Azad Azərbaycan.-2018.-27 aprel.-60.-S.3.

 

AXC dövrü Azərbaycan xalqının tarixində silinməz izlər qoyub

 

Ədliyyə Nazirliyinin inkişaf tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

ilə bir vaxta təsadüf edir

 

Kifayət İsmayılova,

Tovuz Rayon Qeydiyyat Şöbəsinin rəisi

 

Ötən XX əsrin ilk 20 ili bir sıra xalqların həyatında mühüm hadisələrlə yadda qaldığı kimi Azərbaycan xalqının da tarixində silinməz izlər qoydu. Bu, o dövr idi ki, çar Rusiyasının devrilməsinin ardından "xalqlar həbsxanası" sayılan böyük bir imperiyanın təsirində olan millətlər öz müstəqillikləri uğrunda mübarizəyə qalxır, istiqlaliyyətləri üçün mücadilə apardılar.

Həm qədim dövlətçilik ənənələrinə, həm də müasir idarəçilik mədəniyyətinə sahib olan Azərbaycanda milli istiqlaliyyət uğrunda mübarizə xalqımızın mücadiləsinin əsasını təşkil edirdi. Azərbaycan ziyalılarının, görkəmli ictimai-siyasi xadimlərin mühüm bir hissəsi, o cümlədən Əlimərdan bəy Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumasında zəngin idarəçilik təcrübəsi qazanmışdılar. Onlar müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya müstəqilliyindən tamamilə fərqlənən, bütün insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunduğu demokratik respublika sistemi yaratmaq iddiası və iradəsində idilər. Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumasında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentli Respublika kimi formalaşması tarixi zərurətdən doğurdu.

1917-ci ilin oktyabrında çar Rusiyasında baş verən hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssisələr Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci ilin fevralın 14-də Tiflisdə Zaqafqaziyanın alı hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Seymində Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını Müəssisələr Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu, Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetirdi.

Zaqafqaziya Seyminin ən aktiv üzvləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seyminin - Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seym- dən ayrıldıqlarını bəyan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi.

1918-ci il mayın 27-də keçirilən həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacmski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Səfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - Parlamentli Respublikanın yaradıcılığından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir. Azərbaycan Milli Şurası həmin iclasında, eyni zamanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökumətinin tərkibini də təsdiq etdi.

1918-ci ilin 28 mayında Şərqin ilk demokratik respublikası kimi yaradılan AXC türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. İyunun 26-da isə Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyasının yaradılması barədə qərar qəbul etdi.

2 iyul 1918-ci il tarixdə Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölməsinin yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda Azərbaycanda vətəndaşlıq haqqında qanun da qəbul olundu.

Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ayda həm də xalqımızı dünyaya tanıtmaqla mühüm bir tarixi missiyanı yerinə yetirmiş oldu. Bu mənada yürüdülən xarici siyasətin ən önəmli uğurlarından biri kimi Versal Ali Şurası 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olunması xüsusi qeyd edilməlidir. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Cümhuriyyəti 20- dən artıq ölkə ilə diplomatik əlaqələr yaratmışdı.

Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası, sonra isə Parlamenti və Hökuməti mövcud olduğu qısa müddət ərzində iqtisadi, ictimai-siyasi və sosial həyatın müxtəlif sahələrinə aid çoxlu taleyüklü islahatlar həyata keçirmiş, zəngin dövlətçilik ənənələri formalaşdırdılar.

Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da M.Ə. Rəsulzadənin sədrliyi ilə keçirilən iclasında çox mühüm qərarlar qəbul olundu. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. Həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası ölkə əhalisinin (2 milyon 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları, 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Saylan çox az olduğu üçün seçkilərdə iştirak etmək hüquqları olmadığı halda, gürcülər və polyaklar da hər etnosa 1 deputatla parlamentdə təmsil olunmalı idilər.

1918-ci ilin dekabr ayının 7-də Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.

Ali qanunverici orqan tərəfindən 1918-ci il 27 iyun tarixli qərar qəbul edildi. Qərara əsasən, Azərbaycan dili dövlət dili elan olundu.

Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xalqın son 400 illik tarixi ərzində ilk dəfə olaraq Azərbaycan dilinə dövlət statusu verdi və digər dövlət orqanları ilə yanaşı, məhkəmə sisteminin də dövlət dilində fəaliyyət göstərməsi haqqında qərar qəbul etdi. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin "Dövlət dili haqqında" 27 iyun 1918-ci il tarixli qərarında dövlət dilinin Azərbaycan türkcəsi kimi təsbit edildiyi, bundan sonra bütün məhkəmə, idareyi-daxiliyyə və s. vəzifələr daşıyanların bu dili bilənlər olacağı bəyan edilmişdir...

...27 aprel 1920-ci il tarixdə Bolşevik Rusiyasının XI Ordusu Bakıya daxil oldu. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi. Azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi - Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verdi.

Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyasının hərbi təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 28-də süqut etdi...

Tarix hər zaman ədalətin gec də olsa bərpa olunması ilə təkrarlanıb. XX əsrin əvvəlində xalqımız qarşısında tarixi əhəmiyyət kəsb edəcək işlər görməyi qarşısında məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra xalqımız bir daha müstəqillik əldə etdi. Məlum olduğu kimi, 1991-ci il oktyabrın 18-də qəbul olunan Konstitusiya Aktında Azərbaycan Respublikasının AXC-nin siyasi varisi olması elan olundu.

Bəzən "tarix təkrar olunur" deyirlər və 1993-cü ildə də tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan siyasi hakimiyyətinə dəvət etdi. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs sayəsində siyasi, hüquqi, iqtisadi, sosial, mədəni, ideoloji və digər sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanı müasir, müstəqil və güclü milli dövlətə çevirdi. Bununla müstəqil dövlət kimi çıxış edən ölkəmiz özünün tərəqqisi ilə milli inkişafın Azərbaycan modelinin əsasını qoydu.

Azərbaycan Xalq Cümhuriyyətinə, onun yaradıcılarına hörmət bu gün də davam edir. 2007-ci ildə Bakıda "İstiqlaliyyət Bəyannaməsi" abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən prezident İlham Əliyev 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını dünya miqyasında tarixi hadisə adlandırdı. Həmin gün 28 May - Respublika günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevin adından təşkil olunan rəsmi qəbulda nitq söyləyən dövlət başçısı AXC-nin Azərbaycan tarixindəki rolunu qeyd edərək Şərqin ilk demokratik Cümhuriyyətinə olan hörmətini ifadə edib "Azərbaycan xalqı və Azərbaycan dövləti respublikanın fəaliyyətinə və onu yaradanların xatirəsinə çox böyük hörmətlə yanaşır. Bu hörmətin əlaməti olaraq bu gün biz Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş abidənin açılışını qeyd etdik. O gözəl abidə paytaxtımızın gözəl guşələrinin birində - İstiqlaliyyət küçəsində ucaldıldı".

Azərbaycan xalqının çoxəsrlik milli müstəqil dövlətçilik tarixində AXC-nin xüsusi xidmətlərinə, tarixi keçmişimizə çox böyük hörmət və ehtiramla yanaşan əbədiyaşar, müdrik rəhbərimiz Heydər Əliyev hələ Sovetlər İttifaqı dövründən 1970-1980-ci illərdə müstəqilliyimizin yenidən bərpa olunması üçün cəsarətlə ən vacib məsələləri bu günümüz və gələcəyimiz üçün həll etmişdir. Müstəqil dövlətçilik tariximizin ən parlaq səhifəsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə yaradılan Ədliyyə Nazirliyinin Cümhuriyyət dövrü fəaliyyətinə, hüquqi islahatların, məhkəmə-hüquq sistemindəki xidmətlərinə xüsusi diqqət yetirən müdrik, uzaqgörən rəhbərimiz AXC-nin süqutundan sonra ləğv edilmiş 1918-ci il noyabr ayının 14-də Məhkəmə Palatasının Əsasnaməsi təsdiq edilmiş Sovet Rusiyası tərəfindən 13 may 1920-ci ildə ləğv edilmiş və sonradan Xalq Ədliyyə Komissarlığı adı ilə yaradılan və 1959-cu ildə ləğv edilən Ədliyyə Komissarlığını hakimiyyətə gəlişinin ilk illərində, yəni 1970-ci ilin 27 oktyabrında yaradılması haqqında qərar qəbul edir.

Müstəqil dövlətçilik tariximizdə əsas vəzifələrdən - hüquqi islahatların, məhkəmə hüquq sisteminin, insan hüquq və azadlıqlarının təmin edilməsində hüquqi, dünyəvi dövlət quruculuğunda təhlükəsizliyimizin, sabitliyimizin qorunmasında tam şəkildə təmin edilməsinə, müstəsna xidmətləri olan Ədliyyə Nazirliyi Ulu öndərin ikinci dəfə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra daha da təkmilləşdirilmişdir. Nazirliyin səlahiyyətləri daha da artırılmışdır. Bir sıra qərarlar, sərəncamlar, fərmanlar imzalanmışdır.

11 noyabr 2000-ci ildə nazirliyin Əsasnaməsi təsdiq edilmiş və 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir. 18 aprel 2006-cı ildə nazirlik haqqında Əsasnamə təsdiq edilmiş və ona hüquq-mühafizə orqanı statusu verilmişdir.

6 fevral 2006-cı il tarixdə "Azərbaycan ədliyyəsinin inkişafına dair" 2009-2013-cü illərə dair Dövlət Proqramı" təsdiq edilərək həyata keçirilmişdir.

Ədliyyə orqanlarının inkişafına dövlət dəstəyi prezident cənab İlham Əliyevin gündəlik diqqət və qayğısı, nazir cənab Fikrət Məmmədovun yüksək təşkilatçılığı, peşəkarlığı sayəsində, dövlət başçımızın diqqət və qayğısına öz əməli işi, dəstəyi ilə xidmət etməsinin nəticəsidir ki, nazirliyin strukturuna daxil olan bütün sahələrin, o cümlədən rayon Qeydiyyat şöbələrinin normal fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Dövlət başçımızın bu cür diqqət və qayğısı Ədliyyə nazirimiz cənab Fikrət Məmmədovun prezidentimizin uğurlu, məqsədyönlü daxili və xarici siyasətinə dəstək verərək onun siyasətinə öz əməli işi ilə xidmət göstərməsi Tovuz rayon Qeydiyyat Şöbəsinin normal fəaliyyət göstərməsində də öz bəhrəsini vermişdir.

Tovuz rayon Qeydiyyat Şöbəsində yüksək səviyyədə təmir-tikinti işləri aparılmış, beynəlxalq standartlara cavab verən, gözəl şəraiti olan, vətəndaşların ürəyindən xəbər verən xidməti fəaliyyət üçün əlverişli olan inzibati bina ilə təmin edilmişdir. Şöbəmiz hər cür müasir tələblərə cavab verən avadanlıqlarla, kompüter sistemi ilə, əyani maarifləndirici vasitələrlə tam şəkildə təmin edilmişdir. Bu diqqət və qayğıya cavab olaraq işimizi günün tələbləri səviyyəsində qurmuşuq.

Müstəqil dövlətçilik tariximizdə müstəsna yeri və rolu olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi haqqında prezident cənab İlham Əliyevin sərəncamını yüksək səviyyədə dəstəkləyirik və geniş surətdə öyrənirik. AXC-nin elan edildiyi gün yaradılan Ədliyyə Nazirliyinin 100 illik yubileyinə yüksək səviyyədə hazırlaşırıq.

Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulan, möhkəmləndirilən, müstəqilliyinə yenidən qovuşdurulan müstəqil, demokratik, hüquqi dünyəvi Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin siyasətinə, müstəqil dövlətçilik ənənələrimizə sadiqlik nümayiş etdirərək bundan sonra da üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik.