525-ci qəzet. - 2018.- 21 aprel. - ¹ 71. - S. 18-19.

 

Bir cümhuriyyət xadimi - Olqerd Kriçinski

 

Vilayət Quliyev

 

Yaranmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan Cümhuriyyətinin (1918-1920) qısa, lakin şərəfli tarixində Şərqi Avropa türklərinin - Polşa tatarlarının özünəməxsus rolu və xidmətləri var.

Milli ordumuzun ilk Ümumi Qərargah rəisi, general-leytenant Masey Sulkeviçin (1865-1920) timsalında tatar əsilli polyak hərbçilərinin Azərbaycana sədaqətli xidməti haqda müəyyən təsəvvür mövcuddur. Cümhuriyyətin dövlət qurumlarında çalışan digər məşhur tatar ailəsinin nümayəndələri - Kriçinski qardaşları da minnətdarlıq hissi ilə xatırlanmağa layiq şəxslər sırasına daxildir. Bu yazıda böyük qardaş Olqerd Kriçinskinin Cümhuriyyətlə bağlı fəaliyyəti üzərində dayanılacaq.     

Olqerd Nayman Mirzə Kriçinski (1884-1942) və kiçik qardaşı Leon general Masey Sulkeviçlə birlikdə 1919-cu ilin baharında Krımdan Azərbaycana gəlmiş və 1920-ci il aprelinə - bolşevik işğalına  qədər burada ədliyyə sahəsində çalışmışdı. Hökumətin qərarı ilə 1919-cu il mayın 10-da Bakı məhkəmə  palatasına prokuror təyin edilmiş, həmin il iyulun 7-də isə Ədliyyə nazirinin müavini vəzifəsinə irəli çəkilmişdi.

Polşadakı əsilzadə tatar nəsillərinin herbləri haqda kitabın müəllifi  S.Dziaduleviçin yazdığına görə, Kriçinskilər soyunun banisi 1410-cu ildə birləşmiş polyak-Litva qüvvələri tərəfində Qrünvald döyüşündə Tevton cəngavərlərinə qarşı vuruşan Qızıl Orda knyazı Nayman bəy olmuşdu. Onun oğlu Konvurat (Konrad) 1440-cı ildə Belovejyedəki (Polşa ilə Qərbi Belarusiya sərhəddi) Kriçan kəndini almışdı. Nəslin soyadına çevrilən Kriçinski familiyası da buradan yaranmışdı. Hazırda Polşada ən böyük və ən qədim tatar qəbiristanlığı da Kriçina kəndində yerləşir.

Polşadakı əksər tatar soyları kimi Kriçinskilər də yüz illər boyu peşəkar hərbçi olmuş, Polşa və Litvanın hərbi-siyasi həyatında  mühüm rol oynamışdılar. Olqerdin atası Konstantin Kriçinski (1847-1925) rus ordusunun general-leytenantı rütbəsinə  yüksəlmişdi. Anaları Mariya isə Polşa hərb tarixinə  şanlı səhifələr yazmış Əhmədoviçlər (Axmatoviç) nəslindən idi. II Dünya müharibəsinə qədər Polşa ordusunda xidmət edən tatar əsgər və zabitləri bu nəslin tanınmış nümayəndələrindən birinin - mayor Mustafa Əhmədoviçin adını daşıyan süvari alayda birləşmişdilər.  Alay azərbaycanlı hərbçi, Polşa ordusunun polkovniki Vəli bəy Yadigarın təşəbbüsü və rəsmi dairələrdə nüfuz sahibi kimi tanınan Olqerd Kriçinskinin köməyi ilə yaradılmışdı.

O, Vilno və atasının xidməti işi ilə əlaqədar yaşadıqları Smolensk gimnaziyalarında, sonra isə Peterburq Universitetinin hüquq fakültəsində təhsil almışdı. Ali təhsilini 1908-ci ildə başa vurmuşdu. Universitet illərində qardaşı Leonla birlikdə Peterburqdakı Polşa tatarlarını sıralarında birləşdirən həmyerlilər təşkilatı - “Müsəlman tələbələri ittifaqı” yaratmışdılar. XX əsrin başlanğıcında mənsub olduqları xalqın siyasi - mədəni inkişafına mühüm töhfə verən Kriçinski qardaşları ilə bir sırada Masey Bayraşevski, Yaqub Sinkeviç, Yedige Milkamanoviç, Yaqub Safaroviç, Yan Kriçinski, Cəmil Aleksandroviç, Yelena Bayraşevska və b. Polşa tatarları da ilk ictimai fəaliyyət təcrübələrini bu qurumun sıralarında keçmişdilər. İttifaqın işində Krım və Volqaboyu tatarlarının, habelə azərbaycanlı tələbələrin iştirakı haqda məlumat mövcuddur.

Universiteti bitirəndən sonra  Olqerd hüquqşünas kimi iki il Vilnoda, 1910-1913-cü illərdə Türküstanda (Orta Asiya) ədliyyə sistemində işləmişdi. 1914-1918-ci illərdə  Vinnitsa (Ukrayna) dairə məhkəməsində prokuror müavini kimi çalışmışdı. Rusiyada çarizmin süqutu milyonlarla insan kimi onun da həyatını əsaslı şəkildə dəyişmişdi.

Müəyyən hərbi və intellektual gücə malik, yaxşı təşkilatlanmış Polşa tatarları çar hakimiyyətinin devrildiyi 1917-ci ildə keçmiş imperiyanın bir sıra digər xalqları kimi  milli dövlətçilik arzusu ilə yaşayırdılar. Xüsusən də tatar hərbi elitası bolşevik çevrilişi nəticəsində ölkədə  yaranan hərc-mərclik şəraitində özlərinin ilk baxışdan  fantastik görünən niyyətlərini həyata keçirməkdə qərarlı idi. Onlar əcdadlarının tarixi vətəninə-Krıma qayıtmaq,  soydaşları olan yerli tatarlarla birləşib müstəqil dövlət qurmaq istəyirdilər. Bu məqsədlə 1918-ci ilin yazında Müsəlman korpusunun komandiri general M.Sulkeviçin rəhbərliyi altında 1000 nəfərə yaxın  Polşa  tatarı Krım yarımadasına gəlmişdi. Olqerd və Leon Kriçinski qardaşları da onların arasında idi.  Tatar əsilli polyak tarixçisi professor S. Xasbiyeviçin yazdığı kimi, 1918-ci ildə “Polşa tatarları Krımın siyasi və mədəni həyatında dominant mövqeyə malik idilər. Əgər Krımın müstəqilliyini qorumaq mümkün olsaydı, çox güman, o, tatarların təşkil və idarə etdiyi bir dövlətə çevriləcəkdi”.

Lakin hadisələrin sürətlə cərəyan etdiyi, müxtəlif hərbi və siyasi qüvvələrin biri-birini əvəzlədiyi şəraitdə bu arzunu gerçəkləşdirmək mümkün olmadı. 1918-ci ilin iyununda Krımda general Sulkeviçin rəhbərliyi altında yerli hökumət qurulsa da, o, yarımadaya nəzarəti uzun müddət əlində saxlaya bilmədi. Olqerd Kriçinskinin oğlu Səlim atası haqqındakı xatirələrində həmin dövrdən bəhs edərək yazır: “Krım Respublikasının mövcudluğu uzun çəkmədi. 1918-ci ilin oktyabrında Vrangel ordularının yarımadaya çıxması nəticəsində Sulkeviç hökumətinin mövcudluğuna son qoyuldu. Canlarını sağ-salamat qurtaran Polşa tatarları isə milli dövlətini quran Azərbaycana üz tutdular”.

O.Kriçinskinin Cümhuriyyət hökumətindəki fəaliyyəti tək ədliyyə deyil, beynəlxalq münasibətlər sahəsini də əhatə edirdi. Azərbaycanın  işğala uğradığı 1920-ci ilin aprelində o, Tiflisdə idi. Burada aprelin  7-də Azərbaycan hökumətinin təşəbbüsü ilə mübahisəli sərhəd məsələlərini və üç Cənubi Qafqaz respublikasının vahid konfederasiyada birləşməsi ideyasını müzakirə məqsədi ilə konfrans çağırılmışdı. XI Qırmızı ordunun Bakını tutması və Cümhuriyyətin süqutu konfransın işinin yarımçıq qalmasına səbəb olmuşdu.

Konfransda Azərbaycanı parlament üzvü H.Ağayev (sədr), xarici işlər naziri F.Xoyski, Gürcüstandakı diplomatik nümayəndə F.Vəkilov və ədliyyə nazirinin müavini O.Kriçinskidən ibarət heyət təmsil edirdi. Konfederasiya təklifi ilə bağlı məruzə və müvafiq qanun layihəsinin hazırlanması da təcrübəli hüquqşünas kimi sonuncuya tapşırılmışdı.

Təəssüf ki, böyük zəhmət bahasına hazırlanan və gələcəyə hesablanan bu, sənədə ehtiyac qalmadı. Azərbaycan işğal olundu, digər iki Cənubi Qafqaz dövlətinin süqutu isə sadəcə an məsələsinə çevrildi. F.Xoyski və H.Ağayev Tiflisdən “qırmızı” Bakıya qayıtmadılar. Amma  bu onlara həyatlarını xilas etməyə imkan vermədi. Tezliklə hər iki Cümhuriyyət qurucusu  “Nemezis” planını həyata keçirən erməni terrorunun qurbanı oldular.

Təbii ki, adı  daşnak terrorçularının “qara siyahısına” düşməsə də,  Olqerd Kriçinski sovet  Bakısında özünü necə bir tale gözlədiyini yaxşı anlayırdı. Tiflis qəzetləri az qala hər gün Azərbaycan paytaxtında bolşeviklərin  qanlı əməllərindən yazırdı. Belə şəraitdə yeganə düzgün qərar ana vətənə qayıtmaq ola bilərdi. O, belə də etmişdi. 1920-ci ilin yayında böyük çətinliklə İstanbul və Konstansa (Rumıniya) üzərindən Vilnoya dönmüşdü.

1918-ci ilin noyabrından müstəqillik qazanan Polşada Olqerd Kriçinski vətəndaşlıq statusu alaraq yenidən ədliyyə sahəsində işləməyə başladı. Vilnoda dairə məhkəməsinin vitse-prokuroru vəzifəsində çalışdı. 1932-ci ildə  Varşavada Ali Məhkəmənin prokuroru təyin edildi və həmin vəzifədə 1938-ci ilə qədər işlədi. Polşaya faşist hücumu ərəfəsində isə Vilnoda Apellyasiya Məhkəməsinin sədr müavini idi.

 Polşanın müstəqilliyə qovuşması ölkədəki digər dini və milli azlıqlar kimi, tatar icması qarşısında da müəyyən imkanlar açmışdı. 1926-cı ildə Vilnoda Polşa Tatarlarının Mədəni-Maarif Cəmiyyəti adlı təşkilat qurulmuşdu. Cəmiyyətin ilk qurultayında   Mərkəzi Şura yaratmaq qərara alınmışdı. Şuranın sədri vəzifəsinə Olqerd Kriçinski seçilmiş, sonrakı seçkilərdə də Polşa tatarları ona etimad göstərmişdilər. Kiçik qardaş Leon Kriçinskinin redaktəsi altında 1932-1938-ci illərdə çıxan və Polşa tatarlarının intellektual qüvvələrini ətrafında toplayan “Rocznik Tatarski” (“Tatar salnaməsi”) məcmuəsinin işıq üzü görməsində  Cəmiyyətin mühüm xidməti olmuşdu.

“Rocznik Tatarski”nin ilk sayı O.Kriçinskinin “Milli hərəkat və Litva tatarları” adlı böyük məqaləsi ilə açılırdı. O,  Leon Kriçinski və Varşava Universitetinin professoru Osman Əhmədoviçlə birlikdə  məcmuənin ilk sayının Polşa prezidenti İ.Moçiskiyə təqdim olunması mərasimində iştirak etmişdi. O. Kriçinski  “Rocznik Tatarski”nin, eləcə də ondan əvvəl - 1930-cu ildə nəşrə başlayan “Przeglond İslamski” (“İslami baxış”) məcmuələrinin redaksiya heyətinin üzvü  və fəal müəlliflərindən biri idi.

Bu illər ərzində tatar əsilli ictimai-siyasi xadimin fəaliyyətinin başqa bir mühüm sahəsi vətənini islam Şərqində tanıtmaq, Polşa ilə müsəlman ölkələri arasında qarşılıqlı münasibətlərə yardım göstərmək olmuşdu. 1925-ci ildə O.Kriçinski Beynəlxalq Coğrafiyaşünaslıq Konqresində iştirak məqsədi ilə Polşa nümayəndə heyətinin tərkibində Misirə göndərilmişdi. Elmi tədbirin işinə qatılmaqla bir sırada onun qarşısına ölkə müsəlmanları ilə əlaqələrin yaradılması, Misir ərəb cəmiyyətinin Polşadakı dindaşlarının vəziyyətinə və problemlərinə marağının təmin edilməsi vəzifəsi qoyulmuşdu.

Polyak qonaqların sırasında hər cəhətdən avropalı təsiri bağışlayan, lakin həm də  inanclı  müsəlman kimi islamın tarixinə, dəyər və ehkamlarına  bələd olan O.Kriçinskinin  görümnəsi Qahirədə lazımi effekt yaratmış, Polşa tatarlarına maraq doğurmuşdu. O, kral ailəsində qəbul edilmişdi. Görkəmli din adamları və ilahiyyatçıları ilə görüşmüş, ölkəsindəki dindaşlarının problem və istəkləri ilə bağlı  müzakirələr aparmışdı. Polşa müsəlmanına rəğbətini gizlətməyən Misir kralı I Fuad onu ölkənin yüksək mükafatı - “Nil” ordeni ilə təltif etmişdi. Qahirənin  ərəb və fransızdilli mətbuatında O.Kriçinski ilə müsahibə və Polşa tatarları haqqında yazılar dərc olunmuşdu.

Eyni ildə Olqerd Kriçinski Suriya və Fələstini də ziyarət edib Türkiyə üzərindən vətənə qayıtmışdı. İstanbulda qaldığı müddətdə M.Ə.Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi mühacirlərin Bakıdan yaxşı tanıdığı bəzi nümayəndələri ilə görüşmüşdü. Sonralar bu əməkdaşlıq Polşada davam etdirilmişdi. M.Ə.Rəsulzadənin, eləcə də digər mühacirlərin siyasi  fəaliyyətlərinin Polşada səmərəli təşkilində Kriçinski qardaşlarının müəyyən rolu və xidmətləri olmuşdu. Digər tərəfdən, qarşılıqlı təmas nəticəsində O.Kriçinski Polşa mətbuatı və ictimai-siyasi dairələrində Azərbaycan məsələlərinə daha çox diqqət yetirməyə başlamışdı. Bu, onun qafqazlı siyasi mühacirləri - azərbaycanlı, gürcü və dağlıları öz ətrafına toplayan “Şimali Qafqaziya-Severniy Kafkaz”, “Qortsı Kavkaza” (“Qafqaz dağlıları”) məcmuələrinin işində iştirakında aydın müşahidə edilməkdədir.

“Severnıy Kafkaz”ın 1935-ci il 14-cü sayında müəllifin “O.Nayman Mirzə” imzası ilə “Fətəli xan Xoyskinin ölümünün 15 illiyi münasibəti ilə” adlı kiçik yazısı çap olunmuşdu. Azərbaycanla əlaqələrinin çoxdan kəsilməsinə baxmayaraq, O.Kriçinski Fətəli xanın xaincəsinə qətlə yetirilməsinin ildönümünü yaddan çıxarmamışdı. Ürəyinin hökmü ilə qələmə aldığı bu yazı ilə 15 il əvvəl erməni terrorçusunun törətdiyi mənhus siyasi qətlin üzərinə işıq salmağı, olayın arxasında hansı qüvvələrin dayandığını açıqlamağı özünə mənəvi borc bilmişdi.

“1920-ci il iyunun 19-da Tiflisdə mauzerdən açılan iki atəşlə 1920-ci il aprelin 27-də baş verən bolşevik işğalına qədər Azərbaycan Respublikasının xarici işlər naziri olmuş Fətəli xan Xoyski qətlə yetirildi.

45 yaşli, ali hüquq təhsilinə malik və keçmiş Dövlət dumasının üzvü  olan mərhum Fətəli xan Azərbaycanın ən görkəmli siyasi xadimlərindən biri idi.

Azərbaycanın dövlət müstəqilliyini elan etdiyi 28 may 1918-ci ildən 1919-cu il aprelin 14-nə qədər fasiləsiz baş nazir vəzifəsini tutan xan  Xoyski dövlət quruculuğunun ən ağır və mürəkkəb zamanında üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən böyük uğurla gəldi”.  deyə Olqerd Kriçinski təxminən bir ilə yaxın ərzində Cümhuriyyət hökumətində  çiyin-çiyinə çalışdığı Fətəli xanı mühacir dairələrə və polyak ictimaiyyətinə müstəqil Azərbaycanın görkəmli dövlət xadimi kimi təqdim edirdi.

Baş nazir və xarici işlər naziri postlarında  Fətəli xanın partiyalararası mübarizənin fövqündə dayandığına, dövlətçilik təfəkkürünə, yüksək intellektual və insani  keyfiyyətlərinə, prinsipiallığına diqqəti çəkən müəllif  göstərirdi ki,  “Onun partiyasız mövqeyi sərt və müstəqim xarakteri ilə birləşərək müstəqilliyin amansız partiyalararası mübarizələrlə müşayiət olunan  sonuncu ilində Fətəli xana dövlət həyatının qurucusu kimi bir vaxt oynadığı və həmin şəraitdə oynamalı olduğu rolu davam  etdirməyə imkan vermədi”.

Olqerd Kriçinski Azərbaycan Cümhuriyyətinin ilk baş nazirinin ölümü ilə bağlı  məsələyə ötən əsrin 30-cu illərində aydınlıq gətirmiş, bu siyasi qətlin arxasında Ermənistan dövlətinin və daşnak mauzeristlərinin dayandığını əminliklə göstərmişdi: “Fətəli xana qarşı terror aktının motivlərinə diqqət yetirərkən bu aktın Azərbaycanda hakimiyyəti ələ keçirən bolşevik liderlərin qəzəb və nifrəti ilə hər hansı əlaqəsinin olmadığını güman etmək mümkündür. Çünki mərhumun onlarla heç bir şəxsi haqq-hesabı yox idi. Bu daha çox xarici dövlətin (müəllif ad çəkməsə də, kontekstdən və məqalənin davamından həmin dövlətin Ermənistan olduğu aydınlaşır-V.Q.)  hakim partiyası tərəfindən həyata keçirilən intiqam aktı idi. Çünki onlar mərhumun gələcəkdə “İkinci Türkiyə” saydıqları Azərbaycanın yenidən qurulmasında mühüm rol oynayacağından ehtiyatlanırdılar”. Doğrudan Fətəli xana sui-qəsdin başqa motivini, yaxud ssenarisini təsəvvürə gətirmək çətindir.

Müəllif həmin yazısında Fətəli xanı fiziki cəhətdən aradan götürməmişdən əvvəl onun adını və əməllərini hər vasitə ilə ləkələyən  erməni ideoloqlarının cavabını da vermişdi. O.Kriçinski fitnəkar erməni təbliğatının mərhumun dövlətçilik fəaliyyətini və şəxsiyyətini qaralamağa  yönələn və bununla da gələcək terror aktına zəmin hazırlayan  çıxışlarına diqqət yetirərək yazırdı: “Qriqori Çalxuşyanın 1919-cu ildə Rostovda çap olunan “Qırmızı kitab”ı bu məsələnin (Fətəli xanın qətlinin-V.Q.) üzərinə müəyyən qədər işıq salır. Həmin kitabda müəllif Fətəli xan Xoyskidən bəhs edərək yazır ki, “o, dövlətin idarə olunmasında yalnız bir sınanmış üsul - soyqırımı tanıyırdı”. Bu, ən rəzil bir yalandır. Çünki hakimiyyət başında olduğu dövrdə heç kim milli zəmində meydana çıxan münaqişələrlə Fətəli xan Xoyski qədər kəskin və barışmaz mübarizə aparmırdı”.

Azərbaycan Cümhuriyyətinin və Fətəli xan Xoyskinin adının Vətənində yasaq edildiyi dövrdə Olqerd Kriçinski böyük əminlik hissi ilə bildirirdi: “Azərbaycanlı siyasi xadimlərin panteonunda Fətəli xan öz layiqli yerini tutacaq”.  Bu həqiqətin təntənəsini on illər boyu gözləmək lazım gəlsə də, tarix Azərbaycan xalqına və Cümhuriyyət qurucularına böyük sayğı ilə yanaşan Polşa tatarının  haqlı olduğunu göstərdi.

O.Kriçinskinin Cümhuriyyət dövrü ilə bağlı başqa bir araşdırması “Azərbaycanın müstəqilliyinin 15 illiyinə” adlanır. Əslində, yazı yubiley məqaləsindən daha çox işğala məruz qalmış Azərbaycanın taleyi haqda tarixi-asossiativ düşüncələr idi. Müəllifi təqdim edən “Qortsı Kafkaza” redaksiyası onun “Polşa müsəlmanı ailəsindən çıxdığını, müstəqil Azərbaycan Respublikasında ədliyyə nazirinin müavini vəzifəsində çalışdığını, hazırda isə özünün azadlığa qovuşmuş vətənində məhkəmə sistemində yüksək vəzifə tutduğunu - Varşavadakı Ali Məhkəmənin prokuroru olduğunu”  yazırdı.

Adıçəkilən məqalədə Cənubi Qafqazdakı üç cümhuriyyət - Azərbaycan, Ermənistan və Gürcüstan arasında maraqlı müqayisələr aparılmışdı. O.Kriçinskinin fikrincə, “Rusiyadakı vətəndaş müharibəsi nəticəsində öz ixtiyarlarına buraxılmış Azərbaycan, Gürcüstan və Ermənistanda müstəqil mövcudluğun ilk iki ili ərzində milli dövlət quruculuğu az və ya çox dərəcədə normal məcrada davam etmişdi. Lakin hər üç respublika üçün səciyyəvi  çatışmazlıq dövlət başçısı institutunun olmaması idi. Məhz dövlət başçısı hökumətlə parlament arasındakı əlaqələri tənzimləyə bilərdi. Bunun sərf-nəzər edilməsi isə hakimiyyəti zəiflədir və dövlət işlərinin gedişini ləngidirdi” . Göründüyü kimi, O.Kriçinski başlanğıc mərhələdə güclü prezident respublikası qurulmasının tərəfdarı idi. Dünyanın bir sıra ölkələrinin siyasi təcrübəsi onun fikirlərində haqlı olduğunu göstərir.

Ziyalı qüvvələrin çoxluğu və hakimiyyətin bir partiyanın-sol sosialistlərin  əlində cəmləşməsi nəticəsində dövlət maşını O.Kriçinskinin fikrincə, Gürcüstanda daha ardıcıl və ahəngdar işləyirdi. Ən gərgin vəziyyət Ermənistanda yaranmışdı-bu bir tərəfdən işğalçı ölkədəki ağır iqtisadi böhran, o biri tərəfdən isə yerli Azərbaycan türklərinə qarşı aparılan etnik soyqırımın nəticəsi idi. Müəllif Ermənistanı bölgədə ən qatı ruspərəst siyasət yeridən dövlət kimi xarakterizə edir, idarəçilik tipi və siyasi istiqamətindən asılı olmayaraq bütün rus hakimiyyətlərinin Şərqdəki avanpostu olduğunu bildirirdi. Göründüyü kimi, bu gün də Rusiyanın forpostu adlanmaqdan qürur duyan  ermənilər son yüz il ərzində öz siyasi orientirini qətiyyən dəyişməyib.

O.Kriçinskiyə görə, Azərbaycan bu iki cümhuriyyət arasında orta mövqe tuturdu. “Tayfa ənənələrinin yaşarılığı nəticəsində ölkə idarəçiliyindəki konstitutsiyon qaydalar burada partiyaların amansız mübarizəsi ilə əvəz olunurdu. Həmin partiyalar isə bir-birlərindən adətən rəhbərlərinin şəxsiyyəti ilə fərqlənirdilər. Lakin bütün bunlara, eləcə də mədəni qüvvələrin azlığına baxmayaraq, Azərbaycanın dövlət aparatı kifayət qədər yaxşı qurulmuşdu. Bu  bir tərəfdən ölkənin iqtisadi imkanlarının genişliyi, o biri tərəfdən isə rusların, polyakların və b. xaricilərin texniki işçi qismində dövlət idarəçiliyinə cəlb edilmələri sayəsində mümkün olmuşdu”. Verilən qiymətin ümumən obyektiv xarakter daşıması, fikrimizcə, mübahisə doğurmur.

Müəllif üç Qafqaz cümhuriyyəti içərisində Azərbaycanın birinci süquta uğramasını da doğru şərh edərək bunu iki mühüm amillə əlaqələndirirdi: əvvəla, ölkə Sovet Rusiyasının Cənubi Qafqaza gedən yolunun üstündə idi, ikincisi,  bolşevik rejiminin mövcudluğu üçün Bakı neftinə ciddi ehtiyac vardı.

Məqalədə daha böyük insan resurslarına və iqtisadi imkanlara malik Azərbaycan Cümhuriyyətinin erkən süqutunun xarici və daxili səbəbləri üzərində də dayanılmışdı. O.Kriçinskinin fikrincə, xarici amillər sırasına müstəqilliyin son aylarında partiyalararası çəkişmə və hökumət böhranı nəticəsində yaranmış fəaliyyətsizlik, siyasi ehtiyatsızlıq və idarəolunmazlıq, Sovet Rusiyasının gözdən pərdə asmaq naminə Azərbaycanla ticarət dövriyyəsi haqqında danışıqlara başlaması və Bakının buna inanması, ən başlıcası isə milli ordunun demək olar ki, tam tərkibdə erməni separatçıları ilə qanlı döyüşlərin aparıldığı Dağlıq Qarabağda olması idi.

Daxili amillər içərisində isə müəllif nizami silahlı qüvvələrin say və silah baxımından azlığını, ordunun döyüş hazırlığının, silah-sursatın və müstəqilliyə beynəlxalq dəstəyin çatışmadığını,  insanlar arasında gələcəklə bağlı ümidsizlik əhval-ruhiyyəsinin güclənməsini, hakimiyyət daxilindəki bəzi dairələrdə Sovet Rusiyasına rəğbətlə yanaşılmasını, müstəqilliyin Rusiya tərkibində də qorunub saxlanmasının mümkünlüyü ilə bağlı yanlış illüziyaların meydana çıxmasını və nəhayət, müəyyən panislamist və türkçü təmayüllərin (bu sonuncu mövqe ilə mübahisə etmək  mümkündür) mövcudluğunu göstərir.

Eyni zamanda, O.Kriçinski Azərbaycanın müstəqilliyini daha tez itirməsini burada dövlət idarəçiliyinin tənəzzülə uğraması, yaxud ölkədə bolşevizm ideyalarının geniş yayılması ilə hər hansı bir əlaqəsinin olması fikrini qətiyyətlə rədd edirdi. Əksinə, onun haqlı olaraq yazdığı kimi, “Birinci Dünya müharibəsinin demək olar ki, toxunmadığı Azərbaycanda əhalinin varlı həyat səviyyəsi, məişətdə patriarxal ənənələrin həssaslıqla qorunması, dinin böyük təsiri, güclü milli təəssübkeşlik hissi - bütün bunlar yerli türk əhalisi arasında bolşevizm ideyalarının geniş rəvac tapmasına qətiyyən imkan vermirdi”. Bu ideyanın Bakıdakı ruslar, ermənilər, yəhudilər və b. arasında yayılmasını istisna etmək şərti ilə onun Azərbaycanın siyasi həyatında heç bir rolu və təsiri yox idi. Başqa sözlə desək, müəllif Azərbaycan Cümhuriyyətinin süqutunu istisnasız şəkildə Sovet Rusiyasının birbaşa hərbi müdaxiləsi ilə əlaqələndirirdi.

O.Kriçinski əmin olduğunu bildirirdi ki, özlərinin müstəqi siyasi mövcudluq qabiliyyətini və dövlətçilik keyfiyyətini sübut etmiş Azərbaycan, eləcə də digər Cənubi Qafqaz xalqları yenidən azadlıqlarına qovuşacaq və Şimali Qafqazla birləşərək gələcək neobolşevik Rusiyanın müstəmləkəçi siyasətinin qarşısında güclü sipər kimi dayanacaqlar. 30-cu illərdə Qafqaz mühacir dairələri (erməniləri istisna etmək şərti ilə) arasında populyar olan və 1934-cü ildə Brüsseldə Qafqaz Konfederasiyası Paktının imzalanması ilə nəticələnən bu siyasi təşəbbüs təəssüf ki, o zaman da, sonralar da məhz erməni tərəfinin destruktiv mövqeyi üzündən reallığa çevrilməmişdir.

Azərbaycan hökumətinin təşəbbüsü ilə müzakirəyə çıxarılan konfederasiya sazişi sıra baxımından gündəlikdə sonuncu məsələ idi. Konfrans işini yarımçıq dayandırdığından onun müzakirəsinə imkan olmamışdı. Lakin Azərbaycan tərəfinin təkidi nəticəsində üç Cənubi Qafqaz dövləti arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və ən mühüm məsələlərlə bağlı təcili fikir mübadiləsi aparılması məqsədi ilə “Zaqafqaziya Respublikaları Şurası” adlı daimi qurum yaratmaq qərara alınmışdı. Şuranın layihəsini O.Kriçinski hazırlamış və Azərbaycanın rəsmi mövqeyi kimi konfransa təqdim etmişdi.

Müəllif bu barədə yenə “Severnıy Kavkaz” jurnalında 1935-ci ildə dərc etdirdiyi “Qafqaz Konfederasiyası ideyasının tarixinə dair” adlı məqaləsində ətraflı məlumat vermişdir. Diqqətəlayiq haldır ki, məqalə  həm rus, həm də Azərbaycan dillərində çap olunmuşdu. O.Kriçinski “Qafqaz Respublikaları Şurası”nın fəaliyyətini tənzimləmək məqsədi ilə həmin dövrdə özünün hazırladığı 24 maddəlik nizamnamə layihəsini də adıçəkilən yazısına əlavə etmişdi. Yeri gəlmişkən,  layihə ciddi dəyişikliyə uğramadan konfransın 22 aprel 1920-ci il tarixli iclasında yekdilliklə təsdiqlənmişdi.

Lakin tezliklə Cənubi Qafqaz respublikalarının dövlət müstəqilliyini itirməsi nəticəsində konfederasiya ideyası gündəmdən çıxmış və artıq siyasi mühacirət dairələrinin müzakirə obyektinə çevrilmişdi.

Azərbaycan, Gürcüstan və Dağlılar Respublikası mühacir liderlərinin 1934-cü ilin avqustunda Brüsseldə Qafqazın milli müstəqillik mübarizəsini koordinasiya etmək məqsədi ilə Qafqaz Konfederasiyası Paktını imzaladıqları günlərdə O.Kriçinski yazırdı; “Qafqaz xalqlarının böyük əksəriyyəti tərəfindən Qafqaz Konfederasiyası ideyasının dəstəklənməsi üçün düz 14 il gözləmək lazım gəldi”. Müəllif ümid edirdi ki, “Qafqazın Sovet Rusiyası tərəfindən işğalının acı nəticəsi azadlıqlarını əldə etmək və müstəqilliklərini qorumaq baxımından region xalqlarına bundan sonra Qafqaz Konfederasiyası ideyasının əhəmiyyətini daha yaxşı başa düşməyə imkan yaradacaqdır”.

Olqerd Kriçinski həyatının bir ilə yaxın dövrünü Azərbaycanda keçirmişdi. Qonşu Gürcüstanda da dəfələrlə olmuşdu. Onun fikrincə, Qafqazın siyasi və mədəni simasının formalaşmasında, regionun Avropaya yaxınlaşmasında bu iki ölkənin rolu mühüm idi. Başqa bir diqqətəlayiq cəhət müəllifin hələ 1918-1920-ci illərdə heç bir tərəddüdə yol vermədən Ermənistanın “böyük Qafqaz siyasətində” destruktiv mövqe tutması və Rusiya maraqlarının ifadəçisi kimi çıxış etməsini göstərməsində  idi.

Qafqazla, özılliklə də Azərbaycanla Polşa arasındakı əlaqələr təkcə müasirliklə bağlı şəkildə deyil, tarixi aspektdə də həmişə O.Kriçinskinin diqqətini çəkirdi. O, bir qayda olaraq belə əlaqə faktlarının yanından sükutla keçmir, məsələni araşdırıb ona  mövqe və münasibət bildirməyə çalışırdı.

“Tatar olduğu halda Polşanı ürəkdən sevirdi, əqidəli müsəlman olduğu halda xristian dininə hörmət və məhəbbətlə yanaşmağı bacarırdı, tatarların adət-ənənələrinə sıx bağlı olduğu halda, rus və Qərbi Avropa mədəniyyəti ilə yaxından maraqlanırdı” - oğlu Səlimin bu sözləri həyatının müəyyən dövrü  Azərbaycan Cümhuriyyəti ilə bağlı olan, milli dövlətimizin qurulmasına və möhkəmlənməsinə layiqli töhfələrini verməyə çalışan  Olqerd Kriçinskini daha yaxşı tanımağa və qiymətləndirməyə kömək edir.

O, Bakıda bolşeviklərin əlindən xilas ola bilmişdi, lakin 1939-cu ildə sovet qoşunları keçmiş Vilnonu - müstəqil Litva dövlətinin paytaxtı Vilnüsü ələ keçirəndən bir müddət sonra - 1941-ci ilin fevral ayında   həbs edilmişdi. İşinin istintaqı bir ildən çox çəkmişdi. Antisovet fəaliyyəti ilə bağlı heç bir dəlil-sübut aşkara edilməsə də, SSRİ Xalq Daxili İşlər Komissarlığının Xüsusi müşavirəsinin qərarı ilə haqqında ölüm hökmü çıxarılmışdı. Hökm 1942-ci ilin iyununda Rusiyanın Qorki vilayətində yerinə yetirilmişdi.

Olqerd Kriçinskinin istintaq materiallarında onun Azərbaycan Cümhuriyyətindəki  fəaliyyətinə də toxunulmuşdu. Müstəntiqin bütün təzyiq və basqılarına baxmayaraq, məhbus bu dövlətin, yaxud onun liderlərinin üzərinə kölgə salacaq hər hansı etirafda bulunmamışdı.

Polşa tatarlarının sağlam milliyyətçi düşüncəyə sahib təmsilçilərindən olan Olqerd Kriçinski Cümhuriyyətin çətin və məsuliyyətli zamanında milli dövlətçiliyimizə sədaqətlə xidmət etmişdi. Azərbaycandan uzaqda olduğu dövrdə də xalqımıza  həqiqi  məhəbbətini, onun nəcibliyinə, yaradıcı  potensialına və gələcəyinə bəslədiyi böyük inam və etimad hissini bütün həyatı boyu ürəyində yaşatmışdı.

 

Budapeşt, aprel 2018-ci il