Azərbaycan.-2018.-18 yanvar.-№12.-S.5.

 

Şəhidlər xiyabanı 28-ci ildönümündə...

 

Səbinə Məmmədova

 

İki gündən sonra buraya minlərlə insan təşrif buyuracaq. Kimisi 1-ci, kimisi isə 28-ci dəfə... Al-qırmızı rəngə boyanacaq bu müqəddəs məkan... Bura and yerimiz olan Şəhidlər xiyabanıdır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların uyuduğu məkandır.

 

1990-cı il qanlı Yanvar qırğınından 28 il keçməsinə baxmayaraq, bu tarix xalqımızın qan yaddaşına əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirmək üçün hər il insan axını Şəhidlər xiyabanına üz tutur. Bu il də minlərlə insan şəhidlərimizi yad edəcək.

Artıq yanvarın 13-dən etibarən xiyabanda genişmiqyaslı hazırlıq işlərinə başlanılıb. Şəhidlər xiyabanı qırmızı qərənfillərə bürünür, başdan-başa təmizlənir, ağaclara qulluq edilir, yaşıllıqlar qaydasına salınır, işıq dirəkləri, məzarların üstü, mərmər döşəmələr yuyulur, təbii qərənfillərlə xiyabanın girişinə güllərdən ibarət xalça döşənir. Xiyabandakı bütün elektrik avadanlıqları, eləcə də naqillər yoxlanılır və digər lazımi tədbirlər görülür. Hazırlıq işləri onu deməyə əsas verir ki, xiyabanı ziyarət üçün bütün lazımi tədbirlər yüksək səviyyədə görülür. Burada çalışanlar deyirlər ki, bu işləri sadəcə, vəzifə xətrinə görmürlər, bu, həm də onlar üçün mənəvi borcdur. Axı, bura təkcə hüzn deyil, həm də qürur məkanımızdır.

Bir neçə gün öncədən insanlar yanvarın 20-ni gözləməyib səhər saatlarından qrup halında Şəhidlər xiyabanına axın etməyə başlayıblar. Biz xiyabanda olduğumuz zaman əksəriyyəti məktəblilər olmaqla yüzlərlə insan şəhidləri məzarı başında anıb, onların ruhuna dualar oxuyurdular. Milli matəm günü  izdiham olduğundan məktəblilər və bağça uşaqları bir neçə gün əvvəldən şəhidlərin məzarını ziyarət edirlər.

Müəllim Həsən Həsənov deyir ki, uşaqlara 20 Yanvar haqqında dolğun məlumatlar verilir. İndi isə onları Şəhidlər xiyabanına gətiriblər: “20 Yanvar hadisəsi azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən gündür. Bu hadisə Azərbaycanın tarixinə mərdlik və mübarizlik rəmzi kimi yazılıb. Biz çalışırıq ki, şəhidlərin xatirəsi əbədi yaşasın. Müstəqilliyimizi bəxş edən bu insanlar unudulmasınlar”.

Əllərində qərənfillər tutan məktəblilər də maraqla məzar daşlarının üstündəki adları oxuyur və böyükləri sual yağışına tuturdular.  

Söhbəti yekunlaşdırıb, “Əbədi Məşəl” abidəsi istiqamətində irəlilədik. Abidə önündə məktəblilərin, təşkilatların gətirdiyi əklillər üst-üstə qalanırdı.

Qeyd edək ki, 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar həmin gün matəm əlaməti olaraq saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycanın dövlət bayraqları endiriləcək. İnsanların təhlükəsizliyini təmin etmək üçün Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.