525-ci qəzet. - 2018.- 28 aprel. - ¹ 76. - S. 14.

 

Birinci Respublikanın rəsmi siması - Əlimərdan bəy Topçubaşov

 

CÜMHURİYYƏTİMİZİN BEYNƏLXALQ TƏSDİQİNİN MÜBARİZİ, AZƏRBAYCAN SİYASİ MƏDƏNİYYƏTİNİN YARADICISI ƏLİMƏRDAN BƏYİN PORTRETİNƏ ŞTRİXLƏR

 

Zakir Muradov

 

Böyük şərqşünas alim, filosof, tarixçi, etnoloq, qədim türk dünyasının dərin araşdırıcısı Lev Qumilyov “Tarixi dövrdə etnosun coğrafiyası” (Moskva, “Nauka”nəşr., 1990, rus d.) adlı əsərində özünün digər elmi araşdırmalarında da irəli sürdüyü “passionarlıq nəzəriyyəsi”nin daha müfəssəl şərhini verərək, qeyd edir ki, tarixin həlledici anlarında mədəni millətlər öz ən qabaqcıl nümayəndələrinin, yəni passionar şəxsiyyətlərinin enerji, istedad və bacarığı hesabına keyfiyyətcə yeni təkamül mərhələsinə adlayır və gələcək strategiyalarını müəyyənləşdirirlər.

Bu passionar şəxslərin bioqrafiyası özündə millətin müəyyən dövr ərzindəki tarixini də əks etdirir. Onların adları isə Milli Sərvətə çevrilir.

Tariximizin belə parlaq simalarından biri demokratik Azərbaycanın banilərindən olan Əlimərdan bəy Əliəkbər bəy oğlu Topçubaşovdur. O, ilk Azərbaycan Respublikasının (1918-1920) görkəmli xadimlərindən olmaqla və bu dövlətdə parlament sədrliyi də daxil (yeri gəlmişkən, bu, dövlətin başçısı vəzifəsi sayıldığından və “sədr” sözü, ümumiyyətlə, əksər xarici dillərdə “prezident” kimi ifadə edildiyindən, bir sıra beynəlxalq sənədlərdə Ə. Topçubaşov Azərbaycan Respublikasının Prezidenti adlandırılır)  vacib vəzifələr tutmaqla yanaşı, milli dövlətçiliyimizin ideya ilhamçıları və təşkilatçıları sırasında ən güclü (passionar) şəxsiyyətlərdəndir. Yeni tarixin dönüş anlarında Azərbaycanın zamanın çağırışına cavab verə bilməyə hazır olmasında Ə. Topçubaşovun gərgin fəaliyyətinin müstəsna rolu olub.

Əlimərdan bəy Topçubaşov 1863-cü ildə Tiflisdə anadan olub. Buradakı gimnaziyada oxuyub. Sonra Sankt-Peterburq İmperator Universitetində təhsil alıb və oranın hüquq fakultəsini bitirib.

Ali təhsilli azərbaycanlı gənc Əlimərdan bəy bir müddət Tiflis Kommersiya Məktəbində dərs deməklə bərabər, hakim köməkçisi və dairə məhkəməsinin katibi işləyir.

1894-cü ildə Bakıya köçən Əlimərdan bəy burada da məhkəmə orqanlarında çalışır. Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurur.

Ə. Topçubaşovun fəal siyasi fəaliyyəti onun 1897-ci  ildə redaktor-naşir kimi “Kaspi” qəzetinə gəlişi ilə başlayır. H.Z. Tağıyevə məxsus, rusca nəşr olunan bu qəzet yeni, bacarıqlı və tərəqqipərvər rəhbərinin sayəsində tezliklə öz ətrafına Azərbaycan ziyalılarının qaymağını yığmağa müvəffəq olur. 1905-ci ildə isə Əlimərdan bəy, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu birlikdə azərbaycanca “Həyat” qəzetini təsis edirlər. “Kaspi”-”Həyat” tandemi milli düşüncənin təşəkkülündə əhəmiyyətli rol oynamağa başlayır.

Müsəlman ictimai və siyasi təşkilatları tərəfindən 1901-ci ildə Bakı şəhər Dumasının “qlasnı”sı seçilən Ə.Topçubaşov bütün Rusiya müsəlmanlarının siyasi liderlərindən hesab olunurdu. O, Rusiya İmperiyasında yaşayan müsəlmanların ilk siyasi təkilatı olan “İttifaqül-müslimin”in banilərindən və rəhbərlərindən biri idi. Onun rəhbərliyi altında “İttifaq” 1905-1906-cı illərdə Peterburq və Nijni Novqorodda üç qurultay keçirmişdi.

1906-cı ilin mayında Ə. Topçubaşov Birinci Dövlət Dumasının deputatı seçilir və orada müsəlman fraksiyasına başçılıq edir, eyni zamanda, Y. Akçurinlə birgə “Muxtariyyət tərəfdarları” duma qrupunun həmsədri olur. Həmin ilin iyulunda Duma buraxıldıqdan sonra o, digər tərəqqipərvər deputatlarla birgə monarxiyanın irticaçı idarəetmə üsulunu ifşa edən “Vıborq bəyannaməsi”ni imzaladığına görə üç ay müddətinə həbs edilir.

Duma qəzavü-qədərindən sonra “Həyat” və “Kaspi”yə qayıdan Əlimərdan bəy Bakı Xeyriyyə Cəmiyyətinin işində (xüsusən 1-ci Dünya Müharibəsi dövründə) fəal iştirak edir. Bir qədər sonra isə  Azərbaycandakı milli komitələrin fəaliyyətini əlaqələndirməyə başlayır. Dəfələrlə milli komitəsinin fəallığı ilə seçilən Gəncədə olur.

1916-cı ildə Ə.Topçubaşov Tiflisdə keçirilən Qafqaz xalqları qurultayında iştirak edir. Burada ilk dəfə olaraq, onun tərəfindən burada yaşayan xalqların həmrəyliyi naminə Qafqaz Konfederasiyası ideyası səsləndirilir.

Xüsusi olaraq vurğulamalıyıq ki, bütün fəaliyyəti boyu Əlimərdan bəyin siyasi kredosu Avropanın tərəqqipərvər mədəni dəyərlərinə söykənib. O, cəmiyyətin təkamül yolu ilə dəyişdirilməsinin tərəfdarı olmaqla, heç vaxt istər sol, istərdə sağ ifrat görüşləri qəbul etməyib.

 

Cümhuriyyətə doğru

 

1917-ci ilin Fevral inqilabından sonra,  aprel ayında Bakıda (Qafqaz) və may ayında Moskvada (Ümumrusiya) keçirilən müsəlman qurultayları Azərbaycan siyasi səhnəsinin iki avanqardı - Bakıdakı “Müsavat” və Gəncədəki “Türk Adəmi-mərkəziyyət” partiyalarının şəksiz üstünlüyü ilə müşayiət olundu. Burada onların “Rusiyanın milli-ərazi federativ əsaslarla Demokratik Respublika  şəklində yenidən qurulması” haqda birgə tezisləri yekun sənədlərdə öz əksini tapdı. Hər iki qurultaya sədrlik edən Əlimərdan bəy göstərilən partiyaların liderləri - Məhəmməd Əmin Rəsulzadə və Nəsib bəy Yusifbəyliyə milli maraqlar naminə öz səylərini birləşdirməyi təklif etdi. Tezliklə birləşmiş “Türk Adəmi-mərkəziyyət firqəsi - Müsavat” Azərbaycan ideyasını gerçəkləşdirən aparıcı qüvvəyə çevrildi.

1917-ci ilin sonunda Ə. Topçubaşov “10 nömrəli seçki siyahısı üzrə” Gəncə dairəsindən Ümumrusiya Məclisi-Müəssisanına  deputat seçilir.

1918-ci ilin may ayının 28-də Azərbaycanın müstəqilliyi elan edildikdən bir qədər sonra, avqustun 20-də hökumət üzvü Ə.Topçubaşov Azərbaycan Cümhuriyyətinin Səlahiyyətli naziri və Fövqəladə nümayəndəsi təyin olunaraq, “...Cümhuriyyətin maraqlarına aid olan bütün məsələlər üzrə Osmanlı İmperator Dövlətinə göndərilir”. Oktyabrın 6-da o, həm də Azərbaycan Cümhuriyyətinin Xarici İşlər naziri vəzifəsinə təyin olunur.

1918-ci ilin dekabr ayının 7-də Bakıda ilk iclasına toplanan Azərbaycan Parlamenti Ə. Topçubaşovu özünün sədri seçir. İstanbulda olmasına baxmayaraq, parlamentin, eləcə də dövlətin başçısı vəzifəsinin məhz Əlimərdan bəyə tapşırılması Azərbaycanda hamının qəbul etdiyi məntiqin nəticəsi idi.

 

Dövlətin baş diplomatı

 

Bir qədər sonra, dekabrın 28-də Ə. Topçubaşova Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinə başçılıq etmək də həvalə olunur.

Buradaca qeyd edək ki, əksər xarici ölkələrin liderləri və nümayəndələrinin yenicə qurulan Azərbaycan dövlətinin siması haqda təsəvvürləri məhz Əlimərdan bəy Topçubaşovun şəxsiyyəti və dünyagörüşünün onlarda yaratdığı fikirlər əsasında formalaşırdı. Başqa sözlə, Azərbaycanın obrazı onun rəhbəri və baş diplomatının siması ilə tanınırdı.

Hələ İstanbulda olarkən, Ə. Topçubaşov buradakı bütün xarici nümayəndələrin demək olar ki, hamısı ilə görüşür. Bu görüşlərdə gedən söhbətlər zamanı aparılmış qeydlər Azərbaycan dövlətçiliyinin dünya miqyasında təsdiq edilməsi naminə gərgin və yorulmaz fəaliyyətdən xəbər verir. Əlimərdan bəyin özünün apardığı qeydlərdə bir çox maraqlı məqamlara rast gəlmək mümkündür. Müstəqil Azərbaycan diplomatiyasının qızıl fondu sayıla biləcək bu nümunələrin bəzilərinə diqqət yetirək:

“İstanbul. 6 yanvar, 1919-cu il. Amerika səfirliyinin binası. Amerika diplomatik nümayəndəsi Heyk ilə görüş.

...Heyk: Necə düşünürsünüz, sizin Qafqaz xalqları yenə Rusiya ilə birgə olmağa razılaşarlarmı?

Topçubaşov: Ruslarda sürətlə sosializm, özü də ifrat sosializm olan bolşevizm ideyaları yayılır. Bizim xalqımız bu cür ideyaları nə qəbul edə, nə də onlarla barışa bilər.

Heyk: Bəli, doğrudan da bu ideyalar hətta bizim demokratiya haqda təsəvvürlərimizə də uyğun  gəlmir. Onlar qurmur, ancaq dağıdırlar. Mən Sizi tamamilə anlayıram. Həm də ki, sizin xalqınız İslama sitayiş edir...

Topçubaşov: Bilirsiniz, İslam demokratik dindir, özü də əgər onu dərindən anlasaq, çox sadə və aydın dindir. Bizim xalqımız rifahın əsası kimi sosializmin əleyhinə deyil, ancaq maddi mədəniyyətin dağıdılması və özgə malının zorla alınması bizim üçün qəbuledilməzdir.

Heyk: Bu, olduqca düzgün fikirdir. Deməli, sizin xalqın ictimai quruluş haqda təsəvvürləri sağlamdır.

Topçubaşov: Sizdən öz hökumətinizin nazirinə ilk növbədə bunu çatdırmağı rica edərdim”.

Bu dialoqda isə iki müxtəlif düşüncə tərzi və siyasi mədəniyyət nümunəsini görürük - planetin cənnət guşəsi ola bilən Qafqazda daim öz “xroniki torpaq xəstəliyi” ilə fitnə-fəsad salan məlum xalqın nümayəndəsi ilə görüşündə  Əlimərdan bəy həmsöhbətinin mövcud vəziyyətə dair sərsəm fikirlərinə (o, hətta “iki daşın arasında” gürcülərin belə qeybətini edir)  baxmayaraq, nə vaxtsa islaholunmazların da haqqa üz tuta biləcəyinə ümid bağlayır:

“İstanbul. 16 yanvar 1919-cu il. “Pera Palas” oteli. Erməni Milli Şurasının sədri və Paris Sülh Konfransında Ermənistan Nümayəndə Heyətinin başçısı A. Aqaronyanın qəbul edilməsi.

Topçubaşov: Yadınızdadırsa, hələ oktyabrda mən sizə bizm xalqların İsveçrə İttifaqına oxşar şəkildə bir Federasiyası haqda ideya anlatmışdım... Məncə, Sülh Konfransında bütün Zaqafqaziya xalqlarının nümayəndələri bu istiqamətdə birgə çıxış etsələr, yaxşı olar. Bilmirəm, siz buna necə baxırsınız?

Aqaronyan: Bilirsiniz, indi bu, çox mürəkkəb məsələdir... Bu, çox çətindir, gürcülərlə isə mümkün deyil. Görürsünüzmü, onlarla necə münasibətdəyik? Bunlar hamısı əsas etibarilə Tiflisə görədir. Guya, biz ermənilər Tiflisə göz dikmişik. Biz bu Tiflisi gürcülərə veririk, qoy, bu Tiflis Gürcüstana bu Konstantinopolun Türkiyə üçün oynadığı uğursuz rolu oynasın. Biz Tiflisi həmişəlik tərk etmək qərarına gəlmişik. Bütün ermənilər oradan köçdükdən sonra o, kiçik bir gürcü kəndinə çevriləcək və məhv olacaq! İnanın ki, belə olacaq.

Topçubaşov: Çox kədərlidir ki, bizim xalqlarımız öz müstəqil həyatlarına belə qeyri-normal münasibətlərlə qədəm qoyurlar. Mən hər halda bu münasibətlərin yaxşılaşacağına və son məqsəd olan Federasiyaya nail olacağımıza ümidlərimi itirmirəm” (Bax:  “Ə. Topçubaşovun İstanbulda diplomatik söhbətləri” - H.Həsənovun redaktəsi ilə. Bakı, 1994.rus d. Səh. 99, 131)

Min bir məşəqqətləri dəf etdikdən sonra, 1919-cu ilin mayında Azəbaycan Nümayəndə heyəti Parisə yetişir. Sədr Topçubaşov başda olmaqla, nümayəndə heyətinin buradakı səkkiz aylıq, sözün həqiqi mənasında fədakar fəaliyyəti öz bəhrəsini verir. 1920-ci ilin yanvarın 11-də dünyanın aparıcı ölkələri Azərbaycan Respublikasının müstəqilliyini tanıyırlar. Bununla da Azərbaycan dövlətçiliyi beynəlxalq səviyyədə öz təsdiqini tapır.

Azərbaycan üçün lobbi yaratmaq yolunda ilk təşəbbüslər

 

Ayrıca olaraq, Azərbaycan diplomatiya təcrübəsinin vacib bir məqamına da diqqət yetirmək yerinə düşər. Beynəlxalq aləmdə Azərbaycanın maraqlarını müdafiə edən çevrələrin - Azərbaycanpərəst lobbinin yaradılması üzrə ilk səylər göstərmək şərəfi də Əlimərdan bəy Topçubaşova məxsusdur. Bu da misal. ABŞ Nümayəndələr Palatasının üzvü Valter Çandlerin Vaşinqton şəhərindən Parisdə olan Əlimərdan bəyə (onların bir qədər əvvəl, Parisdəki görüşləri zamanı aralarında dostluq münasibətləri yaranmışdı) göndərdiyi məktubunda aşağdakı sətirlər olduqca diqqətçəkəndir:

“...İş orasındadır ki, burada, Amerikada əksər dairələrin düşüncəsində, əksər mətbuatda yazılanlarda erməni təbliğatının təsiri ilə türklər və azərbaycanlılar haqda ittiham dolu yanlış fikirlər formalaşıb. Buna qarşı mübarizə aparmaq vacibdir...Sizin Amerikadakı təmsilçiniz kimi (Z.M.), mən əvəzinizə elə cəsarətlə çalışacam ki, sanki Siz burdasınız və özünüz mübarizə aparırsınız... Güman edirəm, mən Amerikadakı dostlarımız, azadlığı dini xurafatdan üstün tutan insanlarla birgə Azərbaycan üçün təbliğat komitəsi (Z.M.) yaratmağa müvəffəq olacağam” (Bax: “Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə”. Bakı, 1990. Səh.232).

Azərbaycan Cümhuriyyətinin süqutundan sonra Əlimərdan bəy Topçubaşov Parisdə, mühacirətdə qalır. 1920-ci ilin noyabrında Cenevrədə, Millətlər Liqasının tribunasından dövlətin başçısı olaraq, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edildiyini dünyaya bəyan edir. “Bolşeviklərin Azərbaycanın adından danışmağa haqqı yoxdur” - bu sözlər Ə. Topçubaşovun London, Genuya (1922), Lozanna (1923) konfranslarındakı, bolşeviklərin onun vətənində törətdikləri haqsızlıqlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandıran çıxışlarının əsas qayəsini təşkil edirdi.

Əlimərdan bəy öz humanist prinsiplərinə sadiq qalaraq, mühacirətdə də Qafqaz xalqlarının birgə fəaliyyətinə, onların Konfederasiya uğrunda məslək birliyinə nail olmağa can atırdı. 1934-cü ilin əvvəllərində, şərəfli ömrünün sonuna cəmi bir neçə ay qalmış o, Azərbaycan Milli Mərkəzinin sədri kimi, digər Zaqafqaziya respublikalarının liderləri ilə birgə Qafqaz Konfederasiyası Paktını imzalayır.

Azərbaycan milli hərəkatının və dövlətçiliyinin görkəmli nümayəndəsi Əlimərdan bəy Topçubaşov 1934-cü ilin noyabr ayının 5-də vəfat edib. O, Paris yaxınlığındakı Saint-Cloud (San-Klu) şəhərinin məzarlığında dəfn olunub.

Ə. Topçubaşovun istər nəzəri-ideoloji, istər də praktiki fəaliyyətini M.Ə.Rəsulzadənin aşağıdakı sözləri olduqca dəqiq xarakterizə edir:

“Əlimərdan bəy heç şübhəsiz, Mirzə Fətəli (Axundov-Z.M.), Həsən bəy (Zərdabi-Z.M.) və İsmayıl Mirzə (Qaspralı-Z.M.) kimi şəxslərin canlandırdıqları milli kültür hərəkatını qurtuluş yoluna çəkən böyük mücahidlərdəndir. Fəqət, Əlimərdan bəyi bu üç ustaddan, eləcə də müasiri olan bəzi ideya adamlarından fərqləndirən bir xüsusiyyət var idi. Əlimərdan bəy yürütdüyü siyasətin fikirçisi olmaqdan çox, işçisi idi. Onun bütün həyatı milli davanın vəkilliyi kimi məsuliyyətli işlərdə keçmişdi. Hətta mətbuatda çalışması da bir ideya, bir ideoloji propaqanda yapmaqdan ziyadə,  müəyyən praktik məsələlərin gerçəkləşdirilməsindən ibarət olmuşdur” (Bax: M.Ə.Rəsulzadə “Əlimərdan bəy Topçubaşı” Azərbaycan dərgisi, 1 noyabr 1952).

Həqiqətən də “xalq haqqında, Vətən haqqında” deyil, “xalq üçün, Vətən üçün” - 20-ci əsrin əvvəllərindəki Azərbaycan siyasi elitasının patriarxı olan Əlimərdan bəy Topçubaşovun fəaliyyətinin başlıca prinsipi bu idi. Və Əlimərdan bəyin başçılığı ilə həmin siyasi elitanın nümayəndələri adında “can” sözü də olan bir dövlət yaradıb onu tarixə əmanət qoydular.