Şərq.-2018.-28 aprel.-¹76.-S.6.

 

“AXC-nin süqut etməsi fikirlərinin qəti əleyhinəyəm”

 

Solmaz Tohidi: “Qanlı döyüşlərdən sonra aprelin 27-də Cümhuriyyət işğal olunub”

 

“Bakının qan içində boğulmaması, dinc əhalinin ikinci mart qırğınları ilə üz-üzə qalmaması üçün Cümhuriyyət fədailəri şərtlər qoyaraq, Rusiyanın tərkibinə qatılmağa razılıq verdilər”

 

Aysel Aslan

 

1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan və müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Bu il AXC-nin qurulmasından 100 il keçir. Prezident İlham Əliyev 100 illiyin təntənəli şəkildə qeyd olunması üçün sərəncam imzalayıb və 2018-ci ili “Cümhuriyyət ili” elan edib.

 

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ildə süquta uğradıldı. Azərbaycan Cümhuriyyətinin bolşevik qoşunları tərəfindən işğalının tarixi xronikası barədə “Sherg.az”a danışan AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Solmaz Tohidi tarixin qaranlıq məqamlarına aydınlıq gətirib.

Tarixçi xanım vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna gətirən səbəblərin kökünü Cümhuriyyətin mövcud olduğu 23 ayda tapmaq lazımdır:

Mürəkkəb siyasi şəraitdə varlığını qorumağa çalışan Cümhuriyyətin mövcudluğu dövründəki hadisələrə, ictimai-siyasi mühitə baxsaq, onun qurucularının böyük qəhrəmanlıq tarixi yazdığını anlaya bilərik. 23 ayın 15 ayını AXC xarici hərbi qüvvələrin mövcudluğu şəraitində yaşayıb.

Bakı 1918-ci ilin sentyabrın 15-də, azad olunana qədər Azərbaycanda mövcud olan türk qoşunları bir sıra məsələlərdə, xüsusilə ordu quruculuğunda yeni yaranan hökumətə böyük köməklik göstərirdi.

Bu dönəmə qədər vəziyyət bir qədər normal olsa da, ağır günlər Türkiyənin Birinci Dünya Müharibəsində məğlub olmasından, Mudros sazişinin imzalanmasından sonra başlayır. Müqaviləyə görə, türk qoşunları tutduğu ərazilərdən çıxmalı idi. Nəticədə Qafqazı tərk edən türk ordusunun əvəzinə, general Tomsonun rəhbərlik etdiyi ingilis qoşunları bölgəyə yerləşdirildi. Bundan sonra Azərbaycan Cümhuriyyətinin durumu daha da ağırlaşır. Çünki ingilislər dünya müharibəsində Türkiyəyə qarşı vuruşurdular.

İngilis qoşunları hələ Qafqaza gəlmədən, Azərbaycandakı rus, erməni milli komitələri ingilislərə məlumatlar ötürüb, Azərbaycan hökumətinin türklərin yaratdığı “oyuncaq” dövlət olduğuna inandırmışdılar. Bu əhval-ruhiyyə ilə Qafqaza gələn general Tomson Azərbaycanda bayraqların endirilməsinə belə cəhd göstərirdi. Açıq şəkildə, Azərbaycan hökumətinə mənfi münasibət sərgilənirdi.

Dövlətin atributları olan bütün vasitələr tanınmır, hətta küçələrə atılırdı. Xüsusilə, ölkəmizdə yaşayan ermənilər də təxribatlarından qalmırdılar. Onlar azərbaycanlı kişilərə, qadınlara qarşı nalayiq hərəkətlər edirdilər. Bu dərəcədə ağır şəraitdə belə, Azərbaycan hökuməti mövcudluğunu saxlamağa çalışırdı.

Azərbaycana gəldikdən qısa zaman sonra general Tomson göstəriş verib ki, Azərbaycan qoşunları Bakını və onun ətrafını tərk etsinlər. Lakin rusların və ermənilərin Azərbaycan millətini aşağılaması faktları ingilis generalın da diqqətindən qaçmır, hətta narahatlığına səbəb olur. Cəmi bir ay sonra ingilis qoşunları Azərbaycan hökumətini ölkədə qanuni hökumət kimi tanıyır. Bu birbaşa Azərbaycan hökumətinin uğuru idi.

Nəhayət, Azərbaycan hökuməti uzun siyasi müzakirələrdən, danışıqlardan sonra general Tomsonu inandıra bilib. Üstəlik, ingilis qoşunlarının yardımından Qarabağdakı erməni üsyanlarının yatırılmasında, Qarabağda xüsusi qubernatorluq yaradılmasında istifadə edə biliblər”.

S. Tohidi qonşu dövlətlərin Azərbaycan Cümhuriyyətinə münasibətindən də danışıb. Onun sözlərinə görə, təkcə İran dövlətin adının Azərbaycan adlandırılmasına qarşı notalar verir, ərazilərimizin İrana birləşməsi kimi ağlasığmaz təkliflər irəli sürürdü:

“Bu azmış kimi, Paris sülh konfransında da vaxtaşırı belə məsələlər qaldırılırdı. Bütün həmlələrə baxmayaraq, İran kimi güclü xarici qüvvənin qarşısının alınmasında da Azərbaycan hökuməti məharətli xarici siyasət yeridə bildi.

AXC qurucuları ölkəni azad idarə edir, xarici qüvvələr, qonşu dövlətlərlə razılığa gələ bilirdilər. Tomsonun qoşunlarının ölkəni tərk etməsindən sonra Qafqaza şimaldan Denikin təhlükəsi yarandı. Denikinin qoşunlarının Cənubi Qafqazı ələ keçirməsi Azərbaycanın istilası demək idi. Lakin bu qüvvələrin Qafqaza çatmadan məğlub olması müsbət dönüş yarada bildi. Denikinin qarşısının alınmasında Milli Hökumət Şimali Qafqaz xalqlarına böyük yardımlar göstərib.

Təhlükə bitmək bilmirdi. Bu hadisələrdən sonra bolşevik Rusiyası aktivləşməyə başladı. Çünki Rusiya o dövrdə vətəndaş müharibəsi içərisində çırpınırdı və yanacaq ehtiyatları tükənmişdi. Ona görə, Bakını ələ keçirmək, neft, qaz yataqlarına sahib olmaq Moskvanın başlıca məqsədinə çevrildi, iqtisadi cəhətdən tamamilə zəifləyən bolşevik Rusiyası 1919-cu ildən ciddi fəaliyyətə keçdi. Əsas addım isə Azərbaycanda olan bəzi yerli qüvvələrdən - rus və ermənilərdən istifadə etmək oldu. Hətta təəssüf ki, onların içərisində çox az sayda azərbaycanlı sol partiya təmsilçiləri də var idi. 1919-cu ilin ikinci yarısında, 1920-ci ilin yanvarında Azərbaycan hökumətinə qarşı gizli təbliğat aparılırdı. Bolşevik Rusiyası isə həmin qüvvələrə böyük köməklik göstərirdi. Bolşevik təbliğatının nəticəsi olaraq, 1920-ci ilin yanvar ayında Azərbaycandakı sol qüvvələr Azərbaycan Kommunist Partiyasının “gizli” qurultayını keçirir və hakimiyyət davasına başlayırlar.

Sözügedən qüvvələrin en güclü mövqeyi fəhlə rayonlarında, neft mədənlərində cəmlənmişdi. Tətil hərəkatı təşkil edilirdi. Azərbaycan hökuməti isə həmin dövrdəki ağır iqtisadi durumu aradan qaldırmaq məqsədilə Müxtəlif layihələr hazırlayırdı. Təbii olaraq, hökumətə qarşı açıq təhlükə olan məqamlarda ciddi addımlar da atılır, hüquq-mühafizə orqanları hərəkətə keçirdi.

Azərbaycan Cümhuriyyəti demokratik Respublika idi. Nə qədər ciddi təhlükələr yaransa da, diktatura rejiminə keçmək mümkün deyildi. Azərbaycan parlamentinin müzakirələrini əks etdirən sənədlər göstərir ki, hökumətin daxilində də fikir ayrılıqları çox olub. Xaricdən gələn təhlükələrə qarşı hərənin bir yanaşması var idi. Vəziyyət gərginləşirdi, hər kəsin bir hakimiyyət həvəsi var idi. Fətəli xan Xoyski hətta bu qədər basqını aradan qaldıra bilməyib, 1919-cu ilin aprelində hökumət başçısı olmaqdan imtina etdi. Parlamentin içərisindəki qüvvələr hökumətin normal işləməsinə mane olurdular”.

Ermənilərin həmin dövrdəki məkrli əməllərinə gəlincə, Solmaz Tohidi həmin dövrdə Dağlıq Qarabağ məsələsinin daha da qabardıldığını diqqətə çatdırıb. Tarixçinin qeyd etdiyi kimi, ermənilərin məqsədləri məsələnin beynəlxalq səviyyəyə çatdırılması idi:

“Ermənistan Qarabağda xüsusi siyasət həyata keçirirdi. Andranikin qoşunları əhaliyə hücum edir, iğtişaşlar yaratmağa çalışırdılar.

O dövrdə üç Cənubi Qafqaz respublikası birləşib, şimaldan gələn təhlükəni görə bilsə, bəlkə də işğal faktoru aradan qalxardı. Azərbaycan hökuməti bu məsələyə də diqqət yetirib. Dəfələrlə Cümhuriyyət qonşu dövlətlərə bolşevik təhlükəsi ilə bağlı müraciətlər etsə də, heç bir nəticəsi olmur. Ermənilər həmişə olduğu kimi pozuculuq yarada bilirlər.

1920-ci ilin aprelində Qarabağda yenidən erməni qiyamı qalxır. Azərbaycan öz qoşunlarının böyük hissəsini Qarabağa yönləndirir. Çünki erməni əhalisi silahlı qiyama cəhd edirdi. Zəngəzurun və Qarabağın bütün əhalisi erməni silahlılarının təhdidi nəticəsində qaçqın həyatı yaşayır, Gəncə ətrafında məskunlaşırdı.

Ermənilərin həyata keçirdikləri qiyam planından sonra .hökumətin daxilində də böhran başlayır. Aprel ayının əvvəlində Nəsib Bəy Yusifbəylinin təşkil etdiyi kabinet istefaya getməli olur. Növbəti hökumətin təşkili isə Məhəmmədhəsən Hacınskinin səlahiyyətinə aid edilir, idarəetmədə yer alan qüvvələr düşünürdü ki, bu şəxs qarışıqlığa səbəb olan siyasi qüvvələrlə dil tapmağa qadir olacaq. Hökumətin yaradılması 20 gün ləngiyir. Səbəb kimi isə bolşeviklərlə, solçu qüvvələrlə danışıqların aparılması göstərilir. Halbuki bu prosesin arxasında başqa məqamlar var idi. M. Hacınski Müsavat Partiyasının tərkibindən çıxır, bolşeviklərin tərəfinə keçir. AXC tarixində görkəmli şəxsiyyət kimi tanınmasına baxmayaraq, Cümhuriyyətin süqutunda rol oynaması, Azərbaycanın əleyhinə atdığı addımlar ona qarşı münasibəti dəyişdirir.

Xaricdən təsir edən böyük hərbi-siyasi qüvvələr, üstəgəl daxili birliyin olmaması Cümhuriyyətin zəifləməsinə gətirib çıxarır”.

Solmaz Tohidi deyir ki, Məhəmməd Əmin Rəsulzadə və müsavatçılar Azərbaycanın Rusiyaya birləşməsi barədə ultimatumu heç cür qəbul etmək istəməyiblər:

“Rəsulzadə iclasın açıq keçirilməsini, xalqın bu prosesdə iştirakını tələb edir. Ən mühüm məsələ 1918-ci ilin mart qırğınının təkrarlanması qorxusu idi.

Həmin dövrdə Türkiyə də ölüm-dirim müharibəsi aparırdı. Vəziyyətdən çıxmaq üçün Türkiyə Rusiya ilə razılığa gəlir ki, bolşeviklər türklərə hərbi yardım göstərsinlər. Ona görə, Bakını işğal etmək üçün gələn “11-ci Qızıl Ordu”nun Türkiyəyə yönləndiyi haqqında şayiələr yayılır.

Məhəmməd Əmin Rəsulzadə Milli Məclisdə Azərbaycanda qalan türk qoşunlarının başçısı Xəlil Paşaya müraciət edir ki, rus qoşunları heç vaxt Azərbaycandan sakit keçib, Türkiyəyə getməyəcək. Qoşunların gəlməsindən əvvəl şəhərə elanlar vurulur, əhalini qoşunların gəlməsindən narahatlıq keçirməməyə səsləyirlər. Bütün bunlara baxmayaraq, məqsədli Şəkildə Bakıya gələn Qızıl Ordu Azərbaycan sərhədlərini pozur, Yalama ərazisində baş verən qanlı döyüşdən sonra aprelin 27-də Azərbaycan işğal olunur.

Ona görə, AXC-nin süqut etməsi barədə fikirlərin qəti əleyhinəyəm. Azərbaycan Cümhuriyyəti işğal olundu! Cümhuriyyət qurucuları son dəqiqəyə qədər istiqlaliyyətin bərpasına çalışıb. Bakının qan içində boğulmaması, dinc əhalinin ikinci mart qırğınları ilə üz-üzə qalmaması üçün Cümhuriyyət fədailəri şərtlər qoyaraq, Rusiyanın tərkibinə qatılmağa razılıq verdilər. Şərtlər içərisində Azərbaycanın müstəqilliyinin saxlanması məsələsi də vurğulanırdı. Dövlət quruluşu dəyişməməli, sadəcə idarəçilik bolşevik Rusiyasına təhvil verilməli idi. Hökumətin daxilində yer alan şəxslərin təhlükəsizliyi təmin olunmalı idi. Halbuki bolşeviklərin gəlişindən dərhal sonra həbslər başlayır və qoyulan şərtlər qəbul edilmir.

1920-ci il bolşevik Rusiyası üçün mühüm tarixi məqam idi. Artıq vətəndaş müharibəsinə son qoyulmuş, sərhədlərin bərpa olunmasına, ayrılan ərazilərin yenidən ölkəyə birləşdirilməsinə başlanmışdı. Azərbaycanın və digər Cənubi Qafqaz respublikalarının alınması mütləq şərt kimi qarşıya qoyulmuşdu. Ona görə, bu dövlətlərin işğalı mütləq hala çevrilmişdi. Xalq isə işğaldan sonra ölkədə baş verən hadisələri, bolşeviklərin əməllərini dərk etdi.

Hesab edirəm ki, faciəvi sonluğa baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq şanlı tarixə imza atdı. Cümhuriyyət bu dövrdə artıq öz missiyasını yerinə yetirmişdi. Azərbaycan demokratik dövlətçiliyinin əsası qoyulmuş, azərbaycançılıq ideologiyası öz təsdiqini tapmışdı. Bütün sahələrə aid edilən qanunvericilik aktları, əhəmiyyətli layihələr qəbul olunmuşdu. Ağır şəraitdə, siyasi gərginlik vəziyyətində Cümhuriyyətin yerinə yetirdiyi missiya böyük fədakarlıq əzmidir. Ona görə, Xalq Cümhuriyyəti olmasaydı Azərbaycan Sovet Sosialist Respublikasının da müstəqil dövlətçiliyi olmayacaqdı. Hətta Rusiyanın tərkibindəki digər muxtar respublikalar kimi tarixdə qalacaqdı”.