərəkdən çölə çıxırdı) cavan oğlanın üstünə salınmış döşəkağını qaldırıb gördüm ki, bir tərəfini güllə möhkəm yaralayıb, əynində nə paltarı varsa, qanın içindədir. Adını soruşdum, zorla bircə onu dedi ki, Kəlbəcərdənəm, məni axşamkı əsgərlər bu günə qoyublar. Yanında kimsə olmadığından mən də, qonşular da tibb bacılarını məcbur edib onu təcili əməliyyat otağına apardıq.

Qonşum Lətifənin 17 yaşlı oğlu günortadan sonra tapıldı. Həmin günü axşama yaxın evdə xörək bişirib rəfiqələrim Südabə xanımla, Gülzar xanımla, Zöhrə xanımla Respublika Xəstəxanasına gətirdik. Xəstəxananın koridorlarında və palatada yaralılara paylayırdıq. Ona görə yox ki, onlara orada yemək vermirdilər, yox, sadəcə olaraq xəstəxana işçiləri yaralılardan, gətirilən xəstələrə iynədən, dərmandan, sarğıdan, bir sözlə, ilk tibbi yardımdan vaxt edib əlavə qulluq göstərə bilmirdilər. Biz qonşuların hazırladığı yeməklər bir yana, Azon zavodunun yeməkxanasının aşpazı Nurbala hər gün qazan-qazan yeməklər hazırlayıb bizə verirdi ki, yaralılara çatdıraq. Bu, bir neçə gün davam etdi. Onu da deyim ki, xəstəxanaya zənbil-zənbil yemək, hətta dərman alıb gətirən insanlar var idi. 

20 Yanvar hadisələri göstərdi ki, Azərbaycan müstəqillik və azadlıq yolunda canından keçməyə qadir qəhrəmanlar yurdudur.