525-ci qəzet.- 2018.- 13 aprel.- ¹ 65.- S.6.; 17 aprel.- ¹ 67.- S. 6.; 18 aprel.- ¹ 68.- S.6.

 

Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov

 

Azərbaycan Xalq Cümhuriyyəti-100

 

Lətif Şüküroğlu,

Tarix üzrə fəlsəfə doktoru

 

... Bu "iş"lərin birincisi tərtib ediləndə Əhməd bəy cəmi 37, axırıncısı ittihama çevrilib, ən ağır cəza tələbi ilə sonuclananda isə 55 yaşında idi. Və artıq 18 ildən bəri təqiblərdən, təzyiqlərdən, təhqirlərdən yorulmuş Əhməd bəy üçün müstəntiq Qriqoryan soyadlı erməninin nələr düzüb-qoşduğunun heç bir əhəmiyyəti yox idi.

Əhməd bəy yorulmuşdu, gördüyü dəhşətli işgəncələrdən bezikmişdi. Bir də, millətçi olduğu üçün 1931-ci ildə ağır cəza almış bir şəxs 1938-ci ildə özünə düşmən saydığı və onu qatı düşmən hesab edən bir rejimdən aman gözləmirdi.

Ümidi yerdən, göydən üzülən Əhməd bəyin yeganə təsəllisi içində yaşatdığı, indi saf-çürük etməyə imkan tapdığı keçmişi idi. İndi Əhməd bəy dərin-dərin düşünüb, dalğın-dalğın köks ötürürdü. Ömrün qürub çağında, ölümlə üzbəüz, gözbəgöz dayandığı o məşum dəqiqələrdə cəza zindanında Əhməd bəy çox şeylər barəsində düşünürdü. Belə dar macalda insan ötənləri necə aydın, ən kiçik detallarına qədər xatırlayırmış. Yadına gah dünyaya gəldiyi qədim Borçalı mahalı, doğma Əhəlkələk, Biləcəri kəndi, gah taleyindən nigaran qaldığı qızı Sevda düşürdü. Hərdən də ilk gənclik ehtirası ilə qaynayıb coşduğu günləri xatırlayıb dərdli-dərdli köks ötürürdü. Gah da müstəqil Azərbaycanın süqutuna aparan və onun da müəyyən qədər rolu olduğu sapıntılar barəsində düşünüb özünü qınayırdı. Xalqın yenidən imperiya boyunduruğuna salındığına yanıb-yaxılırdı. Məhdud fırqə mövqelərindən dolayı ümummilli maraqlara vurulmuş ağır zərbələrdən, taktiki gedişlər zənniylə düşmən dəyirmanına tökülən sulardan odlanan qəlbi ağrıyırdı. Azərbaycan adlanan yaşıl bir budağa saplanmış sapı özümüzdən olan baltaların əməlləri parçalayırdı ürəyini. Kaş belə olmayaydı, ancaq nə yazıq ki, olan-olub, keçən-keçmişdi. Müstəqil dövlətin süqutundan sonra milli ziyalılar üçün başlayan məhşər günləri onun da taleyinə öz qara kölgəsini salmış, onu da gedər-gəlməz ünvanlı repressiya girdabına yuvarlatmışdı...

İndi bu gümanların əlində yelkənsiz qayıq kimi çırpınmaqdan, hissin axarına düşüb getməkdən başqa bir şansımız yoxdur. Tək təsəllimiz yenə Əhməd bəyə qoşulub, onun ömür yolunu xəyalən də olsa, birgə vərəqləməkdir.

... Əhməd bəyin həmişə oyaq yaddaşında 1919-cu il yanvar ayının 10-u idi. "Tiflis-Batum-Poti" yolu ilə dövlət nəzarətçisi M.H.Hacınski, parlament üzvləri Ə.Ağayev, A.Şeyxülislamovdan ibarət "Azərbaycan sülh nümayəndə heyəti" F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri tərəfindən Bakı dəmiryol vağzalından Avropaya səfərə yola silınırdı. Bir gün sonra Azərbaycan sülh nümayəndə heyətinin Avropaya səfərə yola düşdüyünü xəbər verən "Azərbaycan" qəzeti mərasimdə M.Ə.Rəsulzadə və Ə.Pepinovun çıxış etdiklərini bildirmişdi.

Yenə həmin qəzet məlumat verirdi ki, "Gəncədə 23 mart 1919-cu ildə qoşun hissələrinin paradı keçirilmişdir. Paradda F.Xoyskinin başçılıq etdiyi hökumət və parlament üzvləri, o cümlədən, Sosialist fırqəsinin üzvü Ə.Pepinov, parlamentin hərbi məsələlər üzrə komissiyasının üzvü C.Hacınski iştirak etmişlər".

Bunlar adi hadisələr deyildi. Gənc dövlətin müstəqil yaşamaq haqqının bütün dünyaya nümayiş etdirilməsi, xalqın iradəsinin doğruldulması yolunda atılan uğurlu addımlar idi və həmin günlər Vətənin say-seçmə oğulları ilə çiyindaşlıq etmək qisməti onun - Əhməd bəy Pepinovun da taleyinə yazılmışdı.

Qəfildən rənglər tündləşir, yaddaşına dərin iz salmış qara günlər peyda olurdu. Ulyanovsk şəhər şöbəsinin 3-cü bölməsinin rəisi leytenant Andronov, 1893-cü il təvəllüdlü, ali təhsilli, 1931-ci ildə əksinqilabi fəaliyyətə görə mühakimə edilmiş, Ulyanovsk şəhərində yaşayan, 1933-cü ildən indiyədək şəhərdə SSRİ-nin daxili vəziyyəti ilə bağlı şayiələr yaymaqla hökumətə qarşı inamsızlıq yaradan Əhmədbəy Cəfər oğlu Pepinovun (atasının adı səhv göstərilib - L.Ş.) 58-ci maddənin 1-ci hissəsi ilə məsuliyyətə cəlb edilərək Ulyanovsk həbsxanasında mühafizə altında saxlanılması barədə 1937-ci il sentyabr ayının 7-də qərar çıxarır.

Elə həmin gün Ə.Pepinovun həbs edilməsi ilə əlaqədar Bakıdan göndərilən teleqrama əsasən, Ulyanovsk şəhərində Krasnoqvardeysk küçəsi bina 24, mənzil 1-də yaşayan, Sənaye həmkarlar ittifaqında plan-iqtisadçı işləyən Pepinov Əhməd Ömər oğlunun həbs edilməsini və Bakıya XDİK-in sərancamına göndərilməsi barədə müvafiq qərar çıxarılır. 1937-ci ilin sentyabrında Ə.Pepinovun mənzilində axtarış aparılır və 8 ədəd müxtəlif yazışma, alman-rusca lüğət, qazax-rus lüğəti, 12 ədəd müxtəlif fotoşəkil və bir ədəd kitab müsadirə edilir.

Taleyin onunla oyun oynadığı belə qara günlərdən birində dindirmə protokolunda "Əhəlkələk qəzasında Bolojar kəndində anadan olub, kəndli ailəsindən, 1917-ci ildən 1920-ci ilə qədər "Hümmət" partiyasının üzvü, sonra bitərəf 1930-cu ildə Az.DSİ tərəfindən millətçi təşkilata məxsus olduğuna görə həbs edilib" kimi səciyyələndirilmiş Əhməd bəy sorğu - suala tutulmuşdu. 1937-ci ilin 19 noyabrı idi. Erməni  müstəntiq özündən razı şəkildə qalib tonla hündürdən: " İstintaq müəyyən edib ki, siz uzun illər açıq əksinqilabi iş aparmısınız və Azərbaycanda əksinqilabi millətçi təşkilatın məsul rəhbərlərindən biri olmusunuz", deyirdi. Əhməd bəy isə təmkinin pozmadan: "Mən əksinqilabi təşkilatın üzvü olmamışam və heç bir əksinqilabi iş aparmamışam", cavabını verir, ancaq ürəyində məqsədlərinə çatmadıqlarına görə acı-acı təəssüflənirdi.

İndilik 4-cü şöbənin 6-cı bölməsinin rəisi baş leytenant Qriqoryan da məqsədini çatmamışdı və dörd gün sonra o, dindirməni yenidən davam etdirəcəkdi:

- Siz bu gün öz əksinqilabi fəaliyyətiniz barədə danışmaq fıkrindəsinizmi?

Cavab: Mən heç bir əksinqilabi iş aparmamışam.

Sual: Siz əksinqilabi mövqedə dayanan elmi işçilərdən kimi tanıyırsınız?

Cavab: Heç kimi tanımıram.

Sual: Siz onların (professorlar Bəkir Çobanzadə və Qubaydulin nəzərdə tutulur - L.Ş.) əksinqilabi görüşləri ilə şərik idinizmi?

Cavab: Mən ayrı-ayrı məsələlərdə onların millətçi görüşləri ilə, milli kadrlar yetişdirilməsi sahəsində akademik mübarizələri ilə şərik idim.

Sual: Məgər partiya və hökumət milli kadrlar yetişdirməyin əleyhinə idi?

Pepinov şantaj xarakterli olan bu suala cavab verməkdən imtina edir".

Bütün sorğu-sual zamanı Qriqoryanın "əksinqilabi millətçi" yarlığı yapışdırdığı fikirlərə Əhməd bəy sadəcə millətçi deməklə qənaətlənirdi. Təsadüfi idimi? Əsla! Yüz illərdən bəri türkün nəfəs aldığı milli ideyalar ermənilər üçün antidünyəvi, antiinsani ideyalar kimi qiymətləndirilmişdi, indi isə əksinqilabi idi və bu erməninin hansı dövlətə, hansı rejimə qulluq göstərməsindən asılı olmayaraq belə idi. Milli deyilən hər şey türkə yad olmalı idi, çünki milli ideyalarla yaşayan türk güclü olduğu üçün təhlükəli idi.

Ona görə də millətçi olduğunu danmayan Əhməd bəy əksinqilabçı olduğunu da etiraf etməli idi. Məhz bu məqsədlə Qriqoryan "əksinqilabi iş aparan Ə.Pepinovun həbs olunmasını və Az.SSR CM-in 72-73-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini vacib saymışdı". Bu barədə DTİ 8-ci şöbəsini və XDİK işlərinə nəzarət edən prokuroru xəbərdar etmək zərurətini də unutmamışdı. Həmin "zərurət"in nəzərə alınması erməninin kiçiyi kimi, böyüyü DT komissarı Sumbatova da lazım idi.

"Nəzərə alın ki, bizdə sizə qarşı irəli sürülən ittihamı sübut etmək üçün kifayət qədər dəlillər var və bu dəlil-sübutlardan ancaq bir hissəsindən istifadə etmişik. Biz üzləşdirilənlər daxil olmaqla sizi ifşa etmək üçün bütün vasitələrdən istifadə edəcəyik və əgər əksinqilabi fəaliyyətiniz barədə həqiqəti deməsəniz, sizin qeyri-səmimiliyiniz üzə çıxacaq".

Bu hədə-qorxuya qədər nələr baş verdiyini başa düşmək üçün böyük ağıl sahibi olmağa ehtiyac qalmadığını göstərən bir cavab. Növbəti daha dəhşətli fiziki təzyiqlərə açıq işarə edildiyini hiss edən Əhməd bəy: "Mən əmin oldum ki, istintaq mənim əksinqilabi fəaliyyətim barədə kifayət qədər məlumata malikdir, qərara gəldim ki, tam tərksilah olaraq öz əksinqilabi fəaliyyətim barədə istintaqa hərtərəfli danışam", deyir və sonrası artıq oxucuya keçmiş ssenarilərdən məlumdur. İnsanlar dəyişsə də, istintaq metodları, "etiraf" qoparmaq üsulları təkrarlanırdı.

"Sual: Yaxşı, indi cavab verməzdən əvvəl, deyin, nəyə görə 1930-cu ildə Az. DSİ tərəfindən həbs edilərkən əksinqilabi fəaliyyətinizi gizlətmişdiniz?

Cavab: Etiraf edirəm ki, 1930-31-ci ildə DSİ tərəfindən həbs edilərkən mən əksinqilabi təşkilatın fəaliyyət göstərdiyini inkar etmişdim. Mən də başqa iştirakçılar kimi ümid edirdim ki, beləliklə DSİ orqanları tərəfindən ittiham olunmaqdan yaxa qurtara bilərəm.

Sual: İstintaqa məlumdur ki, sizin təşkilata Q.Musabəyov, D.Bünyadzadənin və başqalarının rəhbərlik etdikləri yaxşı təşkil olunmuş paralel gizli mərkəz rəhbərlik edib.

Cavab: Paralel gizli mərkəzin fəaliyyət göstərdiyi barədə mənə heç nə məlum olmayıb..."

Və "etiraflar" sisiləsi davam edir. "Mənim əsas işim 1930-cu ilə qədər inqilabın ilk illərdə keçmiş millətçi kadrların mühüm yer tutduğu təhsil nazirliyində oldu. Menşevik-millətçi bazam da öz rolunu oynadı və mən millətçi siyasətin yeridilməsi ilə... gənc millətçi kadrlann hazırlanması ilə məşğul oldum. Dövlət Nəşrkomun müdiri olarkən gəncləri milli ruhda tərbiyələndirməyə xidmət edən dərsliklərin nəşrinə geniş imkan yaratdım. Onda maarif komissarlığının rəhbər işçiləri R.Axundov, A. Sultanova, H.Zeynallı, Eminbəyli tərəfindən nəinki müqavimət görmədim, əksinə tam müdafiə edildim. İşimlə bağlı Ordubadski, X.Məlikaslanov, M.Hacınski ilə görüşdüm. Partiya və hökumətin kənddə kollektivləşdirmə haqqında qərarı bizdə daha böyük narazılıq doğurdu. Bizim son fikrimiz bu idi ki, bu siyasət düzgün deyil və kənd təsərrüfatının dağılmasına gətirib çıxaracaq.

Sual: Əksinqilabi təşkilat qarşısına hansı vəzifələri qoymuşdu?

Cavab: Əksinqilabi təşkilat qarşısına Azərbaycanı Sovet İttifaqından ayırıb, Dağıstanla birləşdirərək milli-burjua respublikası yaratmaq vəzifəsi qoymuşdu.

Sual: Təşkilat bu məqsədə hansı yollarla çatmağı nəzərdə tutmuşdu?

Cavab: Təşkilat Sovet İttifaqına qarşı aşağıdakı üsullarla mübarizə aparmaq fikrində idi: 1.Kapitalist ölkələri SSRİ-yə qarşı müharibə elan edəndə sovet hökumətinə qarşı silahlı üsyan təşkil etmək. 2.Sənaye və kənd təsərrüfatında təxribatlar, ziyankarlıqlar törətməklə.

Sual: Əksinqilabi təşkilat hansı respublikaların millətçi əksinqilabi təşkilatları ilə əlaqə saxlayırdı?

Cavab: Tiflis şəhərində M.Hacınskinin yanında keçirilən gizli əksinqilabi yığıncaqlardan birində o dedi ki, bizim təşkilat gərək sovet hakimiyyəti əleyhinə mübarizədə qüvvələri birləşdirmək məqsədilə Gürcüstan və Eımənistandakı millətçi əksinqilabi təşkilatlarla əlaqə yaratsın. Azərbaycanda millətçi əksinqilabi təşkilat Dağıstandakı təşkilatla da əlaqə yaratmışdı.

Sual: Azərbaycanın hansı rayonlarında ilk təşkilatlar yaradılmışdı?

Cavab: Bakıda, Gəncədə və Nuxada.

Sual: Əksinqilabi millətçi təşkilat mühacir dairələrlə kimin şəxsində əlaqə saxlayırdı?

Cavab: Təşkilat Parisdə Topçubaşovla əlaqə saxalyırdı, o isə İstanbulda M.Ə.Rəsulzadə ilə. Topçubaşov ilk dəfə 1928, yaxud 29-cu illərdə mühacirətdən qayıdan Yaqub Vəzirov vasitəsilə M.Hacınski ilə əlaqə yaratmışdı. Sonra Topçubaşovla əlaqə İstanbulda ticarət nümayəndəliyində işləyən M.Xəlilov vasitəsilə yaradıldı. Azərbaycanda əksinqilabi işin genişləndirilməsi barədə göstərişlər əvvəl Vəzirov, sonra Xəlilov vasitəsilə əldə edilirdi".

Və ona qarşı irəli sürülən ittihamı təsdiq edəcək "dəlil-sübutlar" artıq hazır idi...

Vaxtilə "Azərbaycan Milli Mərkəzinin işi" və "Əksinqilabi Azərbaycan Milli Mərkəzinin işi üzrə yekun ittihamnaməsi" işlərində bir qrup millətçi şəxslərlə bərabər ağır cəzaya layiq görülmüş Əhməd Pepinov, sözsüz ki, bu dəfə güllələnmədən başqa bir hökm gözləyə bilməzdi və bu hökmün 1932-ci ildəki kimi dəyişdiriləcəyinə heç bir ümid yox idi.

Birinci dəfə həbs olunarkən "Təhsil komissarlığının kollegiya üzvü kimi sovet hakimiyyətinə düşmən olan Pepinov Əhməd Ömər oğluna qarşı" 6 maddədən ibarət ittiham sürülmüşdür. Onlardan ən ağırları sözsüz ki, "qarşısına sovet hakimiyyətini devirmək və milli-müstəqil Azərbaycan qurulması məqsədi qoymuş AMM-in əksinqilabi mərkəzi komitəsinin üzvü olmaq, əksinqilabi mühacir mərkəzlə birbaşa əlaqə yaratmaq və təşkilatın digər üzvləri ilə birlikdə üsyanın hazırlanmasında iştirak etmək" idi.

"Xalq düşməni" Ə.Pepinova aman vermək olmazdı, çünki guya Ə.Pepinovun qardaşı Azərbaycan Kənd Təsərrüfatı institunun müəllimi Məmməd Pepinov da əksinqilabi iş aparıb. Deməli onlar ailəlikcə sovet quruluşunun düşməni olublar. Buna görə də nəinki onun özünü, qardaşını da istintaqa cəlb edirlər. Belə də olur. Pepinov Məmməd Ömər oğlu XDİK tərəfindən 17 noyabr 1937-ci ildə həbs edilərək cinayət məsuliyyətinə cəlb edilir.

Adı Azərbaycan Xalq Cümhuriyyətinin ən yüksək məqam sahibləri ilə bir sırada çəkilən Ə.Pepinovun sovet cəza sistemində ciddi-cəhdlə əksinqilabçı-millətçi olmasını sübuta yetirməklə ondan intiqam aldıqlarını düşünənlər özləri də duymadan onu gələcək nəsillərin gözündə daha da yüksəldirdilər. Belə şərəfə layiq görülməyin isə arxasında mütləq milli mənafe yolunda göstərilən xidmətlər dayana bilərdi. Biz Əhməd bəyin bu xidmətləri ilə bağlı nə bilirik? Əlbəttə, indiyədək onun barəsində Azərbaycan mətbuatında az söhbət açılmayıb və sonra yazacaqlarımıza da körpünü məhz belə mətbu çıxışlardan biri ilə salacağıq. Ancaq bir həqiqət də var ki, başqa dövlət xadimlərimiz kimi onunla əlaqədar da hələ çox tədqiqatlar aparılmalı, çox məqalələr yazılmalıdır.

"Günay" qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında Ə.Pepinovun qızı Sevda xanımla "Ziyalılar və zaman" adlı müsahibədən: "Mənim atam milliyətcə məshəti türküdür. Baxmayaraq ki, o, Axaltsixi rayonunda anadan olub, ancaq onun uşaqlığı Şamaxıda və Tiflisdə məşhur dayısı Ömər Faiq Nemanzadənin himayəsi altında keçib. Əhməd bəy Tbilisidə gimnaziyada oxuyub və oranı qızıl medalla bitirib. Onun dayısı ilə yaşadığı binanın birinci mərtəbəsində mətbəə yerləşib, ikinci mərtəbədə isə onlar Cəlil Məmmədquluzadə ilə qonşu olublar. M.Cəlil mənim atama ağır xəstə olan böyük Azərbaycan şairi Sabirə qayğı göstərməyi tapşırıb. Sabir onun gözü qarşısında, az qala qolları arasında həyatla vidalaşıb. Gimnaziyanı bitirdikdən sonra atam oxumaq üçün Moskvaya gedib və orada eyni vaxtda iki fakültədə ali təhsil alıb - hüquq və iqtisadiyyat. O, poliqlot idi, çoxlu dil bilirdi. Moskvadaca da o, eser partiyasına daxil olub. Azərbaycan Xalq Cümhuriyəti elan ediləndə Əhməd bəy, mənim babam, Zaqafqaziya Seyminin üzvü Həsən bəy Ağayevlə birlikdə əvvəl Gəncəyə, sonra isə Bakıya gələrək 1918-ci ildə Parlamentin Rəyasət Heyətinin katibi, sonra isə əmək və torpaq naziri təyin edilib. Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə işləyib, həbs edildiyi son dövrlərdə isə maarif naziri olub, ali təhsil və mədəniyyət sahəsinə rəhbərlik edib... XX əsrin əvvəllərində böyük bir ziyalılar dəstəsi yetişmişdi. Onlar xalqa fədakarlıqla xidmət edirdilər və xeyli ardıcılları vardı. 1937-ci ildə mənim fikrimcə, Azərbaycan xalqına qarşı əsl soyqırımı tətbiq edildi. Adamlar məhv edildilər, ailələr dağıdıldı, uşaqları internat məktəblərə verdilər, çünki qohumlar onları öz yanlarında saxlamağa qorxurdular... Həmin dəhşətli illərdə cəmiyyətin qaymaqlarının məhv edildiyi dövrdə bizim ziyalılara ağır zərbələr dəydi... İndi əsl mənada ziyalılar yoxdur. Yazıçılar, alimlər, pedoqoqlar var. Ancaq həqiqi ziyalılar tək-təkdir. Bu, ayrı anlayışdır. Mənim fikrimcə, ziyalıda aşağıdakı keyfiyyətlər olmalıdır: ağıl, təhsil, mədəniyyət, ensiklopedik bilik və ən başlıcası bu şəxs gərək xalqa şəxsi mənfəət güdmədən təmənnasız, həm də özünü gözə soxmadan xidmət etsin. Təəssüf ki, belələri bizdə azdır. Bu, bizim mədəniyyətin inkişafı yolunda ciddi maneədir. Dərsliklər elə dildə yazılıb ki, onlar əsasında oxuyub, yazmaq tamamilə mümkün deyil. Bütün hər şey onda məhv olur ki, ilk müəllim rüşvət alır".

Sevda xanım müxbirin "Siz gələcəkdən nə gözləyirsiniz" sualına cavab verərək deyir: "Vəziyyət son dərəcədə çətindir. O dövrün adamlarında əqidə, inam var idi. İnam insanı saxlayır. Onu sındırdılar, əvəzində isə heç nə vermədilər. Bu, iflasa gətirib çıxardı. Mənə elə gəlir ki, əgər biz tövbə etməsək, 30-cu illərdə başımıza nə gəldiyini düşünməsək, gələcəyimiz olmayacaq..."

Bizdə bu gün xüsusi maraq doğuran Ə.Pepinovun həyatının 1920-ci il 27 aprel işğalına qədərki dövrüdür. Əslində, bu illər onun həyatının hər baxımdan ən məhsuldar və sözün əsl mənasında qızıl dövrüdür.

Əhməd bəyin məhz bu illərə aid fəaliyyəti ilə əlaqədar 24.02.1956-cı ildə DTK-da Müsavat hökuməti xarici, daxili işlər nazirliklərinin arxiv fondlarmdakı, həmçinin, himayə nazirliyi tərəfindən 1920-ci ildə buraxılmış Azərbaycan Respublikasının "Ünvan-təqvim"indəki məlumatlara istinadən tərtib edilmiş arxiv arayışında göstərilirdi:

 

l. Ə.Pepinov (Cövdət) sosialist fırqəsinin Zaqafqaziya Seyminin 28 fevral 1918-ci ildəki iclasında təsdiq edilmiş siyahıda Seymin tərkibinə daxil olub!

2.Zaqafqaziya Seyminin 16 fevral 1918-ci il iclasında Türkiyə ilə sülh danışıqlan aparılması üçün xüsusi nümayəndə heyəti yaradılıb. Həmin tərkibə siyasi partiyaların katibləri, o cümlədən, Ə.Pepinov salınıb.

 

3.Ə.Pepinov Azərbaycan Milli Şurasının üzvü kimi 13 iyun 1919-cu ildə Tiflis şəhərində keçirilən Milli Şuranın 6-cı müşavirəsində iştirak edib.

4.Ə.Pepinov 22 dekabr 1919-cu ildə Nazirlər Kabinetinin yeni tərkibində Torpaq, dövlət əmlakı və əmək naziri olub.

5.Ə.Pepinov 19 yanvar 1920-ci ildə əksinqilabi (zamanın tələbinə uyğunlaşan arxiv işçisi bu sözü tarixi sənədlərə əlavə edirdi - L.Ş.) Müsavat parlamentinin üzvü olub.

6.Pepinov (adı, soyadı göstərilməyib) 4 may 1920-ci ildə Xalq Xarici İşlər komissarlığının informasiya idarəsinin.kargüzarı olub".

 

Yenə həmin "Ünvan-təqvim"inə istinadən onun parlament üzvü olması faktı ilə bağlı onu da dəqiqləşdirək ki, Ə.Pepinovun adı parlamentin sosialist fırqəsində 7-ci ¹ ilə qeyd olunub.

Ə.Pepinov fəal bir siyasətçi kimi parlament iclaslarında mühüm məsələlərlə bağlı müntəzəm çıxışlar etmiş, təmsil etdiyi fırqənin adından bir çox hallarda son söz demək səlahiyyətinə malik olmuşdur.

Belə çıxışlarından birini Ə.Pepinov 20 dekabr 1918-ci il iclasında general Tomsonun Azərbaycan hökumətinə proklamasiyası barədə müzakirə aparılarkən etmişdir: "... Genaral Tomson müttəfiqlərin nümayəndəsi olaraq, xalqların öz müqəddəratını təyin etməsi prinsipini etiraf etməyə bilməz və özünü Azərbaycanın müstəqilliyinin əleyhdarı saya bilməz. General Tomsona ingilis və dünya demokratiyası tərəfindən məhz belə tapşırıq verilmişdir. Buna görə də, biz ingilis və dünya demokratiyasını alqışlayırıq". "Azərbaycan" qəzeti 1 yanvar 1919-cu il.

Həmin iclas ərəfəsində yeni təşkil edilmiş parlamentin fövqəladə iclasında qonşu Gürcüstan və Ermənistan arasındakı münaqişənin müzakirəsini gündəliyə çıxarmaq, diqqəti regional problemlərin həllinə yönəltmək istəyən Sosialist firqəsi bu məsələni Ə.Pepinova tapşırmış və o, belə bir sorğu ilə çıxış etmişdi: "Teleqraf məlumatlarından göründüyü kimi, son vaxtlar iki qonşu ölkə - Gürcüstan və Ermənistan arasında münaqişə silahlı qanlı toqquşma şəkli almışdır. Bu vəziyyət ümumqafqaz demokratiya maraqlarına toxunduğu və onu ciddi təhlükə altında qoyduğu üçün müsəlman Sosialist bloku firqəsi adından parlamentə bu məsələni müzakirəyə çıxarmağı və müvafiq qərar qəbul etməyi təklif edirəm". Onun bu təklifini Sosialist blokunun digər üzvü A.Səfıkürdski də müdafiə etmişdir.

Parlamentin 18 avqust 1919-cu il iclasında sosialist fırqəsinin üzvləri "Denikin təhlükəsi", respublikanın daxili düşmənləri və ümumiyyətlə xarici siyasətlə bağlı hökumət qarşısında məsələ qaldınimış və xarici işlər naziri M. Y.Cəfərov bu məsələ ətrafında hökumətin mövqeyini bildirsə də, sorğu müəllifləri razı qalmamışdılar. Buna görə də həmin ilin sentyabr ayında bu məsələ yenidən qaldırılmış və "Hümmət" firqəsi adından mövqenin açıqlanması Ə.Pepinova həvalə olunmuşdu; "Üç həftə əvvəl biz bu məsələni qaldıranda, vəziyyət indikindən fərqlənirdi. Onda ingilislər hələ Bakıda idilər... Yarandığı ilk gündən etibarən respublikamız üzərində daim xarici güc hiss olunub - birinci türklər, sonra isə ingilislər. Budur indi də, siyasi həyatda yeni şərait yaranması ilə biz və bütün ölkə bu yüksək tirbunadan respublikanın vəziyyəti barədə eşidib, bilmək istəyirik. Vətəndaşların dinc yaşayışı üçün bütün xarici və daxili tədbirlər görülmüşdür, xarici müdaxilə təhlükəsi qarşısında respublikanın ərazi bütövlüyü təmin edilmişdirmi? Dənizdən və qurudan müdafiənin təmin olunması üçün bütün tədbirlər görülmüşdürmü? Gürcüstanla müdafiə müqaviləsi bağlanmışdır. Birgə qüvvələrdən biz istifadə edəcəyikmi?"

 

Hökumət başçısı N.Yusifbəyli Ə.Pepinova cavabında demişdi: "Belə suallara mən bir sözlə cavab verə bilərəm: "Bəli"... Biz müstəqil yaşaya bilərikmi? Bəli, artıq 4 gündür ki, ingilislər gedib və bu 4 gündə biz sözün tam mənasında müstəqil yaşamışıq və özümüzün müstəqil yaşamağa haqqımız çatdığını və bunu bacardığımızı sübut etmişik... Şimaldan gözlənilən təhlükəyə gəlincə, burada da hökumət qan tökülməsindən qaçmağa cəhd göstərir... Sülhün təminatçısı, əlbəttə, güclü ordudur, güclü olmaqla çox məsələləri asanlıqla həll etmək olar".

Əhməd bəyin ölkə əhalisi və ümumən dövlətin taleyi üçün narahatlıq hiss edilən bu çıxışından parçanı nahaq gətirmirik. Çünki bu çıxış onun siyasi və vətəndaş mövqeyinin üst-üstə düşdüyü məqamlardan biri olmaqla yanaşı, həm də natiqlik qabiliyyətinə malik olduğunu aydın nümayiş etdirir. Doğrudur, "Hümmət" fırqəsi adından danışan Əhməd bəy gənc respublikanın kifayət qədər düşməni olduğunu nəzərə almaqla bərabər, onun hansısa dövlətdən yardım görməsini qəbul etmir və faktiki surətdə Azərbaycanı bu ciddi təhlükələr qarşısında müdafiəsiz qoymaq mövqeyi tutanlara qoşulurdu. Çünki əvvəl türklərin, sonra ingilislərin getməsi həmin mərhələdə vəziyyəti rusların xeyrinə dəyişmiş, daxildə bolşeviklərə, onlara yaxın və loyal fırqələrə, o cümlədən, sosialistlərə arxalanmaqla Azərbaycanı işğal etmələri üçün kifayət qədər əlverişli şərait yaratmışdı.

Əhməd bəyin parlament fəaliyyəti yalnız belə sorğular və çıxışlarla məhdudlaşmırdı. O, fəal bir deputat kimi bu mülhüm dövlət orqanında daim diqqət mərkəzində olmuş və Parlamentin katibi seçilmişdi. Azərbaycanın bir sıra qanunlarının hazırlanmasında hüquqşünas kimi yaxından iştirak edən Ə.Pepinov 20 oktyabr 1919-cu ildə parlament tərəfindən qəbul edilən "Nəşrlər istehsalı haqqında" Qanuna parlamentin katibi kimi Əhməd Cövdət (Pepinov) qol çəkib.

Qızğın ictimai fəaliyyətinin və bütün fırqələr tərəfindən qəbul edilməsinin nəticəsi idi ki, Ə.Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın iclasında sədr müavini seçilmişdi ("Azərbaycan" qəzeti, 28 avqust 1919-cu il).

28 may 1919-cu ildə Azərbaycanın müstəqillik əldə etməsinin birinci ildönümü bayramının keçirilməsi ilə əlaqədar məsələ müzakirəyə çıxarılarkən parlamentdə "Hümmət" partiyasının mövqeyini ifadə etmək Ə.Pepinova həvalə olunmuşdu: Çıxışları daim konkretliyi və məntiqi ilə seçilən Əhməd bəy: "Hümmət" partiyası bayramda iştirak edəcəkdir, çünki keçmiş sosialist blok Milli Şurada Azərbaycanın müstəqilliyinin elan olunmasında iştirak etmişdi...

Bugünlərdə "Hümmət" partiyası Azərbaycanın müstəqilliyinin, demokratiyanın həqiqi müdafiəçisi mövqeyində dayanmaqla bayramda iştirak edəcək və mitinq və yığıncaqlarda bu müstəqilliyi başqa partiyalardan fərqli olaraq necə gördüyümüzü izah edəcəkdir. Çarizmin ağır yükündən xilas olmaqla, Azərbaycanın demokratiyası xarici imperialistlərin daha dözülməz istismarı altına düşməyəcəkdir. Buna görə də bu müstəqilliyi biz yalnız xaricdən gələn əksinqilabçılardan deyil, həm də Avropa imperializminin təzyiqlərindən qorumalıyıq", - demişdir.

Əlbəttə, Ə.Pepinov Sosialist blokunun üzvü kimi parlamentdə təmsil etdiyi fırqənin mənafeyini nəzərə almaya bilməzdi və təbii ki, bu mənafe bəzi hallarda milli hökumətin möhkəmləndirilməsi istiqamətində müsavatçıların götürdüyü xətlə kəskin ziddiyət təşkil edirdi. Ölkə daxilində siyasi plüralizm nümunəsi kimi tam normal və məqbul sayılan fırqələrarası ixtilaflar bəzən taleyüklü məsələlərin həllinə ciddi əngəllər törədir, yaxud mənfi təsir göstərirdi. Azərbaycan Milli Şurasının parlamentin təşkili ilə bağlı müzakirələrin keçirildiyi 16 noyabr yığıncağında Əhməd bəyin: "Sosialist bloku həqiqi hökumətin yaradılmasında iştirak etmədiyi üçün, o, parlamentin təşkili barədə "Müsavat" tərəfindən təklif edilən formulun səsə qoyulmasında da iştirak etməyəcək", deməsi əslində, dolayısı ilə dövlətin mühüm siyasi addımlarına maneçilik törətmək idi.

Yəqin diqqətli oxucu Əhməd bəy haqqında həm eser, həm menşevik, həm "Hümmət"çi kimi söhbət açıldığının fərqinə varmışdır. Həqiqətəndəmi o, siyasi mövqelərinə görə bir-birindən əsaslı şəkildə fərqlənən bu üç partiyanın üzvü olmuşdur?

Artıq yuxarıda istinad edilən etibarlı mənbələrin Əhməd bəyin siyasi mənsubiyyəti ilə bağlı suallara nə dərəcədə aydınlıq gətirdiyini oxuculann mühakiməsinə buraxaraq, bu məsələ ilə əlaqədar əldə etdiyimiz digər məlumatları da çatdırmaq istəyirik. "İskra" qəzeti 4 oktyabr 1919-cu il tarixli sayında Ə.Pepinovun məruzəsini dərc edib və xüsusi olaraq bu məruzənin menşeviklər adından edildiyi bildirilib: "Dinləyiciləri hökumətin təşkili ilə bağlı vəziyyətlə tanış edən natiq deyir: Bizdə demokratik respublika elan edilib, bu inqilabın qiymətli nailiyyətidir, onun əldə edilməsi üçün ən dəyərli insanlar və aparıcı ölkələrin demokratları mübarizə aparıblar. Bizdə deməli, xalq hakimiyyəti forması qəbul olunub, belə ki, xalq özü-özünü idarə edir, siz özünüzü idarə edirsiniz, özünüz qanunları müəyyənləşdirir, hökuməti təşkil edirsiniz” (Bütün bunlar Müsavat parlamenti və hökuməti haqqında deyilir). Sonra natiq Gürcüstan menşevik hökumətinin nümunəsindən istifadə etməyə çağırır: Gürcüstanın təcrübəsi sizin qarşınızdadır, orada xalq aldanmayacaq, onlar öz xalq sosialist təşkilatlarını möhkəmləndirirlər, öz hökumətlərini təşkil edib və zəhmətkeş xalqın maraqlarını təmin edən qanunları həyata keçirirlər.

Əhməd bəyin sosial-demokratların menşevik qanadına məxsusluğunu Azərbaycan milli hökumətində, daha sonra isə sovet hakimiyyəti dövründə onunla çiyindaşlıq etmiş Məmməd Həsən Hacınskinin 29 dekabr 1930-cu ildə Tiflis həbsxanasında verdiyi ifadə də təsdiq edir: "Pepinov, məncə, menşevik olmaqda davam edir. Ona görə bu fikrə gəlirəm ki, o, mənimlə söhbət zamanı bir neçə dəfə Azərbaycan mühacirlərinin həyatından söz saldı, görünürdü ki, xəbəri var..."

18 mart 1956-cı ildə Partiya arxivindən verilmiş arayışda göstərilirdi ki: "Ə.Pepinovun "Hümmət" qanadına məxsusluğu barədə sənədlər yoxdur".

Ancaq parlament iclasları ilə əlaqədar arxiv sənədləri və qəzet materialları göstərir ki. Əhməd bəy parlamentdə "sosialist" və "Hümmət" fırqələrinin üzvü kimi təmsil olunmuşdur.

"Bednota" qəzetinin 1919-cu il 8 oktyabr tarixli 15-ci sayında dərc edilmiş "Qazax qəzasında kəndli qurultayı haqqında həqiqət" məqaləsində deyilir ki, 27 sentyabrda qurultayın 3-cü iclasında parlament üzvləri Ağamahoğlu və Ə.Pepinov iştirak ediblər və Ə.Pepinov parlamentin işi barədə məruzə ilə çıxış edib. Bu məlumatdan da aydın olur ki, Əhməd bəy "Hümmət"lə sıx bağlı bir şəxs olub.

Əhməd bəyin dindirilməsində başlıca diqqət yetirilən məsələlərdən biri onun və təmsil etdiyi təşkilatın mühacirətdə yaşayan keçmiş hökumət üzvləri vasitəsilə xarici dövlətlərlə hansı əlaqələr saxlanılmasına yönəldilmişdi. Bu baxımdan 19 yanvar 1938-ci il dindirməsi istisna deyildi:

"Sual: Mühacirətdən hansı maddi köməklik alınırdı və o, necə bölüşdürülürdü?

Cavab: M.Hacınskinin sözlərinə görə, Topçubaşov Azərbaycan əksinqilabi millətçi təşkilatına maddi köməklik göstərirdi. Bir dəfə 1930-cu ildə, payızda mən Ordubadskinin yanında olarkən o dedi ki, Hacınski ona təşkilatın ehtiyacları üçün 40.000 rubl pul göndərib. Bu vəsaitin necə alındığı barədə o, heç nə demədi, ancaq onu bildirdi ki, həmin vəsait təşkilat üzvlərinin rayonlara getmələrinə yol xərci kimi onlar arasında paylanmaq üçün nəzərdə tutulub".

Onun xaricdə Azərbaycan mühacirəti ilə əlaqələri olduğunu orqanların heç bir şübhəsi yox idi. Çünki Ə.Pepinovun Bakıda yerləşən Türkiyə və İran səfirlikləri ilə münasibətləri barədə hələ 2 fevral 1931-ci ildə verilmiş ifadə bunu təsdiqləyirdi və əllərinin altında saxladıqları həmin faktları istənilən vaxt sübut kimi işə əlavə edə bilərdilər.

26 yanvar və 8 mart 1938-ci il tarixlərdə aparılan dindirilmələrdə isə onun həyatının sürgündən sonrakı qısa bir dövrünün az qala ən kiçik detallarına qədər araşdırılması baxımından maraq doğurur. Bu dindirmənin başqa bir cəhəti isə XDİK əməkdaşlarının istədiyi ifadələri almaq üçün bütün vasitələrlə müttəhimlərə təzyiq göstərdiyini, onlan daim gərgin psixoloji vəziyyətdə saxlamağa çalışmaları ilə bağlıdır. Əhməd bəy kimi hərtərəfli hazırlıqlı şəxsləri bu cür vasitələrlə "yumşaltmaq" mümkün olmayanda, hədə-qorxular və kütləvi cəza orqanlarının mahiyyətinə tamamilə uyğun formalar işə salınırdı: "1936-cı ildə mən uzun müddətdən bəri qızım və qohumlarımla görüşmədiyim üçün həmin ilin may ayında Bakıya gəldim. Mən bacım Nəzirə Pepinovanın - Mirzəbəyovanın evində qaldım. Gələndə təsadüfən ayağım əzildi və 10 gün yataqda yatdım. Mən xəstə yatanda və sonra yanıma keçmiş tanışım Rzaqulu Nəcəfov gəldi. O, mənə 1932-ci ildən Şamaxı həbsxanasından tanıdığım Bəhlul Əfəndinin ədəbiyyatla məşğul olduğu və hansısa məşhur Qarabağ aşığı barədə kitab yazdığı barədə məlumat verdi və onun məni qonaq çağırdığını bildirdi. Axşam Bəhlul Əfəndinin evinə getdik. Hüseyn Cavid, Əmin Abid, Ordubadi və bir nəfər orada idi. O, yenicə çapdan çıxmış kitabını bizə göstərdi və özünün Salman Mümtazla ədəbi mübahisələri barədə danışdı. S.Mümtaz qədim Azərbaycanın klassik və xalq ədəbiyyatının bilicisi hesab edilir. Sonra mən xəstə yatanda yanıma F.Ordubadski gəldi və mən ona Ulyanovskdakı həyatım və oradan Qazaxıstana getdiyim barədə danışdım. Dedi ki, o da Azərbaycanda yaşamaq istəmir, Moskvaya getmək fikrindədir. O dedi ki, qohumları Kalininə məktub yazdıqları üçün onu azad ediblər. Sonra isə mənə dedi ki. Alma-ataya qayıdan kimi ona məlumat verim, orada mənzil və yaxşı iş tapmaq mümkündürmü? Yaxınlarımdan başqa xəstə olarkən yanıma Hüseyn Cavid, Abdulla Şaiq, keçmiş eser və sosialist fraksiyasının üzvü Aslan Səfıkürdski gəliblər. Şairlər öz yeni əsərləri haqqında danışdılar. H.Cavid özünün yenicə çapdan çıxmış dram əsərini göstərdi və Ruhulla Axundovun tərtib etdiyi yeni orfoqrafıya haqqında tənqidi qeydlərini söylədi. A.Şaiq özünün Puşkindən və "İskəndərnamə"dən etdiyi yeni tərcümələri barədə danışdı. Səfıkürdski şikayətləndi ki, onda aktiv vərəm və şəkər xəstəliyi başlayıb və ona təcili güclü müalicə lazımdır. Onu işdən çıxırıblar, buna görə də müalicə aparmaq imkanı yoxdur və MK katibinə məktubla müraciət edib və indi cavab gözləyir. Mənim ikinci bacım və qardaşım Gəncədə yaşadıqları üçün qızımla iyunun əvvəlində oraya getdim. On gün onlarda qonaq qalıb qayıtdım. Gəncədən qayıtdıqdan bir neçə gün sonra yığışıb Alma-ataya getdim. Oraya çatan kimi Teymur Əliyevin yanına getdim. T.Əliyev mənə təsərrüfat orqanlarında işləməyi təklif etdi, ancaq mən xahiş etdim ki, əgər mümkündürsə, maarif komissarlığında iqtisadçı işi versinlər. O söz verdi ki, danışıb öyrənər, onlarda belə işçiyə ehtiyac varmı və mənə dedi ki, komissar yoldaş. Jurqenovun yanına gedim... Ayda 650 rubl alır, onun 100 rublunu qızımın tərbiyəsi ilə məşğul olunması üçün Bakıya göndərirdim. Sonra Ulyanovsk şəhərinə getmək məcburiyyətində qaldım. Orada bir neçə ay işlədikdən sonra iş yerimdə 7 sentyabr 1937-ci ildə həbs edildim və Bakıya göndərildim. 26 yanvar 1938-ci il".

Ə.Pepinova müxtəlif vaxtlarda keçirilən dindirmələrdə eyni suallar verilir, eyni cavablar alınırdı. Bunun aylarla aparılmasına ehtiyac vardımı? Rejimin törətdiyi cinayətlərdən az-çox xəbəri olanlar üçün burada izah ediləsi heç bir şey yoxdur. Əgər kimisə təkrar-təkrar və az qala eyni ssenari ilə dindirirdilərsə, deməli, bu, lazım idi. Digər tərəfdən, sözsüz ki, XDİK işçiləri sonra bu mətnləri tutuşdurur, onun ifadələrində hansısa uyğunsuzluq, yaxud kimlərəsə qarşı yönəldilməsi mümkün məqamlar axtarırdılar. Belə məqamları erməni müstəntiqlər xüsusi canfəşanlıqla hələ cəza orqanlarının nəzarət dairəsinə düşməmiş, yaxud adı kifayət qədər hallandırılmamış Azərbaycan ziyalılarına qarşı ittiham kimi istifadə edir, qara siyahıların yeni səhifələrini tərtib edirdilər.

Ancaq 9 dekabr 1937-ci ildə Əhməd bəy artıq məlum faktlara öz münasibətini təkrar bildirməklə yanaşı, Azərbaycan tarixinin nisbətən az öyrənilmiş sovetləşmə dövrü ərəfəsi və sovetləşmənin ilk mərhələsi ilə bağlı çox maraqlı məqamlara toxunurdu: "1920-ci il aprelin ortalarında mən Azərbaycan parlamentinin sosialist fırqəsinin tapşırığı ilə sovet hakimiyyətinin nümayəndələri, o cümlədən, yoldaş. Orconikidze ilə ittifaq yaradılması və Aərbaycanda sosialistlərdən ibarət hökumət yaradılması üçün danışıqlar aparmaq üçün Şimali Qafqaza getdim. Şimali Qafqazdan Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, qırmızı ordu ilə birlikdə qayıtdım. Bundan sonra müsavatçılar mənim Orconikidze və Kirovla danışıqlarımın qırmızı ordunun hücumu üçün səbəblərdən biri olduğunu hesab edərək, mənə şübhə ilə yanaşmağa başladılar. Çünki mən qayıdan kimi Əmək komissarlığının kollegiya üzvü kimi məsul vəzifəyə təyin edilmişdim. Müsavatçılar arasında mən tez-tez keçmiş müsavatçı yoldaşları ilə əlaqəni tamam kəsmiş Nərimanbəylinin evində olurdum. İttihadçılar ümumiyyətlə, müxtəlif təmayüllü insanlardan ibarət idilər və ziyalılara heç bir təsir göstərmək imkanına malik deyildilər. İttihadçıların rəhbəri Qarabəyov 1921-ci ildə Moskvaya sürgün edildi və onların heç bir qrupu fəaliyyət göstərmirdi. Millətçi təmayülçülər, onların platforması barəsində mənə partiya daxilində Nərimanovçuların mübarizəsi barədə dərc edilənlərdən və Tağı Şahbazi, Yusif Məlikov, Bağı Cəfərov və Qədirlinin dediklərindən məlum idi. Mən onların partiyadaxili mübarizəsinə, Azərbaycanın həqiq mənafelərinin müdafiəçisi olduqları üçün hallarına acıyırdım. Özbəkistanda, Tatarıstanda və Krımda antisovet partiyaların fəaliyyəti barədə mən ancaq dərc edilən materiallar əsasında bilirəm. Krımda antisovet millətçi təşkilatın fəaliyyəti barəsində mənə professor Çobanzadə 1923-24-cü illərdə demişdi. Dağıstanla əlaqələri bizim milli mərkəz Əhməd Cavad vasitəsilə həyata keçirirdi".