Azərbaycan. - 2018.- 24 aprel. - ¹ 91. - S. 5.

 

Qəddarlıq nümunəsi: “deportasiya” və soyqırımı

 

Məhəmməd Nərimanoğlu

 

Türk dünyasının, o cümlədən Azərbaycanın tarixi ərazilərinə iddiasını gizlətməyən erməni daşnak ideoloqları saxta soyqırımı adı ilə yüz ildir ki, dünyanı aldatmağa çalışır. Təəccüb və təəssüf doğuran odur ki, özlərini dünyanın söz sahibləri hesab edənlər də “erməni soyqırımı”nın saxtalığını bilə-bilə onlara cavab vermir, əksinə, işğalçıya deyil, təcavüzə məruz qalan tərəfə təzyiq göstərməyə çalışırlar.

 

Azərbaycan Prezidenti İlham Əliyev millətçi erməni daşnaklarının xalqımıza qarşı yürütdüyü işğalçılıq siyasətinə münasibət bildirərkən deyib ki, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzü bu gün də davam edir, onun ağır nəticələri isə yüz minlərlə soydaşımızın taleyində özünü göstərməkdədir: “Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində çoxillik zəngin təcrübəsi olan erməni millətçi ideoloqları, xaricdəki erməni lobbisi ölkəmizə və xalqımıza qarşı daha məkrli metodlardan istifadə etməklə təbliğat müharibəsi aparır, uydurma tezislər və “faktlarla” dünya ictimaiyyətini çaşdırmağa, onu yalanlarla aldatmağa, işğal faktını unutdurmağa çalışırlar”.

Təkcə onu qeyd edək ki, Ermənistanda yaşayan soydaşlarımızın sonuncu, yəni 1988-ci ilin noyabr ayındakı “deportasiya”sı (əlbəttə, bu söz beynəlxalq termin olsa da, öz dədə-baba torpaqlarından zorla çıxarılan, öldürülən, yandırılan, amansız işgəncələrə məruz qoyulanların müsibətlərini ifadə edə bilməz) nəticəsində daha 250 min nəfər azərbaycanlı oradan qovuldu. Yurdundan perik salınanlar isə yalnız Ermənistandan qovulanlar deyildi. 600 min nəfərə yaxın məcburi köçkün (50 min nəfər Ahıska türkü, 100 min nəfər isə Ermənistanla sərhəd zolağından çıxanlar) də öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı.

Bu “deportasiya” əməliyyatı ilə Ermənistan 8 min kv.km ərazidə (172 yaşayış məntəqəsində) yaşayan azərbaycanlıları tarixi torpaqlarından çıxarmışdır. Yalnız son “köçürülmə” əməliyyatı zamanı 216 azərbaycanlı qətlə yetirilmiş, o cümlədən, 2 nəfərin diri-diri başı kəsilmiş, 13 nəfər (2 nəfər qətlə yetirildikdən sonra) yandırılmış, bir nəfər asılmış, 3 nəfər doğranmış, bununla da digər əsir və girovlara göz dağı verilmişdir.

Bunlar az imiş kimi, insanlar görünməmiş dəhşətli işgəncələrlə məhv edilmişdir: 29 nəfər avtomobil təkərlərinin altına salınmış, 41-i döyülərək öldürülmüş, biri əzab və işgəncələrə dözməyərək intihar etmiş, başqa biri elektrik xətti ilə yandırılmış, 349 qaçqını dağlarda don vurmuş, yüzlərlə didərgin infarkt kimi ürək xəstəliyinin qurbanı olmuş, 108 nəfər isə itkin düşmüşdür. Amansızlıqla qətlə yetirilənlərin 57-si qadın (onlardan 12-si hamilə), 23-ü isə uşaq idi. Bu faktlar ozamankı SSRİ Daxili İşlər Nazirliyinin hadisələrlə bağlı apardığı “istintaq” materiallarından götürüldüyü üçün rəqəmlərin azaldılması istisna deyil. 1988-ci ildən bu günə kimi Ermənistanda bir nəfər azərbaycanlının da yaşamaması işğalçı “dövlətin” apardığı soyqırımı siyasətinin təsdiqidir.

Xatırladaq ki, Ermənistandakı azərbaycanlıların “deportasiya” tarixi 1820-1988-ci illəri əhatə edir. Bu amansızlıq nəinki Azərbaycanda, hətta Ermənistanda çap olunmuş bir sıra nəşrlərdə də öz əksini tapmışdır. Bununla Zori Balayan kimi erməni müəllifləri türklərə qarşı qatillik siyasəti ilə sanki fəxr edirlər. Erməni alimi Zaren Karkadyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illərdə” adlı kitabında orada yaşamış millətlərin etnik tərkibi barədə qısa məlumat vermiş, daha doğrusu, azərbaycanlıların ümumi əhalinin neçə faizini təşkil etməsini göstərmişdir: “1820-ci ilədək indiki Ermənistan ərazisindəki 2300 yaşayış məntəqəsinin 2000-də əhalinin əsas hissəsini azərbaycanlılar təşkil edib. Yaxud ermənilərin 70 faizi 1828-1830-cu illərdə Türkiyə və İrandan gəlmiş mühacirlərdir”.

Məşhur tədqiqatçı Y.Şavrovun 1911-ci ildə Sankt-Peterburqda “Zaqafqaziyada rus işinə təhlükə” adlı nəşr olunmuş kitabında isə göstərilir: “1820-1930-cu illərdə Zaqafqaziyaya İrandan 40 min, Türkiyədən isə 84600 nəfər erməni köçürülərək, o millətin cüzi olduğu İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdiriliblər. Ona görə də onların əlavə torpaq istəmələri çətinliklərlə deyil, ümumi milli siyasətləri - “böyük Ermənistan” dövləti yaratmaq arzuları ilə bağlıdır”.

XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə “deportasiya”sı 1905, 1918-1920, 1948-1956 və 1988-ci illərdə, yəni dörd dəfə baş vermişdir. Arxiv sənədlərindən götürülmüş rəsmi mənbələrə əsaslanan rəqəmlər göstərir ki, həmin bədnam “köçürülmə”lər nəticəsində tarixi Azərbaycan torpaqları olan, indiki Ermənistan ərazisində yaşamış bir milyon beş yüz min nəfərdən artıq azərbaycanlının doğma yurdu ermənilər tərəfindən darmadağın edilmiş, özləri isə min bir işgəncə ilə o yerlərdən qovulmuş, didərgin salınmışlar. Ermənistan prezidentlərindən biri olmuş Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə azərbaycanlıların sonuncu 91 məntəqəsinin də adı erməniləşdirilmişdir.

Faktlar təsdiq edir ki, son yüz ildə Ermənistanda yaşamış azərbaycanlılar iki yüz dəfə soyqırımına məruz qalıb və nəticədə “Ermənistan azərbaycanlıları və onların acı taleləri” kitabında qeyd edildiyi kimi, beş yüz minədək soydaşımız amansızcasına qətlə yetirilmişdir. Tiflisdə nəşr olunmuş “Revolyutsionnıy Vostok” jurnalının 1923-cü il aprel nömrəsində göstərilir ki, daşnak hökuməti öz hakimiyyəti dövründə Ermənistandakı azərbaycanlıların 60 faizini qırıb. Həmin jurnal 1936-cı ildə isə daha tükürpədici faktlara əsaslanaraq yazırdı: “Təkcə 1914-1918-ci illərdə İrəvan quberniyasında 88 azərbaycanlı kəndi dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər kişi öldürülüb”.

“Qruziya” qəzetinin 1918-ci ilin noyabr tarixli nömrəsində dərc olunmuş materialda da ermənilərin azərbaycanlılara qarşı daim apardıqları amansızlıqlardan söz açılır: “1918-ci ilin noyabrınadək Sisian rayonunun azərbaycanlılara məxsus 15 kəndində ermənilər tərəfindən 625 nəfər öldürülüb və bu yaşayış məntəqələrinə 51 min 390 manat həcmində maddi ziyan dəyib”.

Azərbaycanlıların qəddarlıq və amansızlıqla qətlə yetirilmələri faktı yüzlərlə, minlərlədir. Belə faktlardan biri də Göyçə mahalında yaşayıb-yaratmış Aşıq Nəcəfin necə amansızcasına öldürülmə səhnəsi bu gün də el arasında “insan qətlinin qəddarlıq nümunəsi” kimi söylənilməkdədir. Ustad Dədə Ələsgərin sevimli şagirdlərindən olan Aşıq Nəcəf girov götürülərək kürəyində samovar qaynadılmış və amansızcasına qətlə yetirilmişdir.

1918-ci ildə Andronikin daşnak dəstələri ustad ozanlar yurdu, azərbaycanlıların daha çox yaşadığı Göyçə mahalına da hücum edib. Güclü silahlanmış erməni quldur dəstələrinə əliyalın göyçəlilərin tutarlı cavab vermələri azğınlaşmış daşnakları bir az da quduzlaşdırıb. Ona görə bu bölgədəki ermənilərin də qarışıq olaraq məskunlaşdığı 6 kənddən savayı qalan 31 yaşayış məntəqəsinə amansızcasına hücum edilib. Şişqaya kəndinin əhalisi Andronik Ozanyanın dəstəsinə qan uddurub və tabe olmayıb. Novruz bayramı ərəfəsində erməni hiyləgərləri şişqayalıları diz çökdürmək üçün gecə ikən kəndə daxil olublar. Heç nədən xəbəri olmayan kənd camaatını iclas bəhanəsi ilə evdamlarına dolduraraq od vurublar. Hətta məsciddəkilərə də aman verməyiblər. Bir gün ərzində 640 nəfər şişqayalı yandırılıb və güllələnib. Eyni vaxtda rayonun Bala Məzrə, Daşkənd, Hüseynquluağalı kəndlərində də həmin ssenari tətbiq edilib.

Göyçənin Məşədi İsa və Kor Hümbət kimi igidləri düşmənin qarşısını Zod kəndində (sonralar Zod Kəlbəcərin Söyüdlü qızıl mədəninin mərkəzi kimi qəsəbə statusu almış və şəhərtipli qəsəbəyə çevrilmişdi) ala bildilər. Burada qanlı döyüşlər başladı. Əməliyyatda daşnaklar daha çox itki verərək geri çəkilməyə məcbur etdirildi. Zoddakı əməliyyata rəhbərlik edən, Andronikin sərkərdələrindən olan V.Sulikov qardaşlarının hər ikisi məhv edildi.

1918-ci il mart ayının 3-də imzalanan Türkiyə-Rusiya müqaviləsinin 4-cü maddəsi ilə Qars, Ərdəhan və Batumun Türkiyəyə daxil edilməsi və o yerlərdə yaşayan türklərin erməni daşnakları tərəfindən işgəncə və soyqırımına məruz qalmaları da danılmaz faktlardandır. 1918-ci ilin mart ayından aprelin sonlarına kimi Qars, İqdır, Tuzluca və türklərin tarixi torpaqları olan digər bölgələrdə ermənilər tərəfindən 60 min nəfər qətlə yetirilmiş, 113 kənd yerlə yeksan edilmişdir. 1919-1920-ci illərdə davam edən qətliamlarda isə İqdır bölgəsində 80 min nəfər məhv olunmuşdu.