Şərq. - 2018.- 21 aprel. - ¹ 71. - S. 11.

 

CÜMHURİYYƏT DÖVRÜNÜN BOLŞEVİK MƏTBUATI...

 

Bolşeviklər 1917-1920-ci illərdə Azərbaycanda 40-dan artıq mətbuat orqanı nəşr ediblər

 

İsmayıl

 

Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurulmasında böyük rol oynayan milli ruhlu, demokratik mətbuatımızın tarixi uzun illər xalqımızdan gizli saxlanıb. Daha doğrusu, bu irs tədqiqata birtərəfli, qərəzli şəkildə cəlb edilib. Milli mətbuatımızın bu qürurlu səhifəsi alçaldılıb, tənqid edilib, qınaq obyektinə çevrilib. Ancaq müstəqillikdən sonra Cümhuriyyət dövrünün zəngin mətbuatı müəyyən qədər tədqiq edilməyə başlanılıb. Araşdırmalar göstərib ki, AXC dövrünün mətbuatı milli jurnalistika tarixində həm özündən əvvəlki, həm də sonrakı dövrlərə nisbətən daha yüksək inkişaf mərhələsini yaşayıb.

Xüsusən, Cümhuriyyət ideyalarının təbliğində 1918-1920-ci illər milli mətbuatının müqayisəyəgəlməz dərəcədə böyük rolu olub. Uzun illər mübarizə aparan Azərbaycanın söz, amal və əməl sahibləri sonda Şərqdə və Türk dünyasında ilk demokratik dövlətin qurulmasına nail olublar. Bu ilkə imza atanların böyük əksəriyyəti dövrünün tanınmış, istedadlı jurnalistləri, publisistləri və siyasi xadimləri idi. 1918-20-ci illər mətbuatını ideya istiqaməti baxımından təxminən aşağıdakı kimi qruplaşdırmaq olar: - Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni-daşnak mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar. Lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı şübhəsiz ki, Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən milli mətbuat idi. Cəmi iyirmi üç ay davam etmiş respublikanın bütün siyasi, ictimai, mədəni və əxlaqi həyat tərzi məhz bu illərin dövri mətbuatında öz əksini tapıb, həyatın canlı salnaməsi, sənədli tarixi yadigarı kimi bizə gəlib çatıb. Cümhuriyyət dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. O illərdə mətbuatın müxtəlif zümrələrin maraqlarına görə təsnifatı da mövcud idi. Məsələn, gənclərə məxsus "İttifaqi-mütəllimin”, "Gənclər sədası”, "Gənclər yurdu”, tələbə və müəllimlərə aid "Əfkari-mütəllimin”, incəsənət xadimlərinin, sənət adamlarının "Övrəqi-nəfisə”, "Mədəniyyət” kimi mətbu orqanları nəşr olunurdu.

 

Cümhuriyyət dövrünün bolşevik mətbuatı

 

Dövrün tədqiqatçısı, tarix elmləri üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi (1875-1920-ci illər)” adlı əsərində Cümhuriyyət mətbuatına geniş yer ayırıb. Müəllif araşdırmasında vurğulayıb ki, 1918-1920-ci illərdə müstəqil Azərbaycan dövlətinə müxalifətdə olan mətbuat orqanları içərisində bolşeviklərin yaratdıqları nəşrlər say etibarilə çox idi. Bolşeviklər 1917-1920-ci illərdə Azərbaycanda 40-dan artıq mətbuat orqanı nəşr ediblər. Bolşevik mətbuatını çox hazırlıqlı, marksizm ideologiyası ilə silahlanmış siyasi qüvvələr idarə edirdilər. Məhz bunun nəticəsində sinfi mahiyyət daşıyan, proletariatın avanqardı olan geniş mətbuat şəbəkəsi yaradılmışdı: "Müstəqil Sovet Azərbaycanı ideyasını müdafiə edən Nəriman Nərimanovun, sosialist ideyalarının daşıyıcısı olan Məmməd Səid Ordubadinin, Əliheydər Qarayevin, Seyidcəfər Pişəvərinin, Ruhulla Axundovun bu baxımdan məxsusi fəaliyyəti var. 1904-cü ildən nəşr olunan "Hümmət” qəzeti 1917-1918-ci illərdə bolşevizmin əsas təbliğat tribunası idi. Bu dövrdə "Hümmət” M.S.Ordubadinin və Dadaş Bünyadzadənin redaktorluğu ilə nəşr edilirdi. Cümhuriyyət dövrü bolşevik mətbuatının ən fəal nümayəndəsi Əliheydər Qarayev idi. Əvvəlcə menşevik "Hümmət” partiyasının millətçi fraksiyasına mənsub olan "Al bayraq” qəzetinin redaktoru olublar. Ə.Qarayevdən öncə "Al bayraq” Əhməd Cövdətin müdirliyi ilə nəşr edilib, 1919-cu ildə Tiflisdə nəşri dayandırılıb, daha sonra Bakıya köçürülüb. Bu leqal bolşevik qəzetinin Bakıda yeganə sayı 1920-ci il martın 31-də nəşr olunub. Qəzet Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini tənqid edir, kütlələri sosialist inqilabı uğrunda mübarizəyə çağırırdı. Nəticə etibarı ilə dövlətə qarşı çıxış etdiyi üçün bağlanılıb.

 

Cümhuriyyəti tənqid edən qəzetlər...

 

Akif Aşırlı kitabında Ə.Qarayevin rəhbərliyi ilə nəşr olunan digər mətbu orqanlar barədə də ətraflı məlumat verib. Bildirib ki, "Al bayraq”dan başqa Ə.Qarayevin "Əxbari”, "Zəhmət sədası”, "Azərbaycan füqərası”, "Bednota”, "Qolos truda”, "Məşəl”, "Oktyabr inqilabı” kimi qəzet və jurnalları da var idi: "Ə.Qarayevin müdirliyi ilə Tiflisdə "Tartan-partan” adlı satirik jurnal nəşr olunub. Bu məcmuə 1918-ci ildə bir sayının çapından sonra fəaliyyətini dayandırıb. Ə.Qarayevin rusca nəşr etdiyi digər leqal bolşevik qəzeti "Bednota” idi. Bu nəşr 1919-cu il sentyabrın 14-dən oktyabrın 26-na qədər fəaliyyət göstərib. "Bednota”da Bakı fəhlələrinin həyatından, həmkarlar ittifaqları və fəhlə konfransları barəsində yazılar dərc olunurdu. Azərbaycanın müstəqilliyinin əleyhinə fəaliyyət göstərdiyinə görə qapadıldı. AXC dövründə rusca nəşr olunan leqal fəhlə qəzetlərindən biri də "Nabat” idi. Mətbəə fəhlələrinin Həmkarlar İttifaqı tərəfindən 1919-ci ilin martın 10-dan iyulun 21-dək nəşr edilib, 4 min nüsxə tirajla 51 sayı çap olunub. "Nabat” 11-ci nömrəyədək həftəlik, sonra isə gündəlik nəşr edilib, ilk saylarında menşeviklərin "vahid sosialist cəbhəsi” xəttini yürüdüb. Artıq 8-ci nömrəsindən sonra bolşevik platformasına keçib. Müstəqillik əleyhinə təbliğat apardığı üçün qapadılıb. Bakıda yerli bolşeviklərlə bir mövqedə dayanan və Azərbaycan müstəqil dövlətinə müxalifətdə olan "Bakinets” (1907-1920), "Bakinskaya jizn” (1919), "Bakinskoye slovo” (1918-1920), "Bakinskoye utro” (1919), "İskra”, "Naşajizn” (1919), "Proletariy” (1919) kimi rus dilində bir çox nəşrlər fəaliyyət göstəriblər. Cümhuriyyət dövründə Azərbaycanın dövlət müstəqilliyinə, ərazi bütövlüyünə qarşı erməni dilində də qəzet və jurnallar çap edilirdi. 1919-cu ildə nəşr edilən "Artsax”, "Aparay” kimi qəzetlər düşmən mövqeyindən çıxış edir, qarşıdurmalara əsas yaradırdı. Rus dilində işıq üzü görən "Znamya truda”, "Yedinaya Rossiya”, "Naşa vremya”, "Vperyod” kimi qəzetlər milli hökumətə qarşı aqressiv təbliğat aparırdılar. Ümumiyyətlə, bu illərdə təkcə rus və ermənicə qəzetlər deyil, gürcü, yəhudi, polyak, farsca nəşrlər fəaliyyət göstərirdilər. Müxtəlif dillərdə nəşr olunan bu mətbu orqanların əksəriyyəti Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə idi”.

 

"Mətbuat haqqında nizamnamə”nin qəbulu

 

Tədqiqatçının yazdığına görə, Azərbaycan Xalq Cümhuriyyəti mətbuatın və jurnalistikanın inkişafı üçün hüquqi bazanın yaradılması üçün də ciddi addımlar atdı. Parlamentdə 1919-cu ilin oktyabr ayının 30-da "Mətbuat haqqında nizamnamə” qəbul edildi və Azərbaycan tarixində mətbuatın ilk hüquqi əsasları yaradıldı: "Bu, ölkədə fəaliyyət göstərən müxtəlif istiqamətli mətbuatın və mətbəə işinin fəaliyyətini tənzimləyən ilk qanunvericilik aktıdır. Nizamnamə 2 hissədən ibarətdir. Birinci hissədə 20 bənd, ikincidə isə 3 bənd var. Nizamnamənin birinci bəndində mətbuat azadlığı bəyan edilir, "hökumət tərəfindən heç bir vəsiqə (icazə) istənilməyəcəyi” bildirilirdi. İkinci bənddə "ancaq məhkəmə təriqi ilə təhti-məsuliyyətə alına bilmə” diqqətə çatdırılırdı. Üçüncü bənddə isə "Baş hökumət idarəsi nəzdində olacaq mətbuat işləri baş müfəttişinə” idarə və ümumi nəzarət işləri həvalə olunurdu. Azərbaycanda söz və mətbuat azadlığını, fikir plüralizmini dövlətin əsas prioriteti hesab edən və hüquqi baxımdan əsaslandıran bu qanunvericilik aktında M.Ə.Rəsulzadənin dediyi kimi, "azad mətbuatla anarxiya mətbuatının arasındakı fərqlər” müəyyən edilirdi. Parlamentin 23 oktyabr 1919-cu il tarixli iclasında qanun layihəsi "Azərbaycan”ın redaktoru Şəfi bəy Rüstəmbəyli tərəfindən müzakirəyə təqdim olunub. Layihə ətrafında hakimiyyətə müxalif olan "Hümmət”çilər, sosialistlər fraksiyasının millət vəkilləri çıxış ediblər. Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən iclasda Şəfi bəy Rüstəmbəyli, Səməd Ağamalıoğlu, İbrahim Əbilov, Nəsib bəy Yusifbəyli, Əliheydər Qarayev, Əhməd Pepinov, M.Ə.Rəsulzadə və başqaları fikir və təkliflərini səsləndirib, layihə barəsində mövqe bildiriblər. Gərgin keçən müzakirələrdə layihənin üçüncü bəndinə sosialistlər ciddi etiraz bildirərək salonu tərk ediblər. Müzakirələrdə diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, Ş.Rüstəmbəyli öz çıxışında mətbuatın qanunla tənzimlənməsinin Avropa təcrübəsindən danışır. Bildirirdi ki, Avropada ictimai-siyasi hərəkatın tarixinə görə, azadlıq qeyri-məhdud səviyyədə ola bilməz. Mətbuat və söz azadlığı sərhədsiz şəkildə qəbul olunsa, insanlar ondan istədiyi kimi istifadə edəcək. Bu, ölkədəki siyasi durumu gərginləşdirə, xarici təhdidləri artıra, ideoloji basqıları gücləndirə, nəhayətdə yeni qurulmuş dövlətə ziyan gətirə bilər. O, göstərirdi ki, bütün sahələrdə olduğu kimi mətbuat da qanuna tabe olmalıdır. Gərgin keçən müzakirələrdən sonra qanun qəbul edilib”.

 

"Mətbuatın çeşidli nümunələri eyni məkanda yan-yana fəaliyyət göstərirdi”

 

A.Aşırlı tədqiqat əsərində vurğulayıb ki, sözügedən qanun ilk dəfə "Azərbaycan Cümhuriyyəti hökumətinin əxbarı”nda 27 noyabr və 27 dekabr 1919-cu il saylarında dərc olunub. Mətbuat tariximiz üçün böyük əhəmiyyət daşıyan "Mətbuat haqqında nizamnamə” ilk dəfə professor Şirməmməd Hüseynov tərəfindən ərəb qrafikasından latın əlifbasına transleterasiya edilib: "1918-1920-ci illəri əhatə edən cümhuriyyət dövrü mətbuatı ideoloji mübarizələrin ağırlığı dövrü kimi xarakterizə olunur. Dövrün ən kəskin problemi olan milli məsələdə və müstəqil dövlət qurmaq ideyası ətrafında bolşeviklərlə müsavatçılar zidd mövqedə dayanırdılar. Unitar dövlət tərəfdarı olan və dünya proletar inqilabı ideyası ilə xəstələnmiş bolşeviklər müstəqil dövlət qurmaq istəyən milli qüvvələrə qarşı açıqdan-açığa düşmən mövqeyində dayanırdılar. Belə ziddiyyətli, mübarizələrlə dolu olan zaman kəsiyində Azərbaycan mətbuatının çeşidli nümunələri eyni məkanda yan-yana fəaliyyət göstərirdi. Milli jurnalistikamızın təcəssümü olan mətbu orqanların özünəməxsus mövzu problemləri var idi. Azərbaycanın dövlət müstəqilliyini qorumaq, onu inkişaf etdirmək, bolşevik-daşnak birləşmələrinin düşmənçiliyinin mahiyyətini xalqa çatdırmaq, Qarabağda erməni millətçilərin törətdikləri müharibə və qırğınları dünyaya yaymaq, cəmiyyətin demokratikləşməsinə nail olmaq kimi ağır və məsuliyyətli vəzifələr milli mətbuatımızın qarşısında dayanırdı. Azərbaycan milli publisistikasının problemləri təkcə daxili həyatla məhdudlaşmırdı. Həm də İranın hakimiyyəti altında olan Cənubi Azərbaycandakı vəziyyət diqqətdə saxlanılırdı. Azərbaycan Xalq Cümhuriyyəti dövri mətbuat tariximizin şərəfli səlnaməsidir. Çox təəssüf ki, 1920-ci il aprel ayının 28-də bolşeviklərin hakimiyyət çevrilişi baş verdi, Azərbaycan sovetləşdi, ölkədə yeni tipli sovet mətbuatı formalaşmağa başladı”.