İki sahil. - 2018.- 26 aprel. - ¹ 80. - S. 14

 

Cümhuriyyət tariximizin qızıl səhifəsi

 

Qvami Məhəbbətoğlu

 

Ana dili xalqımızın ən dəyərli mənəvi sərvəti, həm də varlığımızın əsas atributlarındandır. Bu mənada qədim tarixə malik ana dilimiz dövlət rəmzlərimiz sayılan himnimiz, gerbimiz, bayrağımız kimi müqəddəsdir. Dilimizin dövlət dili statusuna yüksəlməsi isə milli dövlətçilik tariximizin qızıl səhifəsidir.

Ana dili məsələsi bu yaxınlarda 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti dövründə diqqət mərkəzində olub. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Gəncəyə köçdüyü ay, daha doğrusu,  27 iyun 1918-ci ildə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan edib. Bundan təxminən 5 ay sonra isə dövlət bayrağı haqqında qanun (9 noyabr 1918-ci il) qəbul olunub. Elə bu fakt Azərbaycan Xalq Cümhuriyyətinin dilimizə necə böyük önəm verdiyinin bariz nümunəsidir.

Lakin Azərbaycan dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirib. Odur ki, ana dilimizlə bağlı qəbul edilən sənədə əsasən, məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlara dövlət dilini lazımi səviyyədə öyrənənədək rus dilindən istifadəsinə içazə verilib. Bununla bağlı “Azərbaycan” qəzetinə açıqlama verən Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşir deyirdi ki, rus dilinin işlədilməsi dövrün zərurətindən irəli gəlir. Amma o, bu prosesin çox davam etməyəcəyini də qeyd edib: “Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.

Qeyd edək ki, Parlamentdə digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilsə də, bu, rəsmi sənədlərə şamil olunmayıb. Hətta deyilənlərə görə, dövlət dilində olmayan sənədlərin üstündə Parlamentin sədr müavini Həsən bəy Ağayev “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır” dərkənarı qoyub.

Dilimiz dövlət dili elan olunduqdan bir ay sonra (1918-ci il 28 avqust) Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ibtidai və orta təhsil müəssisələrinda təhsilin ana dilində aparılması haqqında qərar qəbul edib. Qərara əsasən, bütün ibtidai məktəblərdə tədris ana dilində aparılmalı, eyni zamanda dövlət dili icbari qaydada tədris olunmalı idi. Bundan başqa, hökumət bacarıqlı kadrları itirməmək, həmçinin savadsızlığı aradan qaldırmaq, dövlət dilinin öyrənilməsi məqsədilə digər lazımi tədbirlər də həyata keçirib. Elə 1919-cu ilin sentyabrında Azərbaycan dilinin öyrənilməsi üçün kursların təşkili və bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılıb.

1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy  Mehmandarovun əmri ilə Azərbaycan dili orduda danışıq və dəftərxana dili kimi qəbul edilib. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə dili öyrənmək üçün bir ay vaxt müəyyənləşdirib. Hətta bildirib ki, həmin müddət bitəndən sonra hərbi əmrləri Azərbaycan dilində verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcəklər.

Bütün çətinliklərə rəğmən bu sahədə qismən də olsa nailiyyətlər əldə olunub. Dövlət dili sahəsində görülən işləri mütəmadi nəzarətdə saxlayan Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin başçısı Fətəli xan Xoyski çıxışlarının birində deyib: “İndi şükürlər olsun bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər”.

 Belə bir prosesdə əhalinin maarifləndirilməsi də böyük önəm kəsb  edirdi. Bu məqsədlə 1919-cu il martın 21-də qəbul edilən qərar əsasında Azərbaycan Xalq Cümhuriyyəti əlifba islahatını həyata keçirməyə başlayıb və Xalq Maarifi Nazirliyi yanında bu məqsədlə xüsusi komissiya təşkil olunub. Hazırlanmış əlifba layihələri arasında ilk dramaturqlarımızdan biri kimi tanınan Rəşid bəy Əfəndiyevin qardaşı, maarif xadimi, müəllim Abdulla bəy Əfəndizadənin variantı bəyənilib və yeni əlifba üçün əsas kimi qəbul olunub.

Məlumat üçün bildirək ki, A.Əfəndizadə əlifba islahatı, daha doğrusu, latın qrafikalı əlifbaya keçidin zəruriliyi ilə bağlı “Son türk əlifbası” adlı dərslik də nəşr etdirib. Dərslikdə o, ərəb və latın əlifbalarını müqayisəli şəkildə verib, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincinin isə daha münasib olduğunu məntiqi şəkildə əsaslandırıb. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar aprel işğalı nəticəsində yarımçıq qalıb.

..Bu gün Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə “Bu Cümhuriyyət, bu dövlət az yaşadı, ancaq xeyli işlər gördü” deyən və müasir müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dəyərləndirən ulu öndər Heydər Əliyevə minnətdar olmalıyıq. Çünki milli mənəvi sərvətimizin saflaşdırılması, hərtərəfli inkişafı, işlək dilə çevrilməsi Ümummilli Liderimizin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ulu Öndərin 9 aprel 2001-ci il tarixli Fərmanı ilə avqustun 1-nin ölkəmizdə Azərbaycan Dili və Azərbaycan Əlifbası günü kimi qeyd edilməsi isə ana dilimizə tükənməz məhəbbətinin parlaq nümunələrindən biridir. Bu ənənələri hazırda Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Cənab İlham Əliyevin 2018-ci ili respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi bunun parlaq nümunələrindən biridir.