Olaylar. - 2018.- 4 may. - 80. - S. 8.

 

AXC-nin daxili siyasəti hansı prinsiplərə əsaslanırdı?

 

Azərbaycan türkcəsi dövlət dili statusuna malik idi

 

Nurlan

 

Azərbaycan Xalq Cumhuriyyəti elan olunduqdan dərhal sonra istimai-siyasi vəziyyətə uyğun daxili siyasət həyata keçirilməyə başladı. Hökumətin daxili siyasəti beynəlxalq, regional və daxidəki ictimai-siyasi vəziyyətə uyğun müəyyən edilmişdi. Belə ki, Cumhuriyyət qurulduqdan dərhal sonar Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifı ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və Məclisin çağrılmasını öz üzərinə götürdü. Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən əlavə ölkə əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən (2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə seçilməsi nəzərdə tutulurdu. Ölkə əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı (ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, gürcü və polyaklara - hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar təşkilatına 3, Bakı neft sənayeçiləri şurası və Ticarət-sənaye ittifaqına - 2 nəfər yer verilmişdi. Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hüququ verilirdi. Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan cəmiyyəti deyilən bir təşkilat yaratdılar. İstiqlalı qəbul etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək qərarına gəldilər. Bir sıra şəhər və mahallarda seçkilər başa çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi qaranlıq qaldığından oradan nümayəndə gəlməmişdi. Odur ki, qanunda nəzərdə tutulduğu 120 deputatın əksəriyyətinin toplanması ilə parlamentin açılışı oldu. Professor Almaz İbrahimova qeyd edib ki, parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də baş tutdu. İclası Milli Şuranın sədri M.Ə.Rəsulzadə açdı. İclasda Tomsonun nümayəndəsi, İranın baş konsulu, onun maliyyə müşaviri, Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi P.Əliyev iştirak edirdi. Ş.Rüstəmbəyovun təklifı ilə Ə.Topçubaşov parlamentin sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi. Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan etdi. Parlament tərəfındən istefa qəbul edildi. İttihad partiyasının üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi məhbuslara əfv-ümumi verilməsi təklifı qəbul edildi. Daha sonra mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi ilə təsis iclası bağlandı. Sonrakı iclaslarda maliyyə - büdcə, qanunvericilik təklifləri, aqrar, fəhlə, hərbi işlərvə s. komissiyalar yaradıldı.

Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoyskiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə əlaqədar bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə verdi. Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun qaçırtdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi. General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını və Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi. Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu, Ə.Şeyxülislamzadə, müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi. Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11 fraksiya var idi) öz bəyannamələri ilə çıxış etdilər. Bu bəyanatlarda müəyyən məsələlərdə fıkir ayrılıqları olsa da, ümumi bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə əlaqələri möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni müdafıə edə biləcək güclü ordu yaratmaq. Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, parlamentin rəyasət heyətinə bildirməli idi. Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət dili statusuna malik idi. Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315 qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət Bankı, Azərbaycan Dövlət əmanət kassalarının nizamnaməsi, mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə bağlanmış hər hansı bir sənəd və müqavilə parlamentin təsdiqindən sonra qüvvəyə minirdi. 1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edildi. Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Respublika vətəndaşları iştirak edə bilərdilər. Seçkilər aprelin 20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən hadisələr buna mane oldu.

Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra ordunun yaranması məsələsini ən mühüm məsələ kimi irəli sürmüşdü.1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət elan edildi. Müsəlman korpusu "Əlahiddə Azərbaycan korpusu" adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi mükəlləfıyyət haqqında fərman verildi. Bütün bunların kifayət etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım göstərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində öz əksini tapmışdı. Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha sonra Karpat cəbhəsindən götürülmüş 15-ci Çanaxqala diviziyası da Gəncəyə gəldi. Azərbaycan korpusu ilə birlikdə bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi. Bunun da komandanı Nuru paşa idi. Lakin 30 oktyabr 1918-ci ildə Yunanıstanın Mudros şəhərində Böyük Britaniya ilə Türkiyə arasında bağlanan sazişə görə türk qoşunları Cənubi Qafqazdan geri çağrılırdılar. İngilis qoşunları komandanı general Tomson Nuru paşa və bütün türk zabitlərindən Azərbaycanı tərk etməsini tələb etdi. Yalnız Azərbaycan vətəndaşlığını qəbul edən Nuru paşa və onun silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi Qafqazın qapılarını ingilislərin üzünə açırdı. Həmən sazişin 11-ci bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir, 15-ci bəndinə əsasən isə Azərbaycanın dəmir yolları və neft mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi.

Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. Tomson özünü Bakının general qubernatoru elan etdi. Şəhər polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə Azərbaycan korpusunun qərərgahı Gəncəyə köçürüldü.

Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin olundu. 1918-ci il noyabrın 15-də təşkil edilən baş qərargahın rəisi isə Suleyman Sulkeviç təyin edilir. Qərargah şöbələrinin zabit kadrları ilə təmin edilməsi problemini həll etmək üçün Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan hökuməti çox çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox idi. Nuru paşanın vaxtı ilə yaratdığı hərbi məktəbin müdavimləri də ordunun təşkilinə cəlb edilirdi.1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il üçün nəzərdə tutulmuş dövlət büdcəsindən 399,4 mln. manat ayrılırdı ki, bu da büdcənin 24%-nə bərabər idi. Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin hərbi-siyasi vəziyyətinin kəsginləşməsi də tələb edirdi. Belə ki, mayın 25-də general Denikinin könüllü ordusu tərəfındən Petrovsk və Dərbənd tutuldu. Bu da Azərbaycanda böyük həyəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafıə Komitəsi yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov, A.Səfıkürdski, S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular. İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan edildi. DMK-nə ümumi səfərbərlik həyata keçirmək, ölkədə hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər görmək səlahiyyəti verildi. Azərbaycan hökuməti başa düşürdü ki, Denikin yürüşünün son məqsədi Azərbaycanı və keçmiş Rusiya imperiyasının digər hissələrini geri qaytarmaq idi. Zaqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və S.Mehmandarov imzaladılar. Müqavilədə hər iki dövlət öz üzərinə belə bir öhdəlik götürürdü ki, bunlardan hər hansı birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə buna qarşı çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar aparacaqlar.