İki sahil.-2018.-17 yanvar.-¹ 9.-S.4.

 

20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

 

Xuraman İsmayılqızı

 

Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə,

Azərbaycan xalqına!

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən - dinc əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum.

Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mən düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi ağıllı, kamallı olmağa, həmrəyliyə və birliyə çağırıram.

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.

 

Heydər Əliyev

Moskva, 21 yanvar 1990-cı il.

 

Respublikamızda baş qaldıran milli azadlıq hərəkatını boğmaq məqsədilə törədilən, ölkəmizin suverenliyinə siyasi-hərbi təcavüz olan 20 Yanvar hadisələri göstərdi ki, Azərbaycan Vətən, torpaq yolunda canından keçməyə qadir qəhrəmanların yurdudur.

İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar hadisələri zamanı “böyük qardaşlarının” tankları altında əzilənlər ölümləri ilə sübut etdilər ki, Vətən böyüklüyünə görə deyil, özününkü olduğu üçün sevilir və müqəddəsdir. Tökülən qanları ilə “qırmızı ulduzlu paqonlulara” torpağa sədaqət, yurda bağlılıq dərsi verən igidlərimiz dünyaya göstərdilər ki, həyatda hər şey gözəldir, lakin ən gözəli Vətən yolunda canından keçməyə hazır olmaqdır. Özlərindən sonrakı nəslə mənəvi qüvvə olan el-oba sevgisini miras qoyan 20 Yanvar şəhidləri ölümləri ilə təsdiqlədilər ki, insanı məhkum etmək, öldürmək olar, lakin şücaəti, mərdliyi, vətənpərvərliyi, şərəf və fədakarlığı məhkum etmək olmaz. Azərbaycanda ilk qığılcımları hiss olunan demokratik proseslərdən qorxuya düşən imperiyanın düşünülmüş hərbi təcavüzü olan 20 Yanvar qırğını respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Başdan ayağa silahlanmış imperiya ordusunun qarşısına yalın əllə çıxan Azərbaycan oğulları qələbənin başlanğıcı sayılan cəsarətlilik nümunəsi göstərdilər. Bütün dünyaya bəyan etdilər ki, qəhrəmanlığı nə öyrətmək, nə də ləngitmək olar. O müdhiş gecədə şəhidlərimiz ölümləri ilə ölümə də qalib gəldilər. Heç kimə aman vermədən hər kəsi gülləbaran edən silahlılara sərt baxışları ilə cəsarətin hər şeydən qiymətli olduğunu bildirdilər. O gecə imperiya qüvvələri ilə birgə müqəddəs Azərbaycan torpağını tapdalayan erməni əsilli zabitlər Bakını güllələdilər.

Beləliklə, sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Sovet hərbçiləri tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, xeyli dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, insanlara həyat bəxş edən şəfalı əllər sahibləri, asayişi qoruyan milis işçiləri var idi. Paytaxt sakinlərinə ölümün dəhşətlərini yaşadan güllə səsləri Azərbaycandan kənarda “eşidilmədi.” Çox təəssüf ki, “insan hüquqlarını müdafiə edən avropalı demokratlar” insanlığa xəyanət olan bu səsləri “duymadılar” və yaxud duymamaq üçün qulaqlarını tıxayıb, gözlərini yumdular. Çünki öldürülənlər müsəlmanlar idi.

Hadisələrin səhəri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən türk dünyasının öndərlərindən sayılan, fərdi təqaüdçü Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bildirdi, qanlı faciəni pislədi, günahsız, silahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş bağışlanılmaz cinayət adlandırdı və Bakıya yuxarıda qeyd olunan Azərbaycan xalqı ilə birliyini əks etdirən teleqram yolladı. Təbii ki, o vaxt xalqın Heydər Əliyevə olan etimad və inamından qorxuya düşən Azərbaycanın hakimiyyətdə olan rəhbərliyi bu teleqram barədə xalqı məlumatlandırmadı. Yanvar hadisələrinə siyasi qiymət verilmədi, qırğınların törədilməsinin səbəbkarlarının, günahkarlarının adları belə xalqa açıqlanmadı.

21 yanvarda Azərbaycanın Moskvadakı nümayəndəliyində keçirilən mətbuat konfransında çıxış edən fərdi pensiyaçı, ürəyi Vətənə məhəbbət hissi ilə dolu olan, ağlına, zəkasına, qabiliyyətinə, qətiyyətinə qibtə edən qorbaçovların təqibinə məruz qalsa da, heç nədən qorxmayan Heydər Əliyev xalqımıza qarşı qətliamı törədənləri cəsarətlə ittiham etdi. Müdrik şəxsiyyət Heydər Əliyev nümayəndəlikdəki çıxışında “Azərbaycanda baş verən hadisələrə gəlincə mən onları demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm” söyləməklə onu da bildirdi ki, bütün bunlar üçün ilk növbədə səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla arasında uçurum yaradan ölkənin siyasi rəhbərliyi, şəxsən Ə. Vəzirov günahkardır. Ulu Öndər onu bildirdi ki, Azərbaycanda kifayət qədər ordu birləşmələrinin olduğu halda (4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri) respublikamıza əlavə qoşun yeridilməsi siyasi təcavüzdür: “Belə qərar qəbul etmiş adamların hərəkətlərini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar sadəcə olaraq respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər.” Sonralar Naxçıvan MR Ali Məclisinin sıravi deputatı Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi 20 Yanvar faciəsini törədənlərə qarşı tutarlı ittiham idi. Naxçıvanlıların təkidi ilə muxtar respublika Ali Məclisinin sədri seçilən Heydər Əliyevin nüfuzu sayəsində 21 noyabr 1992-ci il tarixdə qəbul olunmuş qərar 20 Yanvar hadisələrinə verilən ilk siyasi, hüquqi qiymət oldu. Beş bənddən ibarət həmin tarixi əhəmiyyətli sənəddə qeyd olunurdu ki, 1990-cı ilin yanvar ayında Bakıda törədilən qanlı hadisələr Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi qiymətləndirilsin. Dinc əhalinin qətlə yetirilməsi, göstərilən zorakılıq Azərbaycan xalqına açıq təcavüz kimi ittiham edilsin. Respublikanın ali hakimiyyət orqanları tərəfindən Bakı faciələrinə siyasi qiymət verilməməsi, bununla əlaqədar yaradılmış xüsusi deputat komissiyasının işinin qeyri-müəyyən səbəblərdən başa çatdırılmaması, günahkarların aşkara çıxarılıb məsuliyyətə cəlb olunmaması etirazla qarşılansın.

13 yanvar 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevin imzası ilə qəbul olunmuş bəyanatı da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı kimi qiymətləndirmək olar. Bəyanatda deyilirdi ki, hadisələr imperiya qüvvələri ilə xalqa xəyanət yolunu tutmuş Azərbaycanın kommunist rəhbərliyi tərəfindən birgə həyata keçirilmişdir. Hakimiyyətini qoruyub saxlamaq üçün xalqına qarşı çoxminli silahlı qüvvələrin təcavüzünü təşkil edən respublika rəhbərliyi heç bir hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət rejiminin tətbiqindən belə çəkinməmişdir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra da şəhidlik adını uca tutaraq bu istiqamətdə apardığı işləri davam etdirdi. Bakı faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxaran və bu barədə xalqı mütəmadi məlumatlandıran Ulu Öndər xalqla birliyini təsdiqlədi. Bildirildi ki, Bakı faciələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində özlərini “demokrat” adlandıran siyasi partiya rəhbərləri də o dövrdə iqtidarda olan səbatsızlar qədər günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan, özləri isə arxalarda gizlənən AXC və Müsavat rəhbərləri 1994-1995-ci illərdə ölkədə baş verən, xarici missionerlərin planlaşdırdıqları dövlət çevrilişlərində iştirak etməklə əvvəlki xəyanətlərini təkrarlamaqdan belə çəkinmədilər.

Amma mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Şəhidlərin ruhlarını uca tutmaq üçün Azərbaycanın müstəqilliyinin əbədiliyi uğrunda xilaskarlıq missiyasını yerinə yetirən ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşdi. Ulu Öndərin ideyalarını davam etdirən Prezident İlham Əliyevə sədaqətini ona göstərdikləri etimadla təsdiqlədi.

Çox təəssüf ki, müasir dövrümüzdə günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar qırğınına, Xocalı soyqırımına, Dağlıq Qarabağ münaqişəsinə biganə, etinasız yanaşan beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti hələ də Ermənistanın Azərbaycana təcavüzünə ədalətli mövqe nümayiş etdirmir, ikili standartlara son qoyulmur. Prezident İlham Əliyev xarici ölkələrə səfərlərində üzləşdiyimiz Dağlıq Qarabağ probleminin əsl səbəb və mahiyyətini açıqlayır, iqtisadi sahədə olduğu kimi, diplomatiyada da Ermənistanı qabaqlayan Azərbaycanın ədalətli mövqeyini diqqətə çatdırır, torpaqlarımızın işğalının səbəb və mahiyyətini, təcavüzün Sumqayıt, 20 Yanvar hadisələrindən başlandığını diqqətə çatdırır. Amma ərazi bütövlüyümüz uğrunda mübarizə yolu ilə torpaqlarımızın qaytarılacağı, şəhid ruhlarının rahatlıq tapacağı gün də uzaqda deyil. Ölümsüzlüyə qovuşmaqla xalqımızın təfəkkürünə əbədi mübarizlik ruhu bəxş edən, xoşbəxt gələcək naminə qətiyyətli olmağı öyrədən şəhidlər istək və arzuları ilə həmişə sıralarımızdadırlar. Azərbaycanın qazandığı bütün uğurlarda onların da payı var.