Olaylar. - 2018.- 5-7 may. - 81. - S. 11.

 

AXC-nin ordu quruculuğu və təhsil siyasəti

 

Nurlan

 

Azərbayvan Xalq Cumhuriyyəti elan edildikdən sonar ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi. Elə bu məqsədlə də1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa, Polşa, İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər boşa çıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil, aeroplan, projektor, odeyal yataq vasitəsi sata biləcəyini bildirdi və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar Azərbaycanın sovetləşməsi ərəfəsində gətirildiyi üçün Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya qismət oldu. Professor Almaz İbrahimova qeyd edib ki, 1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və bir süvari diviziyalardan ibarət idi. Birinci piyada diviziyanın qərargahı Gəncədə yerləşmişdi. Bu diviziyanın rəisi general mayor Cavad Şıxlinski idi. İkinci piyada diviziyasının qərərgahı Bakıda idi. Rəisi general mayor İ.Usubov idi. Gəncədə yerləşən süvari diviziyaya general-mayor Teymur Novruz oğlu başçılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi xüsusi süvari diviziyonu,Yunis Şəkərovun atıcı batalyonu üçüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2 hərb gəmisi var idi.Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə təmin etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş, yenidən qurulub genişləndirilmişdi. Bundan başqa İstehkamçılar məktəbi, Şuşada hərbi feldşer məktəbi, hərbi dəmiryol məktəbi də təsis edilmişdi. 1920-ci il üçün ordunun şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü. İngilis hərbi hissələrinin Zaqafqaziyanı tərk edən vaxt (1919, avqust) öz silahlarının xeyli hissəsini Azərbaycan ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər silah satması ordunun texnikaya artan tələbatını ödəməyə qadir deyildi. Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi Nazirlik hərbi zavod yaratmaq fıkrində idi. Çünki mövcud olan emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımi materiallar çatışmırdı. Ona görə də bu emalatxanalar bəzən kiçik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəlir. Zavodun layihəsi, ştatları, xərcləri 1920-ci il fevralın 23-də parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün böyük qüvvə və külli miqdarda vəsait lazım idi. Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli dövlətinin yaranmasını əbədiləşdirmək üçün elm, təhsil, xalq maarifı və səhiyyə məsələlərinin inkişafını da diqqət mərkəzində saxlayırdı.

AXC-i yarandığı ilk gündən maarif işlərinə də xüsusi fıkir vermişdir,1918-ci il 30 iyun qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. N.Yusifbəyli maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri 1918-ci il 22 sentyabr sərəncamına görə məktəblərin milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün məktəblərdə tədris Azərbaycan dilində keçirilməli idi. Başqa millətlərdən olan uşaqlar üçün rus dilində məktəblər açılması nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə tədris edilməli idi. Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedaqoji kurslar təşkil edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsinin müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağdamda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər açılması haqqında qərarlar qəbul edildi. 1918-ci ildə Zaqatalada 25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul ayırmışdı,1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedaqoji kurslar açıldı.1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət etmişdi. 1919-cu il oktyabrın əvvəllərində həmin müəllimlər Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün də xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı. Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək ixtisaslı kadrların hazırlanmasını ən əsas vəzifə hesab edirdi. Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı.Siyasi şəraitin əlverişsizliyi və maliyyə çətinlikləri üzündən yalnız bir ali məktəbin - Bakı Universitetinin yaradılması üçün imkan əldə edildi. Azərbaycan Xalq Maarifı nazirinin müavini Həmidbəy Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski dəvəti qəbul etmiş və yaradılan komissiyanın sədri seçilmişdi. 1919-cu il mayın 19-da komissiya təsdiq edilir. Mayın 31-də isə komissiya Bakı Universitetinin yaradılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini, Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etmişdi. Universitetin yaradılması haqqında layihə 1919-cu ilin iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi. Universitetin açılması məsələsi mübahisələr doğurdu. Mübahisələr Universitetin rus dilində açılması məsələsində fıkir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, bitərəf müsəlman qrupu Universitetin rus dilində açılması əleyhinə çıxdılar.Universitetin yaradılması işində M.Ə.Rəsulzadə, H.Ağayev, Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər.Tanınmış maarifçi Məmmədağa Şahtaxtinski "Azərbaycanda Universitet" məqaləsində qeyd edirdi ki, Bakıda Universitetin açılması zəruridir. Rus dilində açılacaq Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. Universitet Azərbaycan dövlətinə və türk mədəniyyətinə xidmət edəcəkdir. 1919-cu il sentyabrın 1-də parlament Bakı Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali məktəblərinə 100 abituriyent və tələbə göndərilməsi haqqında qətnamə qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrılırdı: Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank təqaüd, 1000 firank da yol xərci, Rusiyaya göndərilən hər bir adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət etməli idi. 100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi. Qanuna görə Universitetdə 4 fakültə açılmalı idi: Tarixfılologiya, tibb, fızika-riyaziyyat, hüquq. Lakin bir il müddətinə iki fakültə üçün (tarix-fılologiya, tibb) ştat, smeta müəyyən edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfındən təsdiq edilirdi.1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs günü elan edildi. Bakı Dövlət Universitetinin açılması Azərbaycan hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi. 1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri üzrə xüsusi müfəttişlik yaradıldı və R.N.Şahnazarov müfəttiş təyin edildi. Nazirlər Şurası Qarabağda yaşayan ermənilərin mədəniyyət, xalq maarifı sahəsində öz müqəddəratını təyin etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən əsaslandıraraq 23 maddədən ibarət əsasnamə təsdiq etmişdi. Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər.