Xalq Cəbhəsi. - 2018.- 28 aprel. - ¹ 75. - S. 14.

 

Türk mədəniyyətlərinin qədimliyi və zənginliyi

 

3-cü yazı

Elman Quliyev

 

“Bilqamıs” da daxil olmaqla Şumerlərin digər yaradıcılıq nümunələri ilə türkün təxminən XVII-XVIII əsrlərə qədər yaranan mifoloji və dastan tipləri arasında müəyyən əlaqələr mövcud olub. “Bilqamıs” (bəzi mənbələrdə “Gilqamış”, “Bilqəmes”, “Bilqamış”) Şumer ədəbiyyatının ən möhtəşəm abidəsidir. Əsər təxminən 5 min il bundan əvvəl Dəclə və Fərat çayı hövzələrində yaşayan Şumerlər tərəfindən şifahi şəkildə yaradılıb, e.ə II minillikdə Akkad dilinə tərcümə edilərək 12 gil lövhə üzərinə köçürülüb. Əsərin müxtəlif variantları olsa da, bütün variantlarda Bilqamıs (hər şeyi bilən adam mənasında) mərd və igid insan kimi təqdim olunub. O, e.ə. təxminən 2800-2700-cü illərdə yaşayıb, Şumer şəhəri Urukun əsasını qoymuş və ona rəhbərlik etmiş (kahin və sərkərdə kimi) tarixi şəxsiyyətdir. Dastanın I lövhəsində Bilqamıs haqqında belə məlumat verilir:

 

O, hər sirri bilərdi, o, hər şeyi görərdi,

Yeri su basmasından bizə xəbər verərdi.

Uzun yollar dolaşıb, yorulub əldən düşdü.

Başına gələnləri sal bir qayaya döydü.

Sonra hasara alıb adını Uruk qoydu.

O bütün insanlardan əzəmətli, ucadır,

O, insandır, yarıdan çoxu tanrıdır ancaq.

Heç kəs ona tay olmaz, onun görkəminə bax!

Urukun divarını odur ucaldan belə,

Çılğınlıqda, qüvvədə oxşayır qızmış kələ.

Döyüşdə yarağının yox tayı-bərabəri

Uruk oğullarının kahini tək birdir o,

Əzəmətli, şöhrətli, hər şeyə qadirdir o.

Qoymaz ki, anaların gəlinləri dul qalsın,

Oğulları dalınca uzanan boş yol qalsın.

 

Bilqamıs şər qüvvələrə qarşı vuruşan, ağlı və gücü birləşdirən, dünyada harmoniya yaratmaq istəyən, qorxu bilməyən qəhrəman tipidir. Dastanda məzmun lövhələr şəklində təqdim olunur. Bu hissələrdə Bilqamısın Urukun əsasını qoyması, Enkidu ilə dostluğu, Sidr meşələrinə səyahəti, orada Humbabanı öldürmələri, Humbabanı öldürdüyünə görə Enkidunun Allahın qəzəbinə gəlməsi və Enkidunun ölməsi, sonda Bilqamısın əbədi həyat ardınca uzaq ellərə getməsi, orada dirilik çiçəyini tapıb elinə gətirərkən ilanın yolda həmin çiçəyi oğurlaması və s. ilə bağlı mətnlər diqqəti cəlb edir.

“Bilqamıs” dastanında özünə yer tapmış yerüstü və yeraltı aləm, ölümə qarşı mübarizə, əbədi həyat axtarışı, yuxu yozumu, türk düşüncəsində el ağsaqqalı və el qəhrəmanının xalqa münasibəti və s. məsələlərə bu və ya digər formada əski türk abidələri və yazılı ədəbiyyat nümunələrində də rast gəlmək mümkündür.

“Alpamış”, “Yusif və Əhməd”, “Şeybani xan”, “Arzugül”, “Rüstəm xan” və s. özbək, “Satuq Buğra xan” Qaraxanlı, “Çingiznamə”lər silsiləsinə daxil olan “Çingiz xan” geniş mənada Orta Asiya türkləri, “Maaday Qara” Altay, “Ural batır” başqırd, “Qoblandı batır”, “Qənbər batır”, “Ayman Şolpan” və s. qazax, “Qırx qız”, “Boz igid”, “Esabay batır”, “Çora batır” və s.Tatar (Kazan və Krım tatarları), “Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Arzu-Qəmbər”, “Koroğlu “ və s. İraq-türkman, o cümlədən digər türk xalqlarının yaratmış olduqları dastanlar türk mədəniyyətinin təməl daşıyıcılarından biri olmaqla (ümumtürk və milli türk anlamında), ayrı-ayrılıqda həmin xalqların milli kimliklərinin təsdiqi, ictimai-siyasi baxışlarının və epos təfəkkürünün göstəricisi olmaq baxımından böyük əhəmiyyətə malikdirlər.

“Kitabi-Dədə Qorqud” estetik mükəmməlliyi, yüksək fəlsəfı idrak tərzi, forma əlvanlığı və s. xüsusiyyətləri ilə fərqlənən eposdur, türkün ana kitabıdır. Dastanda mifık təsəvvürün real təsəvvürləri əvəzləməsi, daha doğrusu, ictimai-siyasi, ailə-məişət və s. məsələlərin üstünlüyü türk epos təfəkküründə yeni mərhələyə keçidin başlanğıcı kimi xarakterizə oluna bilər. Yəni “Dədə Qorqud”dakı bu əvəzlənmə əslində türkün bir mükəmməl təfəkkürdən (mifologiya dövründən) digər mükəmməl təfəkkürə (tarixi dövrə) qədəminin yeni formasıdır. “Dədə Qorqud” türk xalqlarının yaratmış olduğu milli mədəniyyət abidələri içərisində ən zəngin və ən möhtəşəm sənət əsəridir. Məşhur tədqiqatçı alim M.F.Köprülüzadənin dediyi kimi, “türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfı ağır gələr”.

“Kitabi-Dədə Qorqud” oğuz elləri həyatından, oğuz igidlərinin şücaətlərindən bəhs edən qəhrəmanlıq dastanıdır. Bu səbəbdəndir ki, dastanın üzünü köçürən katib kitabı “Kitabi-Dədəm Qorqud ala lisani-taifeyi oğuzan” adlandırıb. Dədə Qorqudun Drezden və Vatikan kitabxanalarında saxlanılan 2 əlyazma nüsxəsi var. 1815-ci ildə alman şərqşünası Dits Drezden kitabxanasında saxlanılan əlyazmanı üzə çıxarıb və dastan haqqında ilk məlumat verib. Vatikan nüsxəsini isə 1952-ci ildə Ettori Rossi nəşr edib. Dastanın Drezden nüsxəsi 1 müqəddimə, 12 boydan, Vatikan nüsxəsi isə 1 müqəddimə, 6 boydan ibarətdir. Ortaq türk abidəsi olmaqla yanaşı, “Dədə Qorqud”un yarandığı coğrafı ərazi daha çox Azərbaycanla, dili isə Azərbaycan dili ilə bağlıdır.

Dədə Qorqudun şəxsiyyəti, dastanın hansı dövrdə yaranması, hadisələrin konkret olaraq hansı zamanda baş verməsi, dastan mətnlərinin nə zaman yazıya alınması ilə bağlı Qorqudşünaslıqda müxtəlif fıkirlər mövcuddur. Lakin faktlar Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanına yaxın Bayat boyunda yaşamış tarixi şəxsiyyət olduğunu sübut edir. Dastanın VI-VII əsrlərdə formalaşması, elə həmin dövr hadisələrini əks etdirməsi, təxminən X əsrdən əvvəl yazıya alınması ilə bağlı fıkirlər artıq təsdiqini tapıb.

“Dədə Qorqud”la özünə qədərki və özündən sonrakı türk eposları arasında ümumi bağlılıq mövcuddur. Bu bir tərəfdən regional əlaqə, digər tərəfdən isə milli-etnik düşüncə və yanaşmada təsdiqini tapa bilir. Yəni Türküstandan Kiçik Asiyaya qədər ərazilərdə yaşayan türklərin yaratmış olduqları “Oğuz Kağan”, “Şu”, “Siyenpi”, “Ərgənəkon”, “Dədə Qorqud”, “Manas”, “Alpamış” və s. dastan tipləri arasında milli-etnik ideyanın və estetik düşüncənin təsirini inkar etmək mümkün deyil. Belə ki, “Dədə Qorqud” dastanları ilə digər türk dastanları olan “Alp ər Tonqa”, “Oğuz Kağan”, “Manas”, “Alpamış” və s. müxtəlif süjet və motivlərdəki oxşarlığın mövcudluğu sadəcə dastan elementləri kimi yox, milli-estetik düşüncənin tarixi vəhdəti və əlaqə tipi kimi xarakterizə olunmalıdır.

“Dədə Qorqud” əslində türk-şərq ruhunun (nəcib, həm də ali insan hisslərin) mənəvi təzahürüdür ki, bilavasitə bunun qaynağında İslama keçidin təsiri dayanır. “Rəsul əleyhissəlam zamanına yaxın” hadisələrin Bayat boyu, Qorqud ata və s. ilə əlaqələndirilmə prosesində verilməsi, sırf İslama keçid mərhələsi ilə bağlanır. Bu cür tipoloji (həm tarixi, həm regional, həm də milli-etnik) oxşarlıq “Manas” dastanında Manasın atası Yakıp xana üz tutaraq söylədiyi aşağıdakı sözlərdə də təsdiqlənir:

 

Ak sakallı babacığım Yakıpxan,

Mən müsəlman yolunu açacağam

Kafirlərin malını saçacağam

Həpsini qovacağam.

 

“Dədə Qorqud” və “Manas”da Xızır (Xıdır) müqəddəsliyi, ona inam xüsusi planda əksini tapır.”Dirsə xan oğlu Buğac boyu”nda Buğacın anasına dediyi, “Ana, ağlamağıl, mana bu yaradan ölüm yoqdur, qorxmağıl! Boz atlu Xızır mana gəldi. Üç kərrə yaramı sığadı.” sözləri ilə “Manas”da olan “Manası Xızır qorudu, Manas yer kənarında qundaqlandı” və yaxud yenə “Manas”da səslənən “Sol başını Xızır kollasın, Bakay, Xızır yanında olsun, Bakay” - sözləri arasındakı oxşarlığı milli-etnik düşüncənin genetikfunksional tipi hesab etmək olar.

Əslində türk dastanlarında genetik yaddaşın yaratmış olduğu bu tipoloji bənzəyiş daha çox milli təfəkkür hadisəsi kimi əhəmiyyət kəsb edir; etnik-milli ideyanın təzahür müxtəlifliyini təsdiqləyir. Məsələn, Dədə Qorqud öyüdləri ilə, Manasın atası Yakıp bəyin öyüdləri müəyyən müstəvidə fərqlənsə də, el ağsaqqalı, müdrik insan nəsihəti tipində bir-birinə bənzəyir. Onu da qeyd edək ki, hər iki nəsihətdə türk ruhu özünü göstərir.

Türk dastanlarında diqqəti cəlb edən məsələlərdən biri də atlara verilən adlardır. Aydın məsələdir ki, türk bahadırının ən böyük silahdaşı onun atıdır. O, atın köməyi olmadan tam görkəmdə təqdim oluna bilmir. Müəyyən məqamlarda at onun qələbəsi və xilasının əsas səbəbkarıdır. Bu möhtəşəmliyin ən bariz tipini biz “Koroğlu” dastanında izləyə bilirik. Bir növ “Dədə Qorqud”da Beyrəyin Boz ayğırı, “Manas”da isə Manasın Akbozu türk dastanlarında müşahidə etdiyimiz oxşar bir kult sisteminin mükəmməlliyinə xidmət göstərir.

“Dədə Qorqud”dakı Təpəgözlə “Manas”dakı Yalqızgöz obrazları arasında da böyük oxşarlıq vardır. Bu bənzəyiş təkcə zahiri görkəm əlaməti deyildir, həm də şərin, pisliyin göstəricisidir. “Dədə Qorqud”da Basat kimi, “Manas”da isə Almanbet və s. kimi igidlər bu cür təkgözlü bədheybətləri (Təpəgöz və Yalqızgözü) gözlərini çıxarmaqla öldürürlər.

“Manas” möhtəşəm türk dastanıdır. Üç hissədən (trilogiyadan) ibarət bu qırğız dastanı Ç.Vəlixanov və Rodlov tərəfındən aşkarlanıb, ilk dəfə 1885-ci ildə rus və alman dillərində nəşr olunub. 12.452 misradan ibarət olan həmin nəşr dastanın əsasını təşkil edir. Lakin manasçılar tərəfindən zaman-zaman əsərə edilən əlavələr bu əsərin həcmini xeyli artırıb, nəticədə “Manas”ın 65 variantı əmələ gəlmiş, dastan misralarının ümumi sayı isə bir neçə yüz minə çatıb. “Manas” həcm etibarilə dünya ədəbiyyatının möhtəşəm abidələri sayılan “İliada” və “Odisseya”dan 20 dəfə, “Mahabharata”dan üç dəfə böyükdür. “Manas” bir növ qırğız ruhunun (həm də tarixinin) bədii təcəssümüdür. Təsadüfı deyil ki, dünya şöhrətli qırğız yazıçısı Ç.Aytmatov “Manas”ı “qırğız xalqının sinonimi” hesab edir. “Manas”ın dastan kimi formalaşması IX-X əsrlərə aiddir. “Manas”ı ifa edən şəxs manasçı adlanır. Manasçılar nadir istedad sahibi hesab olunurlar. Demək olar, qırğız xalqı içərisində “Manas”dan az da olsa əzbər bilməyən insan yoxdur. Bu qırğız xalqının öz tarix və mədəniyyətinə bəslədiyi böyük məhəbbətin təzahürüdür. Çoxsaylı manasçılar sırasında Keldibay Barıboz oğlu,Toqoloq Moldo, Saqımbay Orozbayov, Sayaqbay Karalayev, İbrahim Abdırah- manov, Baxış Sazanov, Cusup Mamay və s. xüsusi yer tuturlar. Ancaq S.Karalayevin və S.Orozbayevin “Manas” variantları daha çox klassik versiya hesab olunur.

“Manas” qəhrəmanlıq dastanıdır. Əsər üç bölmədən ibarətdir. Birinci bölmə Manasın, ikinci bölmə onun oğlu Semeteyin, üçüncü bölmə isə nəvəsi Seytekin mübarizələrini əks etdirir. Manas dastanın baş qəhrəmanıdır. Tədqiqatçılar onun tarixi şəxsiyyət olduğunu təsdiqləyirlər.