Paralel. - 2018.- 9-10 may. - 83. - S. 13.

 

Azərbaycan polisinin yaranma tarixi və təşəkkülü

(1918-1920-ci illər, qısa tarixi tədqiqat)

 

Müstəqil Azərbaycan Polisinin yaranması və təşəkkülü

 

İltifat Əliyarlı-Şahsevənli

tarix üzrə fəlsəfə doktoru

 

(Əvvəli ötən sayımızda)

Bakı mühiti (Əsas (klassik) dövr)(16 sentyabr 1918 - 30 mart 1920-ci il)

1918-ci il sentyabrın 16-da Azərbaycan hökuməti müvəqqəti paytaxt kimi yerləşdiyi Gəncə şəhərindən xüsusi zirehli qatarla tum general (gen.-leyt.) Mürsəl Paşanın ("Bakı Mürsəl Paşa")komandanlıq etdiy 5-ci Qafqaz diviziyası vəgeneral-leytenant Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusu və AXC birləşmiş silahlı (o cümlədən polis) qüvvələri tərəfindən azad edilən(15 sentyabr1918) Bakıya köçdükdən (Bakının azad olunması haqqında ilk xəbər Danimarka konsulluğu vasitəsilə bütün dünyaya yayılıb)sonra DİN-in fəaliyyəti və münasibətlər dairəsi əhəmiyyətli dərəcədə dəyişdi, eyni zamanda mürəkkəbləşdi. Hökumət başçısı F.Xoyski özü əvvəlcə "Metropol" mehmanxanasının 31 nömrəli otağına yerləşir, hər gün saat 12-dən 14-dək vətəndaşları qəbul edirdi. Əksər nazirlər, o cümlədən daxili işlər naziri B.Cavanşir də oradakı otaqlardan birində yerləşmişdi. Bakı azad edildikdən sonra türk zabiti-yarbay (podpolkovnik) Mehmet Fəthi müvəqqəti olaraq Bakının qubernatoru (15 sentyabr-10 noyabr 1918-ci il), onun böyük köməkçisi (müavini) isə, Azərbaycan xalqının azadlığı uğrunda əsil istiqlal fədailərindən və AXC-nin görkəmli xadimlərindən biri, polkovnik Əli bəy Zizikski (1878-1928) təyin edilib, şəhərdə asayiş bərqərar olunub.

B.Cavanşirin rəhbərlik etdiyi Daxili İşlər Nazirliyi hökumətin əldə tutduğu demokratik prinsipləri bir vəzifə kimi qəbul etmişdi. O, islahatçı, yenilikçi nazir idi. B.Çavanşir 1918-ci il avqustun 22-də xarici pasportların verilməsi səlahiyyətinin qubernatorlara həvalə olunması haqqında əmr verdi. Onun şəxsi nüfuzu və rolu az deyildi... O vaxt maddi imkanların o qədər də yüksək olmamasına baxmayaraq, Azərbaycan hökuməti Behbud xanın təşəbbüs və təkliflərinə biganə qalmır, bacardıqca DİN-in mərkəzi və yerli orqanlarının təşkilati və strukturca inkişafı, təkmilləşməsi üçün maliyyə-büdcə xərclərini artırırdı...

1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin tərkibində kabinədaxili dəyişikliklər baş verdi və B.Cavanşir yenidən daxili işlər naziri təyin olundu, lakin ona həm də sənaye və ticarət naziri vəzifəsini yerinə yetirmək tapşırıldı. 1918-ci il oktyabrın 12-də B.Cavanşirin 78 nömrəli əmri ilə buna qədər Ərəş qəzasında polis pristavı vəzifəsində işləyən Lütvəli bəy Zülqədərov (1881-1920) Şamaxı qəzasının müvəqqəti rəisi təyin olundu və bu vəzifədə 1919-cu il iyunun 23-dək işlədi. 1918-ci il noyabrın 1-də M.S.Ağabəyzadə Azərbaycan Cümhuriyyətinin daxili işlər naziri vəzifəsini daşımağa başladı və bu vəzifədə həmin il dekabrın 26-dək xidmət göstərdi.

1918-ci il noyabrın 10-da F.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti Nuru Paşa başda olmaqla Bakını tərk edən türk generallarının şərəfinə, onlara minnətdarlıq olaraq 400 nəfərin iştirak etdiyi vida ziyafəti təşkil etdi (yeri gəlmişkən, 1918-ci ildə Gəncədən üzü bəri Azərbaycan qəzalarının və Bakının düşmən qüvvələrindən azad edilməsi uğrunda sovet-bolşevik-daşnak qoşunlarına qarşı savaşlarda qardaş Türkiyə Ordusunun 1130 əsgər və zabiti şəhid olub (onlar Bakıda Dağüstü parkda və digər ərazilərdə dəfn olunublar...).Vida ziyafətində F.Xoyskinin və general Nuru Paşanın alovlu çıxışları tarixin yaddaşında qalıb...

...Hələ 1918-ci il oktyabrın 28-də peşəkar hərbçi, general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadə AXC Daxili İşlər Nazirliyinə vitse-nazir vəzifəsinə təyin edilib. Behbud xana nazir işlədiyi dövrdə islahatların həyata keçirilməsində, məhz vitse-nazir general-mayor M.S.Ağabəyzadə və 1918-ci ilin sentyabrından onun müavini işləyən Mehdi bəy Hacınski (1879-1941) kömək edirdilər. Nazir B.Cavanşirin təqdimatı və onların səyi ilə 1918-ci ilin sentyabrında İçəri Şəhərdə Polis məmurları hazırlayan Bakı Qorodovoy Məktəbi açıldı. Məktəbin müdiri (rəisi-İ.Ə.) vaxtı ilə çar ordusunda xidmət etmiş podpolkovnik Şükür bəy Əbdürrəhim oğlu Yüzbaşinski (əslən Şamaxı şəhərindən idi) təyin edildi. Məktəbin təşkilində M.S.Ağabəyzadənin də bilavasitə rolu olub. Məktəbdə 1200 nəfər polis məmurunun hazırlanması nəzərdə tutulub. Bunu 1918-ci il oktyabrın 26-da Gəncədə gizir məktəbinin ilk buraxılış mərasimində DİN-in rəsmi nümayəndəsi kimi iştirak və çıxış edən daxili işlər naziri B.Cavanşirin müavini M.Hacınski söyləyib.

...Vitse-nazir general-mayor M.S.Ağabəyzadə kabinet adamı deyildi. O, tez-tez yerlərə gedir, ərazi polis orqanlarının təftişində bilavasitə iştirak edir və əməli köməklik göstərirdi. Ümumiyyətlə, M.S.Ağabəyzadənin gənc milli, müstəqil polis orqanlarımızın təşəkkülü və inkişafında, onun hüquqi bazasının, normativ qanunverici aktlarının hazırlanmasında müstəsna xidmətləri olub. M.S.Ağabəyzadə nazir əvəzi, vitse-nazir təyin olunduğu ilk gündən təşkilat-səfərbərlik məsələləri, polisin bütün strukturlarının maddi-texniki təchizatı ilə məşğul olub. Onun ilk təkliflərindən biri DİN üçün dövlət büdcəsindən maliyyə vəsaitinin artırılması barədə idi.

1918-ci il oktyabrın 30-da Aralıq dənizində Saqqız (Lemnos) adasında I Dünya müharibəsində qalib gələn Antanta dövlətləri (İngiltərə, Fransa və ABŞ) ilə məğlub Osmanlı Türkiyəsi arasında bağlanan Mudros (Mondros) sazişinin 11-ci maddəsinin şərtlərinə görə,Türkiyə öz qoşunlarını Azərbaycandan çıxarmalı idi. Əvəzində həmin il noyabrın 17-də İranın Ənzəli limanından 17 hərbi dəniz gəmisi ilə Böyük Britaniyanın İrandakı ekspedisiya korpusunun - yeni yaradılan Şimali İran ordusunun komandanı, general-mayor Vilyam Tomson başda olmaqla qalib Antanta orudusunu(müttəfiqləri) təmsil edən 2 min nəfərədək, o cümlədən,1000 nəfərdən ibarət ingilis-fransız-amerikan hərbi kontingenti, əsgərləri 800 nəfərdən ibarət muzdlu hindlilərdən, zabitləri isə ingilislərdən ibarət olan Böyük Britaniya qoşunları səhər saat 10-da Bakıya daxil oldu. Bu kontingentin tərkibində hərbi polis hissələri də var idi. İngilislər Bakıya daxil olarkən Azərbaycan hökuməti tərəfindən Bakı limanında general V.Tomsonun şərəfinə rəsmi qarşılanma və qəbul təşkil olundu. Rəsmi qəbul mərasimində daxili işlər naziri Behbud xan Cavanşir də iştirak edib. Saat 12-də Bakıda hərbi vəziyyət elan edildi. Cəmi 38 otaqdan ibarət şəhərin "Metropol" mehmanxanasında (AMEA-nın indiki Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası; milyonçu Hacı Hacıağaya məxsus idi) qərargah quran general V.Tomson özünü Bakının general-qubernatoru elan etdi. Bakı polisinə nəzarət də ingilis zabitinə tapşırıldı. Bu zaman Bakıda cəmi 500 nəfər polis qüvvəsi vardı.

1918-ci ilin noyabr-dekabrında B.Cavanşir, əslində sənaye və ticarət naziri vəzifəsini yerinə yetirdiyi üçün, nazir əvəzi M.S.Ağabəyzadə daxili işlər naziri vəzifəsini daşıyırdı. Əvvəl "Müsavat" (Bərabərlik) partiyasında olan B.Cavanşir "siyasi səbəblərə" görə onun tərkibindən çıxıb, 1918-ci il dekabrın 7-dən Azərbaycan Parlamentinin üzvü olmasına baxmayaraq, həmin il dekabrın 21-dək rəsmən daxili işlər naziri vəzifəsində qalır və DİN-lə əlaqədar həyata keçirilən tədbirlərdə daxili işlər naziri hüququnda iştirak edir, sənədlərə imza atır.

1918-ci il dekabrın 2-də general V.Tomson bəyanat verərək bildirir ki, F.Xoyskinin sədrliyi ilə yaradılan koalisyon hökumət Azərbaycanda yeganə qanuni hakimiyyətdir. 1918-ci il dekabrın 7-də milyonçu Musa Nağıyevin (1842, Biləcəri, Bakı-18 mart 1919, Bakı) xəstə oğlu Ağa İsmayılın şərəfinə Bakının baş memarı, polyak İ.K. Ploşkoya (1867,Varşava -1931,Paris) tikdirdiyi (1908-1910) "İsmailiyyə" binasında gündüz saat 2-də təntənəli surətdə plüralizm və demokratik mühitli Azərbaycan Məclisi Məbusanı(Parlamenti) açılır. Bu əlamətdar hadisələrdən sonra Azərbaycan Polisinin təşəkkülü prosesi daha da intensivləşir.

Məhəmməd Həsən Cəfərqulu oğlu Hacınski (3.3.1876, Bakı-9.2.1931,Tiflis). Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, ixtisasca mühəndis idi. İmperator Nikolay adına Sankt-Peterbur İmperator Texnologiya İnstitutunu bitirmişdi. Bakının Dənizkənarı Bulvarını M.Hacınski tikdirib başa çatdırıb (1909-1912). AXC-nin 5-ci daxili işlər naziri (24 dekabr 1919-cu il -18 fevral 1920-ci il) olub. Sovet hakimiyyəti dövründə məsul dövlət vəzifəsində çalışsada, Zaqafqaziya Partiya Komitəsinin 1-ci katibi Lavrenti Beriya ilə aralarındakı ixtilafa görə (onlar Tiflisdə bir binada yaşayıblar (İ.Ə.) təqib edilib, həbs olunub və 1931-ci il fevralın 9-da Tiflisdə həbsxanada "intihar"... edib... Simvolik qəbri Tiflisdə Nəbatat bağında azərbaycanlıların Müsəlman Qəbiristanlığı Kompleksində M.F. Axundovun məzarının ayaq tərəfindədir. M.Hacınskinin Səadət xanımdan 8 övladı (Şamil, Nuşirəvan, Muxtar, Tofiq, Murad adlı oğlanları, Minurə, Mehriban, Leyla adlı qızları) olub. Ailəsi əzablı repressiyaya məruz qalıb...

Mustafa bəy Nadir bəy oğlu Vəkilov(1886, Salahlı k. Qazax q.- 1.11.1965, Amasiya ş., Türkiyə). Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, hüquqşünas, Moskva universitetini bitirib. AXC-nin sonuncu (6-cı) daxili işlər naziri (28 fevral-28 aprel1920-ci il) olub. Ən gənc - 23 yaşında Azərbaycan hökuməti tərəfindən daxili işlər naziri təyin edilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra həbs edilib.Güllələnəcəyini qəti bildiyindən xaricə mühacirət edib, əvvəlcə Tiflisə, oradan da Türkiyəyə gedib. Ömrünü mühacirətdə keçirsə də, sovet hakimiyyətinə qarşı mübarizəni oradan da davam etdirib...1965-ci il noyabrın 1-də Amasiya şəhərində 69 yaşında vəfat edib. Qəbri Ankaradadır. Hərtərəfli və mübariz şəxsiyyət olan M.Vəkilov böyük Azərbaycan şairi Səməd Vurğunun qohumudur. İstanbulda yaşayarkən universitetin tələbəsi, Şamaxı qəzasının keçmiş rəisi Talıbxan Talıbxanovun qızı Sürəyya Talıbxanlı ilə evlənib, lakin ayrılıblar... Amasiyada Firdovsi adlı qadınla ikinci dəfə evlənib, ondan Serpil adlı qızı və Nadir adlı oğlu olub...

 

Ardı gələn sayımızda