525-ci qəzet. - 2018.- 28 aprel. - ¹ 76. - S. 18-19.

 

Yox olmuş Cümhuriyyətin sorağında

 

Vilayət Quliyev

 

1920-ci il 28 aprel işğalından 98 il ötür.

 

Mühacirət nümayəndələrindən professor Əhməd Cəfəroğlunun “Azərbaycan tarixinin ən qara günü” adlandırdığı 28 apreli Cümhuriyyətin qurulmasında və iki illik mövcudluğunda bu və ya digər şəkildə iştirak etmiş fərqli insanlar fərqli şəkildə qarşılamışdılar. Dərdə, ələmə batıb hönkürtü ilə ağlayan da olmuşdu, üsyan bayrağı qaldırıb mübarizəyə atılan da... Kimi qürbət ellərə üz tutub Cümhuriyyət ideallarını orada yaşatmağa, kimi yeni hakimiyyətlə dil tapmağa çalışmışdı.

Mənə elə gəlir ki, itkinin ağırlığını ən çox hiss edən Paris sülh konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin üzvləri olmuşdu.

Ölkənin müstəqilliyi naminə Azərbaycandan uzaqda çalışsalar da, onlar hadisələrin episentrində idilər. Siyasət sularının qabarma və çəkilmələrini vətəndəki həmkarlarından daha əvvəl, həm də böyük həyəcanla, ürək döyüntüsü ilə görüb izləyirdilər. Zaman-zaman Azərbaycanın müstəqilliyinin beynəlxalq güclər tərəfindən tanınmasının nə qədər yaxın olduğunu da onlar bilirdilər, ümidlərin suya düşdüyünü, hər şeyin ilğıma çevrildiyini də...

Hər şey gözlərinin qarşısında cərəyan edirdi. Nə qədər ağır olsa da, təntənədən tənəzzülə, zəfərdən məğlubiyyətə gedən yol qısa sürmüşdü. Sevincli günlərin ömrü cəmisi üç aydan bir qədər çox olmuşdu...

1920-ci il yanvarın 12-də Ə.Topçubaşovun rəhbərliyi ilə Parisdə sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti Vətənə ilk qələbə müjdəsi göndərdi - konfransın Ali Şurası Cümhuriyyətin de-fakto tanınması haqqında qərar çıxarmışdı. Bu, Bakıda əsl bayrama çevrilmişdi. Həmin il aprelin 28-də isə bütün müsəlman Şərqindəki ilk respublikanın - Azərbaycan Cümhuriyyətinin bolşevik işğalı nəticəsində süquta uğraması xəbəri dünyaya yayıldı.

Bu dəhşətli xəbər alınanda Əlimərdan bəy və nümayəndə heyətinin iki üzvü İtaliyanın San-Remo şəhərindən yenicə qayıtmışdılar. Burada onlar aprelin 19-dan 26-na qədər keçirilən və Parisdə sona çatdırılmamış məsələlərin müzakirəsinə həsr olunmuş  beynəlxalq konfransda iştirak etmişdilər. Böyük Britaniya, Fransa, İtaliya baş nazirlərinin, ABŞ və Yaponiya təmsilçilərinin qatıldığı konfrans əsasən Osmanlı imperiyasının taleyi və Yaxın Şərq məsələlərinə həsr olunmuşdu. Gündəliyə Qafqaz və Azərbaycanla bağlı məsələ çıxarılmasa da, Cümhuriyyətin de-yure müstəqilliyi və Millətlər Liqasına üzvlük üçün çalışan Əlimərdan bəylə  silahdaşları dünyanın taleyini həll edən “güclülərlə” təmas qurmaq, “Azərbaycan məsələsini” gündəmdə saxlamaq üçün bütün imkanlardan istifadə edirdilər.

Proseslər sanki gələcəklə bağlı ümidli olmaq üçün əsas verirdi. Amma Röyter agentliyinin Bakıda baş verən çevrilişlə bağlı yaydığı ziddiyyətli xəbər hər şeyi alt-üst etdi.Nümayəndə heyəti tam qeyri-müəyyənlik içərisində qalmışdı. Heç bir mənbədən dəqiq məlumat almaq mümkün deyildi. Bu isə Avropadakı yeganə diplomatik korpusun fəaliyyətini son dərəcə çətinləşdirirdi. Onlar təmsil etdikləri ölkədə baş verən proseslər haqqında hər hansı səhih bilgiyə malik olmadıqlarından sülh konfransı və Avropa dövlətləri qarşısında hər hansı bir məsələ qaldıra bilmirdilər. Bakıda qoyub gəldikləri ailə üzvlərindən xəbərsizlik, ağır maliyyə vəziyyəti, gələcəyin tam qeyri-müəyyənliyi bu kədər və çıxılmazlıq atmosferini daha da qatılaşdırırdı.

Artıq mövcud olmayan Azərbaycan Cümhuriyyəti hökumətinə, onun qətlə yetirilmiş baş nazirinə ünvanlanan aşağıdakı 3 sənəd də 1920-ci ilin kədərli, çıxılmaz  may-iyun aylarında Bakıya göndərilmişdi...

Təbii ki, bolşevik idarəçiləri onları əhəmiyyətsiz kağızlar kimi məhv etmiş, hətta yəqin ki, istehza hədəfinə çevirməyi də unutmamışdılar...

Amma əlyazmalar yanmır... Sənədlər  Ə.Topçubaşovun Paris arxivində saxlanan surətlərdən tərcümə edilmişdir.

11 may, 1920-ci il

Paris 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİNƏ

 

Cənab sədr!

 

Rəhbərlik etdiyim sülh nümayəndə heyətinin 1919-cu ilin dekabr ayından 1920-ci ilin may ayına qədər Paris, London və San-Remodakı fəaliyyəti haqqında Sizə ətraflı məlumat vermək əvəzinə, qısa məktubla kifayətlənməyə məcburam. Məktubun bütün mahiyyəti bu il aprelin sonlarında Bakıda baş vermiş hadisələrin mahiyyətini izah etməyinizlə bağlı sual, xahiş və tələbdən ibarətdir. Mümkünsə, bildirin, Azərbaycanda indi iş başında hansı hökumətdir, bu hökumət, ümumiyyətlə, kimlərdən ibarətdir? Ölkəmizin mövcud daxili və xarici vəziyyəti necədir?

Nümayəndə heyəti sülh konfransının Ali Şurasının (“Conseil Supreme”) iclaslarının keçirildiyi San-Remodan aprelin 30-da qayıdıb. Elə həmin gün Röyter teleqraf agentliyi Bakıda inqilab baş verməsi və hökumətin istefaya getməsi barəsində Londondan məlumat yaymışdı.

Bütün cəhdlərimizə baxmayaraq, nə həmin gün, nə də sonrakı iki gün (1 və 2 may) ərzində bu xəbərlə əlaqədar heç bir başqa məlumat, yaxud hər hansı aydınlaşdırıcı təfərrüat öyrənə bilmədik (1 May nümayişi və Fransada ümumxalq nümayişinə hazırlıq buna imkan vermədi). Paris qəzetlərinin Londondan aldıqları xəbərlər isə bir-birini təkzib edən elə məlumatlarla dolu idi ki, onlara əsaslanıb hansısa qənaətə gəlmək mümkün deyildi.

Belə bir vəziyyətdə nümayəndə heyəti bu il may ayının 3-də Fransa Xarici İşlər Nazirliyi vasitəsi ilə Bakıya, Nazirlər Şurası sədrinin adına Azərbaycanda işlərin vəziyyəti və ingilis qəzetlərinin haqqında xəbər yaydığı hadisələrlə bağlı səhih məlumat göndərmək xahişi ilə radio-teleqram yola saldı.

Eyni gündə və eyni məsələ ilə əlaqədar Azərbaycanın Konstantinopoldakı nümayəndəsinin adına təcili teleqram vuruldu.

Sonuncudan mayın 5-də təcili teleqramla cavab alındı. Orada deyilirdi ki, Azərbaycanda Məmmədhəsən Hacınskinin rəhbərliyi altında yeni hökumət yaradılıb. Başqa məlumat yoxdur.

Bu arada qəzetlər başdan-başa ziddiyyətlərlə dolu xəbərlər yaymaqda davam edirdilər. Əlində etibarlı mənbələrdən alınmış heç bir səhih məlumat olmadığından nümayəndə heyəti həmin ziddiyyətlərə aydınlıq gətirməyə qadir deyildi.

Təbii ki, böyük narahatlıq içində olan, baş vermiş hadisə barəsində kiçicik də olsa bir məlumat əldə etmək istəyən heyət bu dəfə artıq Parisdəki ingilis təmsilçiliyi vasitəsi ilə Bakıya ikinci dəfə teleqram vurdu.

Bu gün artıq mayın 11-i olmasına baxmayaraq, göndərdiyimiz teleqramların heç birinə cavab ala bilməmişik.

Qəzetlər isə ən müxtəlif şəkildə, ziddiyyətlərlə dolu və bir-birinə  təkzib edən tərzdə bizdə, Gürcüstanda, Ermənistanda, hətta İranda bolşevik hakimiyyətinin bərqərar olduğunu xəbər verirlər. Bu məsələdə bir tərəfdən bolşeviklər, o biri tərəfdən isə türk milliyyətçiləri və Azərbaycan arasında qarşılıqlı anlaşmaya əsaslanan  münasibətlər və s. və i.a. haqqında yazırlar.

Nümayəndə heyəti bütün bu tipli xəbərlərə necə yanaşacağını bilmir, onları nə qəbul, nə də təkzib etmək imkanına malikdir. Çünki indiyə qədər Bakıda və ümumiyyətlə, Azərbaycanda (ələlxüsus da Zəngəzurda və Qarabağda) baş vermiş (əgər doğrudan da bir şey olubsa!) hadisələr haqqında etibarlı mənbədən heç bir məlumat əldə edə bilməyib və bu gün də əldə edə bilmir...

Cənab sədr! Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin qərarına əsasən, yuxarıda göstərilənləri nəzərə alaraq lazımi tədbirlər görməyi və bizə radio, adi teleqram, yaxud xüsusi kuryer vasitəsi ilə bu ilin mart-may aylarında ölkəmizdə baş verən bütün hadisələr barədə ətraflı məlumat göndərməyi xahiş edirik. Nümayəndə heyəti bu il mayın 3-də Xarici İşlər Nazirliyinin cənab Nikoladze vasitəsi ilə ayrıca zərfdə göndərdiyi məlumat sayəsində yanvar-fevral aylarında ölkənin vəziyyəti ilə tanış olmaq imkanı əldə etmişdir. 

 

Azərbaycan sülh nümayəndə heyətinin sədri

Ə.Topçubaşov

 

Nümayəndə heyətinin katibi 

A.Atamalıbəyov

 

22 iyun 1920-ci il

 

Paris

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİNƏ

 

Cənab sədr!

 

Bu il mayın 12-də rəhbərlik etdiyim nümayəndə heyəti adından Parisdən Sizə 13 saylı məlumat göndərmişdim. Həmin məktubda heyətin Azərbaycanda, xüsusən də Bakıda aprelin sonlarında (daha dəqiq desəm, 28-dən sonra) cərəyan edən proseslərdən tamamilə bixəbər qaldığını diqqətinizə çatdıraraq bizi göstərilən müddət ərzində baş vermiş bütün hadisələr haqda məlumatlandırmaq üçün ən ciddi, təsirli və təcili tədbirlər görülməsini xahiş etmək şərəfinə nail olmuşdum.

 

12 may tarixli məlumatı buradan bakılı Həsən Dadaşov aparıb. O, Şeyxəli Dadaşovun  nəvəsidir. Həsən Dadaşov buradakı tələbələrimizdən Cabbarov və Daqerovla birlikdə mayın 12-də Parisdən çıxıb. Onlar Bakıya çatıblarmı, göndərilən məlumatı Sizə, yaxud hökumət  üzvlərindən hər hansı bir şəxsə təqdim ediblərmi - təəssüf ki, bu barədə heç bir şey məlum deyil! Nəticədə nümayəndə heyəti belə kədərli və biabırçı vəziyyətə baxmayaraq, istər  aprelin sonlarında baş vermiş hadisələrlə, istərsə də bütünlükdə Azərbaycanda işlərin gedişi, ölkənin daxili şəraiti, hökumətin xarakteri və tərkibi, ordunun vəziyyəti, qonşu dövlətlərlə - Gürcüstan, İran, Ermənistan, Şimali Qafqaz (ələlxüsus Dağıstan), Sovet Rusiyası ilə əlaqələrdən xəbərsiz qalmaqda davam edir.

Nümayəndə heyəti əvvəlki kimi yenə də yalan, uydurma, əksəriyyəti bir-birini inkar edən məlumatlarla kifayətlənməli olur. Bütün bu məlumatlar isə Avropa mətbuatı və teleqraf agentlikləri tərəfindən əsla etimad doğurmayan mənbələrə (erməni, yunan və s.) istinadən verilir.

Ümumiyyətlə, belə çətin vəziyyətə düşən, hətta ən həyati əhəmiyyətli məsələlərdən də xəbər tuta bilməyən, ölkə ilə bütün əlaqələrini itirən, ən azı elementar mövcudluğunu təmin etmək baxımından maddi yardım və mənəvi dəstəkdən yerli-dibli məhrum olan, üstəlik, fəaliyyəti ilə birbaşa bağlı olmayan ağır yükün altına girərək 78 nəfər azərbaycanlı tələbənin (onların da keçinmək üçün heç bir vəsaitləri qalmayıb) qayğılarını  da öz üzərinə götürən  nümayəndə heyətinin normal və səmərəli işləyə bilməyəcəyini deməyə ehtiyac varmı? Həm də elə bir dövrdə ki, beynəlxalq həyatda, həqiqətən də, mühüm bir mərhələ başlayıb - artıq gündəliyə türk və rus məsələləri çıxarılıb. Deməyə ehtiyac varmı ki, bütün Qafqaz respublikalarının, ilk növbədə Azərbaycanın, eləcə də İran, Türküstan, hətta ola bilsin ki, Yaxın Şərq və bütün Asiyanın taleyi bu məsələlərin necə həll ediləcəyi ilə sıx bağlıdır.

Öz-özlüyündə aydındır ki, belə şəraitdə nümayəndə heyətimiz bütün istiqamətlərdə xüsusi intensivliklə işləməlidir. Amma bədbəxtlikdən məhz indi - ən lazımlı vaxtda hadisələrdən tam uzaq düşməsi, ölkənin vəziyyətindən tam xəbərsiz qalması nəticəsində onun fəaliyyəti iflic olmuşdur. Biz hətta Azərbaycanda hakimiyyətin kimlərin əlinə keçdiyini, ordunun başına nə iş gəldiyini, ölkənin müstəqilliyinin qorunması və xilasının, hətta ola bilsin ki, sadəcə fiziki mövcudluğunun təmin edilməsinin nə vəziyyətdə olduğunu da bilmirik.

Martda Londonda, apreldə isə San-Remoda keçirilmiş konfranslara bənzər yeni konfransın iyul ayında Spada təşkili nəzərdə tutulur. Bizim nümayəndə heyəti əvvəlki iki konfransın işində iştirak etmişdi. Lakin indi Spaya getməyə lüzum varmı? Mövcud vəziyyətdə orada nə etmək olar? Əgər konfransın təşkilinin pıanlaşdırıldığı vaxta qədər (12-15 iyul) Azərbaycanda baş vermiş hadisələrin xarakterinə müəyyən aydınlıq gətirilməsə, nümayəndə heyəti üçün hər hansı münasibət bildirmək, yaxud qərar qəbul etmək son dərəcə çətin olacaq.

Bir daha təkrar edirəm, nümayəndə heyəti son dərəcə ağır, kədərli günlər yaşayır. Yaranmış vəziyyət heç bir xəbər tuta bilmədiyimiz ailələrimizin, yaxınlarımız və doğmalarımızın dərdi bir yana qalsın, ölkənin və ordunun, Parlamentin və hökumətin taleyindən tam məlumatsız olmağımız səbəbindən bizi səbatlılıqla sınağa çəkir, hər an səbir və dözüm nümayiş etdirməyə, gərginlik içində gözləməyə və yenə də gözləməyə məcbur edir.

Lakin belə ümidsiz vəziyyətə düşməsinə baxmayaraq, nümayəndə heyəti hazırkı  son dərəcə çətin şəraitdə yenə də işini davam etdirmək, üzərinə düşən vəzifələri bacardığı qədər yerinə yetirmək üçün özündə qüvvə tapır. İyunun əvvəlində heyət sülh konfransının Ali Şurasına nota ilə (surəti əlavə olunur) müraciət etmək məcburiyyətində qalmışdır. Sonra nümayəndə heyətinin iki üzvü - cənab Mehdiyevlə cənab Şeyxülislamov hələ də bir tərəfdən ingilis hökuməti, digər tərəfdən isə Krasin  başda olmaqla Sovet Rusiyasının müvəkkilləri arasında iqtisadi və hətta ola bilsin ki, siyasi xarakterli danışıqların aparıldığı Londondadırlar. Nəhayət, Avropada Azərbaycanla bağlı olduqca qanqaraldıcı təəssüratı azacıq da olsa yumşaltmaq, dəyişdirmək üçün nümayəndə heyəti mətbuatda (əsas etibarilə Parisdə çıxan “Le Temps” qəzetinin səhifələrində) təbliğatla məşğuldur.

Lakin təəssüf ki, əvvəllər olduğu kimi, işin bu tərəfi yenə də böyük maddi imkan tələb edir. Nümayəndə heyətinin sərəncamında olan pullar isə artıq tükənmək üzrədir və onun saxlanması üçün maliyyə vəsaiti ilə təmin olunması məsələsi yenə də bütün kəskinliyi ilə gündəliyə çıxır. Hazırda Avropada (Almaniya, İtaliya, Fransa) 78 nəfər azərbaycanlı tələbənin olması qarşıda duran problemin ciddiyyətini daha da artırır. Onların yaşamaları və təhsillərini davam etdirmələri üçün Bakıdan göndərilən vəsait artıq tükənmişdir və bizə təqdim etdikləri hesabatdan, eləcə də tələbələrin özlərinin verdikləri məlumatdan da göründüyü kimi, əllərindəki məbləğ, çətin ki, avqustun 1-nə qədər çatsın.

Bu şərait təhsil almaq üçün gələn tələbə gəncləri üzləşdikləri həqiqətən də faciəli və ümidsiz vəziyyəti bütün detalları ilə şəxsən izah etmək üçün öz aralarından seçdikləri yoldaşlarından bir nəfəri - Mirqasımovu  Bakıya, Sizin yanınıza göndərməyə məcbur edib. Təəssüf ki, artıq nümayəndə heyəti də tələbələrə yardım göstərmək üçün heç bir imkana malik deyil və lazımi vəsaitlə təmin olunmasa, tezliklə o özü  tələbələrdən də pis vəziyyətə  düşəcək.

Nümayəndə heyəti Mirqasımovun Bakıya göndərilməsinə həmin tələbənin Sizin yanınıza düşmək üçün bütün imkanlarını səfərbər edəcəyi, sonra isə yaxşı xəbərlə - birlikdə təhsil aldığı gənclər üçün pulla geri dönəcəyi ümidi ilə razılıq verib...

Eyni zamanda, nümayəndə heyəti tək bununla kifayətlənməyərək öz tərkibindən cənab Məhəmməd Məhərrəmovu da Bakıya ezam etmək qərarına gəlib. O, artıq iyunun sonunda, yaxud iyulun əvvəllərində yola çıxmağa hazırlaşır və bu məqsədlə lazımi mandatla təmin ediləcəkdir.

Nümayəndə heyətinin yuxarıda göstərilən cətin vəziyyətdə olduğunu bir daha diqqətinizə çatdıraraq indiki məlumatı da əvvəl göndərdiyim müraciət kimi xahiş, qanuni tələb, nəhayət, yalvarışla başa çatdırıram: 1) Baş verən hadisələr və Azərbaycanın indiki gerçək vəziyyəti ilə əlaqədar dərhal ətraflı məlumatla birlikdə kuryer göndərilməsi; 2) Nümayəndə heyətinin və 78 nəfər tələbənin saxlanması üçün əvvəlki miqdarda pul vəsaitinin köçürülməsi.

Nümayəndə heyəti üzvlərinin ailələri, yaxınları və doğmaları barədə hər hansı məlumat burada olanların ürəklərini minnətdarlıq hissi ilə dolduracaqdır.

 

Fürsətdən istifadə edib bir daha səmimi hörmət və ehtiram hisslərimi çatdırmağı özümə borc bilirəm. 

 

Azərbaycan Respublikası sülh nümayəndə heyətinin başçısı Ə.Topçubaşov

 

Azərbaycan Nümayəndə heyətinin cavab gözlədiyi suallar

 

(Suallar Avropa mƏtbuatının mƏlumatları Əsasında hazırlanıb) iyun, 1920 - ci il (təxmini)

1. 28 aprel çevrilişi hansı şəraitdə baş verib? Çevrilişə gətirib çıxaran amillər hansılardır? Səbəb nə oldu? Kim yaranmış şəraitdə nə kimi hansı rol oynayıb? Xalqın çevriliş baş verəcəyi ilə bağlı hər hansı məlumatı vardımı? Parlament nə iş görürdü?

2.Azərbaycan hökuməti hakimiyyəti nə üçün belə tezliklə əldən verdi? Kimin və hansı qüvvələrin təsiri altında? Açıq, yaxud gizli etirazın hansısa təzahürləri nəzərə çarpırdımı? Hökumətin tərkibindən danışıqların aparılmasında kimlər iştirak etmişdi? Azərbaycanın müstəqilliyinin bundan sonra da qorunub saxlanması baxımından hər hansı müsbət xarakterli qeyd-şərtlər qarşı tərəfin diqqətinə çatdırılmışdımı? Azərbaycan hökumətinin demək olar ki, bütün üzvlərinin azadlıqda qalmasını nə ilə izah etmək mümkündür?

3. Ordu nə üçün fəaliyyətsiz dayanmışdı? Əsas güclər və general Mehmandarov çevriliş zamanı harada idilər? Əgər Bakıda deyildilərsə, bunu nə ilə izah etmək mümkündür? Hansı hərbi hissələri həmin vaxt Bakıda dislokasiya olunmuşdu?

4. Gürcü hökumətinə yardım xahişi ilə müraciət edilmişdimi? Nə zaman və hansı şərtlər daxilində? Buna bir cavab alınmışdımı? Nə zaman və necə bir cavab? Bəs erməni hökumətinə? Nə zaman və hansı şərtlər daxilində? Cavab?

5. Çevrilişin qələbə ilə başa çatmasına fəhlə təşkilatları (hansılar), Bakıda yaşayan erməni və rus əhali tərəfindən yardım göstərilibmi? Əgər kömək olubsa, bu konkret şəkildə hansı formada təzahür edib? Müsəlman əhalinin belə bir köməyə  münasibəti necə olub?

6. Bakıda, yaxud onun həndəvərində (məsələn, neft mədənlərində) xarici hərbi qüvvələrə təsadüf edilibmi? Rast gəlinibsə, hansılardır, sayca nə qədərdir, rəhbərləri kimdir?

7. Hakimiyyət kimə təhvil verilib - Azərbaycan, yoxsa Moskva bolşeviklərinə? Xalq Komissarları Şurası kimlərdən təşkil olunub? (Adbaad sadalamaq). Moskva ilə əlaqə yaradılıbmı? Belə bir əlaqə varsa, nədə təzahür edir?

8. Müstəqil Azərbaycan Sovet Respublikası elan edilibmi? Hansı şərtlər daxilində? Azərbaycanın bütün ərazisində, yoxsa yalnız Bakı bölgəsində? Bakı əhalisi baş vermiş hadisəyə necə münasibət bəsləyir?

9. Azərbaycanın qalan hissəsində vəziyyət necədir? Bu ərazilər kimə tabedir? Hökumət Gəncədə nə kimi işlər görür? Gəncədəki hökumət kimlərdən ibarətdir? (Adbaad sadalamaq). Rəhbəri kimdir? Gəncə hökuməti yerli əhalinin yardımına ümid edə bilərmi? Əgər Bakı hökuməti hələ də mövcuddursa, onun sonuncuya münasibəti necədir?   Bakının tezliklə azad olunacağına ümid varmı?

10. Gəncə hökumətinin əlində hansı güc və vasitələr mövcuddur? Öz bonunu (kağız pul, razılıq əsasında müəyyən məbləğ kimi qəbul edilən kredit sənədi - V.Q.) buraxırmı? Daxili, yaxud xarici borca (məsələn, gürcü hökumətindən, yaxud müttəfiqlərdən hər hansı birindən) girməyib ki?

11. Ordu qorunub saxlanıbmı? Hansı hərbi hissələr və sayca nə qədər? İndi hərbi hissələr harada yerləşir? Ordunun başında yenə də general Mehmandarov dayanırmı? Digər generallarımız - Şıxlinski, Usubov, Vəkilov və b. haradadırlar? Silahlı qüvvələrin döyüş qabiliyyəti yerindədirmi? Hərbçilərimiz indi nə işlə məşğuldurlar? Onların nə kimi ehtiyacları var?

12. Doğrudurmu ki, Azərbaycan Gürcüstanla müharibə edib, yaxud indi müharibə aparır? Söhbət hansı Azərbaycandan gedir - Bakıdan, yoxsa Gəncədən? (burada bolşeviklər, yoxsa müstəqillik tərəfdarları mənasında - V.Q.) Hərbi əməliyyatlar hansı zəmində meydana çıxıb? Müharibəni birinci kim başlayıb? Barışıq əldə olunubmu? (İyunun 3-də?) Barışıq anlaşması hansı şərtlər əsasında bağlanıb? İndi Gürcüstanla qarşılıqlı münasibətlər necədir? Bəs Gürcüstanla Azərbaycan arasında 1919-cu ildə imzalanmış hərbi müqavilənin taleyi necə oldu? Yerli əhali həmişə dost münasibəti bəslədiyimiz Gürcüstanla əlaqələrin bu şəkildə pozulmasına necə yanaşdı? Sizə məlumdurmu ki, Nümayəndə heyəti burada Batum limanından Azərbaycana dənizə çıxış hüququ təmin olunması şərti ilə Batum şəhəri və Batum vilayəti üzərində Gürcüstanın suveren hüquqlarını tanımağa razılıq verib?

13. İrəvan hökuməti ilə qarşılıqlı münasibətlər necədir? Onunla müvəqqəti də olsa bir saziş imzalanıbmı? Qarabağ və Zəngəzurda, eləcə də Şərur və Naxçıvanda vəziyyət necədir?  Doğrudurmu ki, bu ərazilərdə Xəlil paşa və digər türk generalları, Dağıstanda Nuri paşa, Qars vilayətində Kazım Qarabəkir paşa ağalıq edirlər?

14. Doğrudurmu ki, Dağıstan və Şimali Qafqaz dağlıları bolşevizmin güclü təsiri altındadırlar və bu ərazilərdə hökm sürən ümumi anarxiya nəticəsində indi bolşevik donuna girmiş denikinçi general və zabitlərin komandası altında silahlı dəstələr yaradılır? Doğrudurmu ki, həmin dəstələr Azərbaycana və Gürcüstana quldur basqınları düzəldirlər? Kubanda və Donda nə baş verir? Kazakların general Vrangelin ordusu ilə əlaqələri mövcuddurmu?

15. Azərbaycanlılar bolşeviklərin Ənzəli üzərinə hücumunda və oradakı donanmanı ələ keçirmək uğrunda savaşda, eləcə də Küçük xanın inqilabi hərəkatına yardım göstərmək üçün keçirilən yürüşdə hər hansı şəkildə iştirak ediblərmi?  Bəs İran Azərbaycanında Təbriz başda olmaqla  Tehranın hakimiyyətini tanımaq istəməyən  separatçı hərəkatda necə?

16. Bolşeviklərin Türkiyəni xilas etmək naminə türk milliyyətçiləri ilə ittifaq bağladıqları, ümumiyyətlə, müsəlman dünyasına - İran, Əfqanıstan və Hindistan kömək göstərmək niyyətində olmaları barədə buradakı  qəzetlərin çox yazdıqları və İngiltərəni belə narahat edən şayiələr həqiqətə uyğundurmu?

17. Azərbaycanın müstəqilliyi Sovet Rusiyası tərəfindən tanınıbmı? Bolşeviklərin iyunun 12-də yalnız Gürcüstanın müstəqilliyini tanımaq barəsində saziş imzalamalarını nə ilə izah etmək mümkündür? Bu məsələdə Ermənistana münasibət necədir?

18. Mövcud vəziyyətə bizim siyasi partiyaların yanaşması haqqında nə demək mümkündür?  Onlar aktiv fəaliyyət göstərirlərmi? Bu fəaliyyət nədə təzahür edir? Hansı partiya kimi dəstəkləyir?  Ələlxüsus da 28 aprel çevrilişi zamanı kimi dəstəkləmişdi?

19. Ümumilikdə bütün bu hadisələr Azərbaycan əhalisinin iqtisadi həyatında öz əksini necə tapıb? Əmtəə idxalı və ixracı həyata keçirilirmi? Hansı marşrutla - Xəzər dənizi vasitəsi ilə, yoxsa Zaqafqaziya dəmir yolu ilə? Bolşeviklər çoxmu neft aparıblar? Əgər barter ediblərsə, hansı mallara? Neft sənayesinin vəziyyəti necədir? Xəzər donanmasının? Bəs bizim bonların və xarici pul vahidlərinin valyuta dəyəri necədir? Məhsulun vəziyyəti? Taxıl varmı? Hansı tələbat mallarına (ən zəruri!) daha çox ehtiyac hiss edilir?

 

Rus dilindən tərcümə edən: Vilayət Quliyev

Budapeşt, aprel, 2018-ci il