Bakı Xəbər. - 2018.- 24 aprel. - ¹ 72. - S. 10.

 

1918-1920-ci illərdə milli özünümüdafiə qüvvələrinin mübarizəsi...

 

Qismət Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi

 

Tarixin son bir əsrlik kəsimində xalqımıza qarşı quldur daşnak haylar və silahlı bolşeviklər (eləcə də onların xələfləri) tərəfindən yönəlmiş (indi də davam edən) milli-etnik qətliamın faciələrini dinc və günahsız sakinlər həyatları bahasına yaşasalar da, həmin döyüşlərdə mərdliklə el-oba və Vətən yolunda mübarizə aparmış milli özünümüdafiə qüvvələrinin (üzvlərinin) xidməti  unudulmayacaq  səviyyədədir.

Cox təəssüf ki, xalqımızın 1918-1920-ci illərdə yaşadığı dəşhətli soyqırım faciəsinin davamı olan 1937-1938-ci illərin qətliamlarında da həmin fədakar, qəlbi xalq naminə döyünən oğul və qızları Vətən sevgili həyatları ilə vidalaşmalı olmuşlar. Bu onu göstərir ki, əsrin əvvəllərində hay kilsəsinin “xeyir-duası” ilə xalqımızın həyatına fətva verən daşnak haylar və silahlı quldur bolşeviklər represiyya illərində də hakimiyyət və hüquq-mühafizə  orqanlarında yuva salmış davamçılarının gücü ilə mənfur (qanlı) əməllərini davam etdirmişlər.

Bir cəhəti də qeyd etmək vacibdir ki, qanlı repressiya faciələrinin əhatə hüdudları (ölkəmiz daxilində) soyqırım dəşhətlərinin baş verdiyi tarixi ərazilərlə əsasən eynilik təşkil etmişdir. Odur ki, həmin qoşa (və faciəvi) tarixi hadisələrə əsasən Azərbaycan xalqına qarşı yürüdülmüş soyqırımın ərazi üzrə törədilməsi ümumilikdə aşağıdakı bölgələrdə geniş miqyas kəsb etmişdir: 1. Irəvan quberniyası daxilində:

- Naxçıvan və Zəngəzur bölgəsində (həmin dövrdə inzibati ərazi quruluşuna görə qəzalar üzrə);

- İrəvan, Zəngibasar, Vedibasar, Sürməli və Göyçə mahallarında (İrəvan, Şərur-Dərələyəz və Yeni Bəyazid qəzaları);

2. Yelizavetpol (Gəncə) quberniyası daxilində:

- Şuşa, Cavanşir və Qaryagin qəzalarında (Dağlıq və Aran Qarabağ bölgəsi);

3. Bakı quberniyasında:

- Bakı, Şamaxı, Göyçay, Ərəş, Cavad qəzalarında (Dağlıq və Aran Şirvan bölgəsi);

- Lənkəran qəzası nahiyələri;

- Quba qəzası  boyunca;

- Azərbaycanın cənubunda Təbriz şəhəri, şimalında isə Dərbənd şəhəri nahiyələri.

Qeyd etmək lazımdır ki, hay kilsəsinin muzdla tutduğu rus və ingilis hərbi qüvvələrinin tərkibindəki hay silahlıları taktiki gedişlərini dəyişmək və yeni imkanlar yaratmaq üçün Təbriz əyalətində də dinc sakinlərə divan tutmuşlar. Bu hal əvvəllər 1905-1911-ci illərdə də olmuşdur. Dərbənd şəhərində isə 1918-ci ilin iyul-avqust aylarında ağqvardiyaçılarla (L.Biçeraxovun və A.Denikinin döyüşçüləri ilə) birləşən hay-daşnak quldurları yerli dinc müsəlman-türk sakinlərə qarşı qırğınlar törətmişlər. Bu hal 1918-ci ilin noyabr-1919-cu ilin yanvar aylarında bir daha  təkrarlanmışdır.

Yuxarıda göstərilən tarixi ərazilərdən əlavə olaraq digər inzibati-ərazi vahidləri daxilində də   (Gəncə şəhəri, Şəmkir, Qəbələ, Zaqatala, Ağcabədi, Zərdab, Ağdaş rayonları ərazisində) hay-bolşevik quldurları soyqırım faciələri yaratmışlar. Bu barədə canlı şahid söyləmələri tarixi faktlar kimi indi də saxlanmaqdadır.

Xalqımıza qarşı 1918-1920-ci illərin soyqırım faciələrinə düşmənlərimiz tərəfindən uzun illər ərzində mütəşəkkil və davamlı qaydada məqsədli hazırlıqlar (istər ictimai-siyasi qüvvələrin səfərbər edilməsi, istərsə də silahlı qüvvələrin təşkilatlanması və peşəkarlığının artırılması baxımından) görülməsindən xəbərdar olmayan dinc və günahsız həmvətənlərimizin qəflətən bu faciə ilə üzləşməsi onun əhatə dairəsinin xeyli genişlənməsinə səbəb olmuşdur.

Bir tarixi fakti qeyd etmək lazımdır ki, 1917-ci ilin noyabr ayının 2-də Bakı şəhərində Sovet hakimiyyəti (əslində hay-daşnak quldurlarının ictimai-siyasi və hərbi-silahlı təşkilatı) qurulduqdan və quldurbaşı S.Şaumyan bu təşkilatın və Qafqazın Fövqəladə Komissarı təyin edildikdən sonra 8 min nəfərlik hay silahlı dəstələri yaradıldı (15 yanvar 1918-ci il tarixli dekretlə), qisa müddət sonra bu rəqəm 20 minə çatdırıldı. Eyni zamanda Bakı quberniyasının müsəlman-türk əhalisinin yaşadığı məntəqələrdə gözlənilən silahlı müqaviməti zərərsizləşdirmək məqsədilə yerli müsəlman-türk əhalidən silah-sursatların yığılmasına (əsasən Bakı qəzası kəndlərində) başlanılmışdır. Bu tədbir qəza və kəndlərdə əhalinin “sovetlərlə həmrəyliyi, müxtəlif millətlərin dinc yanaşı yaşaması və sovet quruluşuna qarşı silahlı müqavimətin aradan qaldırılması“ tezisi ilə pərdələnmişdir. Buna görə də haylar yerli əhalidən silahları yığdıqları üçün həmin kəndləri asanlıqla alacaqlarını düşünmüşlər. Əks cəbhə ilə üzləşdikdə isə dinc  əhalinin “Sovetlərə qarşı silahlı üsyana qalxdıqlarını, bu müqavimətin guya yerli din xadimləri və bəylər tərəfindən təşkil olunması” barədə uydurma əsasla qətliamına fərman vermişlər.

Əksinə, hay-daşnak silahlı hərbi birləşmələrinin ixtiyarında isə çar Rusiyasının ordusunda xidmət edən hayəsilli zabitlər üstünlük təşkil etmiş (halbuki, çar Rusiyası dövründə azərbaycanlıların hərbi xidmətə çağırılması qadağan edilmişdi), 1-ci Dünya müharibəsində Rusiyanın Qafqaz cəbhəsində istifadə etdiyi atıcı-zirehli döyüş sursatları  bütünlüklə onların ixtiyarında olmuş (Maştağa-Kürdəxanı kəndləri boyunca döyüş səngərində yerli döyüşçülər tərəfindən vurulmuş düşmənin zirehli hərbi maşınını idarə edən tapılmamışdır), eləcə də  V.Lenin, S.Şaumyan, A.Mikoyan üçlüyünün (bu üçlüyün vuran əli tayqulaq Andranik Ozanyan olmuşdur) apardığı siyasi oyunlar da (bolşevik M.Əzizbəyov Ucar-Kürdəmir cəbhəsində müzəffər “türk ordusunun qarşısının alınması üçün buranın son dayanacaq olduğunu hay-daşnak-bolşevik əsgərlərinə bildirmişdir”) erkən yaranmış dövlət müstəqilliyimizin və xalqımızın qorunması istiqamətində aşılması çətin olan maneələr yaratmışdır. Bu ağır yükün aradan qaldırılmasında qardaş  türk  döyüşçülərindən təşkil olunmuş 1-ci Qafqaz və 5-ci Qafqaz İslam Ordusu, 15-ci Türk diviziyası ilə yanaşı müstəqil və gənc Azərbaycan milli ordusunun 3-cü Gəncə, 5-ci Bakı, 1-ci Cavanşir, 4-cü Quba, 8-ci Ağdam alaylarının da xüsusi xidmətləri olmuşdur.

1918-1919-cu illərdə general Musa Kazım Qarabəkir paşanın (1882-1948) 1-ci Qafqaz Ordusu Naxçıvanda (eləcə də, Şərur, Sürməli nahiyələrini əhatə etməklə) yerləşərək hərbi-siyasi idarəçiliyə nail olsa da Naxçıvan-Şahbuz-Culfa-Ordubad silahlı birləşmələri hayların həmçinin Zəngəzur və Dərələyəz sərhədləri boyunca hücumlarının qarşısının alınmasında və Naxçıvan şəhərinin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Bu cəbhədə gərgin döyüşlər Yaycı, Qarabağlar, Sirab kəndləri hüdudlarında olmuş, yerli müavimət dəstələrinin döyüşçüləri (xüsusilə, Şahbuz qaçaqları, qaçaq Əli Xudu oğlu və başqaları) düşmən hücumlarının qarşısını (sadə üçatılan tüfənglərlə) ala bilmişlər. Cəllad A.Ozanyanın quldurları (3000 piyada, 600 süvari) 1918-ci ilin iyul ayında Naxçıvanın Arazboyu ərazilərinə (xüsusilə Culfa şəhərinə və kəndlərinə) qanlı divan tutduqda yerli özünümüdafiə dəstələrinin köməkliyinə mübariz Ordubad döyüşçüləri də qoşulmuşlar.

Həmin ilin payız aylarında Zəngəzur mahalının döyüş səngərlərində Ordubadın, Nüvədinin, Qubadlının, Gorusun, Zəngilanın yerli döyüşçüləri mərdliklə döyüşmüş, yurdundan-obasından məcburi köçkün düşmüş 60 minə qədər dinc sakinin təhlükəsizliyini təmin etmişlər. Bu bölgədə düşmənə layiqli zərbə 1919-cu ilin əvvəllərində X.P.Sultanovun (1879-1943) rəhbəri olduğu    Qarabağ General-qubernatorluğunun   silahlı birləşmələri  və yerli könüllü döyüşçüləri tərəfindən vurulmuşdur. “Zabux dərəsi”nin faciəsi, yəqin ki, hayların yaddaşından indi də  silinməyib.

Zəngəzur, Cavanşir və Qaryagin qəzalarında hay quldurlarına qarşı səngər və açıq döyüşlərdə  “Əliyanlı dəstəsi”, Sirik qaçaqları”, Xocalı döyüşçüləri, eləcə də qaçaq Babaş, “kor” Abdulla, qaçaq Süleyman, qaçaq Dadaş, qaçaq Tanrıverdi, qaçaq Əsədulla fərqlənmişlər. Bu silahlılar  sonradan türk ordusunun tərkibində də döyüşmüşlər.

Azərbaycan xalqının üzləşdiyi soyqırım faciələrinin miqyasının qarşısının alınmasında yerli özünümüdafiə qüvvələri inzibati-ərazi və bölgələr üzrə düşmənə qarşı mübarizəyə hərbi-siyasi şəraitin Azərbaycan dövləti üçün əlverişli olmaması səbəbindən başlasalar da, ilk öncə Vətənin və milli qeyrətin qorunması başlıca şərt kimi qiymətləndirilmişdir. Bu amal uğrunda da yerli döyüşçü dəstələri, silah-sursat olmadan belə, həm ayrılıqda, həm də birlikdə düşmənə    əzmkarlıqla  müqavimət göstərə bilmişlər.

Əslində 1917-1920-ci illər ərzində  yerli özünümüdafiə qüvvələri aşağıdakı mürtəce-hərbi silahlı mütəşəkkil quldur birləşmələrinin təcavüzünün artmasının qarşısını almış, daha çox sayda dinc insan qırğınının qarşısının  alınmasını təmin etmişlər:

1. I Dünya müharibəsində hayəsilli rəhbər heyətin və zabitlərin başçılıq etdiyi quldur hərbi birləşmələrinin (həmçinin muzdlu rus-bolşevik döyüşçülərinin);

2. Bakı şəhərinin  neft mədənlərində və Cənubi Qafqazın hay əsilli neft maqnatlarının (bu sırada S.Q. Lianozovun (1872-1942), P.O.Qukasyantsın (1858-1937), O.M. Mirzoyevin (1885-1942) irsi olan “Mirzoyev qardaşları cəmiyyəti”nin, A.İ.Mantoşyanın (1842-1911 və başqalarının)  quldur mühafizə qüvvələrinin (çoxu gürcü-çərkəz-çeçen adı ilə pərdələnmişdir və  əslində Bakı və ətraf kəndlərdəki soyqırıma hazırlıq dövrü ərzində hərbi-döyüş  təlimləri onların qüvvəsi ilə həyata keçirilmişdir);

3. Uzun illər ərzində hay kilsəsi tərəfində nizami ordu şəklində formalaşmış və rus zabit heyətinin təlimləşdirdiyi mobil muzdlu döyüşçülərinin (Bakı, Gəncə, Naxçıvan, Şəmkir, Lənkəran, Quba bölgələrində  yerləşdirilən);

4. 1918-ci ilin iyul ayında 1500 nəfərlik başıpozuq rus kazaklarının komandanı polkovnik  (Böyük Britaniya ordusunun generalı) L.F.Biçeraxovun (1882-1952) hay qüvvələri ilə (eləcə də denikinçilərlə, kolçakçılarla) birləşmiş cəbhəsinin (bu birləşmədə ayrı-ayrı bölgələrdə, xüsusilə  Bakı qüberniyasının bir çox yaşayış məntəqələrində 1820-1830-cu illərədə məqsədli şəkildə məskunlaşdırılmış kazakların dindaşlarının düşmənlərə köməkliyi yerli müdafiə qüvvələrinin işini xeyli dərəcədə çətinləşdirmişdir);

Qeyd etmək lazımdır ki, bu ordunun 60-70 faizi hay əsilli döyüşçülərdən ibarət idi.

5. Xarici təcavüzkar irticaçı qüvvələrin (Böyük Britaniya, Rusiya) dənizdə yerləşən hərbi-dəniz qüvvələrinin (“Sentro-Kaspi diktaturasının” silahlılarının);

Göstərilən sonuncu qüvvələrin müqavimətini qirmaq həm müstəqil dövlətimiz, həm də yerli özünümüdafiə qüvvələri üçün xeyli çətin olmuşdur. Bu çətinlik onunla bağlı olmuşdur ki,  həmin beynəlxalq güclərin hərbi qüvvələrinə qarşı yerli döyüşçü dəstələrinin mübarizəsi daha çox Xəzər dənizinin Xudat-Xaçmaz, Ələt-Salyan və Lənkəran-Astara cəbhələri  hüdudundakı döyüş meydanlarında qeydə alınmışdır. Çünki silahlı quldurların dənizdən müdaxiləsi adalardan (Sara adası, Kür dili adası) və gəmilərdən açılan top atəşləri ilə müşayət olunmuşdur. Həm də düşmənin silahlı qüvvələrinin, silah-sursat bazasının və ərzaq təminatının xeyli hissəsi dəniz vasitəsi ilə həyata keçirilmişdir. Bu işdə 1918-ci ilin aprel ayında yaradılmış Həştərxan Ölkə Hərbi Donanmasının böyük rolu olmuşdur.

Azərbaycan xalqının soyqırımında təşkilatçı olan Bakı Xalq Komissarlarının Həştərxanda  səlahiyyətli nümayəndəsi isə S.M.Ter- Qabrielyan olmuşdur.

Azərbaycanın Xəzər dənizi hövzəsinin cənubunda isə bu cür təhlükə Ənzəli limanından (Ənzəli İnqilab Komitəsinin nümayəndəsi N.Cigityan S.Şaumyanın “vuran və sağ əli” olmaqla L.Biçeraxovun ordusunda əks-kəşfiyyat bölməsinin rəisi vəzifəsini (əslində Azərbaycanın Xəzərboyu hövzələrinin yaşayış məntəqələrinin dağıdılmasını və əhalinin qətliamını) icra edirdi.  Böyük Britaniya hökuməti onların ixtiyarına Xəzər dənizindəki hərbi-dəniz donanmasını  “hədiyyə” etmişdir. Ona görə də yerli müdafiə qüvvələri Nuru paşanın 5-ci Qafqaz İslam  Ordusu  gələnə kimi çətinliklə olsa da səfərbər olunaraq həm dənizdən, həm də qurudan olan silahlı hücümların qarşısını böyük əzmkarlıqla ala bilmişlər.

Tarixdən o da məlumdur ki, S.Şaumyan Nuru paşanın döyüş bacarığına, yenilməz sərkərdəlik qabiliyyətinə bələd olduğundan özünün məğlubiyyətini əvvəlcədən hiss etmişdir (necə ki, hay əsgəri türkün topunun səsindən bilir ki, gələn türk əsgəridir və qaçmaqdan başqa çarəsi qalmır). Ona görə də əks siyasi əqidəyə malik (təbii ki, hay üçün milli maraq önəmlidir) ağqvardiyaçı L.Biçeraxovla gizli sövdələşməyə girsə də nəticədə aqibəti məlum olmuşdur. Amma ağqvardiyaçı quldur da  soyqırım faciələrinin sərhəddini Dərbənd şəhərinədək genişləndirmişdir.

Bundan əlavə Böyük Britaniya və  Rusiya dövlətləri hay quldurlarını o dövr üçün zəruri olan zirehl hərbi maşınlarla təmin etmişlər,  ingilislər   döyüş gəmiləri ilə yanaşı, bombardmançı təyyarələri də onalrın ixtiyarın vermişdir (təbii ki, həmin hərbi texnikaların çoxusunu  mükəmməl təlim keçmiş  quldur haylar idarə etmişlər).

Hərbi hava  qüvvələri hay daşnak və bolşevik quldurları tərfindən yerli müdafiə qüvvələrinin səngərlərinə və türk ordusunun silah-sursat anbarlarına havadan zərbələr endirmək üçün istifadə olunmuşdur. Xüsusilə, Bakı şəhəri ətrafı döyüş cəbhələri boyunca.

Yerli müdafiə qüvvələrinin bölgələr üzrə müqavimət hərəkatı hər bir döyüş səngərində mütəşəkkil şəkildə həyata keçirilmişdir. Bu dəstələrin təşkilatçısı, kimi təbii ki, həmin ərazilərdə yüksək hörmətə malik el ağsaqqalları və ya mərd döyüşçülər olmuşlar.

Buna misal olaraq Bakı şəhəri və ətraf kəndlərinin müdafiəsinədə böyük rol oynamış “Maştağa qarnizionu”nun (üzvlərindən qoçu Əziz, qoçu Mürsəl, qocu Nəcəfqulu və başqaları) yaradıcılarından Məşədi Əbülqasım Məşədi Məhəmmədhüseyn oğlunun, Mir İbrahim ağanın adı hörmətlə çəkilir. Kürdəxanı kəndinin müdafiəsini təşkil etməklə Maştağa və Zabrat  kəndlərini təhlükədən xilas edən (bu ağır gündə Bilgəh kəndinin cavanları da döyüşlərdə iştirak etmişdir) qoçu Məşədi Adil Əbdülrəhim oğlunun (1886-1919), Güzdək, Qubu, Hökməli, Xırdalan kəndləri  hüdudunda düşmənə layiqli müqavimət göstərmiş Qubad Mədət oğlunun (1890-1918), Molla Qafur Hacı Ələsgər oğlunun (1822-1925), Kərbəlayi Məsi Hacı Ələsgər oğlunun (1897-1940), Kərbəlayi Hüseynalı Vəli oğlunun (1885-1937), Manaf Ağamurad oğlu Muradovun (1887-1934) və bir çoxlarının, eləcə də Bakı qəzasının Nəvahı nahiyəsindən Kərbəlayi Muxtar Məşədi Heydər oğlunun, Seyid Ağahüseyn Mirtağı oğlunun, Mirtağı Mirbaba oğlunun, Şahpələng Bəbir oğlunun (1885-1920), Hənifə Əkbər oğlunun (Nuru paşa ona “Həsən paşa” ləğəbini vermişdir), Kərim Balakişi oğlunun (1880-1956), Qobustan bölgəsindən Ağa Abasalı oğlu Şikarovun (1860-1937), Məlikməmməd Məlik oğlu Məlikovun (1860-1943), Molla Almaz əfəndi  Fərhad oğlunun, Kərəm Məhəmməd oğlunun, İsmayıllı bölgəsindən sərdəharlı Oruc Ağadadaş oğlunun ...xatirələri hələ də el yaddaçından silinməmişdir.

Bakı qəzasının Güzdək kəndində hərbi təyyarənin biri bu kənddə yerləşən türk ordusunun silah-sursat anbarını bombalayıb (xoşbəxtlikdən zərbə hədəfdən yayınmışdı, yoxsa, kənd yerlə-yeksan olardı) geri qayıdarkən həyətdə oturmuş Qara Ələkbər Əlıəsgər oğlu (o, Bakı qoçularının dəstəsində olub, 1970-ci ildə 80 yaşında rəhmətə gedib) sadə 3 atılan tüfənglə onu vurmuşdur. Deyilənə görə, həmin təyyarənin qalıqları kəndin hasarları arasında keçən əsrin 70-ci ilərinədək qalmışdı

Bir cəhəti də qeyd etmək lazımdır ki, həmin döyüşlərdə qəhrəman el qadınları da ərənlərlə bir səngərdə düşmənə öldürücü zərbələr vurmuşlar. Quba qəzasında Zülqeydə xanım, Bakı qəzasında İzzət xanım (öz oğlanları ilə sonra Qarabağ dğyüşlərində də iştirak edib) və Gülzar Kərbəlayi Əlirza qızı (1890-1959) öz şücaətlərini düşmənə sübut etdirmişlər.

Tarix həm də sübut etmişdir ki, Azərbaycan dövlətinin və xalqının xələfləri düşmənə həmişə öz qüvvəsini  göstərməyə layiqdir.