Yeni Azərbaycan. - 2018.- 18 yanvar. - ¹ 10. - S. 7.

 

Azərbaycan dünyada həm İslam həmrəyliyinin gücləndirilməsi, həm də multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir

 

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb olmuşdur

 

P. Sadayoğlu

 

Yüksək elmi-texniki nailiyyətlərlə səciyyələnən XXI əsrdə planetimizin üzləşdiyi qlobal təhdidlərdən biri məhz müxtəlif irqlərə, mədəniyyətlərə və dinlərə məxsus insanların birgə yaşayışı ilə bağlıdır. Bu gün dünyada bu və ya digər ölkədə milli-dini-irqi zəmində baş verən toqquşmalardan, fərqli sivilizasiyaların bir-birlərini inkar etmək cəhdlərindən və hətta düşmənçilik çağırışları səsləndirmələrindən böyük narahatlıqlar hiss olunmaqdadır. Hətta demokratik inkişafı ilə öyünən bir sıra ölkələrdə də məhz fərqli dini inanclarına görə insanların qətlə yetirilmələri, onların hüquqlarının müxtəlif qadağalarla məhdudlaşdırılması bu problemin həlli istiqamətində mütləq addımların atılmasını zəruri edir.

Təbii ki, bu tip hadisələr dünyada tolerantlıq, multikulturalizm çağırışlarının aktuallığını daha da artırır. Fərqli mədəniyyətlərin, dinlərin ayırıcı deyil, birləşdirici vasitə olaraq təbliğ edilməsi, birgəyaşayış təşəbbüslərinin irəli sürülməsi insanlar, sivilizasiyalar arasında inamı, dialoqu gücləndirən amilə çevrilir.

Multikulturalizm Azərbaycanda tarixi ənənələrə söykənir və ölkəmizdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar

Qeyd etdiyimiz kimi, dünya miqyasında multikultural dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi, irqçiliyin, milli-dini dözümsüzlük, ksenefobiya hallarının artdığı indiki dövrdə Azərbaycan tamam fərqli cəhətlərlə səciyyələndirilir. Hər zaman dünyaya tolerantlıq nümunəsi olaraq göstərilən Azərbaycanın coğrafi mövqeyi ölkəmizin Asiya ilə Avropa arasındakı təbii körpü statusu almasını şərtləndirir. Bu, həm də respublikamızın mədəni müxtəlifliyinin formalaşmasına öz müsbət təsirini göstərib. Bu qədim diyar əsrlərdən bəri ayrı-ayrı dinlərin, fərqli sivilizasiyaların, müxtəlif etnik qrupların təmsilçilərinin rahat və inamlı şəkildə yaşadıqları məkan kimi fərqlənib.

Azərbaycan özünün tolerantlıq ənənələrini ölkəmiz müstəqilliyə qovuşduqdan sonra da qoruyub saxlayır və daha da möhkəmləndirməyə çalışır. Müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını xalqımızın Ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndər həm Öz şəxsi nümunəsi, həm də dövlət başçısı kimi imzaladığı sənədlərlə, verdiyi dəyərli tövsiyələrlə insanlara bir tərəfdən milli-mənəvi dəyərlərə sadiq qalmağı, digər tərəfdən isə başqa mədəniyyətlərin və dinlərin daşıyıcılarına hörmətlə yanaşmağı təlqin edirdi. Ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilir. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Bundan başqa, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsi Azərbaycanda multikulturalizm ənənələrinə verilən dəyərin göstəricisi sayıla bilər.

Vurğulamaq lazımdır ki, ölkəmizin əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Belə rəngarəngliyə baxmayaraq, müxtəlif dinlərə aid inanclı insanlar arasında heç bir fərq qoyulmur.

Ölkə daxilində belə əlverişli tolerantlıq mühitinin təmin olunması ilə yanaşı, Azərbaycan, eyni zamanda, qlobal miqyasda da mültikulturalizm dəyərlərinin möhkəmlənməsinə sanballı töhfələr verir. Təsadüfi deyil ki, Azərbaycan dinlərarası dialoqu özündə əks etdirən forumlara, dünya dinlərinin liderlərinin zirvə görüşlərinə ev sahibliyi edir, qlobal miqyasda ölkələr, xalqlar və dinlər arasında qarşılıqlı etimad mühitinin yaranması, əməkdaşlığın dərinləşməsi üçün yeni təşəbbüslər irəli sürür.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi Azərbaycan dövlətinin və xalqının öz tarixi, dini köklərinə bağlılığını göstərir

2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması isə dediklərimizi bir daha təsdiqləyir. Belə ki, arxada qoyduğumuz ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi bir daha Azərbaycan dövlətinin və xalqının öz tarixi, dini köklərinə bağlılığını göstərir. Xalqımız həmişə öz tarixi keçmişinə, mənəvi sərvətlərinə hörmətlə yanaşıb, hətta 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin dövlət simvolu olan bayrağında da İslama mənsubluğunu əks etdirib. Keçmiş ittifaqın tərkibində olduğu dövrdə də xalqımız mərkəzi hökumətin təzyiq və qadağalarına baxmayaraq, öz dini dəyərlərinə sadiqliyini qoruyub saxlayıb.

Ötən əsrin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan və 1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi hakimiyyətinə qayıtdıqdan sonra isə respublikamızda din və vicdan azadlığı tam təmin edilib, o cümlədən dini abidələrin, məscidlərin, ibadətgahların bərpası istiqamətində mühüm işlər görülüb. Sonradan bu siyasət Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilib. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, 2017-ci ilin əvvəlinə onların sayı 2166-ya çatdırılıb. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Bakıda Ümummilli lider Heydər Əliyevin adını daşıyan Cənubi Qafqazda ən böyük məscid inşa olunub.

Ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər nəticəsində Azərbaycan İslam həmrəyliyinə mühüm töhfələr verib. Ötən ilin yayında ölkəmizdə keçirilən İslam Həmrəyliyi Oyunları isə bir sıra müsbət cəhətləri ilə əvvəlki yarışlardan fərqləndi. Bakıda keçirilən Oyunlara rekord sayda - 54 ölkəni təmsil edən 3 mindən çox idmançı qatılıb. Müqayisə üçün bildirək ki, indiyədək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin və idmançının qatılması heç vaxt müşahidə olunmayıb. İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə aparıblar. Eyni zamanda, “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləyib. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırıb. Bakıda əsl idman bayramına çevrilən Oyunlar bu gün də İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Bu Oyunların keçirilməsinin başlıca məqsədi İslam dünyasının idmançıları arasında təması gücləndirmək, onları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq və əməkdaşlıq əlaqələrini möhkəmlətmək olub. Əlamətdar haldır ki, Oyunlar zamanı bəzi hallarda siyasi cəhətdən o qədər də yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri bir-birini təbrik edir, bir-birinin uğuruna sevinir, bir-birinin əlini sıxırdılar.

Ölkəmiz dinlərarası dialoqa ev sahibliyi etməklə bir daha tolerantlıq nümunəsi olduğunu sübuta yetirir

Ötən il ölkəmiz dinlərarası, mədəniyyətlərarası dialoqla bağlı bir çox mötəbər beynəlxalq tədbirlərə də böyük uğurla ev sahibliyi edib. Eyni zamanda, “İslam Həmrəyliyi İli” çərçivəsində bir sıra xarici ölkələrdə beynəlxalq konfranslar keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin və ayrı-ayrı ölkələrin müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilən həmin tədbirlərdə Azərbaycanın İslam Həmrəyliyinin və sivilizasiyalararası dialoqun möhkəmlənməsi işinə verdiyi töhfələr xüsusi vurğulanıb. Ənənəvi olaraq Bakıda keçirilən mədəniyyətlərarası dialoq və humanitar forumlar isə müxtəlif sivilizasiyaların təmsilçiləri üçün gözəl əməkdaşlıq platformasına çevrilib. Yeri gəlmişkən qeyd edək ki, ötən il dekabrın 21-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın açılışında 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri, müxtəlif ölkələrin dövlət başçılarının xüsusi nümayəndələri, dini konfessiya rəhbərləri, hökumət və parlament üzvləri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Bakıda təşkil olunan bu kimi yüksək səviyyəli tədbirlərdə dəfələrlə dünyaya çağırış edilmişdir ki, dinlərarası münasibətlər hər bir ölkə üçün önəmlidir. Dünyada əksər dövlətlər çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Belə olan halda bu mövzu vətəndaş sülhü, vətəndaş həmrəyliyi üçün, hər bir ölkə üçün xüsusi əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında nitq söyləyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, keçən ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bir daha onu göstərir ki, biz öz tarixi, dini köklərimizə bağlıyıq: “Nəinki ölkə ərazisində İslam həmrəyliyi təmin edilir, bütövlükdə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Biz istəyirik ki, bu tendensiyalar bölgəmizdə və dünyada daha da güclənsin. İl ərzində həm Azərbaycanda, həm də xaricdə keçirilmiş bir çox tədbirlər göstərir ki, bu qərar - 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyimiz İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Son önəmli tədbir - dekabrın axırında Bakıda beynəlxalq konfransın keçirilməsi və bu konfransda dünya liderlərinin təbrik məktubları, yüksək səviyyəli qonaqların iştirakı bir daha göstərir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir”.