Ekspress. - 2018.- 8 may. - 82. - S. 10.

 

İƏT-dən Azərbaycana daha bir dəstək

 

Murad Məmmədli

 

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri də İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT). Hansı ki, bu təşkilat həmişə Azərbaycanın yanında olub, hər zaman Azərbaycana dəstək verib.

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında üzv seçilib. Bu o dövr idi ki, erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan ölkəmiz üçün öz haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi. Artıq 1991-ci ildə İƏT (o zaman İslam Konfransı Təşkilatının (İKT)) nümayəndə heyəti problemi öyrənmək və münaqişəni sülh yolu ilə tənzimləmək imkanlarını araşdırmaq məqsədi ilə Azərbaycanda səfərdə olmuşdu. O zaman İKT BMT, Ermənistan, Türkiyə və Rusiyanın nümayəndələri ilə problemlə bağlı müzakirələr aparmışdı. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqe İKT-nin Ermənistan ilə bu məsələyə dair hər hansı məsləhətləşmələrinə son qoymuş və təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İKT-nin yekdil və birmənalı mövqeyi formalaşmışdı.

1992-ci ilin sentyabrında BMT Baş Assambleyasının növbəti sessiyası zamanı İKT-yə üzv dövlətlərin xarici işlər nazirlərinin ənənəvi koordinasiya görüşünün yekun sənədində "Ermənistan-Azərbaycan münaqişəsinə dair" müvafiq maddə salındı. İKT üzv ölkələri xarici işlər nazirlərinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında "Ermənistan və Azərbaycan arasında münaqişə" adlı qətnamə qəbul edildi.

1994-cü ilin may ayından etibarən Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirinə İKT Baş Katibliyi yanında Daimi Nümayəndə səlahiyyətləri verildikdən sonra Ər-Riyaddakı Səfirliyimiz vasitəsilə mənzil-qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşən İKT Baş Katibliyi və onun müxtəlif qurumları, o cümlədən İslam İnkişaf Bankı ilə səmərəli iş aparılmağa başlandı.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı Krallığına səfəri AR-İKT əməkdaşlığının gələcək inkişafı üçün zəmin yaratmaqla yanaşı, səfər əsnasında onun müqəddəs Kəbədə Ümrə ziyarəti, keçirdiyi məhsuldar görüşlər bütün İslam dövlətlərinin ölkəmizə maraq və diqqətini artırdı. Ümummilli Liderin İKT Baş katibi ilə 1994-cü ilin noyabr ayında Bakıda keçirdiyi görüşlər, həmin ilin dekabrında İKT dövlət və hökumət başçılarının Kasablankada keçirilmiş VII Zirvə konfransında iştirakı və İKT Baş katibi, həmçinin bir sıra üzv dövlətlərin xahişi ilə Asiya ölkələri qrupu adından çıxışı Azərbaycanın mövqeyini təşkilat daxilində daha da möhkəmlətdi və üzv dövlətlər tərəfindən dəstəklənməsi imkanlarını artırdı. Bunun nəticəsində, İKT Zirvə görüşləri tarixində ilk dəfə, Kasablankada "Ermənistan və Azərbaycan arasında münaqişə haqqında" siyasi qətnamə qəbul edildi, həmin ildən etibarən İKT-nin BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına "Ermənistan və Azərbaycan arasında münaqişə" mövzusunun mütəmadi salınmasına nail olundu. Elə o vaxtdan başlayaraq, İƏT bu məsələni daim gündəmdə saxlayır və keçirilən hər bir konfransda Azərbaycanın ərazit bütövlüyünü dəstəkləyə bəyanat verir.

Növbəti belə bəyanat Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində mayın 5-6-da İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında qəbul olunub. Qeyd edək ki, sessiyada Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, sessiyada çıxış edən E.Məmmədyarov İslam dünyasının ağrılı məsələlərindən birinin dünyada ən böyük qaçqın böhranı olan Rohinqya Müsəlmanlarının vəziyyəti olduğunu deyib. Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan kütləvi zorakılıq və etnik təmizləmənin nəticəsindən əziyyət çəkən Rohinqya müsəlmanlarına 100 ton humanitar yardım ayırmış ilk ölkələrdən biridir və ölkəmiz ehtiyacı olanlara yardım göstərməkdə davam edəcək. "Azərbaycan bir sıra İƏT üzv dövlətlərində daha böyük təhlükəsizlik problemlərinə, bəzi regionlarda siyasi qeyri-sabitliyə, geniş miqyaslı deportasiya və misli görünməmiş humanitar böhrana səbəb olan müharibələr və silahlı münaqişələrdən dərin narahatlıq keçirir. Azərbaycan, xüsusilə Fələstin, Cəmmu və Kəşmir və Avropada müsəlman azlıqları üzrə İƏT Kontakt qrupları olmaqla, digər İƏT üzv ölkələri ilə birlikdə üzv olduğu Kontakt qruplarının fəaliyyətini intensivləşdirmək üçün səylərini davam etdirəcək. İsrail-Fələstin sərhədində baş verən qanlı qarşıdurmalar bizim dərin narahatlığımıza səbəb olur. Biz, üzv dövlətlər və İƏT, bu qarşıdurmaları dayandırmaq üçün mümkün qədər səy göstərməliyik. Əvvəllər olduğu kimi, Azərbaycan bu məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edir və biz Fələstin məsələsinin ədalətli və davamlı həlli üçün həmrəyliyimizi və davamlı dəstəyimizi təsdiqləyirik. Azərbaycan Şərqi Əl-Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir".

Nazir bildirib ki, 2017-ci il iyulun 20-21-də Azərbaycan BMT-nin Fələstin Xalqının Ayrılmaz Hüquqlarının İcrası üzrə Komitəsi və İslam Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə "Qüds Məsələsi üzrə Beynəlxalq Konfrans"a ev sahibliyi etmişdir. Konfransın yekunu olaraq təşkilatçılar adından qəbul edilmiş Kommunikede Əl-Əqsa məscidinin bağlanması və orada ibadətə qoyulan məhdudiyyətlər qınanılıb. Bu il aprelin 3-6-da Qoşulmama Hərəkatı Üçlüyünün (Troika) üzvü qismində Azərbaycan "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin 18-ci aralıq nazirlər konfransına ev sahibliyi edib: "Bu tədbir çərçivəsində həmçinin, Qoşulmama Hərəkatının Fələstin üzrə Nazirlər Komitəsinin iclası keçirilib. Bakı Bəyannaməsinin yekun sənədində, pozuntulara tamamilə son qoymaq üçün ciddi, kollektiv səylərə çağırışlar təkrar olunub. Biz həmçinin, 2018-ci ilin sonunda Bakıda Fələstin Dövlətinin Asiyada akkreditə olunmuş səfirlərinin illik toplantısına ev sahibliyi etməyi planlaşdırırıq. Hesab edirəm ki, bu, Fələstin xalqı və dövlətinin mövcud problemlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq".

"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i, o cümlədən Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal olunduğu, həmçinin təxminən bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyi təsdiq olunmuş faktdır" deyən Məmmədyarovun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı tarixi, mədəni və dini abidələr qəddar şəkildə məhv edilmiş və təhqirə məruz qalıb. Ermənistanı açıq şəkildə işğalçı kimi tanıyan BMT və onun Təhlükəsizlik Şurası və İƏT qətnamələri işğalçı ilə münasibətlərin inkişaf etdirilməsini istəyən bütün müsəlman ölkələrinə əsas mesaj olmalıdır, çünki Ermənistanın işğalçı siyasəti yalnız Azərbaycanın dini və mədəni irsinə deyil, ümumiyyətlə İslamın tarixi və mədəni irsinə qarşı bir hücumdur.

XİN başçısı İƏT-ə üzv ölkələrinin İƏT Nazirlər qətnamələrində əks olunmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə güclü və ədalətli mövqeyinə görə təşəkkür edib.

Azərbaycanın bütün dünyada İslam dəyərlərini təşviq etmək üçün ardıcıl işləyərək Fransanın məşhur Luvr muzeyində İslam İncəsənəti Bölməsinin təşkilinə fəal şəkildə töhfə vermiş və Vatikanda sərgisini nümayiş edilən ilk müsəlman ölkəsi olduğunu deyən nazir 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edildiyini xatırladıb. Dediyinə görə, 2018-ci ildə daha bir qədim Azərbaycan şəhəri olan Naxçıvan bu fəxri ada layiq görülüb. Dediyinə görə, iyunun 20-də Naxçıvan şəhərində İƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakı ilə "Naxçıvan, İslam Mədəniyyətinin Paytaxtı-2018" adlı tədbirin açılış mərasimi keçiriləcək.

Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın ölkəmizə qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir və qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Eyni zamanda, bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir.

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilir (APA). Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barəsində qərarın əks olunmasıdır. Qətnamədə həmçinin, Azərbaycan hökuməti və xalqı tərəfindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.

"1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" adlı qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənilir.

Qətnamədə həmçinin "Xocalıya ədalət" Beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilir.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

"Ali təhsil məsələlərinə dair" saylı qətnamədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən İƏT-ə üzv ölkələrdən olan tələbələr üçün 5 illik proqram çərçivəsində 100 tələbə təqaüdünün təsis edilməsi təqdirəlayiq bir hal kimi qiymətləndirilir. "Üzv ölkələr tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş namizədliklərə dair" qətnamədə ölkəmizin "Expo-2025"-ə ev sahibliyi etmək üçün namizədliyi və Qeyri-maddi mədəni irsin qorunmasına dair Beynəlxlaq Hökumətlərarası Komitənin üzvlüyünə namizədliyinin dəstəklənməsinə çağırış edilib.