İqtisadiyyat.- 2018.-18-24 yanvar.- 3.-S.4

 

20 Yanvar faciəsi xalqımıza qarşı törədilən ən ağır cinayətlərdən biridir

 

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın XX əsrdəki tarixində ən dəhşətli faciədir.

Sovet hökumətinin, kommunist rejiminin öz xalqına qarşı bu qədər dəhşətli terror, təcavüz əməliyyatı buna qədər heç vaxt keçirilməmişdir.

Heydər Əliyev

 

Ziyad Səmədzadə,

Akademik

 

...Respublikada vəziyyət getdikcə pisləşir, eyni zamanda, xalq açıq-aşkar görürdü ki, Vəzirov hər dəfə erməni millətçilərinə, mərkəzə güzəştə gedir. Ona görə Azərbaycan xalqı belə rəhbərdən xilas olmaq, öz sözünü demək üçün ayağa qalxdı...

Hamıya məlumdur ki, Sovet sistemində kommunist ideologiyasına uyğun gəlməyən fikirlər, baxışlar dəstəklənmir, əksinə, çox ciddi təzyiqlərə məruz qalırdı. O sistemin qurbanları içərisində Azərbaycan xalqının qeyrətli, ziyalı övladları çox olub. Ötən əsrin 50-ci illərinin ortalarında Sovet cəmiyyətində hakim partiya söz, fikir azadlığına münasibətini nisbətən yumşaltsa da, bütövlükdə, sistemin dayaqlarını sarsıtmağa yönəldilmiş hər bir tədbirə qarşı amansız mövqe tuturdu. Buna baxmayaraq, SSRİ iqtisadiyyatında mərhələlərlə baş verən uğursuzluqlar, hökumətin tez-tez təkrar olunan və sarsıntılarla müşayiət edilən tədbirləri Sovet sisteminin üç üzvü barədə fikirlərin geniş yayılmasına gətirib çıxarır, insanları azadlıq uğrunda mübarizəyə qalxmağa sövq edirdi. Ötən əsrin 80-ci illərinin axırlarında və 90-cı illərinin əvvəllərində Azərbaycanda gündən-günə ağırlaşan siyasi, iqtisadi və sosial durum bu proseslərin inkişafı üçün əlverişli şərait yaradırdı, cəmiyyətdə ziyalı sözünə ehtiyac artırdı. Xalq çox çətin bir imtahan qarşısında idi. Təsadüfi adamların ürəyindən xalqa liderlik etmək istəyi keçirdi. Əlbəttə, bu, çox qorxulu bir meyil idi. Xalqa liderlik etmək qabiliyyətinə malik olmayanlar isə ziyalıları yaxma buraxmırdılar. Əlbəttə, ziyalıların da təşəbbüskarlığı yüksək deyildi. Xatırladaq ki, XX əsrin əvvəllərində Azərbaycanda böyük ziyalı ordusu yox idi, lakin ayrı-ayrı ziyalılar xalq üçün çox əhəmiyyətli, daha dəqiq desək, tarixi iş görürdülər. Elə bir Üzeyir bəy Azərbaycan xalqının milli mədəniyyətinin inkişafında nə qədər böyük rol oynamışdır. Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov o qədər nəhəng insanlardı ki, xalq onların arxasınca inamla və iftixarla gedə bilərdi. Çünki onlar millətin taleyi naminə ən çətin mübarizədən qorxmayan əsl vətəndaş idilər.

1988-ci ildə Qarabağ hadisələri başlananda ziyalılar xalq hərəkatına qoşulmuşdular və bir sıra taleyüklü məsələlərin müzakirəsində öz sözlərini deyirdilər. Lakin xalqla rəhbərlik arasında dərin uçurumun olduğu şəraitdə onların bəziləri öz mövqelərini müəyyən edə bilmədilər. Müxalifətin radikal mövqedən çıxış edən bəzi nümayəndələri ziyalıların əksəriyyətini, demək olar, qorxutmuşdu, amma başı bəlalar çəkmiş Azərbaycan xalqı daha ayılmışdı. Mərkəzin respublikaya sərt münasibəti isə dəyişmirdi ki, bu da respublikada onsuz da ağır olan ictimai-siyasi şəraiti daha da gərginləşdirirdi. Vəziyyətin daha da kəskinləşməsinə yol verməmək üçün xalq arasında nüfuz sahibi olan ziyalılar, qeydiyyatdan keçmiş Xalq Cəbhəsinin və digər təşkilatların nümayəndələri yaranmış vəziyyətdən çıxış yollarını müəyyən etmək üçün intensiv görüşlər keçirir, danışıqlar aparırdılar. Amma ziyalılar çox böyük narahatlıq keçirirdilər. Azadlıq, müstəqillik sözləri o qədər tez-tez işlənirdi ki, onların öz əhəmiyyətini itirməsi təhlükəsi yaranırdı. Rəhbərlik ilə xalq arasındakı boşluğu doldurmaq istiqamətində konkret addımlar atılmırdı. Xalq tələb edirdi ki, respublika rəhbərliyi Qarabağ probleminin həllində daha prinsipial mövqe tutsun, xalqdan ayrı düşməmək üçün onun qayğıları, arzuları ilə yaşasın.

Tarixdən məlumdur ki, azadlıq siyasi mədəniyyətin yüksək olduğu şəraitdə daha az itki ilə əldə edilə bilər. Mərkəz çalışırdı müxalifətdən olan radikal qüvvələr hər hansı təxribata əl atsınlar ki, onlara qarşı cəza tədbirləri görməyə bəhanə olsun, Qarabağ problemi kölgədə qalsın. Ermənistanın silahlı birləşmələri Azərbaycan kəndlərinə basqın edir, dinc əhalini öldürür, amma mərkəz səsini çıxarmır, biganəlik göstərirdi. Gözləyirdi ki, Azərbaycan xalqı qəzəblənsin, hansısa bir hərəkətə əl atsın və bundan istifadə edən mərkəz öz gücünü işə salsın. Rəhbərlik və müxalifətdə olan qüvvələr bunu açıq-aşkar görə-görə düşmənə qarşı vahid cəbhədə birləşə bilmədilər. Bunlar tarixi faktlardır, o dövrün reallıqlarıdır. O vaxt çoxları başa düşmürdü ki, mərkəz Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə, sözün əsl mənasında, ziyalıların rəhbərlik etməsini istəmir, elə ona görə də respublika rəhbərinin əli ilə xalq içərisində böyük nüfuzu olan ziyalıların siyasi meydandan uzaqlaşdırılması üçün bütün vasitələrdən istifadə edirdi.

1989-cu ilin son aylarında, 1990-cı illərin əvvəllərində respublikamızın hər yerində olduğu kimi, Bakının və onun ətraf kəndlərinin əhalisi də mərkəzin və erməni millətçilərinin xalqımıza qarşı xəyanətkar siyasətinə etiraz əlaməti olaraq küçələrə çıxmış, soyuğa, şaxtaya, yuxusuzluğa baxmayaraq, küçələrdə qurduqları maneələrdə (barrikadalarda) növbə çəkərək, Sovet qoşunlarının Bakı şəhərinə daxil olmasına yol verməmək üçün bütün vasitələrdən istifadə etməyə hazır idi. Nə qədər bəsit olsa da, əhali müdhiş haqsızlığa və ədalətsizliyə qarşı mübarizə üçün özünün bacardığı bu yolu seçmişdi. Qəzəblənmiş xalq azadlığa çıxmaq, vətən torpağını müdafiə etmək üçün hər cür əzaba dözməyə hazır idi. Əlbəttə, ayrı-ayrı radikal qüvvələr əhalinin sadə lövhlüyündən istifadə edib, onu ordunun, tankların, zirehli maşınların qabağına çıxarmaqda xüsusi məqsəd güdürdülər. Hətta müxtəlif yerlərdə əhaliyə silah paylanacağı da vəd edilmişdi. Bakının Buzovna, Mərdəkan, Şüvəlan, Şağan, Qala, Bilgəh, Nardaran, Kürdəxanı, Maştağa, Binə, Keşlə, Zabrat, Hökməli, Türkan, Zirə, Bülbülə, Əmircan, Digah və başqa kəndlərinin əhalisi, xüsusən cavanlar dinc əhalinin üstünə göndərilən Sovet qoşunlarının qarşısını almaq məqsədilə Mərdəkan-Qala-Bakı magistralında keşik çəkirdilər. Onlar bilirdilər ki, Bakıya hərbi qüvvələr, əsasən Qala hərbi hava limanı vasitəsilə daxil ola bilər. Lakin vəziyyətin getdikcə gərgin xarakter aldığını görən kənd ağsaqqalları, ziyalılar həmin günlər evdə otura bilmirdilər, nizami qoşun qarşısına əliyalın, silahsız çıxan azadlıq aşiqlərini bu yoldan geri çəkməyə, onlara əsl həqiqəti başa salmağa, silahlı qoşun qarşısında durmağın mənasız olduğunu izah etməyə çalışırdılar. Hadisələrin gedişindən hiss edilirdi ki, dinc əhaliyə qarşı SSRİ dövlətinin rəhbərliyi səviyyəsində qabaqcadan təxribatlar hazırlanmışdır. Amma vəziyyətin getdikcə gərginləşdiyi günlərdə Sov. İKP MK-nın yüksək vəzifəli nümayəndələrinin əhali ilə görüşlərində, habelə kütləvi informasiya vasitələri ilə verilən məlumatlarda bildirilirdi ki, Bakıya qoşunlar daxil olmayacaq. Əslində isə vəziyyət başqa cür idi. Bakıda fövqəladə vəziyyətin elan olunacağı və qadağa saatının qoyulacağı vaxt xalqdan gizlədilir, şəhərə qəfil hücum hazırlanırdı. Onu da qeyd etmək lazımdır ki, qoşunların Bakıya yeridilməsinə bir neçə gün qalmış hərbi komandanlıq Bakı şəhərindən hərbi qulluqçuların ailələrini SSRİ-nin müxtəlif regionlarına köçürməyə başlamışdı. Komandanlıq bu faktı onunla izah edirdi ki, guya həmin tədbir Bakıda ekstremist qüvvələrin basqınlarının qarşısını almaq üçün həyata keçirilir. Bu, ağ yalan idi. Reallıq sübut edirdi ki, o dövrdə Bakıda, eləcə də digər rayonlarda rusdilli əhalinin təhlükəsizliyi üçün heç bir qorxu yox idi.

1990-cı il yanvar ayının 19-da saat 19:27-də Azərbaycan televiziyası sıradan çıxarıldı. Bir neçə saat sonra Bakının hər yerindən güclü atəş səsləri gəlməyə başladı. Hamı həyəcan içərisindəydi. Sovet qoşunları hər tərəfdən şəhərə soxulurdu. Küçələrdə qan su yerinə axırdı. 40 min nəfərlik ordu əliyalın əhaliyə divan tuturdu. Azərbaycan Respublikasının Konstitusiyası tapdalanmışdı. Helsinki Yekun Aktını və Vyana müqaviləsini imzalamış SSRİ dövləti dinc əhaliyə qarşı görünməmiş bir cinayət işlədi.

Gözyaşardıcı qaz tətbiq edilir, dinc əhali atəşə tutulurdu. Əsgərlər hərbi maşınlardakı projektorlardan istifadə edərək qaranlıq yerlərdə atəşdən gizlənənləri, hətta təcili yardım maşınlarını gülləyə tuturdular.

Mərkəz əmin idi ki, Bakıda xalq susdurulsa, bütün respublikada sakitlik təmin ediləcək, beləliklə də SS- Rİ-nin Qafqazda qlobal mənafeləri tam müdafiə ediləcəkdir. Ancaq bu, yanlış fikir idi.

Əgər tarixə diqqət yetirsək, görərik ki, Bakı Azərbaycanda baş verən hadisələrdə, xüsusən xalqımızın azadlıq hərəkatında, yadellilərə qarşı aparılan mübarizədə daim mühüm rol oynamışdır. Məlum olduğu kimi, hələ XIX əsrin əvvəllərində çar Rusiyası Azərbaycana öz işğalçı qoşunlarını göndərərkən ilk növbədə Bakını tutmağı planlaşdırmışdı. Bakının strateji mövqeyi, burada neft yataqlarının mövcudluğu onu Rusiyanın işğalçılıq siyasətinin mühüm hədəfinə çevirmişdi, - Gəncə, Şəki və Qarabağ işğal edildikdən sonra Bakı xanlığı üzərinə yürüş məhz belə bir məqsədlə həyata keçirilmişdi. Lakin rus generalı Bakını işğal edə bilmədi. O, İçərişəhərin qoşa qala qapılarının açarını təhvil aldığı yerdə Bakı xanı Hüseynqulu xanın əmisi uşaqları rus generalını öldürüb başını kəsdilər. Qoca tarix dönə-dönə sübut edir ki, Azərbaycanı qəsb etmək niyyətinə düşənlər nə qədər çox olsa da, arzusu gözündə qalanlar ondan da çox olub. 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciə Azərbaycan xalqını, Bakı əhalisini daha sıx birləşdirdi. O günlər minlərlə gənc Bakının komendantı Dubinyakın, digər Sovet zabitlərinin təhdidlərinə, təhqirlərinə, şaxtaya, yorğunluğa baxmayaraq, iki gün ərzində hava qaralana kimi Dağüstü parkda məzarlar qazmış, öz vətəndaşlıq borcunu yerinə yetirmişdilər. Həmin dövrdə Buzovna, Mərdəkan, Bilgəh, Maştağa, Şüvəlan, Şağan, Qala, Pirşağı, Nardaran, Kürdəxanı, Binə, Binəqədi və başqa qəsəbə və kəndlərin əhalisi Bakını qırmızı qərənfillərə qərq etmişdi. Milyonlarca qərənfil şəhidlərimizin müqəddəs ruhu qarşısında torpağa baş əymişdi. Dünyada, yəqin, az xalq tapılar ki, ağır zəhmət hesabına becərdiyi hər hansı məhsuldan, əldə edəcəyi böyük miqdarda gəlirdən könüllü imtina etsin, xalqımızın azadlığı uğrunda şəhid olmuş övladlarının məzarı üzərinə bu qədər gül səpsin. Həmin günlərdə mən al qərənfillər içərisində alışıb-yanan Bakıya baxdıqca öz elimə, xalqıma, Bakı kəndlərinin öz sadəliyi ilə seçilən, son tikəsini belə dostla bölməyə hazır olan əli qabarlı, alnı açıq əhalisinə dərin minnətdarlıq hissi keçirirdim. Bu ənənə bu gün də davam edir və yəqin ki, əsrlər boyu davam edəcəkdir. Belə xalqa, belə camaata eşq olsun.

1990-cı ilin 20 yanvar tarixi Azərbaycan üçün həm də böyük imtahan idi. Respublikamızın bütün əhalisi kimi Bakı camaatı da bu imtahandan mərdliklə çıxdı. Azərbaycan xalqı bir daha sübut etdi ki, öz azadlığı uğrunda mübarizə aparmağı bacaran xalqdır və heç bir məhrumiyyət onu bu yoldan döndərə bilməz.

1990-cı il yanvarın 22-də Azərbaycan Ali Sovetinin sessiyası çağırılmışdı. Hamımız böyük həyəcan içində idik və sessiyanın açılmasını səbirsizliklə gözləyirdik. Ali Sovetin Rəyasət Heyətinin sədri Elmira Qafarova sessiyanı açıq elan etdikdən sonra deputatlar 1990-cı il yanvarın 19-21-də Bakıda faciəli surətdə həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Gündəliyə aşağıdakı məsələlər daxil edildi:

1. Sessiyanın işinin səlahiyyətliliyi barədə;

2. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunları, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Komitəsinin hərbi hissələri tərəfindən dinc əhaliyə qarşı 1990-cı il yanvarın 10-dan başlanmış qanunsuz hərəkətlər barədə;

3. Bakıya qoşunların daxil olması ilə əlaqədar faciəli hadisələrin səbəblərini tədqiq etmək üçün deputat komissiyasının yaradılması barədə;

4. SSRİ xalqlarına, dünyanın bütün xalqlarına, parlamentlərinə müraciət barədə;

5. SSRİ Ali Soveti Rəyasət Heyətinin Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərmanının qüvvəsinin dayandırılması və şəhərdən qoşunların dərhal çıxarılması barədə.

Çox təəssüf ki, fövqəladə sessiyanın qəbul etdiyi qərarlar reallaşmadı, Mərkəzi Komitənin nə yanvar, nə mart, nə də iyun plenumlarında bunlara əhəmiyyət verilmədi. 1990-cı il yanvarın 22-də mənim sədrliyimlə Azərbaycan KP Mərkəzi Komitəsi aparatının ilk partiya təşkilatının yığıncağını keçirdik. Partiya təşkilatının həmin iclası respublikanın siyasi həyatında adi bir hadisə deyildi. Mən həmişə onu az da olsa, müsbət hadisə kimi qiymətləndirirəm. Çünki yığıncaqda biz Sov. İKP MK-ya, onun Azərbaycana təyin etdiyi rəhbərə öz mənfi münasibətimizi nümayiş etdirdik. Partiya iclası Əbdürrəhman Vəzirovun partiya sıralarından çıxarılması barədə qərar qəbul etdi.

İclasdan əvvəl isə MK-nın ikinci katibi Viktor Polyaniçkonun mənimlə çox ciddi söhbəti oldu. O, tədbiri təxirə salmağı məsləhət bildi. Amma iclas keçirildi.

Bir müddətdən sonra 19 yanvar gecəsi Moskvaya qaçmış Vəzirov mənə müraciətində onu partiyadan xaric etməməyimizi xahiş edirdi. Biz qərarımızı dəyişmədik. Həmin məktubu mən Vəzirovun fəaliyyətinin yoxlanılması ilə əlaqədar Mərkəzi Komitənin Plenimunun qərarına əsasən yaradılmış komissiyaya verdim, lakin nədənsə məni komissiyanın tərkibinə daxil etmədilər.