Təhsil problemləri.-2018.-24-30 aprel.-¹31-32.-S.2-4.

 

Ermənilərin Naxçıvanlılara qarşı soyqırımı (1918-1920)

 

Dilqəm Quliyev,

professor

 

Ermənilərin XX əsrin əvvəllərində bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş və orada yaşayan əhalinin soyqırımını təşkil etmişlər. Rus və ingilis hökumətlərinə arxalanan ermənilər Naxçıvan ərazisində başdan-başa azərbaycanlılara qarşı elan olunmamış müharibə aparmış, böyük insan təlafatına və dağıntılara səbəb olmuşlar. Öz qeyri-insani hərəkətlərilə İrəvandan da yardım alan Naxçıvan erməniləri işi o yerə çatdırmışdılar ki, hətta Naxçıvan şəhərinin özündə belə, aylarla və illərlə cinayətlər davam etmiş və şəhər dəfələrlə top atəşinə tutulmuşdur. Ümumiyyətlə, Naxçıvanın bütün ərazisində Sədərəkdən tutmuş Əylisə - Ordubada qədər    ermənilər bütün cəbhələrdən hücuma keçmiş, minlərlə azərbaycanlını öldürmüş, yüzlərlə kəndi dağıtmış, əkin yerlərini, tarlaları sıradan çıxarmışlar.

Bu hadisələr, Andranikin Naxçıvana hücumu güclənmiş və o, Naxçıvanda daha çox vəhşiliklər törətmişdir. Belə ki, Naxçıvanda yaşayan ermənilər Andranikin hücumundan daha da vəhşiləşmiş, hətta uşaqları və qadınları belə öldürməkdən çəkinməmişlər.

Beləliklə, ermənilər 1918-1920-ci illərdə Naxçıvana da təcavüz etmiş, qırğınlar törətmişlər. 10 minlərlə insan tələfatı, kütləvi talan və dağıntılar         olmuşdur.

Hadisələrin bilavasitə şahidi olmuş Mirzə Bağır Əliyevin əlyazması - gündəlik şəkilində qələmə almış olduğu «Qanlı günlərimiz. Naxçıvanda erməni-müsəlman müharibəsi» adlı əsərində həmin dəhşətli hadisələrdən geniş şəkildə bəhs olunur.

3500 yaşlı qədim Naxçıvan torpağı tarix boyu qüdrətli sərkərdələr, görkəmli elm və mədəniyyət xadimləri beşiyi kimi tanınıb. Böyük mütəfəkkir Nəsrəddin Tusi, yaratdığı qiymətli tarixi abidələrlə bütün Şərq dünyasını lərzəyə gətirmiş memar Əbubəkir Əcəmi, dünya dramaturgiyasında Şekspirlə yanaşı dayanan Hüseyn Cavid, məşhur «Molla Nəsrəddin» jurnalının banisi Cəlil Məmmədquluzadə, nəhəng romanla müəllifi Məmməd Səid Ordubadi kimi onlarca sənət korifeyi məhz bu torpağın ana qolları üstə pərvəriş tapmış, dünya mədəniyyəti xəzinəsini öz qiymətli əsərləri ilə zənginləşdirmişlər.

Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik, ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmışdır. Azərbaycan atabəyləri - Eldəgizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulmuş memarlıq məktəbi ilə bütün Şərqdə məşhurlaşmışdır.

Naxçıvan uzun illər gərgin siyasi mübarizə meydanı olmuşdur. XVI əsrdə Səfəvilər dövlətinin Osmanlı Türkiyəsinə qarşı apardığı uzun sürən müharibələrdə Naxçıvan gah Osmanlıların, gah da Səfəvilərin əlinə keçmişdir. 1747-ci ildə İranda Nadir şah dövlətinin süqutundan sonra Naxçıvandakı Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü Naxçıvan xalqının müstəqil hakimi elan etdi. Beləliklə də Naxçıvan XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranmış 18 xanlıqdan biri oldu. XVIII əsrin 80-ci illərinin əvvəllərində Naxçıvan xanı Abbasqulu xan elan edildi.

XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Naxçıvan ərazisi Rusiya ilə İran arasında toqquşmalar meydanına çevrildi. Baş vermiş müharibələrdən sonra bağlanmış Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri nəticəsində Azərbaycanın tarixi torpaqları parçalanaraq Rusiya və İran arasında bölüşdürüldü. I Nikolayın fərmanı ilə Naxçıvan və İrəvan xanlıqları ləğv edildi.

1918-1920-ci illərdə ermənilər Bakıda və Azərbaycanın digər rayonlarında olduğu kimi Naxçıvanda da soyqırımı törətmişdilər. Həmin dövrü əks etdirən tarixi mənbələr və arxiv sənədlərindən aşağıdakılar məlum olur.

1918-ci il yanvarın 17-də Naxçıvanın Əznəburd kəndində sakinlərdən 22 nəfəri qətlə yetirmişdilər.

31 mart 1918-ci ildə Naxçıvan qəzasının Qaraxanbəyli kəndində yaşayan ermənilər azərbaycanlılara atəş açmışlar. Bu vuruşmada 25 nəfər müsəlman tələf olmuş və onların meyitlərini döyüş meydanından belə çıxara bilməmişlər. Andranikin ilk təcavüzü ilə Naxçıvan qəzasının Araz çayı kənarında yerləşən Yaycı və Aşağı Aza kəndlərində, Bəyaziddə 84, Şərurda 76, Vedibasarda 118, Dərələyəzdə 74 kənd yerlə yeksan edilmiş, yandırılmış və əhalinin çoxu məhv edilmiş, malları talan edilmişdi.

Lakin Ermənistanla bağlanan saziş kağız üzərində qaldı. Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkmədi. Əhalinin 61,5 faizi, başqa məlumata görə 67 faizi azərbaycanlılar olan Naxçıvanı Ermənistan Respublikası özününkü sayırdı. Azərbaycan Respublikası elan edilən zaman İrəvan quberniyasına daxil olan Naxçıvan dərhal Azərbaycanla birləşməyi qərara aldı. Lakin o zamankı şəraitdə bu birləşmənin qeyri-mümkünlüyünü nəzərə və Ermənistana tabe olmamaq üçün Naxçıvan 1918-ci ilin noyabrında Araz Respublikası adı altında özünün müstəqilliyini elan Ermənistan dəfələrlə Naxçıvana basqın edib onu qılıncla təslim etməyə çalışdı, lakin çoxlu qurbanlara baxmayaraq naxçıvanlılar əyilmədilər, təslim olmadılar. Naxçıvanlıların dəyanəti və Azərbaycan hökumətinin səyləri nəticə etibarilə, Ermənistanın Naxçıvana yiyələnmək niyyətlərini puça çıxartdı.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin erməni silahlı qüvvələrinin təcavüzündən müdafiəsində Türkiyənin görkəmli hərbi və dövlət xadimi, Atatürkün yaxın silahdaşlarından biri Kazım Qarabəkir Paşa mühüm xidmətlər göstərmişdir. Həmin ərazilərin müdafiəsi Osmanlı ordusunun onun komandanlıq etdiyi I Qafqaz korpusuna həvalə olunmuşdu. Kazım Qarabəkir Paşanın qərargahı 1918-ci il avqustun 7- də Naxçıvan şəhərində qurulmuşdu. Naxçıvanı türk dünyasına açılan «Şərq qapısı» adlandıran Kazım Qarabəkir Paşanın komandanlıq etdiyi türk qoşun hissələri Naxçıvan mahalını erməni silahlı dəstələrinin Zəngəzur və s. yerlərdən etdikləri hücumlardan qətiyyətlə qoruya bilmişdi.

Mudros barışığının (1918) Osmanlı ordu hissələrinin Qafqazdan, o cümlədən Azərbaycandan çəkilməsini nəzərdə tutan 11-ci maddəsinə əsasən, Kazım Qarabəkir Paşa da Naxçıvanı tərk etmişdir. Kazım Qarabəkir Paşa Türkiyənin istiqlal savaşında (1918-23) fəal iştirak etmiş şərq cəbhəsinin komandanı kimi bir sıra əzəli türk torpaqlarının geri qaytarılması, daşnakların sülh bağlamağa məcbur edilməsi sahəsində əvəzsiz xidmətlərinə görə «İstiqlal» medalına layiq görülmüşdür.

1920-21-ci illərdə Azərbaycanda baş verən hadisələrlə daim yaxından maraqlanan Kazım Qarabəkir Paşa Qars konfransında (26.9 - 13.10.1921) onun ərazi bütövlüyünün qorunub saxlanılması üçün olduqca səmərəli diplomatik fəaliyyət göstərmişdi. Onun da imzaladığı Qars müqaviləsinin (1921) 5-ci maddəsinə və 3-cü əlavəsinə əsasən, Naxçıvan bölgəsinin Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təşkil edilməsi dövlətlərarası səviyyədə razılaşdırıldı.

1918-ci ildə Naxçıvanın digər bölgələrində törədilən qanlı cinayətlərin tüstüsü Sədərəyə də gəlib çıxdı. Ermənilər «Böyük Ermənistan» yaratmaq niyyəti ilə Sədərək torpaqlarına da sahib olmaq istəmişlər. Bunun üçün ermənilər geniş miqyasda tədbirlər işləyib hazırlamışlar. Lakin bu heç zaman baş tutmamışdır.

Çünki, sədərəklilərin arasında onların hiyləsini hər an puça çıxarmış Tatoğlu Həbib, Dayı Süleyman, Dəli Həbib, Ələkbər Sadıqov, Qafar Əliyev kimi ölümdən qorxmayan oğullar olub.

Bu qədim torpaq hərb tariximizə də dəyərli töhfələr bəxş edib. Onlardan biri də Naxçıvanın axırıncı xanı, Araz-Türk Respublikasının rəhbəri Cəfərqulu xanın oğlu, adı paytaxtımızdakı hərbi litseydə əbədiləşdirilmiş məşhur sərkərdə Cəmşid Naxçıvanskinin böyük qardaşı, 1917-1920-ci illərdə Naxçıvanda erməni-müsəlman qırğınının tüğyan etdiyi bir dövrdə, yerli əhalini vahid bir bayraq altında birləşdirib ermənilərə qarşı mübarizəyə səfərbər edən, xalqımızın dəyanətli oğlu, general - mayor Kalbalı xandır.

O zaman Azərbaycanın bu qədim guşəsinə sahiblik iddiası ilə qovulan erməni quldur dəstələri üç istiqamətdən - Şərur, Ordubad və Şahbuz tərəfdən Naxçıvanın mərkəzinə doğru irəliləyirdilər. Onlar çapıb-taladıqları kəndlərə od vurub yandırır, heç kəsə rəhm etmədən bütün əhalini ucdantutma qılıncdan keçirir, körpələri diri-diri yanan tonqallara atır, ağsaqqal və ağbirçəklərin gözü önündə cavan qızların namusuna təcavüz edir, qaynar samovarı lüt-üryan soyundurduqları kişilərin kürəyinə bağlayır, uşaqları ayaqyalın qızmar közün üstündə gəzməyə məcbur edirdilər. Bu iblislər sürüsünün ağlasığmaz vəhşiliyindən xəbər tutan Kalbalı xan minlərlə gənci silahlandırıb, doğma torpaqlarımızın müdafiəsi uğrunda mübarizəyə səfərbər etdi.

Əlbəttə, o dövrdə əhalinin xeyli hissəsi silahdan istifadə qaydalarını bilmirdi. Mirzə Cəlilin «Molla Nəsrəddin» jurnalında qeyd etdiyi kimi, ermənilər ötən əsrin əvvəllərində rus qorodovoyuna pul uzadıb «Qospodin, vozmi denqi, davay rujyo», - deyə bizə qarşı mübarizə məqsədilə silah toplayanda bizim azərbaycanlılar küçələrdə it boğuşdurur, xoruz döyüşdürürdülər. Anlamırdılar ki, «Böyük Ermənistan» xülyası ilə qovrulan bu mənfur millətin silahlanması gələcəkdə müqəddəs torpaqlarımızın əldən getməsi ilə nəticələnə bilər. Elə buna görə də Kalbalı xan yerli əhalidən böyük dəstələr düzəldib hərbi təlim keçir, ömrü boyu əlləri quşatandan başqa heç nəyə öyrənməmiş gənclərə silahdan istifadə qaydalarını öyrədirdi. Qısa bir zaman çərçivəsində hərbi texnikanın sirlərinə mükəmməl yiyələnən əhali Kalbalı xanın rəhbərliyi altında erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirib, onları Naxçıvan sərhədlərindən geri oturtdu.

1919-cu ilin may-iyun aylarında polkovnik Doluxanovun başçılığı altında hərəkət edən çoxsaylı erməni hərbi birləşmələri artıq Şərur mahalının Sədərək və Dəmirçi kəndlərini işğala məruz qoymuş və həmin kəndlərin özünümüdafiə dəstələri sayca onlardan qat-qat sox olan vəhşi erməni quldurlarının ağır təzyiqi altında geri çəkilmək məcburiyyətində qalmışdılar. Yalnız general Kalbalı xan köməyə gəldikdən sonra ağır itkilərə məruz qalan ermənilər işğal etdikləri həmin əraziləri qoyub qaçmaqla canlarını qurtara bildilər. Kalbalı xanın dəstəsi Ordubad-Culfa istiqamətində kəndləri dağıda-dağıda Naxçıvan şəhərinə doğru addımlayan vəhşi Andronikin təpədən- dırnağadək silahlanmış güclü ordusuna elə sarsıdıcı zərbələr endirmişdir ki, onlar nəinki geri çəkilmək məcburiyyətində qalmış, hətta Naxçıvan torpaqlarını birdəfəlik tərk edib Zəngəzura, oradan isə Qarabağa istiqamət almışdılar.

1919-cu ilin yanvarında ingilis müdaxiləçilərinin, həmin ilin iyununda isə ABŞ qoşunlarının Naxçıvana daxil olması vəziyyəti xeyli gərginləşdirdi. Daşnak qruplaşmaları ilə gizli sövdələşməyə girən ingilislər bu qədim Azərbaycan torpağını Ermənistana birləşdirmək üçün bütün cinayətkar aksiyalardan istifadə etsələr də, heç bir nəticəsi olmadı. Kalbalı xanın ətrafında polad sıralarla birləşən Naxçıvan əhalisinin öz and mərasimlərində söylədikləri üsyankar fikirlər ingilisləri susmaq məcburiyyətində qoydu. Naxçıvanlılar deyirdilər: «Biz tikə-tikə doğranıb, alovlar içərisində yanıb kül olsaq belə, öz ata-baba torpağımız Naxçıvanı Azərbaycandan ayrılmağa qoymarıq». Naxçıvanlılar istər Amerikanın muxtar vilayətdəki qubernatoru, polkovnik Devin, istərsə də ABŞ-ın Naxçıvanda erməni daşnakı Varşanyanın rəhbərliyi altında yaratdıqları oyuncaq hökuməti elə qoz qabığına soxmuşdular ki, onlar nəinki öz vəzifə səlahiyyətlərini yerinə yetirməyə cəsarət etmir, hətta qorxudan öz iqamətgahlarından bayıra belə çıxa bilmirdilər. Naxçıvan mahalında hakimiyyət faktiki olaraq Kalbalı xanın əlində idi. O, artıq Araz-Türk Respublikasında ərkanı-hərb, yəni hərbi nazir vəzifəsində idi. O, mütəmadi olaraq, üç tərəfdən Ermənistanla sərhəddə yerləşən və hər an erməni daşnaklarının vəhşi hücumlarına məruz qala biləcək Naxçıvanın müdafiə məsələləri ilə maraqlanır, əhalinin hər an döyüşə hazır vəziyyətdə olması üçün təxirəsalınmaz tədbirlər görür, bütün bunlarla bərabər, xalqın iqtisadi problemlərini də yaddan çıxarmır, əhalini haqq və ədaləti qorumağa, dar ayaqda bir-birlərinə kömək əli uzatmağa, torpağın hər qarışından, əkin suyunun hər damlasından səmərəli istifadə etməyə səsləyir, onsuz da ağır iqtisadi böhran şəraitində yaşayan əhalinin şəraitini heç olmasa, müəyyən qədər yaxşılaşdırmaq üçün Naxçıvan mahalının nəhəng sərvət sahibləri ilə danışıqlar aparır, onları imkansız ailələrə dayaq olmağa çağırır, hər ay bazarlarda satılan malların qiymətini tənzimləyir, həmin qiymətlərin artırılmaması üçün ciddi tədbirlər görürdü.

Günlərin birində Naxçıvanda döyüşən ordu əsgərləri və əhali arasında çörəkdən zəhərlənib ölənlər oldu. Bundan xəbər tutan Kalbalı xan çörəkbişirmə sexində ciddi yoxlanış aparılması barədə sərəncam verdi. Əhali və əsgərlər üç gün çörəksiz qalsalar da, yoxlamalar nəticəsiz qalmadı. Heç demə, həmin gün növbədə özlərini azərbaycanlı kimi qələmə verən üç erməni xəmirin içərisinə zəhər qatıbmış. Kalbalı xanın əmri ilə həmin xəyanətkarlar şəhərin mərkəzində, əhalinin gözləri qarşısında edam edildi.

Naxçıvanski Hüseyn xan Kalbalı xan oğlu (28.6.1863, Naxçıvan-1919, Petroqrad) - hərbi xadim. General-leytenant (1915). Kalbalı xan Naxçıvanskinin oğlu, Ehsan xan Kəngərlinin nəvəsidir.

Kalbalı xan tacirlərə belə bir ultimatum vermişdi: «Gecələr heç kəs dükanlarını bağlamasın, gedin, rahat yatın. Əgər həmin dükanlardan bir şey itsə, yaxud oğurlansa, cavabdehliyi şəxsən mən özüm daşıyacağam. Biz insanıq və bir-birimizə inam üstə köklənməliyik».

Sıra ilə dayanmış, qapıları taybatay açıq olan 1015 mağazanın keşiyini hər gecə bir nəfər silahlı əsgər çəkirdi. O dövrün canlı şahidləri olan ağbirçəklər və ağsaqqallar nəql edirlər ki, Kalbalı xan Naxçıvanda olduğu dövrdə dükanların qapıları qıfıl üzü görmədi, bir oğurluq hadisəsi qeydə alınmadı, təmizlik və büllurluq Naxçıvan əhalisinin əsl həyat meyarına çevrildi.

Erməni işğalçılarına bir neçə dəfə sarsıdıcı zərbələr endirib onları öz yerlərində oturmağa məcbur etdiyinə və Naxçıvan mahalının müdafiə qüdrətini artırdığına görə bu görkəmli sərkərdə Türkiyə hökumətinin ən ali ordeni ilə təltif olundu və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fər-manı ilə ona general-mayor hərbi rütbəsi verildi: Naxçıvanski İsmayıl xan Ehsan oğlu (5.1.1819, Naxçıvan Ş.-1918 orada) - hərbi xadim. General-leytenant. Sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin oğlu Kalbalı xan Naxçıvanskinin qardaşıdır. Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan günbəzli hamam tikdirmişdir. X.B. Natavanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur.

Azərbaycanın müstəqilliyi uğrunda Cəmşid Naxçıvanski də inamla vuruşmuşdur. 1920-ci ilin martında Cəmşid Naxçıvanskinin Qafqazda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdir. 28 aprel (1920) bolşevik çevrilişindən sonra N. Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdir. O, Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin olunmuş, yüksək ixtisaslı hərbi kadr hazırlığımda mühüm rol oynamışdır.

1920-ci il iyunun 20-də, yəni bolşeviklərin XI ordu hissələri Naxçıvanı almamışdan bir neçə gün əvvəl, Rusiya kimi güclü bir dövlətlə mübarizə aparmağın heç bir nəticə verməyəcəyini dərk edən Kalbalı xan doğma torpağı tərk edib, İrana keçmək məcburiyyətində qalır.

O, atası Cəfərqulu xanı və əmisi Rəhim xanı da özü ilə aparmaq istəyir. Lakin onlar: «Narahat olma, biz ruslarla həmişə yaxın əlaqədə olmuşuq, neçə-neçə rus diplomatı evimizdə çörək kəsib, onlardan bizə heç bir xətər toxunmaz», - deyə doğma ocağı başsız qoyub getməkdən imtina etmişlər. Həqiqətən də bu ailə təkcə Azərbaycanda yox, Rusiyanın yuxarı dairələrində də böyük nüfuz sahibi idi. Rus ordusunun generalları arasında Cəfərqulu xanın və Rəhim xanın oğulları da var idi. Məşhur rus yazıçısı Qriboyedov İrana səfir təyin olunarkən, Peterburqdan birbaşa Naxçıvana gəlmiş və bir ay Rəhim xanın və onun qızı, şairə Qönçəbəyimin qonağı olmuşdu.

Hətta mürtəce qruplar tərəfindən İranda qətlə yetirilən Qriboyedovun nəşi Tehrandan Culfaya gətirilərkən, «O, vaxtilə mənim qonağım olub, evimdə çörək kəsib, mən onu unuda bilmərəm», - deyən Rəhim xanın əmri ilə hərbçilər 30 kilometrlik yol qət edib Qriboyedovun tabutunu Culfadan Naxçıvanadək payi - piyada, çiyinləri üstə gətirmiş, ilk yas mərasimi də Cəfərqulu xan və Rəhim xan nəslinin iştirakı ilə Naxçıvan çayının yaxınlığında, indiki dəmir körpünün yanında, açıq səma altında keçirilmiş, sonra isə mərhumun tabutunu böyük ehtiramla yola salmışlar.

Lakin, bolşeviklərin Naxçıvanda qurduqları İnqilab Komitəsi «keçmişin qalığı» adlandırdığı Cəfərqulu xanı, Rəhim xanı və onun oğlu İskəndər xanı bir neçə aydan sonra Naxçıvandan sürgün edir.

Qısa bir müddətdə İranın rəsmi dairələri arasında böyük hörmət qazanan Kalbalı xan çox keçmir ki, Ərdəbilə vali, az sonra isə Təbrizə komendant təyin olunur. Onun hərbi sahədəki zəngin təcrübəsini, ən çətin məqamlarda ölkəni müdaxiləçilərin hücumlarından xilas etmək üçün ağıllı yollar düşünüb tapmaq qüdrətinə malik olduğunu görən Rza şah Pəhləvi onu İran ordusunda yüksək vəzifəyə qaldırır. Lakin bu, bəzi ordu rəhbərləri arasında böyük narahatlığa səbəb olur. Onlar Rza şahla gizli danışıqlara girib onu başa salırlar ki, Kalbalı xan adi şəxsiyyət deyil. O, açıq fikirli, cəsarətli bir insandır. Cənubi Azərbaycanda böyük nüfuz sahibidir. Onu nəzarətdən kənarda saxlamaq xalqın onun ətrafında birləşməsi və mövcud hakimiyyətə qarşı milli azadlıq hərəkatının başlanması ilə nəticələnə bilər. Buna görə də İran rəhbərliyi Kalbalı xanı aradan götürməyi qərara alır. Hətta Rza şah Pəhləvinin özü onun gizli surətdə qətlə yetirilməsi barədə hökm yazır və 1934-cü ildə Türkiyə sərhəddi yaxınlığındakı Avaçıq mahalında kürdlərə qarşı gərgin döyüşlər zamanı bu görkəmli hərbi xadim şahın adamları tərəfindən xaincəsinə öldürülür.

Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kv.km təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsini iddiası ilə çıxış etdilər. Lakin, 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər, 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də ki, gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilmirdilər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən, bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiyası hökuməti S. Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, «... məlum siyasi şəraitdə Ermənistan bizə lazımi ola bilər. İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtarır ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həyata keçirilmişdi.

1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə. Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən, Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: «Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta biləni.

İclasda həmçinin Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N. Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK/b/P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. Bu qərarın özü də bir daha göstərir ki, Azərbaycan torpaq-ları hərraca qoyulmuşdu. V.İ. Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən İ.V. Stalin bu hərracın təşkilatçısı kimi, «Mən Azərbaycanın müstəqilliyi tərəfdarı deyiləm» - deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.

Həmin qərarın «B» bəndində yazılırdı: «Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir». Qərarın «Q» bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, «d» bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddaratını təyin etmək hüququ verildiyi göstərilirdi.

Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə «bağışlanması» istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda Sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən, təntənəli «tarixi» iclasında N. Nərimanov bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N. Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə, İrəvanda ermənicə nəşr olunan «Kommunist» qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmun dərc edilmişdi. Sonralar N. Nərimanov özü bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanın torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən İ.V. Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə demişdir: «Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir». Göründüyü kimi, əgər XI Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A. Mikoyan dəvət etmişdisə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.V. Stalin olmuşdur. 1920-ci il dekabrın 2-də İ. Stalinin «Azərbaycanın fatehi» adlandırdığı S. Orconikidze V.İ. Leninə və İ. Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N. Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən, Leninə yazdığı məktubda «Azərbaycan tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və düzəlməsi mümkün olmayan həlledici səhvdir» - deyə etiraf etmişdi.

Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək, bölgənin digər hissələrində - Aşağı Zəngəzurda Kürdüstan yaradılması «ideya»sını irəli sürmüşdülər. Əslində əsas məqsəd Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azərbaycanın parçalanması da daim təzyiq altında saxlanılmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.

Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin qapılarının Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış, «qonşu və dost xalqa» hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliyinə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat Bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxardı. Nəhayət uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi.

Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək, sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M. Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D. Bünyadzadə, M. Bağırov və S. Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi - Nüvədi, Eməzir və Tuğut Ermənistana verildi.

1938-1939-cu illərdə Eməzir kənd kollektiv təsərrüfatı Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin doğma yerlərindən Nüvədi, Əldərə və Astazura kəndlərinə köçürüldü.

Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə «bağışlanması» və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayn salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı.

Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə müəyyən edilmiş sərhədlərinə gəldikdə isə, həmin müqavilədə Naxçıvan ərazilərinin qarantı kimi çıxış edən Türkiyə dövlətinin razılığı olmadan Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə bölgənin 657 kv.km sahəsi Ermənistana verildi. Bu orqanın 1938-ci il 5 mart tarixli iclasının qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı müəyyən ərazilər Ermənistana keçdi.