Azərbaycan. - 2018.- 20 aprel. - ¹ 88. - S. 1,5.

 

Müstəqillik və qələbə yolunun bayraqdarı

 

Müstəqillik Azərbaycan xalqının ən böyük sərvəti, neməti və xoşbəxtliyidir

 

Rəşad Baxşəliyev

 

Yüz yaşlı Azərbaycanın şanlı tarixində yeni bir səhifə açılır. Müstəqillik dövrünün 8-ci prezident seçkilərində hər zaman güc aldığı xalqdan növbəti dəfə etimad mandatı alan cənab İlham Əliyevin Azərbaycana layiqli xidmət missiyasının yeni mərhələsi başlayır.

Andiçmə mərasimində tarixinin ən qüdrətli dövlətinə çevirdiyi Azərbaycanın daha böyük zəfərlərə doğru inamla irəliləyəcəyini söyləyən cənab İlham Əliyev növbəti 7 illik fəaliyyətində də ölkə vətəndaşının maraqlarının, onun rifahının daim diqqət mərkəzində olacağını, yaşayış səviyyəsinin daha da yaxşılaşacağını bəyan etdi.

 

Xalqdan güc alan, onun dəstəyinə arxalanan lider

 

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.

Andiçmə mərasiminə məhz bu kəlmələrlə başlayan Prezidentin bu fikirləri 15 il öncə, 2003-cü ildə söylədiyi kəlamları bir daha yada saldı. Həmin zaman keçirilən prezident seçkilərində xalqa müraciət edən cənab İlham Əliyev demişdi ki, əgər xalq ona etimad göstərərsə, ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdirəcək. Həqiqətən xalq İlham Əliyevə inandı, güvəndi və yekdilliklə onu özünə lider seçdi. Cənab İlham Əliyev isə verdiyi bütün vədlərə əməl etməklə 15 ildə xalqın fəxarət ünvanına, alternativsiz liderinə çevrildi.

 

Azərbaycanı qüdrətli, güvənli, istiqrarlı dövlətə çevirən Prezident

 

Prezident İlham Əliyevin 15 illik siyasi fəaliyyətinə, qazanılan uğurlara nəzər salsaq aydın şəkildə görərik ki, Azərbaycan bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib.

Dövlət başçısının söylədiyi kimi, Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin formalaşması faktı təsdiqini tapıb. İnkişaf fenomeninə çevrilən Azərbaycanın idarəçilik və tərəqqi modeli bir çox ölkələr üçün praktik nümunədir. Hansı ki, bu model qlobal iqtisadi və maliyyə böhranları şəraitində özünü tam doğruldub. Bütün bunlar Prezident İlham Əliyevin yüksək şəxsi və siyasi keyfiyyətləri, hər bir məsələdə qətiyyətli mövqedən çıxış etməsi, xarizması sayəsində əldə edilib.

 

Uğurların əsas şərti xalq-iqtidar birliyidir

 

Dərin və universal böhrandan çıxaraq cəmi 26 il ərzində kosmik dövlətlər sırasına daxil olan, qlobal kataklizmlərlə çalxalanan regionda multikulturalizmin örnəyinə çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan, cənab İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha da qüdrətli dövlətə çevrilmək istiqamətində inamla addımlayır.

Bunun ən başlıca səbəbi isə daxili sabitlikdir. Çünki Azərbaycanda sabitliyin təminatçısı xalqdır və dövlət siyasətidir. Ölkəmizdə xalq-iqtidar birliyinin uğurları göz önündədir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, ölkəmizin böyük nailiyyətidir.

 

Bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir

 

Andiçmə mərasimində son 15 il ərzində Azərbaycanda gedən demokratik inkişaf proseslərinə bir daha nəzər yetirən cənab İlham Əliyev öncə vurğuladı ki, qısa zaman ərzində müstəqil Azərbaycanda bütün azadlıqlar təmin edilib.

Dövlət siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin edib: “Demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.

 

Namizədlərin dəyərli təklifləri nəzərə alınacaq

 

Dövlət başçısı seçki prosesində ona rəqib olan namizədlərin fəaliyyətinə də toxundu. Qeyd etdi ki, təbliğat-təşviqat prosesi zamanı namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib. Bütün bunlar müsbət hal kimi qiymətləndirilməlidir. Çünki bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir.

Prezident həmçinin namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacağını və dəyərli təkliflərin nəzərə alınacağını vurğuladı: “Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcəkfəaliyyətlərində uğurlar diləyirəm”.

 

Marginallaşmış antimilli qüvvələrin yeri tarixin zibilxanasıdır

 

Bu bir həqiqətdir ki, Azərbaycanda istənilən mühüm ictimai-siyasi proseslər həyata keçirilən zaman antiazərbaycançı şəbəkə öz köhnə peşəsinə sadiq qalaraq çirkin kampaniyalara başlayır. Onların daxildəki buyruq qulları da “canla-başla” tapşırıqları yerinə yetirirlər.

Bu qüvvələr prezident seçkiləri ərəfəsində “aktivləşsələr” də, niyyətləri, həmişə olduğu kimi, ürəklərində qaldı.

Prezident İlham Əliyev isə antimilli qüvvələrə əsl yerlərini göstərdi: “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

 

İşğalçı Ermənistan bütün regional layihələrdən təcrid ediləcək

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqaməti ilə bağlı aparılan danışıqlara gəlincə Prezident qeyd etdi ki, Azərbaycan hökumətinin münaqişə ilə bağlı prinsipial mövqeyi xalq tərəfindən dəstəklənir.

Ona görə də bu siyasətdən heç zaman geri çəkilməyəcək, bundan sonrakı illərdə də işğalçının bütün regional işlərdən təcrid edilməsi, ifşa olunması üçün səylər göstəriləcək: “Yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq.

Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.

 

Ölkə vətəndaşının rifahı daim diqqət mərkəzində olacaq

 

Son 15 il ərzində sosial məsələlərin həllinə çox böyük diqqət göstərildiyini deyən Prezident bütün bunları rəqəmlərin də təsdiqlədiyini dedi. Rəqəmlərə nəzər yetirdikdə görərik ki, son 15 ildə ölkədə maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb, 3100-dən çox məktəb tikilib və təmir edilib, 280-290 min məcburi köçkün yeni mənzillərlə təmin olunub, 640-dan çox xəstəxana, 30 elektrik stansiyası, 4 su anbarı, 7 beynəlxalq aereport tikilib və təmir edilib, bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb, 13 “ASAN xidmət” mərkəzi açılıb, 443 körpü-tunel tikilib, 15 min kiliometrlik yol çəkilib, qazlaşdırma 93 faizə çatıb.

Bütün bunlar göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir: “Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”.

Dövlət başçısı onu da vurğuladı ki, yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, ölkəmizdə yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşüb. İşsizliklə bağlı böyük işlər görülüb və bu gün Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir.

 

Əlavə gəlirlər ölkənin inkişafına yönəldiləcək

 

Bu müddət ərzində ciddi iqtisadi islahatların aparıldığını vurğulayan cənab İlham Əliyev bildirdi ki, daim iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilirlər. Azərbaycan iqtisadiyyatı isə son 15 il ərzində 3,2 dəfə artıb. Bu isə çox böyük göstəricidir.

Son 15 ildə ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub, valyuta ehtiyatları 24 dəfə artaraq 44,2 milyard dollara yüksəlib, Xəzər dənizində 270 gəmidən ibarət hərbi donanma yaradılıb, açıq okeana çıxışı olmayan ölkə qısa zamanda regional nəqliyyat dəhlizinə, logistik mərkəzə, təbii qaz ixracatçısına, kosmik dövlətə çevrilib.

“Əsrin müqaviləsi” 2050-ci ilədək uzadılıb, Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verilib, 2 milyard ton neft hasil edilib. Azərbaycan həmçinin “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi 40 milyarddan çox investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir. Bu il “Cənub qaz dəhlizi”nin 3 seqmenti - “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP istifadəyə veriləcək.

Bütün bu uğurları Prezident belə dəyərləndirib: “Biz artıq Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik”.

 

Daha da qüdrətli ölkəyə çevriləcəyik

 

Bir sözlə, müstəqil Azərbaycan son 15 il ərzində Prezident İlham Əliyevin məqsədyönlü, düşünülmüş siyasəti ilə kifayət qədər böyük uğurlar qazanıb.

Lakin dövlət başçısı bu nailiyyətlərin məqsədə çatmaq üçün kifayət etmədiyini vurğulayaraq gələcəyə inamla baxmağı vacib hesab edir. Növbəti illərdə görüləcək işlər haqqında dövlətin çox aydın planlarının, proqramlarının olduğunu deyən Prezident Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini əminliklə vurğulayıb: “Azərbaycanın güclü siyasi iradəsi, böyük maliyyə resursları var və ölkəmiz indi öz hesabına yaşayan dövlətdir. Ölkədə xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Bütün bu uğurların ancaq müstəqillik dövründə qazanıldığını diqqətə çatdıran dövlət başçısı müstəqilliyi xalqımızın ən böyük sərvəti adlandırdı: “Azərbaycan xalqı müstəqilliyimizin üstünlüklərinin nədən ibarət olduğunu yaxşı bilir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.