Azərbaycan. - 2018.- 27 aprel. - ¹ 94. - S. 1,4.

 

Azərbaycan-Türkiyə qardaşlığı və müttəfiqliyi sarsılmazdır

Rəşad Cəfərli

 

Azərbaycanla Türkiyə arasındakı münasibətlərə rəmzi baxımdan xüsusi gözəllik qatan mühüm məqamlardan biri də seçkilərdən sonra dövlət başçılarının etdikləri səfərlərdir. Azərbaycan Prezidenti seçkilərdən sonra ilk səfərini Türkiyəyə, qardaş ölkənin rəhbəri isə Azərbaycana edir. Növbəti müddətə Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyevin andiçmə mərasimindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsi bir daha təsdiqlədi ki, davam edən bu xoş ənənə ölkələrimiz arasında strateji əməkdaşlığa və müttəfiqliyə verilən önəmin göstəricisidir.

 

Bir-birinə ən yaxın olan ölkələr

 

Mətbuata bəyanatında Prezident İlham Əliyev bildirib ki, bu ənənə Türkiyə və Azərbaycanın bir-birinə ən yaxın ölkələr olduğunu göstərir: “Prezident seçkilərindən sonra mən ilk səfərimi qardaş ölkəyə etmişəm. Bu, təbiidir. Siz də qeyd etdiyiniz kimi, bu, bir ənənədir. Bu ənənə onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya çapında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın müttəfiqlərdir”.

Bu gün bütün türk dövlətləri arasında sıx əlaqələr var. Amma Azərbaycan-Türkiyə münasibətləri xüsusi özəlliyi ilə diqqəti daha çox cəlb edir. Bir soydan qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də rəhbər tutaraq tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları daim atmışlar. Türk dünyasının öncülləri olan bu iki ölkə arasındakı münasibətlərdə demək olar ki, boşluq qalmamışdır. Bu mənada Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusu olmasıdır.

Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri həm də strateji önəm daşıyır. Qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olmuş, ölkəmizin çətin durumlarında maddi və mənəvi yardımını əsirgəməmişdir. Hətta sovet illərində də Azərbaycan Türkiyənin mənəvi dəstəyini hiss etmişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə bu əlaqələr yeni müstəvidə inkişaf etməyə başlamışdır. Bu müddətdə Azərbaycan və Türkiyə münasibətləri yalnız yüksələn xətlə inkişaf etmişdir. Tarixdə nadir hallarda görünən bu yaxınlıq hər iki ölkəyə etimad və firavanlıq verir, xoş və çətin günlərdə davam edən daimi xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur.

 

Qarşılıqlı dəstək və güclü iş birliyi ölkələrimizi gücləndirir

 

Bu günlərdə Prezident İlham Əliyevin Türkiyəyə səfəri bir daha təsdiq etdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər türk dünyasının dahi şəxsiyyətləri olan Heydər Əliyevin və Mustafa Kamal Atatürkün vəsiyyətləri çərçivəsində daha da möhkəmlənir və sarsılmaz olur: “Biz hər zaman bir-birimizin yanında olmuşuq. Bu gün də belədir, sabah da belə olacaq. Türkiyə hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmiş və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli işində həmişə bizim yanımızda olmuşdur. Biz də öz növbəmizdə bütün məsələlərdə Türkiyənin yanındayıq. Hörmətli Prezidentin də qeyd etdiyi kimi, terrora qarşı mübarizədə, “Zeytun budağı” əməliyyatının aparılmasında həmişə Azərbaycan dövləti və xalqı birmənalı şəkildə Türkiyənin yanında olub. Bu, bizim qardaşlıq borcumuzdur. Bu qarşılıqlı dəstək və bu qədər güclü iş birliyi ölkələrimizi gücləndirir və bölgədə yeni vəziyyət yaradır. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ikitərəfli formatdan çıxıb, artıq regional məna daşıyır və dünya miqyasında gedən proseslərə də çox uğurla təsir göstərir. Bütün beynəlxalq təşkilatlarda biz daim bir-birimizi dəstəkləyirik və bu, bundan sonra da davam edəcək”.

Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyə qədər Azərbaycana dəstək verən ölkə olmayıb. Məlumdur ki, Türkiyə Ermənistanla sərhədlərini bu ölkənin Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi üçün bağlayıb. İndiyədək Türkiyədə hakimiyyətdə olan bütün siyasi dairələr birmənalı olaraq bəyan ediblər ki, Ermənistanla sərhədlərin açılmasının əsas şərti Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir. Türkiyə rəsmiləri dəfələrlə bildiriblər ki, Azərbaycanla həmrəyliyi bundan sonrakı müddətdə də eyni qətiyyətlə davam etdirəcəklər.

Digər tərəfdən, Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış ediblər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü, terrorçuluqla mübarizə kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər. Prezident İlham Əliyevin Türkiyə səfərində bu, bir daha təsdiq olundu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında iki ölkə arasındakı münasibətləri belə ifadə edib: “Bir millət, iki dövlət” kəlamı boş yerdən yaranmayıb. Bu kəlama görə Heydər Əliyevi rəhmətlə anırıq. Bu ifadənin altında əziz şəhidlərimizin qanları ilə yazdıqları imza var. Çanaqqala dastanında Bakının qurtuluşunda məhz bu qardaşlıq ruhuna şahid oluruq. Ölkələrimiz arasında əməkdaşlıq və həmrəylik bu gün də eyni anlayışla davam edir. Biz ortaq mövqeyimizi Dağlıq Qarabağ məsələsində də, Afrində də bütün dünyaya eyni ilə göstərmişik. 2016-cı il 15 iyul xain dövlət çevrilişi cəhdindən dərhal sonra bizə dəstək verən ilk liderlərdən biri dəyərli qardaşım İlham Əliyev olub”.

 

Azərbaycanla Türkiyə Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib ediblər

 

Onu da qeyd edək ki, son 15 ildə həm Azərbaycan, həm Türkiyə çox böyük inkişaf yolu keçmişdir. Təbii ki, bu inkişaf həm də iki ölkənin münasibətlərində özünü göstərir. 15 ildə məhz Azərbaycanın təşəbbüsləri sayəsində Türkiyə ilə energetika sahəsində əməkdaşlıq dərinləşib, o cümlədən bu iki türk dövləti Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dəmir tellərlə bir-birinə daha sıx bağlanıb.

Bunlardan başqa, ideya təşəbbüsü yenə də Azərbaycana məxsus olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə bu birliyin daha möhtəşəm görüntüsünü yaradıb. İyun ayında istifadəyə veriləcək TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Bütün layihələrin uğurla reallaşmasının nəticəsi olaraq iki ölkə birlikdə Avrasiyanın energetika və nəqliyyat xəritəsini tərtib ediblər. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın bu bölgədə keçirdiyi müstəqil siyasət, hər iki ölkənin prezidentlərinin siyasi iradəsi mühüm rol oynayıb. İndi bu layihələr Azərbaycanla yanaşı, Türkiyənin də iqtisadiyyatına mühüm dividendlər gətirir. Eyni zamanda, uğurla başa çatdırılan bu layihələr bölgədə sabitliyi və təhlükəsizliyi möhkəmləndirir. Bu da onu göstərir ki, həmin layihələr tək iqtisadi deyil, həm də çox böyük siyasi məna kəsb edir.

Bu layihələrin reallaşması ilə yanaşı, hər iki ölkə qarşılıqlı olaraq sərmayələr də ediblər. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayənin həcmi 14 milyard dollar, Türkiyənin Azərbaycana yatırdığı sərmayənin həcmi isə 12 milyard həcmindədir. Yalnız yaxın və müttəfiq ölkələr bir-birlərinin iqtisadiyyatına bu qədər sərmayə yatıra bilərlər. Bu gün iki ölkə arasında iqtisadiyyat, enerji, o cümlədən hərbi əməkdaşlıq sahələrində əməkdaşlıq uğurla davam edir. İki ölkə arasında bütün sahələrdə dərin əməkdaşlığa yol açan mükəmməl hüquqi baza da mövcuddur.

Səfər zamanı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu” ilə yanaşı, imzalanan ətraf mühitin qorunması sahəsində əməkdaşlığa dair Sazişin tətbiqi ilə bağlı ikiillik (2018-2019) İş Proqramı, elektron imza sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, preferensial ticarət Sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumu, mədəniyyət mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında Saziş, şəxsi heyətin mübadiləsinə dair Protokol bir daha göstərdi ki, həqiqətən, Azərbaycanla Türkiyə arasındakı dərin münasibətlərin bənzəri yoxdur.

Türk dünyasının aparıcı dövlətləri olan Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əsasında milli-mənəvi ortaqlıq, eyni soykökü, dostluq, qardaşlıq və həmrəylik amili dayanır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Prezident İlham Əliyevin səfəri zamanı aparılan danışıqlar iki ölkə arasındakı qardaşlıq əlaqələrini, birliyi və strateji tərəfdaşlığı bir daha nümayiş etdirdi. Bu gün Azərbaycanla Türkiyəni təkcə ortaq mənəvi və milli dəyərlər birləşdirmir. Bizi həm də siyasi mahiyyət daşıyan ortaq iqtisadi layihələr, qarşıya qoyulan eyni hədəflər və müştərək siyasi maraqlar birləşdirir. Bütün bunlar onu göstərir ki, sarsılmaz olan Azərbaycan-Türkiyə müttəfiqliyinin və birliyinin böyük gələcəyi var.