Xalq Cəbhəsi. - 2018.- 25 aprel. - ą 72. - S. 14.

 

AXC-nin İranda səfiri olmuş Adil xan Ziyadxanlının siyasi və diplomatik fəaliyyəti

 

II yazı

 

Sübhan Talıblı,

tarix üzrə fəlsəfə doktoru

 

Adil xan Ziyadxanlı 1918-ci ildə dövlət idarələrində və məktəblərimizdə ana dilimizin işlədilməməsinə etiraz əlaməti olaraq yazırdı: «Məhəlli məhkəmə idarələrimizdə öz ana dilimiz işlədilmirdi. Oradakı hakimlər dilimizi bilmirdi və bilmək də istəmirdilər və öz hüquqşünaslarımızdan da məhkəmələrimizdə hakim təyin etmirdilər… Türk dilimiz bütün məktəblərdən qovulmuşdu. Rəsmiyyəti gözləmək xəyalilə türk balalarına ancaq həftədə bir dəfə dərs oxumaq ixtiyarı verilirdi ki, bu dərs də ancaq şagirdlərin yorğun və həvəsdən düşdüyü zamanda təyin olunmuşdu. İnsana qarşı bundan artıq da xəyanət və zülm olarmı ki, millətin ana dilində oxumağına mane olsunlar? Bir millətin birinci və ali neməti, fəxri onun dilidir. Onun dilini əlindən almaq onu öldürmək deməkdir».

A. Ziyadxanlı ermənilərin 1918-ci ildə Bakıda törətdikləri mart hadisələri ilə bağlı yazır: «Bakıda 10 min Azərbaycan paytaxtının əlsiz-ayaqsız əhalisinin qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nərədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı… Mart hadisəsinin bir illiyi münasibətilə martın 18 (31)-də bütün millət matəm saxlayaraq şəhid olan ata, ana, bacı, qardaşlarının və diri-diri mıxlanmış körpə uşaqların ruhuna fatihə oxudular».

Beynəlxalq şəraitdəki mürəkkəblik və ziddiyyətlik AXC hökumətindən çox çevik xarici siyasət həyata keçirməyi tələb edirdi. Onun xarici siyasətinin başlıca istiqamətlərini Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək təşkil edirdi. Bu məqsədlə o, dövlət strukturunda Xarici İşlər Nazirliyinin təşkilinə və onun işinin təkmilləşməsinə xüsusi diqqət verirdi.A.Ziyadxanlı bir müddət AXC-nin xarici işlər nazirinin əvəzi olaraq çalışmışdı. 14 aprel 1919-cu ildə Nəsib bəy Yusifbəyli AXC-nin dördüncü hökuməti kabinəsində Məhəmməd Yusif Cəfərov xarici işlər naziri, A.Ziyadxanlı isə onun müavini vəzifəsinə təyin edilmişdi. O, bu vəzifədə 1919-cu ilin avqust ayına kimi çalışmışdı. O vaxt Paris sülh konfransında İran nümayəndə heyətinin çar Rusiyası tərəfindən işğal edilmiş torpaqları tələb etməsi təsadüfi hal deyildi. Belə bir vaxtda Azərbaycan suveren bir dövlət kimi dünya siyasi səhnəsinə qədəm qoymuşdu və bu, İran hakim dairələri üçün də gözlənilməz bir hadisə idi.

1919-cu il iyulun 16-da AXC-nin Nazirlər Şurası İran hökuməti yanında diplomatik nümayəndəliyinin təsis olunması haqqında qərar qəbul etdi. 4 oktyabr tarixli qərarı ilə hökumət nümayəndəliyin ştatını təsdiq etdi. Tehranda nümayəndəliyin başçısı Adil xan Ziyadxanlı təsdiq edildi. Çar Rusiyasının keçmiş səfiri, sonra isə general Etter Azərbaycan nümayəndəsinin İrana gəlməsinə hər vasitə ilə mane oldu. Ancaq rus səfirinin hər sözünün İran hökuməti üçün qanun olduğu dövr artıq keçmişdi, onun sözünə artıq heç kəs məhəl qoymurdu. Azərbaycan nümayəndəsi Tehran hökuməti və İran şahı tərəfindən iltifatla qəbul edildi. İran şahı Tehran, Təbriz və başqa şəhərlərdə AXC-nin daimi rəsmi nümayəndəliklərinin yaradılması fikrinə razılığını bildirdi. Yerli azərbaycanlılar diplomatik heyətin gəlişi münasibətilə ziyafət verdilər (Nəsibzadə N. AXC-nin xarici siyasəti. Bakı, 1993, s. 192).

Azərbaycanla İran arasında qarşılıqlı anlaşma yaranmağa başladı. Bu işdə Avropaya səfərə çıxan İran şahının 1919-cu il avqustun 16-da yolüstü Bakıda dayanması müsbət rol oynadı. Şah "mehriban qonaqpərvərlik üçün Azərbaycan hökumətinə minnətdarlıq" bildirdi. Bakıdan qatarla gedən İran şahını Adil xan Ziyadxanlı Batuma qədər müşayiət etdi. Yolda Ziyadxanlının İranın yeni xarici işlər naziri Firuz Mirzə Nüsrətüddövlə ilə də söhbətləri oldu. (Firuz Mirzə həm də Parisdə sülh konfransında İran nümayəndə heyətinin başçısı təyin olunmuşdu). İran şahının Bakıda gördükləri, eşitdikləri, Ziyadxanlının İran naziri ilə söhbətləri İran rəhbərliyində Azərbaycan haqqında obyektiv fikir yaranmasına təsir göstərmişdi.

A. Ziyadxanlı 1919-cu il sentyabrın 23-də AXC-nin səlahiyyətli səfiri kimi İrana göndərildi və Azərbaycanın siyasətinə uyğun olaraq Tehranda diplomatik fəaliyyətə başladı. Adil xana səfirliyin açılması üçün 50 min manat, özünün yaşaması üçün isə 25 min manat pul ayrılmışdı. 1920-ci il yanvarın 4-də AXC-nin İrandakı ilk səfiri A. Ziyadxanlının Tehrana gəlməsi ilə Azərbaycan nümayəndəliyi geniş fəaliyyətə başladı. Diplomatik nümayəndəliyə xas olan vəzifələrlə yanaşı, A. Ziyadxanın başçılığı ilə Azərbaycan nümayəndələri İranda yaşayan türklərin mədəni-maarif işinə yardım etməyə başladılar. Səfir xarici işlər nazirinə yazırdı ki, "nümayəndəliyin maddi imkanı olmadığından o, ehtiyacı olan dul qadınlara və yetimlərə kömək etmək, türk dilində məktəb açmaq, türkcə qəzet nəşr etmək və s. işləri görə bilmir". Bununla belə o, yazırdı ki, xeyriyyə cəmiyyəti və Azərbaycan türkcəsini öyrədən cəmiyyətin yaradılması işinə başlayıb. Bundan başqa nümayəndəlik yerli soydaşlar arasında pulsuz olaraq ana dilində A. Ziyadxanlının "Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yayırdı.

Azərbaycanla İran arasında diplomatik danışıqlar teleqraf, ticarət-gömrük, poçt sazişlərinin, hüquq, konsul konvensiyaları və s. məsələlərlə bağlı 8 müqavilə imzalanması da məhz Adil xan Ziyadxanlının səfirlik etdiyi dövrə, 1920-ci il martın 20-nə təsadüf edir. 1919-cu ildə Bakıda A. Ziyadxanlı tərəfindən üstü yazılaraq Azərbaycan Cümhuriyyətinin İrandakı səfirliyinə təqdim etdiyi "Azərbaycan haqqında (tarixi, ədəbi və siyasi məlumat)" sənə (il) hicri-1388, miladi-1919, Bakı, hökumət mətbəəsində çap olunmuş əsərinin ərəb əlifbası ilə türkcə nüsxəsinin surəti var ki, səfirliyin möhürü ilə də təsdiq edilib. Adil xan öz xətti ilə aşağıdakıları yazıb: 21 mart 1920. "Novruz bayramı günü Azərbaycan Cümhuriyyətinin rəsmi surətdə tanınması və ilk dəfə olaraq Tehranda səfirliyin açılışı və bayraq qaldırmaq münasibətilə Azərbaycan səfarətinə yadigar olmaq üzrə verildi" (Adil xan Ziyadxanov. Azərbaycan (haqqında tarixi, siyasi və ədəbi məlumat), hicri 1338, miladi 1919, Bakı: (ərəb əlifbası ilə türkcə), s. 3).

Bu barədə kitabın ön sözündə Adil xan ətraflı izah verərək yazıb: "... Vətənin mənafeyi və onun yolunda üzərimə düşəcək vəzifəni düşünüb 1918-ci sənəsinin oktyabrının 30-cu günündə cavan Azərbaycan Cümhuriyyətinin xariciyyə nəzarəti işlərinin ifasına iqdam etdim. O gündən sonra məmləkətin daxilində və xaricində vaqe olmuş hadisələr, məni məmləkətimizin siyasi əhvalı xüsusunda bir məruzə təqdim etmək məcburiyyətində qoydu. Bu məruzənin hazırlanmasında keçmiş tarix aləminə də nəzər etmək məcburiyyəti olduğundan mənim məruzəm xalis siyasi şəkil almayıb, siyasət aləmindən savayı tarixi və ədəbi aləmlərdən də bəhs etməyə məcbur olduq...". Bu əsərin Azərbaycan Respublikasının İrandakı səfirliyində ərəb əlifbası ilə türkcə nüsxəsi var və səfirliyin möhürü ilə də təsdiq olunub.

A. Ziyadxanlı "Qələmin uçuşu" əsərində İrana səfir təyin edilməsini belə qələmə alır: "İran Şahənşahlığı yanında ilk Səfarətin iftixarı bu sətirlərin müəllifinə nəsib oldu. 15 yanvar 1920-ci il tarixində Tehrana daxil oldum. Ali dövlət rəhbərləri tərəfindən rəsmən qəbul edilərək öz etimadnaməmi təqdim edib, Azərbaycan Xalq Cümhuriyyətinin Kiyan paytaxtında ilk səfarətxanəsini təsis etdim və bununla da Tehranda yerləşən bütün səfirliklər, nazirliklər və siyasi nümayəndəliklərin sırasına daxil oldum".

İrandakı Azərbaycan səfirliyi 28 aprel 1920-ci il tarixinədək fəaliyyət göstərmişdi. Azərbaycan işğal ediləndən sonra A. Ziyadxanlı vəzifəsindən kənarda qaldı, İran Qacar dövlətindən siyasi sığınacaq alaraq orada vəkillik peşəsi ilə məşğul olmağa başladı. Çünki Azərbaycana qayıdacağı təqdirdə bolşeviklər onu da qardaşı İsmayıl xan kimi güllələyəcəkdilər.

AXC sovet işğalına məruz qaldıqdan sonra Adil xanın İranda qalması çox təbii görünməlidir. Çünki o zaman bir çox ölkələrdəki Azərbaycan səfirliyi, konsulları, müxtəlif siyasi nümayəndələri doğru addım atıb, akkreditə olunduqları ölkələrdən sığınacaq alaraq, bolşeviklərin bütün azadlıq mübarizlərinə divan tutduğu Azərbaycan Sovet Sosialist Respublikasına qayıtmadılar. Bununla əlaqədar "Qələmin uçuşu" əsərində A. Ziyadxanlı yazmışdı: "22 iyun 1921-ci ildə Şahənşahlıq yanında rəsmiyyətimi itirdim. Çünki ali dövlət bütün sovet respublikaları tərəfindən İran Şahənşahlıq hökuməti yanında təyin olunmuş təkcə bir nəfər nümayəndəni rəsmi surətdə qəbul etmişdi".

Həmin əsərdə özü haqqında yazdığı qeydlərdən məlum olur ki, vətənə qayıtmaq mümkün olmadığına görə İranda qalan Adil xan 1302-ci şəms ilində Tehranda bələdiyyə idarəsində, 21 Azər 1307-ci ildə İctimai Təminat Nazirliyinin kənd təsərrüfatı şöbəsində işləmiş, 7 şaban 1308-ci ildə ana yurdu Təbrizə - Azərbaycan dəmir yolu və gəmiçilik işlərində işə göndərilmiş, təqribən bir il sonra Təbrizdən Tehrana qayıtmışdı. Adil xan "Azərbaycan" əsərində qeyd edir ki, "Bir zərrə şərafəti olan hər bir kəs gərək öz vətənini müqəddəs bilsin. Dünyada İsveç, Neapol və s. kimi mənim vətənimdən qəşəng olan saysız-hesabsız yerlər olsa da, təsəvvürümdə Qafqaz kimi gözəl bir yer dünya üzərində yoxdur. Çünki bu torpaq mənim vətənim, atamın, əcdadımın vətənidir. İran (Təbriz) da anamın vətəni olduğu üçün o da mənim nəzərimdə əlbəttə ki, əzizdir". Qeyd edək ki, Adil xanın anası Azər Numayun Təbrizdə doğulmuşdu, şahzadə Abbas Mirzə naibü-əs-səltənənin nəvəsi və şahzadə Bəhmən Mirzənin qızı idi.

II Dünya müharibəsində sovet qoşunları İrana daxil olarkən sovet təhlükəsindən yaxa qurtarmaq üçün Adil xan Türkiyəyə mühacirət etmək məcburiyyətində qalır. Adil xan Türkiyədə də öz geniş ictimai-siyasi fəaliyyətini davam etdirmişdi. O, qısa bir müddətdə Azərbaycan haqqında dəyərli bir əsər yazmışdı. Xatirələr səpgisində yazılmış bu kitab professor Vilayət Quliyevin öz sözü ilə 1993-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən "Azərbaycan" adı ilə çap edilib. V. Quliyev Adil xan Ziyadxanlının şəxsiyyəti və fəaliyyətinə həsr etdiyi məqaləsində göstərir ki, A. Ziyadxanlı 1934-cü ildə Tehrandan İstanbula köçüb, həyatının qalan hissəsini Türkiyədə yaşayıb, Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədli, Nəqi Şeyxzamanlı, Hüseyn bəy Mirzə Camallı və başqaları keçmiş mübarizə yoldaşları ilə birlikdə mühacirətdə Azərbaycan davasına öz töhfəsini verməyə çalışmışdı.

O, zəngin biliyi və geniş həyat təcrübəsini türk gəncliyi ilə bölüşmək üçün İstanbul Universitetində dərs demişdi. Uzun və mənalı ömür yaşayan A. Ziyadxanlı - Cavad xanın kişi nəslindən olan sonuncu nəticəsi 1954-cü ildə İstanbulda, qızı Mahrux xanım da 1994-cü ildə orada torpağa tapşırılmışdı.